Azərbaycan respublikasi əlyazması hüququnda azərbaycan təTBİQİ onomastikasi


Onomastikada advermə və adyaratma



Yüklə 2,99 Mb.
səhifə12/31
tarix05.01.2022
ölçüsü2,99 Mb.
#111228
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
2.3. Onomastikada advermə və adyaratma
Bizi əhatə edən obyektiv aləmi hər birimiz idrak fəaliyyətinin nəticəsində qavraya bilirik. Dərketmə prosesində əldə etdiyimiz biliklərin köməyi ilə müxtəlif obyektləri və hadisələri fərqləndirir və müqayisə edirik. İnsan onu əhatə edən gerçəklik hadisələrini təsnif edir. Bu təsnifat fəaliyyətinin əsas proseslərinin konseptuallaşma və kateqorizasiya olduğu qeyd edilir. Konseptuallaşma dedikdə, əldə edilmiş informasiyanın qavranılması başa düşülür. Bu zaman dünya haqqında müəyyən təsəvvürlərin konseptlər şəklində formalaşması baş verir. “Kateqorizasiya prosesində oxşar və ya eyni vahidlərin daha iri kateqoriyalarda birləşməsi baş verir. Digər tərəfdən, kateqorizasiya həm də idraki prosesdir. Bu halda o, obyekt və ya hadisənin müəyyən kateqoriya ilə fikrən əlaqələndirilməsi kimi başa düşülür” [376]. Kateqorizasiya prosesində insan obyekt və hadisələri təsnif edir və fərdiləşdirir. Təsnifat zamanı insan adlandırılan obyektləri müəyyən xarakteristikalara malik obyektlər kimi qavrayır ki, bunlar obyektləri başqalarından fərqləndirir və onları müəyyən siniflərdə birləşdirməyə imkan verir. Fərdiləşdirərkən, insan obyektləri öz sinfində yeganə obyekt kimi qəbul edir. Bu zaman obyekt hansı kateqoriyaya aid edilməsindən asılı olmayaraq, ya xüsusi, ya da ümumi ad alır.

Real gerçəklik predmetlərinin söz işarələri ilə ifadəsi daimi və fasiləsiz prosesdir. Bununla da bizi əhatə edən aləmin fenomenlərini (biz də daxil olmaqla) adlandıran çoxsaylı sabit adlar yaradılır.

Son zamanlar onomasioloji tədqiqatlara maraq xeyli artmışdır. Belə tədqiqatların aktuallığı göz qabağındadır: bunlar dildaxili və dilxarici amillərlə şərtlənən mürəkkəb nominasiya prosesinin mexanizmini daha dərindən anlamağa imkan verir.

“Nominasiya” latın mənşəli söz olub [“nominatio” – bax: 545, s.346], “advermə”, “adqoyma”, “adlandırma” deməkdir. Nominasiya elə prosesdir ki, insanın ətraf aləmi dərk etməsini daima müşayiət edir. Bu dərketmə nə qədər tam və dəqiqdirsə, adlar da o qədər ətraflı olur.

“İsim – əşya, obyekt” münasibəti nominasiyanın əsasını təşkil edir. Nominasiya predmetlərin ayrı-ayrı söz və söz birləşmələri ilə göstərilməsidir. Bu zaman dil vahidləri işarə etdikləri obyektlərlə əlaqələndirilir. Nominasiya maddi obyektlərin işarələndirilməsidir, çünki ilk növbədə predmetlər, şəxslər adlandırılır.

Obyektiv gerçəkliyin, insanın subyektiv aləminin praktik mənimsənilməsi, dərk edilməsi və inikası ilə bağlı olan nominativ fəaliyyət artıq hazır olan adların sadə inikası və tamamilə yeni adların yaradılması ilə məhdudlaşmır. Söz işarələri dünya haqqında məlumatların, biliklərin saxlanma vasitəsi, dil təfəkkürü vasitəsi kimi xidmət edir. Koqnitiv baxımdan onimlər vasitəsilə nominasiya prosesi mental proses sayılır. T.N.Çernorayevanın fikrincə, “advermə varlığın qavranılmasına yönəlmiş təfəkkür proseslərinin nəticəsidir” [580, s.207]. “Nominasiya prosesində xüsusi ad müəyyən həcmdə informasiyanı toplayır və mühafizə edir, xüsusi adlardan istifadə olunarkən o, bu informasiyanı mürəkkəb assosiasiyalar zənciri şəklində açır” [434]. Deməli, onomastik nominasiya ayrılıqda fəaliyyət göstərmir, o, müəyyən təfəkkür əməliyyatına – adlandırılanın məlum hadisələr sinfinə aid edilməsinə tabedir.

Onomastik nominasiya probleminin tərkib hissələri bunlardır: sözün semantikası; sözün semantikasının strukturu; dil vahidlərinin mənasının dəyişilməsi məsələsi; nominativ texnikanın, nominasiyanın müxtəlif üsullarının öyrənilməsi.

Onomastik nominasiya nəzəriyyəsində iki amil diqqət mərkəzində durur: 1) adın mənasının ilk dəfə müəyyənləşdirilməsi və insan şüurunda təsbit edilməsi; 2) dil vahidlərinin nominativ mənasının inkişafı prosesi. Nominasiya nəzəriyyəsi, əsasən, obyektlərin öz adını necə almasını nəzərdən keçirir. Bu nəzəriyyə üçün təkcə müəyyən gerçəklik fraqmentlərinin necə ad alması və hansı dil vasitələrinin köməyi ilə realizə olunması deyil, həm də nə üçün adlandırmada məhz bu fraqmentin, obyektin, varlığın seçilməsi və hansı çoxsaylı əlamətlərin əsas götürülməsi, eləcə də söz yaradıcılığının bir çox məlumatlarının nəzərə alınması vacibdir. Nominasiya aktı müəyyən formal əməliyyatın və ya formal vasitənin istifadəsini nəzərdə tutur.

Nominasiya prosesinin özünəməxsus üsul və prinsipləri vardır. Nominasiya üsulu dedikdə, əsas əlamətin ifadə üsulu, yəni realinin adının əsasında duran və onu bütövlükdə xarakterizə edən əlamət nəzərdə tutulur. Nominasiya üsulu müəyyən nominasiya prinsipinin necə və hansı dil vasitələrinin köməyi ilə həyata keçirildiyini göstərir. Adresata münasibət nominasiya üsulunun seçim spesifikasını müəyyən edir. Dil vahidlərinin mənası ekstralinqvistik reallıqla bağlıdır, burada dil daşıyıcılarının ünsiyyəti baş tutur, həm də onun praqmatik və psixolinqvistik istiqamətini nümayiş etdirir. Nominasiyanın onomasioloji aspekti dildə daxili münasibətlərdən deyil, dil daşıyıcısının, bütövlükdə dil birliyinin kvalifikativ-koqnitiv və linqvokreativ fəaliyyətindən asılıdır. Avtonominasiyanın imkanları çox genişdir. Müəllif öz fikrini, niyyətini ifadə etmək üçün onomastik leksikanın imkanlarından istifadə edərək optimal nominasiya üsulunu seçir. Məsələn, nikneymlərdə bunu müşahidə etmək olar: tennisistka89, anabala2014, engozeli93, _ibonun.xanimi_ və s.

Advermə iki üsulla baş verir: vasitəsiz üsulla advermədə əsas əlamət söz vasitəsilə ifadə edilir; vasitəli üsulla advermədə isə əsas əlamət predmeti işarə edən sözlə ifadə olunur. Ad işarələnən obyektin əlamətlərindən birini əks etdirir və onun haqqında məlumat verir. Əlamətin seçilməsi nominasiya texnikasıdır, sözün səs cildinin yaradılması üsuludur: Qaragöl, Qutudağ, Şorbulaq [49, s.26, 78, 222] və s. Əsas əlamətin maddi daşıyıcısı sözün səs qabığıdır: əsas əlamət – məna – səs cildi.

Onomastik nominasiya prinsipləri dildən və əhalinin milliyyətindən asılı olmayan universal kateqoriya kimi çıxış edir. Nominasiya prinsipi sözün adlandırılan obyektlərlə olan əlaqəsinin əsas istiqamətidir. Bu, dilxarici amillərdən: obyektin növü, xüsusiyyətləri, real əlaqələri, habelə sosial-iqtisadi və siyasi şəraitdən asılıdır. Nominasiya prinsipi müxtəlif dillər üçün spesifik olan müəyyən əlamətlərlə meydana çıxaraq milli özünəməxsusluq əldə edir. Bu prinsipə əsasən, realinin adlandırılması üçün əlamətlər toplusundan normalara uyğun müəyyən əlamətlər seçilir: Suqovuşan oyk., mür. – Sabirabad r-nunun Kürkəndi i.ə.v.-də kənd. Muğan düzündədir. Oykonim su və qovuşan (“qovuşmaq” feilinin feili sifət forması) sözlərindən əmələ gəlib, Araz çayının Kür çayı ilə qovuşduğu yerin adı ilə bağlıdır. Coğrafi ad kəndin fiziki-coğrafi mövqeyini əks etdirir [49, s.198]. Nominasiya prinsipləri bir-birindən prinsipin ifadəsi üçün əlamətlərin seçilməsinə və ifadə üsuluna görə fərqlənir.

Onomastik nominasiyanın tipologiyası aşağıdakı parametrlər əsasında formalaşır: nominasiyanın funksiyası; adlandırılan obyekt, yəni nominat; adın strukturu; subyekt və adresat. Bu tipologiyanın əsasını obyektin təbiəti, adın daxili forması, advermənin semantik cəhətinin təhlili təşkil edir.

Tipoloji olaraq, göstərilən üç cəhətin münasibəti ilə fərqlənən 2 situasiya növü təsəvvür etmək olar: a) advermə ssenarisinin tam təqdimatı: yeni doğulanın adı, nominasiya situasiyasında uşaq – adlandırılan, valideynlər – nominatorlar, uşağın şəxsiyyətini təsdiq edən sənəddəki ad – onimdir. Situasiya dəyişə bilər, çünki nominatorlar sənədlərdə qeyd olunmayan, lakin qeyri-formal ünsiyyətdə istifadə edilən ad verə bilər. Belə onim ləqəb də ola bilər; b) adlandırılan və adverən eyniləşərkən adyaratmada başqa situasiya olur. Bu zaman təxəllüslər (Füzuli, Müşfiq, Elatlı), internetdə bloqgerlərin adları meydana çıxır (vuqarla_bap_balaca_dunya, ramazanli_academy, gulnarsenglish_class). Bundan əlavə, elektron poçt ünvanının yaradılması zamanı nik seçimi situasiyası geniş yayılıb. İnternet sahəsində özünüadlandırma böyük maraq doğurur.

Dildə olan hər bir ad təcrübənin məhsuludur. İnsan həyatı boyu əşya və hadisələri dərk edir, tanıyır, onları adlandırır, yeni anlayışları formalaşdırır, onların arasında əlaqələri müəyyən edir. İnsanın həyat təcrübəsi, predmet və obyektlərlə tanışlıq onları tanımağa və insan şüurunda onların mücərrəd obrazının yaranmasına gətirib çıxarır. Mücərrəd obraz adın verilməsindən əvvəl meydana çıxır. İnsan predmet və obyekt haqqında ən elementar məlumata malik deyilsə, nominasiya baş tuta bilməz. Nominasiyanın subyekti – insan öz beynində obyektlərin müəyyən cəhətlərini seçərək onları qruplaşdırır, təsnif edir, hər növü işarələndirir. Nominator obyektə ad verir, advermə üsullarından istifadə edir. Məfhumun müəyyən bir adla təsbit edilməsi onun çevrəsini dəqiq müəyyənləşdirir. Hər bir predmet ona ilk dəfə verilən ad sayəsində aydınlığa, dəqiqliyə malik olur. Anlayışların yaradılması, təsnifi, advermə sayəsində insan onu əhatə edən aləmdə istiqamətlənmək, ona bələd olmaq, alışmaq imkanı qazanır.

Adın yaradılması prosesi bir neçə mühüm elementdən ibarətdir: 1) adlandırılacaq hadisə beyində məfhum formasında əks olunur və bu və ya digər məfhum kateqoriyasına aid edilir; 2) adlandırılacaq predmetdə səciyyəvi əlamətlər seçilir, bunlardan biri və ya ikisi nominasiyanın əsasını təşkil edir; 3) sözdüzəltmə aktı nominasiya prosesini tamamlayır.

Nominasiya prosesində təkcə denotasiya – obyektin göstərilməsi deyil, həm də konnotasiya, yəni əlavə mənalarla təmin edilməsi baş verir. Nominasiyanın xarakteri, onun semantik tipi, obyekt haqqında daxil edilən informasiyanın həcmi onun vəzifəsi ilə bağlıdır. Obyektin nominasiyasının seçiminə təsir edən 4 mövqe göstərmək olar: ekzistensial və ya introduktiv, yəni adın cümlədə mövqeyi; identifikasiya edən – subyektin mövqeyi; predikatın mövqeyi; ünsiyyət mövqeyi. Birinci halda adın danışana məlum olan, nitq adresatına tanış olmayan obyektə aidliyindən, ikinci halda adın müsahiblərə məlum olan obyektə aidliyindən danışmaq olar. Üçüncü halda ad atributiv, kvalifikativ funksiya yerinə yetirir. Dördüncü halda adın konkret obyektə - şəxsə, nitq adresatına, yəni nitq aktının bilavasitə iştirakçısına aidliyindən söhbət gedir.

Eyni bir konkret obyektin işarəsi üçün müxtəlif nominasiyalardan istifadə imkanı heteronominativ situasiyalar yaradır. Heteronominativlik bəzən mətnə obyektin obrazlı nominasiyalarının daxil edilməsi nəticəsində meydana çıxır. Bu hadisə oxucuya tanış olmayan personajların olduğu əsərlər üçün uyğundur. Bu halda nominasiya üsulları müəllifin məqsədi ilə üst-üstə düşür.

Predikat nominasiyasının əsas funksiyası – obyektin fərdi xüsusiyyətlərinin açılmasıdır. Müraciətdə istifadə olunan nominasiya, yəni nitq adresatının nominasiyası mürəkkəb və ziddiyyətlidir. Funksional baxımdan müraciət ikitərəflidir. Bir tərəfdən, o, adresata imkan verir ki, nitqi qəbul edən şəxs kimi özünü identifikasiya etsin. Digər tərəfdən, apelyativdə danışanın adresata münasibəti ifadə olunur.

Təcrübə göstərir ki, bəzi obyektlər üçün fərdi adların yaradılması çox vacibdir, çünki onlar həmin obyektin fərdi xüsusiyyətlərini əks etdirir. Oxşar obyektlər çox olduqda və onların bir-birindən fərqləndirilməsi lazım gəldikdə xüsusi adlara ehtiyac duyulur: “Gənc istedadlar” liseyi, Elitar Gimnaziya, Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Müasir Təhsil Kompleksi və s.

İnsan cəmiyyətinin adlandırdığı obyektlərin çevrəsi çox genişdir. Belə obyektlər, ilk növbədə, insanlar, heyvanlar, coğrafi mühitin müxtəlif təbii və süni elementləri və s.-dir. Buna görə də müasir onomastika qarşısındakı əsas məsələlərdən biri bütün növlərdən olan xüsusi adlar sahəsindəki qanunauyğunluqları meydana çıxarmaq, həm təbii, həm də süni obyekt adları sahəsindəki əsas nominasiya prinsiplərini müəyyən etməkdir.

Hər bir ad öz təbiətinə görə sosial və tarixidir, çünki o təkcə bu və ya digər dövrdəki ictimai zövqü əks etdirmir, həm də insanların dünyagörüşünü, ictimai münasibətlərini, ideologiyasını, ənənələri səciyyələndirir. “Ad müəyyən sosial mühitdə qəbul olunmuş advermə ənənəsini əks etdirir. Bununla əlaqədar ad sosial işarə və insanın sosial xarakteristikası kimi çıxış edir” [570]. Bu, onomastikanın ümumi qanunudur, çünki hər bir xüsusi ad tarixin məhsulu və cəmiyyətin sərvətidir.

Xüsusi adlar müəyyən informasiyanın daşıyıcısıdır. Bu xüsusiyyət onların təbiəti, dildə mövqeyi və funksiyası ilə müəyyən olunur. Xüsusi ada təkcə filoloq-dilçilər deyil, həm də naməlum soyad, şəhər, çay, müəssisə və ya səmadakı ulduz adı ilə rastlaşan hər bir mədəni cəmiyyət üzvü maraq göstərir. Yeni doğulan üçün ad seçimi həm valideynlər və uşaq, həm də bütövlükdə cəmiyyət – bütün iştirakçılar üçün çox vacib aktdır. Bədii əsər personajlarının adları gizli mənalarla doludur. Ümumdünya şəbəkəsinin (internetin) hakim olduğu dövrdə adyaratma yeni cəhətlər qazanır.

Onimin dildə başlıca funksiyası nominativ funksiyadır. Xüsusi adda birbaşa (ilkin) və dolayı (təkrar) nominativ funksiyaları fərqləndirmək lazımdır. Birbaşa nominativ funksiyada xüsusi ad o predmetin işarəsi üçün xidmət edir ki, ona fərdi qaydada verilib. Dolayı nominativ funksiya xüsusi adın başqa predmetə keçirilməsi ilə xarakterizə olunur. Bununla əlaqədar o, bir sıra obyektlərə hər hansı xüsusiyyəti aid etmək bacarığı qazanır. Xüsusi ad obyekti adlandırarkən onu fərdiləşdirir. Başqa sözlə, obyektin nominasiyasında söz – ad seçimi çox vaxt ümumonomastik tendensiya kimi xüsusiləşmə (fərdiləşmə) ilə şərtlənir. Fərdiləşdirmə zəruriliyinə görə birinci yerdə insanlar gəlir. Heç bir insanı adsız təsəvvür etmək mümkün deyil. Fərdiləşdirilmiş obyektlərin sayına görə ikinci yerdə coğrafi obyektlər durur. Lakin bunu bütün coğrafi obyektlərə şamil edə bilmərik, çünki bəzi mikroobyektlərin xüsusi adı olmur.

Heyvanlara gəlincə, xüsusi adlar yalnız ev heyvanlarına verilir (ev quşları istisna olmaqla).

Xüsusi adlar müxtəlif idarə, təşkilat və müəssisələrə (o cümlədən təhsil müəssisələrinə), göy cisimlərinə, makroaləmin nadir obyektlərinə, institutlara, qəzet və jurnallara, incəsənət əsərlərinə, gəmilərə, kafe və restoranlara, muzey və saraylara, teatr və kinoteatrlara, nadir əşyalara, mağazalara, mehmanxanalara, tarixi və təbiət hadisələrinə, strateji əməliyyatlara və s. verilir. Göründüyü kimi, onomastik vahidlər dil nominasiyalarının çox geniş fondunu təşkil edir.

Onomastik nominasiya səbəb və əsaslandırma tələb edir. Onimlərin motivləşməsinin əsasında duran faktlar bütün dillərdə və xalqlarda müşahidə olunur. Antroponimlər üçün belə amillər kimi şəxsin fiziki, psixi, bioloji, mənəvi, intellektual xarakteristikası, ictimai, milli, ərazi mənsubluğu, qohumluq əlaqələri və s. xidmət edir. Toponimlər üçün bunlar obyektlərin növ müxtəlifliyini, yerini, yaratdığı təəssüratı, vəzifəsini, bir obyektin digərinə münasibətini, həmin obyektlə əlaqədar olan hadisələri, şəxslərin adlarını, obyektin dini və ideoloji təyinatını səciyyələndirən ümumi adlardır.

Onomastik nominasiya aktı müxtəlif aspektlər – ictimai, tarixi, ərazi və s. üzrə həyata keçirilir. Akt zamanı cəmiyyətdəki ictimai qruplar və onlarla əlaqədar olan realilərin adları, obyektin meydana çıxmasına səbəb olan hadisə və faktlar, ərazinin təbii şəraiti və s. nəzərə alınır.

Adın yaranması iki yolla baş verir: ümumi sözdən xüsusi adın əmələ gəlməsi və obyektin xüsusi olaraq adlandırılması prosesi. İnsanlar üçün, adətən, hazır adlardan istifadə edilir. Coğrafi obyektlər üçün isə insanlar müxtəlif adlar fikirləşib tapır. Belə adlar çox vaxt süni xarakter daşıyır.

Nominativ köçürmə vasitəsilə xüsusi adın ümumi sözlərə keçidi mümkündür. Ümumi söz xüsusi ada çevrilərkən apelyativin leksik mənası reduksiyaya uğrayır. Xüsusi adlarda apelyativlərin məcazi mənası da zəifləyir. Əgər onim çoxmənalı sözdən yaranıbsa, çoxmənalılıq da reduksiyaya məruz qalır. Xüsusi ad verilmiş predmet ad daşıyıcısı və ya referent adlanır. Xüsusi adın referentləri insanlar, heyvanlar, idarələr, şirkətlər, coğrafi və astronomik obyektlər, gəmilər və digər müxtəlif predmetlər ola bilər. Beləliklə, adın yaradılması və semantikası məsələsi meydana çıxır.

Təbii yolla baş verən nominasiya dildə təsbit olunur. Süni adlar, bir qayda olaraq, məqsədyönlü sözyaradıcılığı aktının nəticəsində yaranır. Başqa sözlə, “əgər təbii nominasiya məzmun və formanın optimal variantının dil kollektivi tərəfindən təbii (kortəbii) seçilməsi prosesidirsə, süni nominasiya uzuallığa yönəldilmiş, lakin subyektiv amillərlə müşayiət olunan, şüurlu və məqsədyönlü nominativ aktdır” [465]. Təbii nominasiya uzun prosesdir, çox vaxt subyekt konkret məlum olmur. Süni nominasiyada subyekt ya dəqiq bilinir, ya da sənədlərin öyrənilməsi zamanı müəyyən edilir. Təbii nominasiya prosesində yaranan toponimlər daha sistemlidir, çoxsaylı paradiqmatik cərgələr təşkil edir, obyektlərin mühüm əlamətlərini bildirən sözlərlə motivləşir, əhalinin obyektləri yaxşı tanıdığını göstərir.

Müəyyən obyektin adlandırılması üçün bilavasitə yaradılmış adlar ilkin nominasiyanın, digər sözlərdən yaranan adlar isə təkrar nominasiyanın məhsuludur. İlkin nominasiya şəxsin və ya obyektin ilk dəfə adlandırılması, təkrar nominasiya əvvəl adlandırılan obyektə yenidən ad verilməsidir, dildə artıq mövcud olan nominativ vasitələrin onlar üçün yeni adlandırma funksiyasında istifadə edilməsidir. Təkrar nominasiya həm dil, həm də nitq xarakterinə malik olur. Burada dilxarici obyektin birbaşa olmayan inikası özünü göstərir. Bütün hallarda onomastik nominasiya makro- və mikroonomastik sahələrdə əlamətə əsaslanır. Lakin unutmayaq ki, istənilən obyektin nominasiyası prosesi hər zaman insanın zehni fəaliyyətinin nəticəsidir, buna görə də şüurludur.

Ümumiyyətlə, nominasiya cəmiyyətin tarixində çox zəruri və qanunauyğun hadisədir. “Coğrafi adlar xalqın təsərrüfat həyatı əsasında kortəbii surətdə yaransalar da, kortəbiilik özü də qanunauyğunluqlara tabedir. Çünki adlar müəyyən qanunauyğunluqlara müvafiq olaraq cəmiyyətin tələbatından yaranır. Hər bir toponim ictimai inkişafın müəyyən mərhələsində yaranır, dəyişir və yenisi ilə əvəz olunur. Toponimik tədqiqatda bu qanunauyğunluqların və prinsiplərin nəzərə alınması tədqiqatçının doğru nəticələrə gəlməsini təmin edir, başqa sözlə, yanlış mülahizələr irəli sürməsinin qarşısını alır” [260, s.132].

Nominasiya prosesində təbii və süni obyektlərin adlandırılmasının ümumi prinsipləri, coğrafi realilərin əlamətləri, adlar üçün “tikinti” materialı kimi istifadə olunan ayrı-ayrı leksemlərin məhsuldarlığı, işlənmə tezliyi diqqət mərkəzində durur, adların yaradılması üçün leksikanın seçilməsi mühüm rol oynayır.

Toponim çox nadir hallarda təsadüfi və mənasız olur. Şəxs adlarından fərqli olaraq toponimdə obyektin müəyyən əlaməti, ərazinin xarakterik cəhəti, yaxud hər hansı bir gözə çarpan, maraqlı keyfiyyət ifadə olunur. Adın əsasında duran əlamət bir obyektin digərindən fərqini, insan üçün hansı cəhətlərə görə faydalı olmasını göstərir. Həmin əlamət toponimin daxili formasıdır, onun toponiməqədərki mənası, yəni adı təşkil edən sözün əvvəlki mənasıdır.

Obyektin xüsusiyyətləri, əlamətləri, insan kollektivinin təsərrüfat-iqtisadi həyatında rolu, vəzifəsi onun adına təsir etməyə bilməz. Adın yaranma zamanının nəzərə alınması da yalnız toponimlər üçün xarakterikdir, çünki onlar müəyyən şəraitdən asılı olur. Zaman faktorunu nəzərə almaq toponimlərin yaranmasının real mənzərəsini üzə çıxarmağa imkan verir. Coğrafi realini adlandıran subyektin milli mənsubluğu, ərazidə hakim olan dialektə münasibəti də diqqət mərkəzində durmalıdır.

Qeyd etdiyimiz kimi, coğrafi adların əsasını hər zaman tarixi səbəblərdən ön plana çəkilən hər hansı bir əlamət təşkil edir. Cəmiyyətin tayfa ittifaqlarına parçalandığı zamanlarda torpağın hansı qəbiləyə, tayfaya mənsub olmasını göstərmək vacib idi. Sonralar əkinçilik inkişaf etməyə başladı. Bütün bunlar toponimlərdə öz əksini tapırdı. Toponimlərdə ərazinin mənsub olduğu şəxslərin adı, obyektin yeri də göstərilə bilər. Müasir dövrdə obyektin yaxınlıqdakı mühüm bir obyektə görə, müəyyən peşə sahiblərinin məskunlaşmasına görə, görkəmli adamların şərəfinə adlandırılması geniş yayılmışdır.

Lakin zaman keçdikcə toponimlər fonetik dəyişikliyə uğrayır, coğrafi adın apelyativi arxaikləşir, alınma sözlərin mənşəyini müəyyənləşdirmək çətinləşir. Bu zaman toponimin əsasında duran əlamət anlaşılmır.

Coğrafi obyektlərin nominasiyasının öyrənilməsi müasir ad sisteminin qanunauyğunluqlarını aşkar etməyə, keçmişdəki toponimyaratma proseslərini bərpa etməyə və müxtəlif tarixi mərhələlər üçün səciyyəvi olan tendensiyaları müqayisə etməyə imkan verir. Bu prosesdə dildaxili və dilxarici amilləri, müasir semantik modelləri, onların əvvəlki dövrlərdə olan modellərdən fərqlərini müəyyənləşdirmək lazım gəlir” [147, s.144].

Tədqiqatlar göstərir ki, yüzilliklər ərzində yaşayış məntəqələrinin adları antroponimlərdən əmələ gəlmişdir. Toponimiyada bu model çox məhsuldardır. Əsasən, yaşayış məntəqələrinin, torpaq sahələri sahiblərinin, həmin ərazidə ilk məskunlaşan adamların ad, soyad və ləqəblərindən istifadə olunmuşdur. Toponimiyanın təhlilinin diaxron istiqamətdə aparılması faydalıdır. Adətən, qədim mənbələrdən, yazılı mənbələrdən götürülmüş adlardan daha çox linqvotarixi xarakterli məlumat əldə etmək olur. Bu təhlilin məqsədi nominasiya prinsiplərini müəyyənləşdirməkdir.

Cəmiyyətdə baş verən dəyişikliklər coğrafi adlar sisteminə də təsir göstərir. Köhnə adlar yeniləri ilə əvəz olunur və ya adlar başqa üsullarla düzəlir. Ölkənin ictimai-iqtisadi və siyasi həyatında baş verən mürəkkəb proseslər toponimiyada da güclü dəyişikliklərə səbəb olur. Yeni toponimlər öz dövrünün məzmununu parlaq şəkildə əks etdirə bilir. Nominasiya prinsiplərində baş verən keyfiyyət dəyişiklikləri nəticəsində antropotoponimlərin yeni qrupu – memorial adlar əmələ gəlir. Buna baxmayaraq, nominasiyanın bu prinsipi başlıca prinsiplərdən biri kimi advermədə həmişə iştirak edir.

Mikrotoponimiyada nominasiya prosesi təbii yolla baş verir. Adlar, bir qayda olaraq, obyektin təbii xüsusiyyətlərini əks etdirir. Mikrotoponimlər insanların həyatı ilə daha sıx və bilavasitə bağlıdır. Digər onimlər kimi, mikrotoponimlər də nominativ və fərqləndirmə funksiyalarını yerinə yetirir, yəni obyekti həm adlandırır, həm də başqa obyektlərdən fərqləndirir. Ən müxtəlif təbii obyektlərin adlarını əhatə edən mikrotoponimik sistemdə atributiv birləşmələr və cümlə konstruksiyaları çoxluq təşkil edir. Mikrotoponimlərin əsas mənbəyi ümumi sözlərdir. Lakin hər ümumi söz mikrotoponim ola bilməz. Burada müəyyən qanunauyğunluqlar üzrə sözlərin seçimi baş verir. Çox vaxt toponimik terminlər yeni mənalandırma nəticəsində mikrotoponimə çevrilir.

Urbanonimiyada ictimai tendensiya ilə ifadə olunmuş şüurlu nominasiya prosesi həyata keçirilir. Bu, süni nominasiya prosesidir. Şəhərlərdə küçə və meydanların ticarətlə əlaqədar, görkəmli şəxslərə, dini obyektlərə, həmin yerlərdə insanların məşğul olduğu peşə və sənətə, idarə və müəssisələrə və s. görə adlandırılması meyli hökm sürmüşdür. Şəhərlərin fərdi cəhətləri saysız-hesabsızdır, çünki bu cəhətlər şəhərin arxitekturası, əhalinin tərkibi, tarixi hadisələr, şəhərin mədəni həyatı və s. ilə müəyyən edilir.

Oroqrafik obyektlərin nominasiyasında onların özünəməxsus xüsusiyyətləri mühüm rol oynayır. Həmin xüsusiyyətlər bunlardır: relyef forması, yerləşdiyi mövqe, həcmi, süxurların rəngi və tərkibi, baş vermiş hadisə və s. Bundan başqa, metafora oroqrafik obyektlərin nominasiyasında geniş yayılmış üsullardandır.

Su obyektlərinin nominasiyası da müxtəlif prinsiplər üzrə həyata keçirilir. Bu obyektlər ərazinin relyef xüsusiyyətlərinə, suyun rənginə, keyfiyyətinə, axmasına, ətrafdakı bitkilərə, obyektin formasına, həcminə, ətrafdakı landşaftın xüsusiyyətlərinə, obyektin konkret növünə, heyvan adlarına, ərazinin hüdudlarına, suyun dibindəki torpağın xüsusiyyətlərinə, mövqeyə və s. görə adlandırılır.

Beləliklə, coğrafi adlar təsadüfi və ixtiyari deyil, ərazinin bu və ya digər xüsusiyyətini, obyektin səciyyəvi əlamətlərini əks etdirir. Həmin əlamətləri ümumi şəkildə belə xarakterizə etmək olar: 1) obyektin səciyyəvi xüsusiyyətlərinə (rəng, forma, həcm, bitki örtüyü, heyvanlar aləmi, yeri və s.) görə adlandırılması; 2) obyektin hər hansı bir şəxsə görə adlandırılması (burada şəxsin adı, soyadı, ictimai vəziyyəti, milliyyəti, təsərrüfat fəaliyyəti və s. əks olunur); 3) obyektin digər obyektlərlə münasibətinə görə adlandırılması.

Göy cisimlərindən ilk dəfə nominasiyaya cəlb edilən planetlər olmuşdur. Onlara tanrıların adları verilmişdir. Qeyd edək ki, bu proses transonimləşmənin bir nümunəsidir.

Bürc və ulduz adları qədim insanların kosmoloji təsəvvürləri ilə sıx bağlıdır. Bürc adlarında qədim insanların dünya haqqında təsəvvürləri, bilikləri, ətraf aləmi dərketmə prosesinin xarakteri öz əksini tapır. Bürclərin nominasiyasının əsasında duran yalnız forma və kəmiyyət əlamətləridir.

Ulduzların nominasiyasının əsasını bir neçə obyektiv əlamət təşkil edir: rəng, səmada görünmə vaxtı, hərəkətinin xüsusiyyətləri, parıltısı və s.

Antroponimlərin yaranma yolları fərdi və təkrarolunmazdır. Lakin bu fərdilikdə bütün xalqlara məxsus olan bir ümumilik də vardır. Bu, adların motivləşməsi, müxtəlif antroponimik proseslər və s. ilə bağlıdır. Antroponimiya tarixindəki mərhələləri fərqləndirən tədqiqatçılar aşağıdakı göstəriciləri diqqətə çatdırır: 1) advermədə dominant prinsiplər; 2) insanın ad formulunun qəbul edilmiş tərkibi; 3) antroponimlərin həmin dövrdə mövcud funksional növlərinin tərkibi və onlar arasındakı münasibət; 4) şəxs adlarının işlənmə tezliyində, ad fondunda kəmiyyət və keyfiyyət dəyişiklikləri; 5) sosiolinqvistik proseslər.

Antroponimlər müəyyən tarixi dövrdə konkret ictimai mühitdə yaranır. Advermə insanın mühüm sosiallaşma mərasimlərindən biridir. Şəxs adları ilə ləqəb və təxəllüslər denotatla əlaqəsinə görə bir-birindən fərqlənir. Şəxsə hər hansı bir ad şərti olaraq verilir. Xüsusən türk xalqlarında kişi adlarının yaranmasında iştirak edən vahidlər, əsasən, müsbət motivli, igidlik, məğrurluq, qüdrətlilik çalarlı, qadın adlarının yaranmasında iştirak edən vahidlər isə gözəllik çalarlıdır. Şəxs adları müxtəlif prinsiplər üzrə verilir: xatirə advermə, apelyativin mənasına görə, qafiyəli advermə və s. Qız uşağının çox olduğu ailələrdə bəzən mənfi emosiyalı adlara rast gəlinir. “Mənfi emosiyalı qadın adlarının yaranması əski inamla, konkret desək, “qız uşağı dalbadal doğulan ailələrdə axırıncı qıza Qızqayıt, Oğlangərək və s. adlar verilərsə, bir daha qız uşağı deyil, oğlan doğular” inamı ilə bağlıdır. Türk estetikasının zənginliyindəndir ki, bəzən belə şəraitdə də mənfi emosiya müsbət motivli adla ifadə olunmuşdur (məsələn, Gülbəs, Gülyetər, Bəslər və s.)” [303, s.133]. Müasir dövrdə isə bu prinsip üzrə nominasiya daha məhsuldar deyil.

Müşahidələr göstərir ki, ad fondunun nüvəsini təşkil edən ən işlək, populyar adların siyahısı ciddi dəyişikliyə uğramayıb. Valideynlərin ad seçərkən nəzərə aldığı ən geniş yayılmış motivlər hamıya yaxşı tanışdır. Ad seçiminin səbəbləri sabit stereotiplərin aktuallığını təsdiq edir. Ad, adətən, bu səbəblərdən verilir: 1) yaşlı qohumların şərəfinə; 2) ailə üzvlərindən birinin taleyində əhəmiyyətli rol oynamış insanın şərəfinə; 3) məşhur və ya populyar insanın şərəfinə; 4) şəxsi zövqün üstünlük təşkil etdiyi və ya adın səs cildinin şəxsi müsbət dəyərləndirilməsinə görə; 5) adın orijinallığına görə.

Milli antroponimik sistemi şəxs adı, ata adı, soyad, ləqəb, təxəllüs təşkil edir. Sistemin təşkilinin spesifikası onunla bağlıdır ki, onun vahidləri mahiyyətinə görə ümumi denotasiyaya malikdir (hamısı insanı fərd kimi adlandırır) və eyni vəzifələri yerinə yetirir, şəxsin fərqləndirilməsi və onun fərdi işarəsi üçün xidmət edir. Lakin bu da aydındır ki, xüsusi adların göstərilən növləri öz funksional imkanlarına görə eyni deyil. Əsas fərqlər praqmatik göstəricilər əsasında meydana çıxır. Bunlara aiddir: icbarilik – fakültətivlik, sabitlik – dəyişkənlik, nüfuzluluq – etibarsızlıq, advermənin sosial tipikləşmiş qaydalarına aidlik – kortəbii nitq prosesləri ilə əlaqə, geniş funksional diapazon – əksinə, funksional məhdudluq və müəyyən kommunikativ situasiyalara bağlılıq. Göstərilən oppozisiyalar iki funksional növün vahidlərini – rəsmi adları və ləqəbləri qarşı-qarşıya qoymağa imkan verir.

Şəxs adları bir insanı digərindən fərqləndirməyə xidmət edir. Ləqəblər isə bilavasitə şəxsin özü, xarici görünüşü, xarakteri, peşəsi, sənəti, məşğuliyyəti, yaşayış yeri və s. ilə əlaqədar olur. Ləqəb, adətən, adın əvəzedicisi və ya insanın əlavə fərqlənmə işarəsi kimi yalnız məhdud birliklərin nitq praktikasında çıxış edir. Lakin onun aktual mühüm xarakteristika və ekspressiyanı ötürə bilmək qabiliyyəti, həmçinin müəyyən korporativ çevrəyə aidlik işarəsi olması müxtəlif sosial statuslu insanlarda ləqəblərin yayılma səbəblərini izah edir.

Funksional müasir ləqəblər müəyyən kommunikativ şəraitə bağlıdır. Hazırda sosial mədəniyyət məkanında formalaşan submədəniyyətlər fonunda yeni jarqon növlərinin artması və yeni ləqəblərin meydana gəlməsi tamamilə qanunauyğundur.

Təxəllüslərin yaranmasında əsas prinsip budur ki, burada advermə fərdi xarakter daşıyır, yəni təxəllüs şəxsin özü tərəfindən seçilir. Bir sıra antroponimik kateqoriyalar, məsələn, soy adları, şəxs adlarının bir qismi, onların qısaldılmış formaları, təxəllüslər, gizli imzalar süni adlar hesab olunur.

Təxəllüsyaratmada bir neçə adyaradan xətt var. Süni nominasiya sözləri kimi təxəllüslər müxtəlif ekstralinqvistik faktorlarla müəyyənləşir: təqibdən yaxa qurtarmağa cəhd, adresatı aldatmaq arzusu, uğura inamsızlıq, öz soyadının yaxşı səslənməməsi, dəb və s. Təxəllüs süni, məqsədyönlü advermənin nəticəsidir. Təxəllüs seçimi zamanı insanın söz yaradıcılığına tələbatı reallaşır. Təxəllüs nominasiyası təbii nominasiya modelini qoruyub saxlayır. Təxəllüsyaratma dil qanunlarının yaradıcı şəkildə dəyişdirilməsinin rəngarəng vasitə və üsulları ilə fərqlənir.

Təxəllüslər rəsmi adlara və ləqəblərə münasibətdə xüsusi sistemdaxili mövqe tutur. Əsas və qeyri-əsas işarə əlamətinə görə təxəllüs ləqəbə oxşayır və adla əkslik təşkil edir, çünki insanın əsas adı deyil. Kommunikativ diapazon isə əksinə, təxəllüslə adı yaxınlaşdırır, çünki təxəllüs ləqəbdən fərqli olaraq geniş auditoriya üçün nəzərdə tutulub və kütləvi adresata ünvanlanıb. Təxəllüs fenomenində daha bir funksiya özünü göstərir ki, bu həm də rəsmi ada məxsusdur – yaradıcı fəaliyyət məhsuluna hüquqi iddiaların tətbiqi (təsadüfi deyil ki, bu ad kateqoriyasının yaranması tarixən müəllif hüququ anlayışının formalaşma prosesi ilə paralel baş vermişdir).

Bununla yanaşı, təxəllüs addan fərqli olaraq, denotativ olaraq adi insanla deyil, öz yaradıcısının müəllif “mən”i ilə əlaqədardır. İnsan şəxsiyyətinin əlavə adlandırılması üçün təxəllüs və ləqəblər müəyyən rol oynayır. Onlar müxtəlif kommunikativ şəraitdə adın fərdiləşdirirci və ictimai fərqləndirirci işini tamamlayır.

Bədii diskurs mətnləri üçün onimyaratma 2 cür özünü göstərir: I variantda nominator özünə ad yaradır, yəni onim-təxəllüs; II variantda müəllif personaja ad verir. Bədii mətnlərin müəllifi üçün təxəllüsün yaradılması yazıçı və ya şairin özünütəyinində hər hansı mühüm cəhətin qeyd olunması vasitəsinə çevrilir. Yazıçılar təxəllüslərini yaradarkən, adətən, söz oyunundan istifadə edir, məsələn: A.P.Çexov – “Çexonte”. Bəzən həqiqi onim və təxəllüs birləşir.

Oxucu bədii mətnlə tərcümə vasitəsilə tanış olursa, onimi çətin anlayır. Adətən, personaj adları fonetik üsulla verilir, onimin mənasını isə tərcüməçi çox vaxt şərh etmir. Bu onimlərin semantik yükünü anlamadan milli mədəniyyətin və dünyanın milli koqnitiv mənzərəsinin dərk edilməsi qeyri-mümkündür.

Beləliklə, onomastik nominasiya prosesində onimlər əks etdirdiyi obyektin, denotatın mahiyyətinə uyğun yaranır. Nominasiyanın əsas inkişaf yolları və xüsusi adların tipləri bütün xalqlarda oxşardır. Heç bir ad boş yerə yaranmır, obyektin adlandırılmasına ehtiyac yarandıqda meydana çıxır. Hər bir ad əsaslandırılır və dildə təsbit olunur. Mənasız ad yoxdur, bu məna linqvistik təhlillə üzə çıxarıla bilər. Nominasiya aktı və onun prinsipləri dil qanunları, adlandıran varlıq kimi insanın psixologiyasının xüsusiyyətləri ilə idarə olunur.

İnsan cəmiyyətinin və idrakın daimi inkişafı dil qarşısında həyatın və insan fəaliyyətinin bütün sahələrini yeni adlarla təmin etmək vəzifəsini qoyur. Hər dil sistemində yaranan adlandırma vasitələri müxtəlifdir və eynicinsli deyil, əlbəttə ki, heç də hamısı öz xarakterinə görə sözdüzəldici deyil. Dil quruluşunun hər səviyyəsi, onun hər yarımsistemi yeni adların əmələ gəlməsinə öz töhfəsini verir. Lakin linqvistik sistemlərin heç də hamısında onlar müntəzəm və mütləq olaraq yaranmır. Söz yaradıcılığı məhz öz əsas funksiyalarına görə adların meydana çıxması və istifadəsi ilə əlaqədardır. Söz yaradıcılığı dil sistemindəki həmin halqadır ki, insanın xarici və daxili təcrübə elementlərinin işarələrinin formalaşmasına cavabdehdir. Söz yaradıcılığının əsas məqsədlərinə, onun vəzifəsinə uyğun olaraq onu nominasiya proseslərinə xidmət edən vasitələr, vahidlər, əlaqələr və s. sistemi kimi müəyyənləşdiririk. Bir çox inkişaf etmiş dillərdə məhz bu sistem söz çərçivəsində dünyanın adlandırılması vəzifəsini yerinə yetirir. Söz yaradıcılığının onomasioloji aspektlərini təsvir edərək onun əsas cəhətlərini müəyyən etmək mümkündür: söz yaradıcılığının bütün vasitələri, üsulları və modelləri nominasiya məsələlərinə xidmət etmək üçün yaranır və mövcud olur.

Söz yaradıcılığı sisteminin həm məzmun, həm də ifadə planı sözlərin derivasiyasının onomasioloji aspektləri ilə sıx bağlıdır. Dil sistemində törəmə vahidlərin formalaşması üçün nəzərdə tutulmuş xüsusi yarımsistemin olması artıq bu yarımsistemin ontoloji baxımdan vacibliyini sübut edir. Müvafiq olaraq, bu yarımsistemin qnoseoloji xarakteristikaları da xüsusi əhəmiyyət qazanır.

Derivasiya (lat. derivatio – əmələ gəlmə, törəmə) dil vahidlərinin (derivatların) digər, ilkin sayılan vahidlər əsasında yaranma prosesi, sadə halda – affiksləşmə və ya mürəkkəbləşmə hesabına kökün “genişlənməsi”. Bununla əlaqədar derivasiya bəzən sözyaratmaya bərabər tutulur. Geniş mənada, “derivasiya ya sözdəyişmə (inflection) və sözyaratmanın (word-formation) işarəsi üçün ümumi termin, ya da dildə istənilən təkrar işarələrin, o cümlədən ilkin sayılan və ya müəyyən qaydaların, əməliyyatların tətbiqi yolu ilə onlardan çıxarılan vahidlərin köməyi ilə izah oluna bilən cümlələrin yaranması prosesləri üçün ad kimi başa düşülür” [455].

Derivasiya aktlarında ilkin sayılan vahidlərin forma (struktur) və semantikasının dəyişməsi baş verir. Məna baxımından bu dəyişiklik ya işarənin yeni mənada, yeni funksiyada istifadəsinə (semantik derivasiya zamanı), köhnənin dəyişilməsi və ya onun digər dil vahidləri ilə birləşməsi yolu ilə yeni işarənin yaradılmasına yönəldilə bilər” [459].

XX əsrin 30-cu illərində Y.Kuriloviç tərəfindən söz yaradıcılığı proseslərinin xarakteristikası üçün tətbiq olunan derivasiya anlayışı proseslərin konkret məqsəd və vəzifələrini onların həyata keçmə vasitələri və semantik nəticələri ilə uyğunlaşdırmağa imkan verdi; derivasiya nəzəriyyəsi üçün Kuriloviç tərəfindən təklif olunan leksik və sintaktik derivasiyaların ilkin vahidin leksik mənasının dəyişilməsinə, eləcə də onun sintaktik funksiyasının dəyişilməsinə yönəlmiş proseslər kimi fərqləndiriliməsi böyük əhəmiyyət daşıyır. “Sintaktik derivasiya müəyyən nüvə konstruksiyasının transformasiyası yolu ilə müxtəlif sintaktik konstruksiyaların əmələ gəlməsi proseslərini bildirir” [490].

Derivasiya prosesləri təkcə təkrar vahidlərin yaradılması ilə deyil, dilin ilkin və düzəltmə işarələri arasında xüsusi derivasiya münasibətlərinin meydana çıxması ilə tamamlanır. Bu münasibətlər eyni səviyyənin vahidləri, həm də müxtəlif səviyyələrin vahidləri arasında müşahidə olunur. “Müxtəlif tipli dillərdə sözün morfoloji strukturlarının təşkili vasitələri və üsullarını təsvir edən derivasiya morfologiyası xüsusi status qazanır” [483].

Yeni adlara və yeni mənalara dildə hər zaman ehtiyac duyulur. Söz yaradıcılığı aspekti onomastik vahidlərin struktur-semantik tərtibatının xüsusiyyətlərini üzə çıxarmağa imkan verən rakurslardan biridir. Onimyaratma (onomastik derivasiya) xüsusi nominasiya aktıdır. Onun məqsədi yeni adın yaradılması, yeni leksik vahidlərin modelləşdirilməsidir. Sözyaratma prosesində normanın şüurlu şəkildə pozulmasında mühüm faktor ekspressiyaya yönəlmədir. Yeni sözlərin yaranması formanın daha çox ifadəliliyinə cəhd etməklə əlaqədardır. Müəllif dillə oynayır, özünüifadə, adresata emosional təsir göstərmək məqsədilə yeni dil vahidləri yaradır. Onimlərin endosentrik söz yaradıcılığı, bir qayda olaraq, hipokoristik, kiçiltmə formaların yaranmasına gətirib çıxarır. Hipokoristika dedikdə, bütöv şəxs adlarının kiçiltmə antropovariantları başa düşülür.

Hər düzəltmə söz yeni ad, yeni məna strukturuna malik vahiddir və o artıq mövcud olan, hazır dil vahidləri bazasında, müəyyən əməliyyatların gedişində yaradılır. Yeni adların yaradılması zamanı müxtəlif səviyyəli vasitələrdən istifadə edildiyindən, onim yaradıcılığı sistemi onlara münasibətdə özünəməxsus təşkiledici rol oynayır. Nominasiya vahidlərinin formalaşması vəzifəsinə xidmət edən onim yaradıcılığı dilin xüsusi yarımsistemi kimi bu vahidlərin modelləşdirilməsinin maddi vasitələrinə malikdir.

Söz yaradıcılığında onomasioloji üsul onimlərin bu və ya digər qrupunun yaranmasının real yolunu göstərməli, nominativ prosesin özünəməxsusluğunu üzə çıxarmalıdır. Bu üsul onimyaratma prosesini aydınlaşdırır, onimlərin izahı üçün etibarlı material təqdim edir. Həmin üsulun tətbiqi zamanı xüsusi adların spesifikasını nəzərə almaq lazımdır. Unutmaq olmaz ki, onim yaradıcılığı təkcə cəmiyyətə lazım olan miqdarda yeni adların daimi yaradılması ilə deyil, həm də dilin lüğət tərkibində kifayət qədər törəmə vahidlərin olması və onların normal fəaliyyətinin təmin edilməsi ilə bağlıdır. Bütün bunlar onun tətbiqi onomastikada xüsusi mövqeyini şərtləndirir.

Dil sistemində onim yaradıcılığı özünəməxsus yer tutur, yaranan vahidlərin xarakterinə görə leksik səviyyəyə mənsubdur, ancaq onların yaradılma formalarına və ifadə vasitələrinə görə qrammatika səviyyəsinə yaxınlaşır.

Söz yaradıcılığı sahəsində yeni mənanın meydana çıxması həmişə yeni sözün yaranması ilə bağlıdır. Onun formalaşması müəyyən nominativ vəzifənin yerinə yetirilməsinə tabedir. Onimyaratma prosesi xüsusi adın semantikasının, yəni ideal leksik mənanın meydana çıxmasından başlanır. İdeal məna obyekt haqqında məlumatın insan beynində inikasıdır. Prosesin sonrakı mərhələsində motivləşdirən sözün axtarışı gedir, nəticədə sözyaratma modelləri əsasında yeni onim yaranır. Məzmun baxımından onomastik derivasiya yeni motivləşmiş sözün yaradılmasından ibarətdir.

Onimyaratma prosesinin nəticəsi xüsusi nominativ şəraitdən asılıdır. Nominativ şərait bir neçə komponentdən ibarətdir: adlandırılan obyektin növü, adverən subyekt, tarixi dövr, nominasiya prinsipləri, nominasiyanın təbii və süni, ilkin və ya təkrar xarakter daşıması, onomastik sistem.

İnsan şüurunda əks olunan konkret predmetin və səs kompleksinin birləşməsi müəyyən nominativ şəraitdə baş verir. Adın seçilməsi üçün baza dilin lüğət ehtiyatıdır. Onimlər ya ümumi sözlər, ya da digər xüsusi ad qrupları əsasında yaradılır.

Onimyaratma prosesində üç mövqeyə əsasən qərar verilməlidir: 1) ad qəbul olunmuş qaydalar və ya modellər əsasında yaradılmalı, yoxsa ənənəvi stereotipləri pozmalı; 2) emosiya və obrazlara (mücərrəd adlara) müraciət etməli, yoxsa konkret adlardan istifadə etməli; 3) advermənin rasional, yoxsa oyun modelindən istifadə etməli” [151, s.7].

Onomastik sözyaratma sisteminin vahidləri – sözyaratma paradiqması, sözyaratma cütü, sözyaratma tipi, sözyaratma zənciridir. Sözyaratma paradiqması eyni yaradıcı bazası, ümumi üzvü – formantı olan və sözyaratmanın eyni pilləsində yerləşən törəmələrin məcmusudur.

Sözyaratma zənciri (sırası) – eyniköklü sözlərin cərgəsi, söz yaradıcılığında iştirak edən eyni formantlı törəmə sözlərin cəmidir. Komponentlərin sayına görə zəncir binar və polinar olur. Binar zəncir yuvanın başlanğıc sözündən və bir törəmədən, polinar zəncir isə başlanğıc söz və iki və daha artıq törəmədən ibarət olur.

Əksər dünya dillərində törəmələr lüğət tərkibinin mühüm hissəsini – daha dəyişkən, hərəkətli, daim zənginləşən və inkişaf edən hissəsini təşkil edir. Canlı nitqdə ehtiyac olduqda asan yaranan yeni törəmələr cəmiyyətin inkişafındakı bütün dəyişiklikləri, onun fəaliyyətindəki bütün yenilikləri bilavasitə əks etdirir.

Törəmə onim derivasiya sisteminin əsas vahidi kimi, özünün formal və məna quruluşuna görə analoji strukturlu digər sözlərin yaradılması üçün örnək rolunu oynayır. O, onimyaratmanın əsas obyektidir, onimyaratma tipinin elementidir. Onimyaratma tipi eyni formantın köməyi ilə düzələn, eyni mənanı ifadə edən sözdüzəltmə cütlüklərinin məcmusudur.

Sözyaratma tipləri yuvada birləşir. Yuva onim yaradıcılığının mürəkkəb kompleks vahidlərindən biridir. Sözyaratma yuvasının strukturu dedikdə, müəyyən sözyaratma tiplərinə aid olan törəmələrin məcmusu başa düşülür. Bu struktura daxildir: 1) yuvanın əsası, zirvəsi; 2) yuvanın digər üzvləri. Sözyaratma yuvasının elementləri derivasiya sırası və sözdüzəltmə paradiqmasıdır. Bir kökdən ibarət onimlər sözdüzəltmə yuvası yaradır və onun dominantı olur. Yuva bir onomastik vahidin digərinə ardıcıl tabe olması prinsipi üzrə qurulur. Onun əsası, zirvəsi törəmə olmayan başlanğıc sözdür. Yuvanın başlanğıc sözləri kimi müxtəlif onimlər çıxış edə bilər. Onlar iki və daha çox sözdüzəltmə zəncirindən ibarət yuvalar əmələ gətirir. Məsələn, Zülfüqar – Zülfü – Zülü – Zülüş, Gülarə - Gülü – Gülüş, Vüsal – Vüsalə, Bünyad – Bünyadzadə - Bünyadlı – Bünyadabad, Abbas – Abbasabad – Abbasbəyli – Abbasqulular – Abbaskənd – Abbaslı – Abbasxanlı; Xəzər (etnonim) – Xəzər (hidronim) – Xəzər (kənd) – Xəzər (dağ) – Xəzər (şəxs adı) – Xəzəryanı (region) və s. Xüsusi adların yaranması zamanı derivasiya ilə yanaşı, yeni leksik vahidin formalaşması, apelyativləşmədən onimləşməyə keçid baş verir.

Sözdüzəltmə cərgələri həm onimlərdən, həm də apelyativlərdən ibarət ola bilər: Türk – Türkiyə – türklər – türkcə; Azərbaycan – Azərbaycan dili – azərbaycanlı – azərbaycanca – azərbaycançılıq – Anti-Azərbaycan və s.

Bəzi hallarda bir apelyativdən xüsusi adların müxtəlif cərgələri yarana bilər: çinar – Çinarə (şəxs adı) – Çinarlar (kənd) – Çinarlı (kənd) – Çinartala (kənd).

Şəxs adlarından törəmələrin – derivatların yaranması bir çox dillərin antroponimikasında xüsusi yer tutur. “Şəxs adlarının xüsusiyyəti budur ki, onlar variantlar və ya derivatlar yaratmağa daha çox qadirdir. Derivatlar bütün düzəltmə adları özündə birləşdirir: ixtisar, əzizləmə, kiçiltmə və dəqiq diferensiasiya edilə bilməyən familyar adları” [577].

Bu adların yaranması emosionallıqla əlaqədardır. Kiçiltmə və əzizləmə məqsədilə formalaşan adlar şəxs adlarının ixtisar edilmiş, fonetik dəyişikliyə uğramış, morfoloji əlamətlər qəbul etmiş formasıdır. Məsələn, Səlimə – Səliş, İbrahim – İbiş, Edvard – Eddi – Ted, Nikolay – Kolya və s. Ekspressiv-emosional onomaformalar çox fərdi və subyektivdir, bu, daşıyıcının və onun əhatəsinin sosial statusu, tərəfdaşlar arasında münasibətlərin xarakteri və nitq kommunikasiyasının müəyyən aktında onların konkret ünsiyyət situasiyası ilə müəyyənləşir.

Dilin oyun potensialının realizasiyası kimi okkazional derivasiya dil sisteminin implisit mexanizmlərini və imkanlarını aşkara çıxaran yaradıcı koqnitiv akt kimi izah oluna bilər. Okkazional derivasiya proseslərində dünya haqqında yeni biliklər yaradılır, gizli və periferik mənalar aktuallaşır. Mənaların innovativ çalarları müəllif, yaradıcı şəxsiyyət tərəfindən verilir. Funksional planda okkazional derivasiya dil daşıyıcısının müxtəlif kommunikativ məqsədlərini əks etdirir: müvafiq predmet və mücərrəd realilər üçün nominasiyaların yaradılması, seçimi; fərdin bu və ya digər dünyanın dil mənzərəsinə subyektiv-emosional münasibətinin ifadəsi; ünsiyyətdə olan şəxsiyyətin dəyərlər sisteminin xüsusiyyətləri. Qeyri-standart derivasiyanın obyekti və nəticəsi şəxsiyyətin koqnitiv, emotiv, aksioloji və praqmatik səviyyələrdə spesifikasını əks etdirən okkazionalizmdir (məsələn, SABAH – SAvadlı, BAcarıqlı, Hazırlıqlı, İMZA – İlhamla Mehribanla Zirvələrə Azərbaycan və s.).

Mətndə okkazionallaşma problemləri kifayət qədər uzun müddət öyrənilmişdir.

Okkazional derivasiya kreativ təfəkkürün və dil daşıyıcısının – poetik mətn müəllifinin dil şüurunun xüsusiyyətlərini açan fərdi-müəllif yaradıcılıq prosesidir ki, bu da müəllifin yaradıcılıq metodu və bədii-estetik konsepsiyası ilə şərtlənir. Okkazional derivasiya müəllifin poetik dünya mənzərəsinin yaradılması və ya açılmasının spesifik üsul və vasitəsidir. O, okkazional derivatlar sistemi vasitəsilə müəllifin daxili “eqo”sunun cəmlik və çoxplanlığının inikası kimi çıxış edir, müəllifin emosional-intellektual və dünyagörüşü mövqelərinin, onun dəyərlər sisteminin unikallığını təcəssüm etdirir. Bədii (poetik) mətndə okkazional derivasiya dilin oyun potensialının realizasiyasıdır, bu zaman dil daşıyıcısının – müəllifin konkret məqsədlə təqdim etdiyi implisit və periferik mənalar aktuallaşır. Bu aspektdə okkazional derivasiya dil oyununun bir növü, derivasiya oyunu kimi nəzərdən keçirilə bilər. Yaradıcı derivasiya aktlarında müəllifin poetik dünya mənzərəsi yaradılır. Verbal səviyyədə poetik dünya mənzərəsinin fraqmentləri öz yaradıcısının həqiqi hisslərini, emosiyalarını, niyyətlərini gizləməyə imkan verən “şifahi maska”dır. Bu zaman ötürülən məzmun deyil, dil vasitələrinin forması – okkazionalizmlər xüsusi nəzərə çarpdırılır. Bu halda okkazionalizmlər məzmunun və okkazional derivasiyanın yaradılmasının mühüm vasitəsi kimi çıxış edir. Müəllif okkazional derivasiyanın çoxcəhətli vasitələri ilə dilin xarakterini, onun estetik təbiətini modifikasiya etməyə, onun struktur və semantik mexanizm və qanunauyğunluqları haqqında təsəvvürü genişləndirməyə çalışır. Poetik dünya mənzərəsinin derivasiyası üçün suffiksləşmə, prefiksləşmə, suffiksal-prefiksal üsul, mürəkkəbləşmə, morfoloji-sintaktik, substantivləşmə, abreviasiya, kontaminasiya kimi ənənəvi üsullar çox istifadə olunur. Bütün okkazional derivasiya prosesləri dil varlığının iki güclü faktoru və qanunauyğunluqlarının mexanizmləri ilə tənzim olunur: analogiya qanunu və dil vasitələrinin qənaəti qanunu. Okkazional derivasiyanı poetik sözün derivasiya potensialını və koqnitiv-estetik xüsusiyyətlərini əks etdirən təfəkkür və nitq aktlarının sinkretizminin nəticəsi kimi izah etmək olar. “Okkazional söz yaradıcılığında okkazional morfem və leksemlərin düzəlməsi çox fərdidir, dil daşıyıcısından asılıdır, buna görə də qeyri-məhsuldardır, heç bir müəyyən universal qaydalara, yaxud nümunələrə uyğun gəlmir. Bu aspektə malik olma okkazional derivasiya proseslərinin vasitəsilə yaradılan dünyanın dil mənzərəsinin təkrarsızlığını, unikallığını, orijinallığını şərtləndirir” [455]. Məsələn, abreviasiya üsulu ilə düzələn xüsusi adlardakı morfoloji əlamətlər orijinal ifadələri – okkazional adları əmələ gətirir: “Bütün mərkəzlər fəaliyyətə başlayandan sonra isə onlar vətəndaşların hansı rayonda qeydiyyatından asılı olmayaraq müraciət edən hər kəslə DOST-luq (DOST – Dayanıqlı və Operativ Sosial Təminat – R.H.) edəcəklər” [616].

Bir tərəfdən, ixtisar və kiçiltmə adların qavranılmasının sosial stereotipində irəliləyişlər antroponimik adların çox hissəsində onların əsas, standart formalar kimi irəli çəkilməsinə kömək etmişdir. Belə formalar rəsmi status qazanaraq, onlara ənənəvi şəkildə aid edilən kiçiltmə-əzizləmə və səmimi-intim konnotasiyaları itirir. Bu konnotasiyalar, hər şeydən əvvəl, orada ifadə olunur ki, adın derivatından istifadə insanın standart adlandırma üsulunun həmin kommunikativ sferası üçün uzaqlaşma sayılır” [446].

Apelyativləşmə (xüsusi adların ümumi isim funksiyasında istifadəsi) həm onomastikada, həm də bütövlükdə dilçilikdə mühüm yerlərdən birini tutur. Apelyativləşmə dilin yeni leksik vahidlərlə zənginləşməsinə kömək edən təkrar adların yaradılması üsullarından biridir (məs. Boykot – boykot). Bəzi hallarda onlar müəyyən üslubi yük daşıyır, ekspressiyanın ifadə vasitəsi kimi xidmət edir və danışana imkan verir ki, adlandırılan obyektə öz münasibətini ən yaxşı şəkildə bildirsin. Təsadüfi deyil ki, dilçilər antroponimlərin mənasının dəyişilməsi nəticəsində meydana çıxan vahidləri həm nominativ, həm də səciyyələndirici xarakterli hesab edir.

Xüsusi adlar müəyyən sosial və tarixi şəraitdə yaranır və fəaliyyət göstərir, özündə bu və ya digər etnos haqqında mühüm sosiokultur informasiya daşıyır. Ümumi isimlər kateqoriyasına elə xüsusi adlar köçürülür ki, cəmiyyət üçün dəyərli, əhəmiyyətli olan anlayışlar bildirməyə başlayır, buna görə də apelyativləşmə çox mühüm hadisədir. O, cəmiyyət həyatı sıx bağlı olduğundan, onun sosiolinqvistik və linqvokulturoloji xarakteri ön plana çıxır.

Apelyativləşmiş onomastik vahidlər xaraktercə bir-birindən fərqlənir. Bu fərqlər etnosun milli mədəniyyətinin spesifikasını əks etdirir, bu da həmin cəmiyyət üçün məhz hansı obyektlərin, maddi və mənəvi həyat hadisələrinin əhəmiyyətli olduğunu başa düşməyə imkan verir. Apelyativləşmiş onimlər dildən kommunikasiya aləti kimi istifadə edən cəmiyyətin müxtəlif təbəqələrində nominasiya proseslərinin xüsusiyyətlərini öyrənmək və müvafiq olaraq, etnosun kulturoloji xüsusiyyətləri ilə tanış olmaq üçün şərait yaradır.

Eponimləşmə, yəni xüsusi adların terminoloji və nomenklatur adlar tərkibində işlənməsi apelyativasiya ilə eyni mövqe tutan müstəqil proses kimi nəzərdən keçirilir. Apelyativləşmiş xüsusi adlar həm məişət hadisələrinin, həm də xüsusi elmi anlayışların işarəsi üçün işlənir. Apelyativləşmə ilə eponimləşmənin arasında oxşarlıq hər iki halda fəaliyyət göstərən dil mexanizmlərinin uyğunluğundadır, fərqlər isə hər iki proses nəticəsində meydana çıxan leksik vahidlərdə özünü göstərir.

Nominativ apelyativasiyanın nəticəsi elə apelyativləşmiş xüsusi adlardır ki, ilk dəfə ad alan obyektlər və ya hadisələri işarə edir. Səciyyələndirici apelyativasiya nəticəsində elə apelyativlər yaranır ki, artıq adları olan denotatlar üçün əlavə, təkrar işarələrdir. Bu qrupa xüsusi adların ümumi isimlərə situativ keçid hallarını, habelə apelyativləşmiş onomastik vahidlərin danışıq dilinə, arqotizm və jarqonizm kimi işləndikləri sosial altdillərə, peşə dillərinə keçid hallarını aid etmək olar.

Dilçilik ədəbiyyatında “kompozit” kompozisiya üsulu ilə, yəni əsasların birləşdirilməsindən düzələn leksem kimi izah olunur. Hər kompozit mürəkkəb söz, lakin hər mürəkkəb söz kompozit hesab edilmir. “Kompozit” termininə ədəbiyyatlarda “psevdokompozit”, yaxud “saxta kompozit” termini qarşı qoyulur. Toponimiyada psevdokompozitlər həqiqi kompozitlərdən şəkilçiləşmə və leksik-semantik üsulla əmələ gəlir. Buna görə də toponimik saxta kompozitlər dedikdə, ən azı iki kök morfemdən ibarət adlar nəzərdə tutulur ki, bu morfemlərdə kompozisiya prosesi, yəni əsasların birləşməsi toponiməqədərki səviyyədə baş verir [Bu barədə bax: 440, s.67-75].

Bu cür adlar (törəmələr) semantik üsulla, yəni apelyativin və ya antroponimin toponimləşməsi yolu ilə düzəlir: Pərioğlular, Qaraqaşlı, Ağköynək, Qarabaqqal, Qarapapaq, Qaragöz, Bayramkoxalı, Şahnəzərli, Şıxbabalı, Topalhəsənli, Abbasbəylilər, Qaraqurbanlılar, Soğanverdilər, Əlimərdanlı, Qaraməmmədli, Dəymədağıldı, Qarakişilər, Allahqulular və s.

Azərbaycan onomastikasında gedən əsas proseslərdən biri toponim yaradıcılığı prosesinin izlənməsi, onun fərqləndirici xüsusiyyətlərinin aşkara çıxarılmasıdır. Eyni mənanı ifadə edən lakin müxtəlif dillərə məxsus sözlərin birləşərək bir obyekti ifadə etməsi prosesi tarixi baxımdan təhlil edilir, toponim yaradıcılığında həmin ifadə edilən obyektin ən səciyyəvi cəhətlərinin nəzərə alınması səbəbləri konkret faktlarla izah olunur” [238].

Beləliklə, onomastikada adyaradıcılığı sözyaratma tiplərinin xüsusiyyətlərini, dildaxili və dilxarici amillərin təsiri ilə baş verən semantik və struktur dəyişiklikləri, söz yuvalarının formalaşmasını, bütövlükdə sözdüzəltmə sistemini, müxtəlif onimik törəmələri və onların yaranma yollarını və s. öyrənir.


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin