3.5. Azərbaycan Respublikasında onomastik fəaliyyət haqqında Konsepsiya Respublikada milli dil siyasətinin aparıcı istiqamətlərindən biri kimi onomastika təkcə elmi-praktik, mədəni-tarixi deyil, həm də ictimai-siyasi əhəmiyyət kəsb edir. Milli onomastikanın inkişafının aktual məsələlərinin yerinə yetirilməsi üzrə tədbirlərin məhsuldarlığı onların normativ hüquqi təminatı ilə bilavasitə bağlıdır. Hazırda onomastik işin normativ hüquqi bazası Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə, “Dövlət dili haqqında Azərbaycan Respublikası Qanunu”na əsaslanır.
Ölkədə baş verən demokratik dəyişikliklərə uyğun olaraq, onomastika sahəsində işlərin sistemləşdirilməsi və koordinasiyasının gələcək inkişafı məqsədilə Azərbaycan Respublikasında onomastik işin Dövlət Konsepsiyasının işlənib hazırlanması zəruriliyi yaranmışdır. Bu, milli onomastika problemlərinin dövlət səviyyəsində nəzərdən keçirilməsini şərtləndirir.
Konsepsiyanın məqsədi – tarixi köklərə əsaslanaraq, onomastika sahəsindəki problemlərin həlli yollarının tapılması, habelə milli onomastik sistemin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir.
Onomastik işin başlıca vəzifələri bunlardır: 1) respublikada onomastik fəaliyyətin nizamlanmasının elmi cəhətdən əsaslandırılmış başlıca istiqamətlərinin müəyyənləşdirilməsi; 2) milli onomastik sistemin inkişaf prinsiplərinin müəyyənləşdirilməsi; 3) onomastik işin həyata keçirilməsinin işlənmə mexanizmi və formalarının hüquqi əsaslarının hazırlanması.
2. Konsepsiyanın həyata keçirilməsinin başlıca istiqamətləri və mexanizmləri
Konsepsiyanın həyata keçirilməsi aşağıdakı istiqamətləri nəzərdə tutur: 1) elmi-analitik və elmi-praktik fəaliyyət; 2) Azərbaycan Respublikasında inzibati-ərazi vahidləri adlarının nizamlanması, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və tarixi coğrafi adların bərpası; 3) Azərbaycan Respublikasında vətəndaşların şəxs adları, ata adları və soyadlarının nizama salınması; 4) vizual informasiya və reklam mətnlərinin hazırlanmasına nəzarət və onun koordinasiyası; 5) normativ hüquqi bazanın gələcək təkmilləşdirilməsi.
3. Elmi-analitik və elmi-praktik fəaliyyət
Onomastika sahəsindəki problemlərin həlli üçün bu layihə aşağıdakıların həyata keçirilməsi nəzərdə tutur: 1) mövcud toponimik fond əsasında toponimlərin milli leksik-qrafik bazasının və Azərbaycan onomastik məkanının sahələri üzrə kompüter fondunun formalaşdırılması işlərinin yerinə yetirilməsi; 2) axtarış və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasından əvvəl və sonra məlum hadisələrin, habelə kollektivləşmə, şəxsiyyətə pərəstiş, yenidənqurma və digər tarixi dövrlərdə ideoloji pressinq nəticəsində onun xəritəsində meydana çıxmış coğrafi ərazilərin, inzibati-ərazi obyektlərinin tarixi adlarının üzə çıxarılması və dəyişdirilməsi faktlarının qeydə alınması; 3) tarixi adların dəyişdirilməsi faktlarının təhlili; 4) paleotoponimlərin sistemləşdirilməsi və qeydə alınması; 5) Azərbaycan toponimlərinin işlənmə tezliyinin öyrənilməsi.
Elmi-analitik və elmi-praktik fəaliyyətin təmin edilməsinin əsas vasitələri bunlardır: 1) onomastikanın konkret şöbələrinin aktual problemləri üzrə həm nəzəri, həm də praktik istiqamətdə elmi tədqiqatların inkişafı; 2) fiziki-coğrafi obyekt adları və oykonimlər kataloqunun yeni texnologiyalar tətbiq etməklə və kompüter proqramları hazırlamaqla zəruri materiallarla təchiz edilməsi; 3) onomastik işin aktual problemlərinin nəzəri və praktik aspektləri üzrə elmi tədqiqatların aparılması; 4) onomastika sahəsində dünya birliyinin təcrübəsinin öyrənilməsi və nəzərə alınması; 5) respublikada fundamental onomastikanın elmi-faktoloji bazasının və onomastik fəaliyyətin təkmilləşdirilməsi; 6) informasiyanın toplanması və təhlili üçün qabaqcıl texnologiyaların işlənib hazırlanması və tətbiqi; 7) normativ hüquqi bazanın təkmilləşdirilməsi və onun həyata keçirilməsi üzrə görülən tədbirlərin effektivliyinin dəyərləndirilməsi; 8) qədim və tarixi adlara qayğı ilə yanaşmaq, onların qorunması məqsədilə əhali ilə söhbətlərin, izahat işlərinin koordinasiyası, dövri mətbuatda materialların nəşri, radio və televiziyada çıxışlar; 9) onomastikanın aktual problemlərinə həsr olunmuş əsərlərin çapı, konfranslar, seminarlar, dəyirmi masaların keçirilməsi.
4. Azərbaycan Respublikasında inzibati-ərazi vahidləri adlarının nizamlanması, yaşayış məntəqələri adlarının dəyişdirilməsi və tarixi coğrafi adların bərpası
Bu istiqamətdə görüləcək işlər: 1) inzibati-ərazi vahidlərinə dövlət qarşısında xidmətləri olan və vətənin tarixini, elmini, mədəniyyətini, ədəbiyyat və incəsənətini zənginləşdirən insanların, o cümlədən dövlət və ictimai xadimlərin, dünya miqyaslı elm və mədəniyyət xadimlərinin adlarının verilməsində müəyyən prinsiplərə riayət olunması; 2) eyni adların dəfələrlə təkrarına və yayılmasına yol verməmək; 3) hazırda yaşayan şəxslərin adlarının verilməməsi; 4)xatirə lövhələri vurulmasının müvafiq nazirliklərlə razılaşdırılması.
Bu istiqamətdə aşağıdakı məsələlərin həyata keçirilməsi nəzərdə tutulur: 1) KİV vasitəsilə insanlara qədim adlara qayğı ilə yanaşmağı aşılamaq, inzibati-ərazi vahidlərinin, yaşayış məntəqələrinin, şəhərdaxili obyektlərin tarixi adlarının qorunub saxlanmasına nəzarət; 2) qeyd olunan obyekt adlarının ideolojiləşməsinin qarşısını almaq; tarixi toponimlərin dəyişdirilməsindən imtina etmək.
5. Azərbaycan Respublikasında vətəndaşların şəxs adları, ata adları və soyadlarının nizama salınması
Bu istiqamətdə iş aparılması üçün aşağıdakı tədbirlər nəzərdə tutulur: 1) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, VVAQ orqanları ilə birlikdə antroponimik lüğətlər və sorğu kitablarının buraxılması üzrə koordinasiya və təşkilati işlərin yoluna qoyulması; 2) Azərbaycan vətəndaşlarının şəxs adları, ata adları və soyadlarının indeksasiyası, milli dilin fonomorfoloji normalarına müvafiq düzgün yazılması və başqa dillərə transliterasiyasının həyata keçirilməsi.
6. Vizual informasiya və reklam mətnlərinin hazırlanmasının koordinasiyası, unifikasiyası və ona nəzarət
Bu istiqamətdə aşağıdakı tədbirlər nəzərdə tutulur: 1) idarələrin, kommersiya strukturlarının, xarici nümayəndəliklərin və s. lövhələrinin, lövhə reklamlarının bədii tərtibatı zamanı dil mədəniyyətinin təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənib hazırlanması; 2) reklam lövhələrində, mülkiyyət formalarından asılı olmayaraq təşkilat, idarə, müəssisələrin adlarının dövlət dilində olması üzrə yoxlamalar, dil normalarına riayət olunmasına nəzarət etməklə obyekt adlarının qaydaya salınması.
Onomastika sahəsində sistemləşdirmə və koordinasiya işlərinin gələcək inkişafı məqsədilə bu sferada normativ hüquqi baza daim təkmilləşdirilməlidir. Bununla əlaqədar aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğundur: 1) onomastik işlərin ekspertizasının aparılması üçün qanunvericiliyə müvafiq dəyişikliklər və əlavələr daxil etmək; 2) “Azərbaycan Respublikasının Dövlət dili haqqında” Qanunun maddələrinə uyğun gəlməyən reklam mətnlərinin vizual informasiyasının hazırlanmasında məsuliyyət məsələləri üzrə müvafiq sənəd tərtib etmək; 3) coğrafi adların dövlət dilində yazılışı və başqa dillərə transkripsiyası qaydalarını işləyib hazırlamaq; 4) antroponimlərin dövlət dilində yazılışı, başqa dillərə transliterasiyası üzrə vahid qaydaları işləyib hazırlamaq; 5) əlaqədar nazirliklər və idarələrlə birlikdə vətəndaşların şəxs adları, ata adları və soyadlarının indeksasiyası, milli dilin fonomorfoloji normalarına müvafiq düzgün yazılışı və başqa dillərə transliterasiyasının həyata keçirilməsi üzrə Təlimat işləyib hazırlamaq; 6) onomastik fəaliyyəti tənzimləyən normativ hüquqi aktlar tərtib etmək.
8. Konsepsiyanın həyata keçirilmə mexanizmləri
Konsepsiyanın kompleks şəkildə həyata keçirilməsi mərkəzi və yerli dövlət idarəçiliyi orqanlarının onomastikanın gələcək inkişafı üzrə fəaliyyətinin koordinasiyasını nəzərdə tutur.
9. Konsepsiyanın həyata keçirilməsindən gözlənilən nəticələr
Qloballaşma tempinin artması, ölkədə ictimai-siyasi, iqtisadi inkişaf onomastik məkanın kompleks tədqiqinə öz töhfəsini verir. Bununla əlaqədar milli onomastikada müxtəlif tendensiyaların, dəyişikliklərin və yeniliklərin tənzimlənməsi məsələsi dövlət səviyyəsində himayəni, müvafiq maddi təminatı tələb edən, uzunmüddətli və elmi, mədəni, milli, sosial əhəmiyyətə malik çox mühüm kollektiv yaradıcılıq işi kimi nəzərdən keçirilməlidir.
Bu Konsepsiya Respublikada onomastik fəaliyyətin koordinasiyası, tənzimlənməsi ilə yanaşı, milli varlığın qorunub saxlanması, ümumbəşəri mədəniyyət və onun dəyərləri ilə qarşılıqlı əlaqə kimi humanitar məqsədləri nəzərdə tutur.