Azərbaycan respublikasi əlyazması hüququnda azərbaycan təTBİQİ onomastikasi


Xüsusi adların tələffüz qaydaları



Yüklə 2,99 Mb.
səhifə15/31
tarix05.01.2022
ölçüsü2,99 Mb.
#111228
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
3.2. Xüsusi adların tələffüz qaydaları
Son illərdə Azərbaycan dilinin istifadə dairəsinin genişlənməsi nəticəsində orfoqrafik və orfoepik normalaşma prosesi qüvvətlənməkdədir. Dil xüsusiyyətlərinin istər orfoqrafiyada, istərsə də orfoepiyada tətbiqini möhkəmlətmək nitq mədəniyyətinin qarşısında duran əsas vəzifələrdən biridir.

Azərbaycan dilçiliyində orfoepiya normaları ən az tədqiq olunan məsələlərdəndir. Onimlərin tələffüz xüsusiyyətləri isə dilçiliyimizdə indiyədək xüsusi olaraq araşdırılmamışdır. Onomastik vahidlərin orfoepiyası anlayışına adların tələffüzünün əsas xüsusiyyətləri, onlarda vurğu normaları, səslərin müəyyən fonetik şəraitdə tələffüz qayda-qanunları kimi məsələlər daxildir.

Adları təşkil edən səslərin tələffüzünə dair qaydaları aşağıdakı kimi müəyyənləşdirmək mümkündür:

A saiti Azərbaycan dilində ən çox işlənən saitlərdən biridir. A saiti aşağıdakı hallarda uzun tələffüz olunur:

1. Bu sait, əsasən, ərəb və fars mənşəli adların tərkibində aşağıdakı məqamlarda bir qədər uzadılaraq deyilir:

a) birinci, bəzən də ikinci hecadan sonrakı hecada incə saitlərdən, xüsusən ə, e, i saitlərindən biri gələrsə, ondan əvvəlki hecada olan a saiti bir az uzanır: Qa:bil, Təra:nə, Qa:dir, Va:qif, Va:zeh, Va:leh, Va:lid, Va:hid, Vida:di, Qa:lib, Na:dir, Na:zim, Ra:sim, Ka:mil, Ka:milə, Sa:hilə və s. b) ərəb və fars mənşəli bəzi adlarda əslinə uyğun olaraq birinci hecadakı a saiti bir qədər uzanır: A:qil, A:dil, A:kif, A:rif, A:fət, Ya:qut, La:lə və s. c) bəzi fars mənşəli adlarda n samitindən sonra gələn a saiti bir az uzanır: Na:təvan, Na:zənin və s. ç) “ərəb dilindən alınma sözlərin bir qisminin əslində olan ayn () səsi onunla yanaşı gələn saitin, o cümlədən a səsinin uzadılması ilə əvəzlənir ki, belə sözlərdə uzun tələffüz olunan a orfoqrafiya qaydasına görə qoşa a ilə yazılır” [91, s.160]. Bu xüsusiyyət şəxs adlarında da özünü göstərir, məsələn: Maarif. Tələffüz qaydalrına görə isə belə adlarda a saiti iki səs kəmiyyətində deyil, bir a səsinin azacıq uzadılmış kəmiyyətində deyilir, məsələn: Ma:rif.

2. Vurğulu a saiti müəyyən hallarda bir qədər uzadılır: Röya, Şəhla, Şəfa, Şeyda və s.

3. Şah sözü ilə düzələn mürəkkəb adlarda bəzən h səsi deyilmədiyi üçün ilk hecadakı a saiti uzun tələffüz olunur: Şa:sənəm.

A saiti aşağıdakı məqamlarda qısa tələffüz edilir:

1. İkihecalı adların birinci örtülü hecasındakı vurğusuz a saiti bir qədər qısa tələffüz olunur: Qará, Yaşár, Babá, Paşá və s. 2. Bəzi alınma adlarda ikinci hecanın ilk a saiti vurğulu tələffüz olunur: Kənán, Sənán və s.

ı saiti Azərbaycan dilində söz köklərinin başında işlənmədiyi üçün onun tələffüz çalarlığı məhduddur və bəzi adların son hecasında azacıq uzadılaraq tələffüz edilir: Ağabacı:, Alı:, Bağı:r, İsmayı:l, Yalçı:n, Sayalı: və s.

Fonetik şəraitə görə ı saiti bəzən nisbətən qapalı, çox vaxt isə adi kəmiyyətdə tələffüz edilir. Məsələn, adın sonundakı ı saitindən əvvəl dilönü və dil-diş samitlərindən (xüsusən ş, ç, k) biri gələrsə, ı saiti bir qədər qapalı, i saiti çalarlığında tələffüz edilir: Baki.

Adların mənşəyindən, səs tərkibindən, bəzən də intonasiyasından asılı olaraq o saiti uzadılmış və ya diftonqlaşmış halda tələffüz olunur. Məsələn, adın ov səs tərkibi ilə bitən birinci və ya ikinci hecasındakı v samiti düşür, o saiti isə uzanır (-ov şəkilçisi ilə bitən soyadlar istisnadır): No:ruz (Novruz), Firdo:si (Firdovsi), To:z (Tovuz) və s. Burada uzanan o səsini sona doğru azacıq u çalarlığında, bir qədər o:u diftonqu çalarlığında tələffüz etmək məsləhətdir. Digər məqamlarda o saiti adi kəmiyyətdə ya vurğulu, ya da vurğusuz tələffüz olunur: Qoşqar, Qorxmaz, Xosrov, Polad, Toğrul, Orxan, Osman, Oqtay və s.

U saiti həm vurğulu, həm də vurğusuz tələffüz olunur. Bəzi adların tərkibində u saiti bir az uzanır: Füzu:li, Bədu:rə, Yu:sif, Səbu:hi, Məxfu:rə, Məfru:zə, Mənzu:rə, Məhlu:qə, Məhbu:bə və s. Adın əvvəlində gələn vurğusuz u saiti ikinci hecadakı vurğulu qalın saitin təsiri ilə bir qədər qısa tələffüz olunur: Qulam, Ulduz, Şubay, Xumar, Fuad, Uğur, Tutu, Turan, Turab və s.

Azərbaycan dilində ə saiti əksər hallarda adi kəmiyyətdə, vurğulu və vurğusuz tələffüz edilir. Ərəb dilindən alınma bəzi adlarda ilk hecadakı ə səsi uzanır: Rə:na, Sə:di, Mə:sum, Mə:sumə və s. Bəzi adlarda isə son hecadakı ə saiti bir qədər uzanır: Həsə:n, Azə:r, Ömə:r və s.

E saiti ərəb mənşəli bəzi adlarda bir qədər uzanır: Ne:mət, E:tibar, E:timad və s.

Bir sıra alınma adların birinci və ya sonrakı hecalarında i saiti əslinə uyğun olaraq bir az uzun tələffüz olunur: Vəci:hə, Qəni:rə, Elmi:ra, Esmi:ra, Ədi:lə, Əzi:zə, Əfi:qə, Ləti:fə, Mədi:nə, Səki:nə, Səli:mə, Cəmi:lə, Həqi:qət, Xədi:cə, Həmi:də, Fəri:də, Təhmi:nə, Nuri:də, Rəhi:mə, Vəsi:lə, Zəri:fə, Əmi:nə, Qəti:bə, Ənti:qə, Zəmi:nə, Zi:vər, Rəfi:qə, Nəsi:bə, Nəci:bə, Rəhi:lə, Fi:ruz, Həni:fə və s. Bir sıra adlara saitlə başlanan şəkilçilər qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində son hecadakı i səsi tələffüz olunmur: Misir – Misrə, Ətir – Ətrə və s.

Azərbaycan ədəbi dilində ö saitinin istifadə dairəsi məhdud olduğundan orfoepik norma baxımından onun tələffüzündə rəngarəng çalarlıq azdır: 1. Ərəb mənşəli bəzi adların tərkibində açıq, dodaqlanan saitlərdən sonra gələn boğaz səsi düşdüyündən onun yerinə açıq, dodaqlanan ö saiti bir qədər uzanır: Şö:lə, Rö:ya və s.

2. Bəzi alınma adların birinci hecasında öv səsləri, ikinci hecasında incə saitlərindən biri, xüsusən ə saiti gələrsə, tələffüz zamanı ilk hecanın sonundakı v samiti düşür. Bu halda ö saiti bir qədər uzun və qapalı, diftonq (ö:ü) çalarlığında tələffüz olunur: Şö:ükət (Şövkət), Şö:üqi (Şövqi), Rö:üşən (Rövşən), Nö:ürəs (Növrəs), Kö:üsər (Kövsər), Gö:ühər (Gövhər), Cö:üdət (Cövdət), Nö:ürəstə (Növrəstə), Dö:ülətyarrı (Dövlətyarlı) və s. 3. Birinci, yaxud digər hecaları öv səsləri ilə bitən bəzi adlarda v samiti tələffüzdə düşür, ö saiti ö:ü çalarlığında deyilir: Mö:üsüm (Mövsüm), Bənö:üşə (Bənövşə), Mö:ülud (Mövlud), Hö:üsan (Hövsan) və s. 4. Bəzi adlarda ö saitindən sonra gələn h səsi tələffüzdə düşür: Mö:sün (Möhsün), Tö:fə (Töhfə), Zö:rab (Zöhrab), Sö:bət (Söhbət), Zö:rə (Zöhrə) və s. 5. Digər hallarda ö saiti adi kəmiyyətdə çox vaxt vurğusuz tələffüz olunur: Qönçə, Dönməz, Könül, Gözəl, Göyərcin, Ömər, Fövqiyyə, Hökumə və s.

Ü saiti əksər hallarda adi kəmiyyətdə tələffüz olunur: Ülkər, Ülviyyə, Şükufə, Şükür, Şücaət, Cümşüd, Hümmət, Hünər, Hüriyyə, Hüseyn, Üzeyir, Tünzalə, Sübhan, Rüfət, Mürsəl və s.

Azərbaycan dilində bir sıra alınma adlar işlənir ki, bunlarda iki sait yanaşı gəlir və yazılır. Bu adlar orfoepik normaya görə müxtəlif çalarlıqda tələffüz olunur:

a) aa sait qoşalığı sözün hər yerində bir uzun a kəmiyyətində tələffüz olunmalıdır: Maarif – Ma:rif, Şuraabad – Şura:bad, Saatlı – Sa:tdı; b) Tərkibində ai qoşalığı olan adların tələffüzündə bu saitlərin arasına y samiti artırılır və ondan əvvəlki a bir qədər uzun, sonra gələn i saiti bir az qısa tələffüz edilir: Fa:yiq (Faiq), Şa:yiq (Şaiq), A:yida (Aida), Na:yib (Naib), Ra:yifə (Raifə), Ha:yiti (Haiti) və s.; c) Tərkibində əi qoşalığı olan adlarda bu saitlərin arasına y samiti artırılaraq tələffüz olunur: Səyid (Səid), Səyidə (Səidə); ç) Tərkibində ia qoşalığı olan adlarda əvvəlki i qısaldılır və bu saitlərin arasına y samiti artırılaraq tələffüz edilir: Riyad (Riad), Adriyatik dənizi (Adriatik dənizi); d) Tərkibində iə qoşalığı olan adlarda həmin qoşalıq iyə çalarlığında tələffüz olunur: Lamiyə (Lamiə).

2. Aşağıdakı növ qoşalıqları təşkil edən saitlər, əsasən, qovuşuq halda diftonq çalarlığında tələffüz edilir: a) tərkibində ua qoşalığı olan adlarda, adətən, birinci sait u bir az qısa və a məxrəcinə hazırlıq çalarlığında, a isə vurğulu olduqda daha aydın məxrəcdə, vurğusuz olduqda u ilə daha çox qovuşuq çalarlıqda tələffüz olunur: Fuad, Abdullauşağı; b) tərkibində au qoşalığı olan adlarda belə qoşalıq a səsinin azacıq qısalması ilə au diftonqu çalarlığında da tələffüz edilir: Laura, Rauf, Zaur, Kaunas və s.; c) tərkibində ai qoşalığı olan adlarda belə qoşalıq a səsi vurğusuz halda ai qoşalığında tələffüz olunur: Kutaisi; ç) tərkibində ue qoşalığı olan adlarda belə qoşalıq u səsi vurğusuz halda ue diftonqu çalarlığında tələffüz edilir: Venesuela

3. Aşağıdakı növ qoşalıqları təşkil edən saitlər bir uzun səs çalarlığında tələffüz olunur: a) tərkibində əa qoşalığı olan adlarda belə qoşalıq bir uzun a kəmiyyətində tələffüz edilir: Səadət – Sa:dət; b) tərkibində ıa qoşalığı olan adlarda belə qoşalıq bir uzun a kəmiyyətində tələffüz olunur: Altıağac – Alta:ğac; c) tərkibində ia qoşalığı olan adlarda belə qoşalıq bir uzun a kəmiyyətində tələffüz edilir: Əliabad – Əla:bad; ç) tərkibində ou qoşalığı olan adlarda belə qoşalıq bir uzun o kəmiyyətində tələffüz olunur: Alpout – Alpo:t

B samiti aşağıdakı hallarda adi vəziyyətdə, aydın tələffüz olunmalıdır: a) adın əvvəlində: Bağır, Bayram, Balaş, Bahar və s.; b) adın ortasında iki sait arasında: Baba, Bibixanım, Bəbir, Babək, Babaş və s.; c) adın ortasında və sonunda olan hecanın başında: Sünbül, Qənbər, Behbud, Qabil, Qubad, Dilbər və s.; ç) adın ortasında, sonunda cingiltili və ya sonor samitlərdən əvvəl yanaşı gələrsə: Sabir, Elbrus, Qurban, Nübar, Habil, İbrahim (sərbəst üslubda, dialektlərdə bəzən belə şəraitdə olan b samiti v çalarlığında tələffüz olunur: İbrahim – İvrahım, Qurban – Qurvan və s.) və s.; d) adın ortasında qoşa b samiti olduqda: Cabbar, Abbas, Məhəbbət və s.

2. B samiti aşağıdakı hallarda bir qədər karlaşmış b kimi, yəni p çalarlığında tələffüz olunur: a) ikinci hecası t, f, k, x, ç, ş kimi kar samitlərlə başlanan bir sıra adın əvvəlində gələn b samiti nisbətən karlaşmış halda, p çalarlığında tələffüz olunur: Bikə – Pikə; b) adın sonunda: Talıb, Aftab, Vahab, Eyyub, Sahib, Xətib, Mütəllib, Yaqub, Kövkəb, Turab və s.; c) adın ortasında kar samitdən əvvəl gələrsə: Sübhan, Sübhi, Abşeron və s.; ç) adın ortasında kar samitdən sonra gələrsə: Əkbər, Ələkbər, Söhbət və s.

C samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq aydın tələffüz olunmalıdır: a) adın əvvəlində: Ceyran, Cəmil, Cavad, Cümşüd və s.; b) adın ortasında: İnci, Ağca, Şücaət, Məcid və s. C samiti aşağıdakı hallarda karlaşmış tələffüz olunur: Aytac – Aytaç, Fəxrəntac – Fəxrəntaç, Turac – Turaç, Sirac – Siraç, Sevinc – Sevinç və s.

Ç samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə uyğun tələffüz olunmalıdır: a) adın əvvəlində: Çimnaz, Çərkəz, Çingiz, Çikaqo, Çerniqov və s.; b) adın ortasında: Timurçin, Elçin, Laçınlar və s.

D samiti aşağıdakı hallarda öz məxrəcinə uyğun aydın tələffüz olunmalıdır:

a) adın əvvəlində: Dadaş, Daşqın, Dilbər, Dilşad və s.; b) adın ortasında: Dürdanə, Dildar, Eldar, Qüdrət və s.

D samiti aşağıdakı hallarda bir az karlaşmış vəziyyətdə tələffüz olunur:

a) iki və daha çox hecalı adların sonunda: Cahit, Polat, Azat, Bünyat, Ziyat, Həmit, Xurşit, Ağdamkənt və s.; b) adın ortasında kar samitdən əvvəl və ya sonra gəldikdə: Əthəm, Mehti və s.; c) adın daxilində qoşa d olduqda birinci d samiti: Ələtdin, Sədrətdin, Fəxrətdin və s.; ç) adın daxilində cingiltili samitlə yanaşı gəldikdə: Ağaməmmədli – Ağaməmmətdi, Azadqaraqoyunlu – Azatqaraqoyunnu

F samiti aşağıdakı hallarda öz məxrəcinə müvafiq tələffüz olunmalıdır:

a) adın əvvəlində: Fidan, Fərəc, Fazil, Fatma, Fərman, Flora və s.; b) adın ortasında: Əfruz, Ülfət, Cəfər, Qafar və s.; c) adın sonunda: Şərəf, Xələf, Rauf və s. Bəzi adlarda kar samitdən sonra gələn f samiti v kimi tələffüz olunur: Müşfiq – Müşviq.

G samiti müəyyən məqamlarda öz məxrəcinə uyğun aydın tələffüz olunur: a) adın əvvəlində: Gülnar, Günəş, Gəray, Gülsüm və s.; b) adın ortasında: Gülgəz, Gülgün, Nərgiz, Firəngiz, Ruhəngiz və s. Adın ortasında iki sait arasında yerləşən g samiti y çalarlığında tələffüz olunur: Nigar – Niyar. Bəzən bu şəraitdə saitlərdən biri düşür və g samiti öz çalarlığında tələffüz olunur: Yadigar – Yadgar. Bundan başqa, g samiti adın ortasında kar samitdən sonra və adın sonunda karlaşmış halda tələffüz edilir: İsgəndər – İskəndər, Əsgər – Əskər, Ələsgər– Ələskər, Qəşəng – Qəşənk və s.

Dilimizdə ğ samiti söz başında işlənmir, lakin adın ortasında öz məxrəcinə uyğun tələffüz olunur: Uğur, Oğuz, Tuğra, Toğrul və s.

H samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunmalıdır: a) adın əvvəlində: Habil, Hadi, Həcər, Hikmət, Hilal və s.; b) adın ortasında: Şəhla, Ceyhun, Şöhrət, Səbuhi və s.; c) adın sonunda: Nasih, Gülşah, Fəttah və s.

X samiti aşağıdakı hallarda öz məxrəcinə müvafiq tələffüz olunur: a) adın əvvəlində: Xumar, Xeyransa, Xəlil, Xalid və s.; b) adın ortasında: Məxfurə, Naxış, Muxtar, Fəxri, Şamxal, Orxan və s.; c) adın sonunda: Fərrux, Gülrux və s.

J samiti aşağıdakı məqamlarda öz məxrəcinə müvafiq tələffüz olunur: a) adın əvvəlində: Jalə; b) adın ortasında: Əjdər, Müjgan və s.

K (ke) samiti müəyyən şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunmalıdır: a) adın əvvəlində: Kazım, Kamran, Kənan, Kifayət və s.; b) adın ortasında: Kövkəb, İlkin, Zəki, Zakir, Şəki, Balakən və s.; c) adın sonunda: Məlik. Bu samit aşağıdakı hallarda x’ səsi çalarlığında tələffüz olunur: a) iki və daha çox hecalı adların sonunda: Çiçəx’, İpəx’ və s.; b) adın ortasında örtülü hecadan əvvəlki, qapalı hecanın sonunda: Kəx’lix’, Əx’bər və s. Adın ortasında qoşa k-dən ikincisi azacıq cingiltili tələffüz olunur: Məkkə. Bu samitin g və y səsləri çalarlığında tələffüzünə də rast gəlinir: Ləşkər – Ləşgər, Ağköynək – Ağköynəy.

Q samiti aşağıdakı məqam və şəraitdə adi halda, məxrəcinə müvafiq, aydın tələffüz olunmalıdır: a) adın əvvəlində: Qasım, Qədir, Qəhrəman, Qızılgül, Qumru və s.; b) adın ortasında: Vüqar, Aqil, Sədaqət və s. Q samiti bir sıra hallarda aşağıdakı çalarlıqda tələffüz edilir: 1. Karlaşmış halda. a) adın ortasında kar samitdən əvvəl gələrsə: Akşin (Aqşin), Oktay (Oqtay), Maksut (Maqsud) və s.; b) alınma adların sonunda: Afak (Afaq), Şəfək (Şəfəq), Faik (Faiq), Natik (Natiq), Namik (Namiq), Tofik (Tofiq), Müşvik (Müşfiq) və s. 2. ğ çalarında: Tapdıq – Tapdığ, Qaymaqlı – Qaymağlı, Qumlaq – Qumlağ, Qabaqdibi – Qabağdibi. 3. Qoşa q-dən birincisi karlaşır: Baqqal – Bakqal.

L samiti aşağıdakı hallarda öz məxrəcinə müvafiq tələffüz olunur: a) adın əvvəlində: Lalə, Leyla, Ləman, Lətif, Loğman və s.; b) adın ortasında: Gülər, Gülsüm, Məlik, Nailə və s.; c) adın sonunda: Mürsəl, Maral, Tural və s.

M samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq aydın tələffüz olunmalıdır: a) adın əvvəlində: Maral, Malik, Mahir, Mərdan, Mənzər və s.; b) adın ortasında: Məsmə, Namiq, Ramiz və s.; c) adın sonunda: Şəbnəm, Şahsənəm, Haşım, Xəyyam, Səlim və s.

N samiti çox zaman öz məxrəcinə müvafiq tələffüz olunur: a) adın əvvəlində: Nazlı, Nigar, Nərmin, Nadir və s.; b) adın ortasında: Qönçə, Qərənfil, Aynur və s.; c) adın sonunda: Aydın, Aytəkin, Aslan, Qılman, Qurban və s. N samiti adın ortasında dodaq samiti b ilə yanaşı gəldikdə geri assimilyasiya nəticəsində m kimi tələffüz olunur: Qənbər – Qəmbər, Sünbül – Sümbül və s.

P samiti aşağıdakı məqam və şəraitdə adi halda tələffüz olunmalıdır: a) adın əvvəlində: Paşa, Pakizə, Püstə, Pəri, Pənah və s.; b) adın ortasında: İpək, Çapay və s. P samiti kar samitdən sonra gəldikdə b kimi tələffüz olunur: Mehparə – Mehbarə, Azaplı – Azablı.

R samiti çox vaxt öz məxrəcinə müvafiq tələffüz olunur: a) adın əvvəlində: Rəna, Rauf, Ramil, Rüfət, Rüxsarə və s.; b) adın ortasında: Nargilə, Mübariz, Mürşüd, Mehriban və s.; c) adın sonunda: Samir, Muxtar, Gülnar, Zəfər, Elmar və s.

S samiti hər cür məqam və şəraitdə öz məxrəcinə uyğun tələffüz olunmalıdır: a) adın əvvəlində: Sənan, Sona, Səfa, Sultan və s.; b) adın ortasında: Rasim, Vəsilə, Yusif, Hüseyn və s.; c) adın sonunda: Qiyas, İlyas, Növrəs və s.

Ş samiti aşağıdakı şəraitdə öz məxrəcinə uyğun tələffüz olunur: a) adın əvvəlində: Şamama, Şamil, Şahnaz, Şəlalə və s.; b) adın ortasında: Elşad, Şəmşir, Cəmşid və s.; c) adın sonunda: Qaraş, Balaş, Babaş, Atəş, Alış, Gülüş və s.

T samiti aşağıdakı məqamlarda adi halda, aydın tələffüz olunmalıdır: a) adın əvvəlində: Təranə, Tutu, Tofiq və s.; b) adın ortasında: Oqtay, Murtuz, Lütfi, İntiqam və s.; c) adın sonunda: Nicat, Övsət, Nüsrət, Nabat, İltifat, Zinyət və s. T samiti aşağıdakı hallarda bir qədər cingiltiləşmiş, d çalarlığında tələffüz olunur: a) kar samitdən sonra gəldikdə: Rüsdəm, Bəsdi, Bəxdiyar, Dəsdəgül, Asdanlı və s.; b) qoşa t-dən biri: Sətdar, Fətdah və s.

V samiti bir sıra hallarda aşağıdakı çalarlıqlarda tələffüz edilir: 1. Karlaşmış halda, yəni f samiti çalarlığında: a) adın ortasında kar samitdən əvvəl gələrsə: Şövkət – Şöfkət, Avstraliya – Afstraliya, Avstriya – Afstriya, Aleksandrovka – Aleksandrofka; b) -ov, -yev soyad şəkilçilərinin sonunda: Axundov – Axundof, Quliyev – Quliyef və s. 2. Diftonq çalarlarında: a) adın tərkibində v-dən əvvəl o, sonra hər hansı bir samit gələrsə, ov birləşməsi ou diftonq çalarlığında tələffüz olunur: Nouruz (Novruz); b) adın ortasında v səsindən əvvəl ö, sonra isə kar samitlə başlanan heca gələrsə, öv birləşməsi öü diftonqu çalarlığında tələffüz edilir: Göühər, Röüşən, Köüsər, Bənöüşə, Möüsüm və s. V samiti aşağıdakı məqamlarda adi halda, yəni məxrəcinə müvafiq aydın tələffüz olunmalıdır: a) adın əvvəlində: Vəfa, Vaqif, Vahid, Vüqar, Vüsal, Vəlixanlı və s.; b) adın ortasında: Davud, Dilavər, Eyvaz, Rizvan, Pərvin, Zivər, Əvəz, Avazlar, Qavarlı, Liviya, Havana və s.; c) adın ortasında qoşa v gəldikdə: Münəvvər; ç) adın sonunda: Xosrov, Xarkov, Rostov

Y samiti aşağıda göstərilən məqamlarda öz məxrəcinə müvafiq tələffüz olunur: a) adın əvvəlində: Yusif, Yəhya, Yasəmən və s.; b) adın ortasında: İnayət, Ziyafət, Məleykə, Mayis və s.; c) adın sonunda: Gəray, Xasay, Qaçay, Humay, Cülay və s. Adın ortasında qoşa y samiti işləndikdə tələffüz zamanı onlardan biri düşür: Zülfiyyə – Zülfiyə, Hədiyyə – Hədiyə, Ülviyyə – Ülviyə, Ələviyyə – Ələviyə və s.

Z samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə uyğun aydın tələffüz olunur: a) adın əvvəlində: Zeynəb, Zümrüd, Zaur, Zivər, Zeynal və s.; b) adın ortasında: Əziz, Gözəl, Simuzər, Abuzər,Rizvan və s.; c) qoşa z-dən hər ikisi: Fizzə, İzzət və s. Z samiti bəzən adın sonunda bir qədər karlaşmış tələffüz edilir: Almaz (s), Pərviz (s), Atlaz (s), Əfruz (s), Bəhruz (s), Əbülfəz (s) və s.

Adların morfoloji vasitələrlə dəyişilməsi, sintaktik qaydalarla formalaşan müxtəlif ad birləşmələrinin bir vahidi kimi işlənilən komponentlərin əvvəlindəki və ya sonundakı səslərin tələffüzedilmə normaları qrammatik şəraitlə, yəni morfoloji, sintaktik şəraitlə bağlıdır.

1. Adların morfoloji şəraitdə tələffüzündə bir sıra spesifik cəhətlər nəzərə alınmalıdır. Saitlə bitən ad şəkilçi qəbul etdikdə adın və şəkilçinin fonetik tərkibindən asılı olaraq müxtəlif tələffüz çalarları əmələ gəlir: a) bitişdirici y samitinin təsiri ilə çoxhecalı adın sonundakı açıq sait öz qapalı sait qarşılığı kimi tələffüz edilir: a – ı : Rəna-y-a – Rənıya, Sona-y-a – Sonıya; ə - i : Təranə-y-ə - Təraniyə, Firuzə-y-ə - Firuziyə; b) bitişdirici samit n olduqda adların tələffüzündə dəyişiklik olmur: -n : Rənanın, Sonanın, Təranənin, Firuzənin; c) saitlə bitən ada samitlə başlanan şəkilçi bitişdirildikdə tələffüz adi qaydada olur: Sevdadan, Səbuhinin, Rübabədir.

2. Adın son samiti ilə samitlə başlanan şəkilçi yanaşı işləndikdə tələffüz müxtəlif çalarlı ola bilər: a) öz məxrəcinə uyğun tələffüz olunanlar – adın sonundakı z samitindən sonra cingiltili samitlə başlanan şəkilçi gəldikdə z səsi: Almazdan, Solmazla. Adların sonunda olan v, ğ, j, h, y, n, l, m, r, s, t, p, f, x samitləri: Rasimdə, Rizvanda, Raufsuz, Qüdrətlə, Xosrovla, Alaydan. Adın sonunda cingiltili samit gələrsə, şəkilçinin ilk samiti: b – b: Rəcəbdə, Rəcəbsiz; d – d: Poladda, Poladdır, Səməddən; c – c: Siracsız. Belə nümunələrdə sondakı cingiltili samit bir qədər karlaşır; b) başqa məxrəcdə tələffüz olunanlar: Adın sonundakı k samiti y səsinin kar qarşılığı çalarlığında (x’ məxrəcində): k – x: Çiçək – Çiçəx’lə, Çiçəx’siz. Adın sonundakı q samiti x məxrəcində: q – x: İsaq – İsaxda, İsaxdır; c) karlaşmış tələffüz olunanlar – soyadların sonuna bitişdirilən -ov, -yev şəkilçilərinin sonundakı v səsi: Şahbazov – Şahbazovdan, Quliyev – Quliyevdən. Bəzi alınma adların sonundakı q samiti: q – q: Faiq – Faiqlə, Rafiq – Rafiqdən, Şəfəq – Şəfəqsiz. Kar samitlə başlanan şəkilçi bitişdirildikdə adın sonundakı z samiti: z – z: Almazsan, Firuzsuz.

3. Samitlə bitən ada saitlə başlanan şəkilçi bitişdirildikdə sonrakı samitlər aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır: a) öz məxrəcinə uyğun: v – Xosrovu, d – Ziyadın, z – Nərgizi, y – Çapayın, l – Marala, Gözəlin, m – Alimin, Səlimi, n – Ceyrana, ş – Qaraşın, c – Fəxrəntaca, h – Pənahı, t – Ülfətin, s – Növrəsi; b) başqa məxrəcdə: Adın sonundakı k samiti y məxrəcində: k – y : Çiçək – Çiçəyin, Mələk – Mələyə, Biçənək – Biçənəyi. Adın sonundakı q samiti ğ məxrəcində: q – ğ : Tapdıq – Tapdığın, Ağqışlaq – Ağqışlağa.

4. Sonu m, n samitləri ilə bitən adlar ismin çıxışlıq halında işləndikdə -dan, -dən şəkilçisi -nan, -nən kimi tələffüz olunur: Nurəddindən – Nurəddinnən, Qasımdan – Qasımnan.

Adlara qoşulan şəkilçilər sərbəst üslubda müxtəlif cür tələffüz olunur. Yanaşı samitlər biri digərinə təsir etməklə məxrəc və akustik cəhətdən yaxınlaşır və ya eyniləşir. Məsələn, aşağıdakı səs əvəzlənmələrini nəzərdən keçirək: a) söz daxilində yanaşı düşən zl, şl, sl səs birləşmələri zd, şd, sd səs birləşmələri halında tələffüz olunur: l – d : Avazlar – Avazdar, Ağbaşlar – Ağbaşdar, Alabaşlı – Alabaşdı, Alxaslı – Alxasdı, Babaşlar – Babaşdar, Alıcqışlaq – Alıcqışdağ. Burada z, ş, s səslərinin təsiri nəticəsində l səsi d ilə əvəzlənmiş, natamam uyuşma baş vermişdir. Sonu d samiti ilə bitən sözlərdə yanaşı gələn l samiti d-nin təsirinə düşərək onunla tam eyniləşir: Söyüdlü – Söyüddü, Bünyadlı – Bünyaddı, Aşağı Seyidəhmədli – Aşağı Seyidəhməddi; b) sonu n samiti ilə bitən sözlərdə yanaşı gələn l samiti aşağıdakı çalarlıqda tələffüz olunur: l – n : Ağacanlı – Ağacannı, Ayıbasanlı – Ayıbasannı, Aygünlü – Aygünnü, Babaxanlı – Babaxannı, Azadqaraqoyunlu – Azatqaraqoyunnu; c) l səsi özündən əvvəl gələn yanaşı r səsinin təsiri ilə dəyişərək, onunla eyni məxrəcdə tələffüz olunur: l – r : Bağırlı – Bağırrı, Bayandurlu – Bayandurru, Baharlı – Baharrı, Bədirli – Bədirri.

Yer bildirən -stan, -ıstan4 şəkilçisi yazıldığı kimi tələffüz edilir: Gürcüstan, Dağıstan, Monqolustan, Hindistan və s.

Sözlərin yanaşması, birləşməsi prosesində mürəkkəb adlar da yaranır. Bu tip adların yaranma şəraiti onların tələffüz normalarının müəyyənləşdirilməsinə də öz təsirini göstərir. Belə şəraitdə tələffüzə təsir edən bir sıra hallar diqqət mərkəzində olmalıdır.

1. İki sözün yanaşı saitlər aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır: a) köməkçi sözlərin qoşulmasından düzələn tərkiblərdə yanaşı saitlərdən ikincisi qısalır: Alı idi – Alıi.di, Qulu idi – Qulıi.di; Əli imiş – Əlii.miş; Sona üçün – Sonaü.çün; Qara ilə – Qarai.lə; b) titul, qohumluq bildirən sözlərin qoşulması ilə düzələn tərkiblərdə də yanaşı saitlərdən birincisi qısalır: Əli.əmi, Abdulla.əmi, Hacı.Əhməd, Abdulla.ağa, Mirzə.Abdulla, Molla.Abbas, Məşədi.İbad, Ağa.İsmayıl. Çox vaxt belə adların birinci tərəfinin son saiti ixtisar olunaraq, hər iki tərəf, adətən, vahid vurğu ilə bir söz kimi tələffüz edilməlidir: Hacı Abbas – Haca’bbas, Əli ağa – Əla’ğa, Mirzə Əhməd – Mirzə’hməd. Xatırladaq ki, Əlağa şəxs adında (Əli ağa birləşməsindən fərqli olaraq) vurğu sonuncu a-nın üzərinə düşür: Əlağa’; c) mürəkkəb adlarda baş verən səsdüşümü nəticəsində birinci tərəf vurğusunu itirir, son sait ixtisara düşür, tələffüz olunmur: Əli-Əkbər – Ələkbər, Əli-Əşrəf – Ələşrəf, Əli-Abbas – Əlabbas, Əli-Əsgər – Ələsgər, Əli-İsa – Əlisa, Əli-İkram – Əlikram, Əli-İsgəndər – Əlisgəndər, Mirzə -ağa – Mirzağa, Mirzə-Əli – Mirzəli, Mirzə-əmi – Mirzəmi, Ağa-Əli – Ağəli, Ağa-əmi – Ağəmi, Əli-İsmayıllı – Əlismayıllı, Ağamalıoğlu – Ağamaloğlu, Ağaverdioba – Ağaverdoba, Əliabad – Əlabad.

2. Mürəkkəb adlarda yanaşı gələn sait və samit öz məxrəclərinə müvafiq tələffüz olunmalıdır: Əli dayı, Zərifə xala, Mirzə Səməndər, Qaratel, Dəstəgül və s.: a) mürəkkəb adların tərkibindəki hacı sözünün son ı saiti çox vaxt ixtisara düşür: Hacı Mürsəl – Hacmürsəl, Hacağa, Hacəli, Hacəmi: b) belə adlarda ikinci tərəf h samiti ilə başlarsa, ixtisar edilir, hər iki tərəfdəki saitlər qovuşmuş halda tələffüz olunur: Əliheydər – Əleydər, Əlihüseyn – Əliseyn, Mirzə Həsən – Mirzəsən və s.: c) saitlə samitin yanaşması şəraitində mürəkkəb adlarda birinci tərəfin son saiti düşür: Adışirin – Adşirin, Adıgözəl – Adgözəl, Əliquluuşağı – Əlquluuşağı, Əliyar – Əlyar və s.

3. Samitlə bitib saitlə başlanan iki söz yanaşdıqda bir heca vahidləri kimi bitişdirilir, bir vurğu altında deyilir, vurğu ikinci tərəfin son hecasına düşür: Şiraslan, Şıxəli, Şirəli, Xoşavaz və s.

4. Samitlə bitib samitlə başlanan iki söz yanaşdıqda həmin samitlər lüğəvi şəraitdə olduğu kimi tələffüz edilir: Şahvələd, Qızılgül, Şirzad, Xoşqədəm, Ağgül, Ağgün və s.: a) mürəkkəb adların birinci tərəfində olan son k (lüğəvi şəraitdə x’ çalarlığında tələffüz edilən) belə məqamda y çalarlığında, q isə (lüğəvi şəraitdə x çalarlığında tələffüz edilən) ğ çalarlığında tələffüz olunmalıdır: Kiçik Asiya – Kiçiy Asiya, İnəkboğan – İnəyboğan, Qabaqtəpə – Qabağtəpə, İpək Yolu – İpəy Yolu, Çaxmaqçay – Çaxmağçay və s.: b) mürəkkəb adların birinci tərəfində olan sözlərin sonundakı d, q belə məqamda karlaşmış halda tələffüz olunur: Ümid yeri – Ümityeri, Xalq qəzeti – Xalkqəzeti, Dördçinar – Dörtçinar və s.: c) mürəkkəb adlarda iki samitin yanaşması şəraitində birinci tərəfin son samiti düşür: Neft daşları – Nefdaşları, Neftçala – Nefçala və s.

5. Qısaltma sözlər onlara əlavə olunan şəkilçilərlə bitişik tələffüz olunur: ADR+də – AdeeRdə, Azərnəşr+ə – Azərnəşrə və s.: “ATƏT-in fransalı həmsədri mətbuat konfransı keçirmişdir; AS PA-nın Dağlıq Qarabağ üzrə xüsusi məruzəçisi, britaniyalı deputat Devid Atkinson Bi-Bi-Si-yə müsahibəsində demişdir ki, millətlərin öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağ barəsində tətbiq oluna bilməz” [621].

Xüsusi adların düzgün ədəbi tələffüz variantı ilə yanaşı, yerli dialekt variantları da olur. Məsələn, Mansur – Mansır, Hüseyn – Söyün, Səid – Sayıd, İsmayıl – İsmel, Xəlil – Xalıl, Həsən – Hasan, Qurban – Qurvan, Yunis – Yunus, Yusif – Usuf və s. Nitq mədəniyyətinin tələbləri baxımından yerli tələffüz variantlarına qarşı ciddi mübarizə aparılmalıdır” [210, c.2, s.489]. Həqiqətən də, onimlərin orfoepik normalara uyğun işlənməsi, onların xüsusiyyətlərinin tələffüz zamanı nəzərə alınması dilə müsbət təsir göstərər.

Dilin lüğət tərkibinin zənginləşdirilməsində qısaltmaların böyük əhəmiyyəti vardır. Qısaltmalar təbiət və cəmiyyətdə meydana çıxan anlayışları adlandırır. Bunlar çətin tələffüz olunan, nitqdə və tələffüzdə uzun olan adları qısa leksik vahidlə ifadə edir. Qısaltmalar abreviasiya üsulu ilə yaranır və dildə qənaət normasına əsaslanır.

Qısaltmaların geniş yayılmış növü inisiallardır. İnisialların üç növü var:

1. Hərfi inisiallar. Bunlar yalnız samitlərdən ibarət olur və hərfin əlifbadakı adına görə tələffüz olunur: MDB – eMDeBe; 2. Səs inisialları akronimlər adlanır: BAM – Baykal – Amur magistralı; 3. Qarışıq inisiallar həm hərfi, həm də səs inisiallarından ibarət olur: OADKYC – OADKe-Ye-Ce [Bu barədə daha ətraflı bax: 359, s.18].

Qısaltmalar çox vaxt “akronim” termini ilə səciyyələndirilir [368, s.27]. “Akronim (inisial ad) ad-söz birləşməsini təşkil edən sözlərin ilk hərflərinin birləşdirilməsi yolu ilə yaranan addır” [509, s.28]. “Akronim” yunan sözü olub, akros “ən yüksək; zahiri; kənar” və onim “ad” sözlərindən ibarətdir. Akronimlər vahid söz kimi tələffüz olunur, məsələn: MUM, GUAM, ABŞ. Akronimlərin bir növü isə bəkronimlərdir (ingilis sözü olan “back” – “geri, geriyə”).

Bəllidir ki, qısaltma sözlərin tələffüzü yazı vahidləri ilə bağlı olur və tələffüz normaları qrafik şərait əsasında müəyyənləşir. Qısaltma sözlərin yaranma üsulları, səs tərkibindəki müxtəliflik tələffüz qaydalarına da öz təsirini göstərir. “Buna görə də qısaltma sözlərin hansı əsasda tələffüz edilməsini dəqiqləşdirərkən xüsusən ifadələri, mürəkkəb adları təşkil edən sözlərin ilk hərflərinin birləşməsindən düzələn qısaltmaların fonetik tərkibinin aşağıdakı əlamətlər üzrə nəzərə alınması vacib şərtlərdəndir: a) ancaq samit səslərin hərfi işarələrindən ibarət olan qısaltmalar ancaq hərfi əsasda da tələffüz olunmalıdır: BMT – BeeMTe; b) hərfi ad ilə səs eyniyyət təşkil etdiyi üçün sait səslərin hərfi işarələrindən ibarət olan qısaltmalar hərfi-hecai əsasda heca vahidləri kimi, yəni sait səsləri bildirən hərflər birləşməsi heca birləşməsi halında söz vahidləri kimi tələffüz olunur: EA – Elmlər Akademiyası; c) həm samit, həm də sait səsləri bildirən hərfi işarələrdən ibarət olan qısaltmalar saitləri bildirən hərflərin məqam və şəraitindən asılı olaraq ya bütövlüklə hecai əsasda, ya bütövlüklə hərfi əsasda, ya da qismən hecai, qismən hərfi əsasda tələffüz olunur: MƏR, VVAQ (VeVAQ), ÜDKT (ÜdeKaTe)” [91, s.189-190].

Dilimizdəki qısaltma sözlərin tələffüz qaydalarını onların yaranma yolları və səs tərkibinə görə belə müəyyənləşdirmək olar:

1. “Azər” komponenti ilə ikinci (və sonrakı) tərəfin əsasının birləşdirilməsindən əmələ gələn qısaltmalar: Azərnəşr, Azərneft, Azərişıq, Azərsu, Azəriqaz, Azərdəmiryolbank, Aztelekom, Azteleradio. Belə ifadələrdə tərəflərdən biri əcnəbi söz də ola bilər: Azercell; b) “Azər” komponenti ilə digər komponentlərin baş hərfləri əsasında düzələn qısaltmalarda ilk sözün əvvəli əsli əsasda tələffüz edilir: AzərTac.

2. Bir heca əsasında tələffüz olunan qısaltmalar: a) bir sait + bir samit və ya bir samit + bir sait (VC və ya CV) birləşməsindən ibarət qısaltmalar tək heca kimi tələffüz olunmalıdır: AN (AN-24), İL (İL-62), TU (TU-134) və s.; b) sait və samit səslərin hərfi işarələri birləşməsindən tək heca halında formalaşan qısaltmalar təkhecalı söz kimi tələffüz olunmalıdır: TEC (Tələbə Elmi Cəmiyyəti), MUM (Mərkəzi Universal Mağaza), RƏF(Respublika Əlyazmaları Fondu), DƏK (Dövlət Əmlak Komitəsi), YAP (Yeni Azərbaycan Partiyası), KİV (Kütləvi İnformasiya Vasitələri), QAZ (Qorki Avtomobil Zavodu); c) söz birləşməsinin birinci tərəfinin ilk hecası və ikinci tərəfinin baş hərfindən ibarət qısaltmalar təkhecalı söz kimi tələffüz edilir: YeS (“Yeni Siyasət” bloku); ç) saitdən sonra cingiltili və kar samitlər gələrsə, qısaltmalar bütövlükdə bir heca kimi tələffüz olunmalıdır: ABŞ (Amerika Birləşmiş Ştatları), ALP (Azərbaycan Liberal Partiyası); d) sait və samit səslərin hərfi işarələri birləşməsindən iki (bəzən üç) heca halında formalaşan qısaltmalar ikihecalı (üçhecalı) söz kimi tələffüz olunmalıdır: ADU (Azərbaycan Dillər Universiteti), ATU (Azərbaycan Tibb Universiteti), AŞ PA (Avropa Şurası Parlament Assambleyası), ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti), ATƏT, FİAT, AZEL, QİƏT, FİFA, SOROS, YUNESKO, YUNİSEF və s. Söz birləşməsinin hər iki tərəfinin ilk hissələrindən ibarət qısaltmalar ikihecalı söz kimi tələffüz edilir: AZEL (“Azərbaycan Elektronikası” şirkəti); e) samit+sait+samit (CVC) tipli qısaltma və təkhecalı sözün birləşməsi ikihecalı söz kimi tələffüz olunur: BUSBank; ə) sait və samitlərin yanaşması ilə yaranan akronim və müstəqil sözün birləşməsindən ibarət qısaltmaların birinci tərəfi ikihecalı söz kimi, ikinci tərəfi adi qaydada tələffüz edilir: ASSA-İRADƏ; f) sait və samitlərin yanaşması ilə əmələ gələn akronim birləşmələr üçhecalı söz kimi tələffüz olunur: İTAR-TASS; x) hərfi qısaltmaların sonundakı sait səsin hərfi işarəsi özündən əvvəlki samitin işarəsi ilə birgə fonetik əsasda vahid bir heca kimi tələffüz edilməlidir: ADPU (Azərbaycan Dövlət Pedaqoji Universiteti) – AdePeU, BDU (Bakı Dövlət Universiteti) – BeDeU, BSU (Bakı Slavyan Universiteti) – BeSeU və s.

3. Hərfi əsasda tələffüz olunan qısaltmalar: a) yalnız saitlərdən ibarət qısaltmalar: EA (Elmlər Akademiyası). M.M.Adilov göstərir ki, qoşa saitli (AA, ƏƏ, OO, UU, ÜÜ, EE) inisiallarda həmin səslər uzun tələffüz olunur, məsələn: AAGİ [A:G İ], AAHİB [A:HİB] və s. İnisiallarda olan UA, AU, AƏ, ƏA, ÜU, ÜA, ÜƏ tipli səs birləşmələri diftonqlar əmələ gətirir [359, s.22]; b) samitlərdən ibarət qısaltmalar hərfi əsasda tələffüz edilir: BTC – BeTeCe (Bakı – Tbilisi – Ceyhan), BVF – BeVeFe (Beynəlxalq Valyuta Fondu), BMT – BeeMTe (Birləşmiş Millətlər Təşkilatı), QHT – QeHeTe (Qeyri-Hökumət Təşkilatları), MSK – eMSeKa (Mərkəzi Seçki Komissiyası), habelə NTV – eNTeVe və s. Əcnəbi xüsusi adların qısaltma formalarını təşkil edən hərflər mənbə dildəki kimi hərfi əsasda tələffüz olunur: CNN – Si-eN-eN, BBC – Bi-Bi-Si, BP – Bi-Pi və s.; c) bir sait, iki samitdən ibarət qısaltmalar: ASC – AseCe (Açıq tipli Səhmdar Cəmiyyəti).

4. Qısaltmanın əvvəlində yanaşı gələn iki və daha çox sait, daha sonra bir və ya bir neçə samit gəldikdə, saitlə yanaşı olan samit birləşməsi bir heca vəziyyətində, digər mövqelərdəki hərflər adlarına uyğun olaraq tələffüz edilir: AAK – A-AK (Ali Attestasiya Komissiyası), AİB – A-İB (Azad İstehlakçılar Birliyi), OİK – O-İK (Ordu İdman Klubu) və s.; Qısaltmanın əvvəlində bir və ya daha çox samit, ardınca bir neçə sait gəldikdə, samitlə yanındakı sait bir heca vəziyyətində, qalan hərflər adlarına uyğun olaraq tələffüz edilir: BAEA – BA-E-A (Beynəlxalq Atom Enerjisi Agentliyi), BƏƏ – Bə-Ə (Birləşmiş Ərəb Əmirlikləri), RİA – Ri-A (Rusiya İnformasiya Agentliyi) və s.; Qısaltmanın əvvəlindəki saitlərdən sonra gələn samitlərin yanında sait olduqda, başda olan sait hərfli əsasda, daha sonra gələn VC, CV və ya CVC birləşmələri heca vəziyyətində tələffüz olunur: UEFA – U-E-FA (Avropa Futbol Assosiasiyaları İttifaqı); Qısaltmanın əvvəlində sait, sonra samitlər olduqda qısaltmalar sonrakı samitin növünə görə aşağıdakı çalarlıqlarda tələffüz edilməlidir:

Qısaltmanın sonundakı samit fonetik əsasda, əvvəldə gələn hərflər hərfi əsasda tələffüz olunur: ABB – AbeB (Azərbaycan Beynəlxalq Bankı), ABC – AbeC (Azərbaycan Biofizika Cəmiyyəti), ALDP – AeLDeP (Almaniya Liberal Demokratik Partiyası), ATS – AteS (Avtomat Telefon Stansiyası) və s. Belə qısaltmanın sonunda sonor samit gəldikdə hərfi adına uyğun tələffüz edilir: ADR – AdeeR (Azərbaycan Demokratik Respublikası), ÜDM – ÜdeeM (Ümumi Daxili Məhsul) və s. Sonor samit qoşa işlənərsə, əvvəlki fonetik əsasda, sonrakı isə hərfi əsasda tələffüz olunur: AŞMM – AŞMeM (Avropa Şurasının Məsləhət Məclisi); Qısaltmanın ortasında bir sait və bir neçə samit gələrsə, həmin sözlər aşağıdakı qaydada tələffüz edilməlidir. Qısaltmanın əvvəlində samit və sait, ardınca bir neçə samit gələrsə, ilk üç hərf bir heca halında, sonrakı hərflər öz hərfi adlarına uyğun tələffüz olunur: BİNT – BİNTe (Beynəlxalq İslam və Nicat Təşkilatı), DİHK – DİHKa (Demokratiya və İnsan Haqları Komitəsi) və s.

Qısaltmanın əvvəlində bir və ya bir neçə samit, sonunda CVC birləşməsi varsa, saitin yanındakı samitlər vahid heca halında, əvvəldə olan samit (və ya samitlər) isə hərfi əsasda tələffüz edilir: BŞİH – BeŞİH (Bakı Şəhər İcra Hakimiyyəti), VVAQ – VeVAQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı), YNİB – YeNİB (Yeni Nəsil Jurnalistlər Birliyi) və s.; Qısaltmanın sonunda gələn sait özündən əvvəlki samitlə vahid heca halında, əvvəlki samitlər isə hərfi əsasda tələffüz olunur: BSE – BeSE (Böyük Sovet Ensiklopediyası), BRA – BeRA (Beynəlxalq Reklamçılar Assosiasiyası), DYİ – DeYİ (Dəmiryol İdarəsi), MKİ – eMKİ (Mərkəzi Kəşfiyyat İdarəsi), LDU – eLDU (Lənkəran Dövlət Universiteti), NDU – eNDU (Naxçıvan Dövlət Universiteti) və s.

Beləliklə, cəmiyyətin inkişafı ilə əlaqədar onomastik sistemdə yeni qısaltmaların yaranması və işlənmə tezliyinin artması müşahidə olunur. Bu, onomastik sistemin zənginləşməsinə, inkişafına xidmət edən amillərdəndir. Məhz bu baxımdan qısaltmaları təşkil edən tərəflərin və hərflərin məqam və şəraitə görə müxtəlif əsaslarda tələffüzünün dəqiqləşdirilməsi zəruridir.

Xüsusi adlarla bağlı problemlərdən biri də yazı ilə səs arasındakı qarşılıqlı münasibəti müəyyənləşdirməkdir. Onimlər nitqimizin ayrılmaz tərkib elementlərindəndir. Onomastik leksikada norma məsələsi öz həllini gözləməkdədir. Ədəbi dil üçün vacib olan dürüstlük, asanlıq, vahidlik, sabitlik, ahəngdarlıq, ekspressivlik və s. normalar xüsusi adlar üçün də zəruri şərtlərdir. Onomastik vahidlərin spesifik xüsusiyyətləri orfoqrafik, orfoepik, fonetik normalarda özünü göstərir. Təəssüf ki, radio və televiziyada müxtəlif adların tələffüzündə çoxlu qüsurlara rast gəlirik. Bir sıra hallarda radio və televiziya verilişlərində aparıcı və natiqlər onimlərin vurğusuna dair normanı pozur, bəzi görkəmli şəxslərin ad və soyadlarının vurğusu düzgün deyilmir. Məsələn, Haqverdi´yev, Əli´yev, Əfəndi´yev və s. əvəzinə, Haqvérdiyev, Ə´liyev, Əfə´ndiyev. Azərbaycan dilində vurğu, əsasən, sabitdir. Alınma sözlərdə isə vurğu sərbəst olur. Xüsusən alınma onimlərdə vurğunun yeri mənbə dildə olduğu kimi deyildir. Bunlarda vurğu söz əvvəlində və ortasında işlənə bilər. Məsələn, vurğusu sözün əvvəlinə, yəni birinci hecaya düşən onimlər: Ásiya, Áfrika, Lóndon, Fránsa, Pólşa, Róma, Rúsiya, Práqa və s.; vurğusu sözün ortasına, yəni ikinci düşən onimlər: Avrópa, Amérika, Almániya, İspániya, İtáliya, İngi´ltərə, Hollándiya, Afi´na, Çikáqo, Neápol və s.

Ə.Dəmirçizadəyə görə, “sözdə bəzən iki və daha artıq vurğu ola bilir. İki və ya üç sözdən düzəlmiş mürəkkəb isimlərdə baş vurğu sonuncu sözdə və əksərən son hecada olur, əvvəlki sözlərin vurğusu isə əlavə vurğuya çevrilir: Qaráqoyunlú, Qonáqkə´nd, Məmmə´dəl, Áybənz, Anáxaním, Xánməmmə´d və s.” [91, s.131]. Bizcə, belə sözlərdə əlavə vurğuya ehtiyac yoxdur, çünki bu tip sözlər bir vurğu ilə deyilir və həmin vurğu sözün sonuna düşür.

Xüsusi adlarda başqa vurğu növləri də təsadüf olunur. “Keçid və ya metatonik vurğu sadə fəal münasibəti bildirmək məqsədilə vurğunun yerdəyişimi kimi izah edilə bilər. Bu vurğuya, adətən, xitablı cümlələrdə xitab vəzifəsində çıxış edən onomastik vahidlərdə – xüsusi isimlərdə, ilk növbədə, şəxs adlarında, təsadüf edilir:




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin