2.2. Onomoqrafiya
Son onilliklərdə həm nəzəri, həm də praktik leksikoqrafiyaya böyük maraq müşahidə olunur: müxtəlif leksikoqrafik nəşrlər meydana çıxmış, elmi monoqrafiyalar, dərs vəsaitləri çap olunmuş, tematik konfranslar keçirilmişdir. Zəngin leksikoqrafik ənənəyə baxmayaraq, hər zaman həll olunmamış və zamanın tələblərindən doğan problemlər mövcud olur. Bunların bir çoxu, eyni zamanda, həm ümumi, həm də onomastik leksikoqrafiyaya aiddir.
Lüğətçilikdə antroposentrik yanaşmanın aktuallaşması leksikanın yalnız dil sisteminin fraqmenti kimi izahını arxa plana çəkmişdir. Antroposentrik yanaşma leksikanın təsviri zamanı müəyyən adresatı nəzərə almağı vacib sayır.
Onimlər zəngin assosiativ-mədəni fona malik vahidlər olduğundan müxtəlifplanlı informasiya daşıyıcısı hesab edilir. “Xüsusi ad terminlə yanaşı, informasiyanın əsas dil daşıyıcılarından biridir; ikincisi, həmin xüsusi adla bağlı informasiyanın hərtərəfli qavranılması, şübhəsiz, adın assosiativ-mədəni fonunun mənimsənilməsini nəzərdə tutur, bunun dildə təqdimatı isə onomastik lüğətlərin əsas vəzifələrindən biridir” [469, s.200-201].
Onomastik lüğət layihəsini həyata keçirmək üçün uzunmüddətli hazırlıq işləri görmək, araşdırmalar aparmaq və eksperimentlərdən keçmək lazımdır. Lüğət tərtibçisinin əsas vəzifəsi onomastik materialın toplanmasıdır. Seçim mərhələsində tərtibçi hansı mənbələrdən istifadə edə biləcəyini müəyyən etməlidir. Onomastik vahidin işlənmə tezliyi onun üçün seçim meyarı ola bilər. Lüğət üçün zəruri olan informasiya müəyyən edilməli, tədqiqat metodları tətbiq olunmalıdır. Mənbə kimi yazılı mətnlər, dil daşıyıcılarının şifahi ifadələri, müxtəlif növ soraq və leksikoqrafik ədəbiyyat və s. istifadə edilə bilər.
Hazırda tədqiqatçılar onomastik leksikoqrafiyaya xüsusi maraq göstərirlər və yeni tipli kompleks lüğətlərin yaradılması məsələsi getdikcə aktuallaşır. Məlum olduğu kimi, mədəniyyətlərarası kommunikasiyada qarşılıqlı anlaşma məsələləri inteqrasiya və qloballaşma prosesində olduqca vacibdir. Qarşıya çıxan cətinliklərdən biri milli dillərə daxil olan ekvivalentsiz leksikadır. Bu leksikadan ibarət olan lüğət həm tələbələr, həm də tərcüməçilər üçün maraqlı və faydalı soraq kitabı ola bilər.
Beynəlxalq əlaqələrin getdikcə genişləndiyi bir dövrdə leksikanın öyrənilməsinə sosiolinqvistik və ölkəşünaslıq cəhətdən yanaşma lüğətçilikdə mühüm istiqamətlər sayılır. Onomastik leksika dünyanın dil mənzərəsinin dil vasitələri ilə daha tam inikasına xidmət edir. Bu baxımdan kulturoloji onomastik lüğətlərin tərtibi məsələsi getdikcə daha aktual olur. Onomastik material nəhəng kulturoloji potensiala malikdir. Kulturoloji informasiya leksik mənanın mühüm tərkib hissəsi kimi lüğət istifadəçilərinə çox lazımdır. Kulturoloji onomastik lüğət üçün adların seçimi bu meyarlar əsasında aparılmalıdır: 1) lüğətin tipi və həcmi; 2) istifadəçilərin dil səviyyəsi; 3) milli mənsubluq; 4) konkret onimlərin işlənmə tezliyi; 5) konkret realilərin mədəni və ensiklopedik əhəmiyyəti. Lüğətin həcmi, bir tərəfdən, optimal olmalı, artıq informasiya ilə istifadəçini yormamalı, digər tərəfdən, kifayət qədər tam olmalıdır. Kulturoloji onomastik lüğətdə xüsusi adlar haqqında aktual məlumat, mədəni-ensiklopedik informasiya, onimlərlə bağlı illüstrasiyaların verilməsi əsas şərtdir.
Azərbaycan onimlərinin linqvokulturoloji onomastik lüğətdə reprezentasiyası sisteminin işlənib hazırlanması yaddilli adresata milli mədəniyyəti dərindən dərk etməyə, Azərbaycandilli sosiumda uyğunlaşmağa, yad mədəniyyət mühitində öz kommunikativ məramını uğurla həyata keçirməyə imkan verər.
Müasir leksikoqrafiyanın inkişaf istiqamətlərindən biri lüğətlərin kompüterləşdirilməsidir. Kiberleksikoqrafiya lüğət tərtibi, mətn üzərində işlər üçün internetdən istifadəni nəzərdə tutur. Mövcud axtarış sistemləri müxtəlif leksikoqrafik mənbələrdən istifadə edərək lazım olan informasiyanı tez və effektiv şəkildə axtarıb tapmağa imkan verir. Burada ensiklopediyalarla iki cür iş aparmaq olar: nüfuzlu ensiklopedik nəşrlərdən məlumatın istifadəsi, yaxud mövcud olanların bazasında xüsusi internet-ensiklopediyaların yaradılması. Məsələn, axtarış pəncərəsinə lazım olan sözü daxil edən andan etibarən bütün ensiklopediya və lüğətlər üzrə axtarış yerinə yetiriləcək. Əlifba siyahısı ilə lazım olan ensiklopediyanı açmaqla fərdi axtarış aparmaq da olar.
Bu istiqamət üzrə onimlər lüğətləri də hazırlana bilər. Milli dillər üçün elektron baza işlənib hazırlanır və leksikoqrafik tədqiqatlarda istifadə olunur. Elektron məlumat bazası, “milli dil bankı” (humanitar və sosial elmlərə aid milli dil məlumatlarının rəqəmsal sistemi) həm ümumi, həm də onomastik lüğətlərin yaradılmasının əsas mənbəyinə çevrilir. Kompüter texnologiyalarının tətbiq olunduğu onomastik lüğətçiliyi adlandırmaq üçün “kompüter onomoqrafiyası” termini, fikrimizcə, daha münasibdir.
Elektron lüğətlərin tərtibində əsas məqsəd: 1) nadir antroponimlərin axtarışı və onların tarixinin öyrənilməsi; 2) şəxs adlarının hipokoristik formalarının variantlarının axtarışı; 3) tərkibində antroponimlər, etnonimlər, toponimlər olan frazeologizmlərin axtarışı; 4) müxtəli janrlı mətnlərdə etnonimlərin axtarışı; 5) etnonimlərin müxtəlif formalarının, o cümlədən regional formalarının öyrənilməsi; 6) etnonimlərin derivatlarının öyrənilməsi; 7) müxtəlifjanrlı mətnlərdə toponimlərin axtarışıdır.
Kompüter leksikoqrafiyasında məlumatların çoxfunksiyalı mətn bazalarının və ya korpusların yaradılması məsələsi diqqət mərkəzindədir. Korpus dedikdə, müasir dilin müxtəlif mətnlərinin toplusu başa düşülür. Bu mətnlər müəyyən prinsiplər (məsələn, janr, müəllif, dövr, elm sahəsi üzrə), standartlar əsasında toplanır və elektron formada təqdim olunur. Korpus informasiyanın sürətli axtarışını və seçimini təmin edir. O, adi kartotekadan fərqli olaraq, daha rahat, münasib informasiya mənbəyidir. Məlum olduğu kimi, kartotekada ümumi məzmunlu məlumatlar (məsələn, onomastik terminlər) öz əksini tapır. Kartotekanın elektronlaşdırılması artıq günün tələbidir. Düşünürük ki, müəyyən bir prinsip üzrə toplanmış məlumat (istər onomastik terminlər, istərsə də onomastik mətnlər) əsasında yaradılan elektron kartoteka onomastik korpusu təşkil edə bilər.
Kompüter onomoqrafiyasında kompüterdən istifadə olunması, ilk olaraq, onimlər haqqında məlumat banklarının yaradılmasında, bu bankların formalaşma metodlarının işlənib hazırlanmasında, informasiyanın təqdim edilməsi və istifadəsində özünü göstərmişdir. Məlumat bazasında adın bütün mümkün təsvir parametrləri (linqvoölkəşünaslıq, etimoloji, assosiativ və s.) üzrə materiallar toplanır. Lüğətçilik fəaliyyətinin kompüterləşdirilməsi leksikoqrafların imkanlarını çox genişləndirir. Kompüter texnologiyalarının fasiləsiz inkişafı lüğətlərin tam kompüterləşdirilməsinin zəruriliyini sübut edir: kompüter məlumat bankları əsasında lüğətlər üçün elektron kartotekaların yaradılması, lüğət məqalələrinin elektron qaydada yerləşdirilməsi, dil vahidlərinin kompüter interpretasiyası və redaktə, çap və ya elektron lüğətlərin korpus leksikoqrafiyasının prinsipləri əsasında yaradılması və s. Kompüter leksikoqrafiyası lüğətin yeni nəşrini gözləmədən, leksik vahidlərin miqdarının daim artırılmasına imkan verir. Lüğət materialının daim nəzərdən keçirilməsi və qaydaya salınması da mümkündür. Lüğət kompüterə düşən kimi avtomatik olaraq yeni əsərlər – təkrar lüğətlər əldə etməyə imkan yaranır. Doğrudur, kompüter insan ağlının fəaliyyətini qabaqcadan görə bilməz, hər hansı bir informasiyaya assosiasiyaları, verbal və qeyri-verbal reaksiyaları müəyyənləşdirə bilməz. Leksikoqraf məlumatların təkmilləşdirilməsi və işlənməsini sürətləndirmək üçün ondan istifadə edir. Lüğət tərtibində kompüterin aşkar praktik üstünlüklərinə müxtəlif istinadlar və sorğu informasiyasının müfəssəl yoxlanışını, təsvir olunan materiala tam nəzarəti, izahların və definisiyaların normalaşdırılmasını, informasiyanın müxtəlif hissələrinin ardıcıllığının təmin edilməsini aid etmək olar. Kompüter bir çox məntiqi əməliyyatları sadələşdirə, lüğətin yaradılma prosesinə əsaslı şəkildə müdaxilə edə, lüğətin və lüğət məqaləsinin tərkib hissələrinin, definisiyaların və s. uyğunsuzluğunu tapa, lüğət materialını leksikoqrafa lazım olan qaydada yerləşdirə, rəsmləri, sxemləri yüksək dəqiqliklə yerinə yetirə bilər. Vaxta, intellektual resurslara və s. qənaətdən əlavə, bu imkan verir ki, leksikoqrafik prosesə nəzarət təmin edilsin, buraxılmış səhvlər operativ düzəldilsin, yeni leksikoqrafik komplekslər yaradılsın.
Kompüter və ya elektron lüğətlərdə leksikoqrafiyanın son nailiyyətləri tətbiq olunur. Bu lüğət əlverişli axtarış və təsvir vasitələri ilə təchiz edilir. Elektron onomastik lüğət elə bir xüsusi leksikoqrafik obyektdir ki, buraya müxtəlif səbəblərdən adi lüğətlərdə tələb olunmayan çoxlu sayda faydalı ideyalar daxil edilə və həyata keçirilə bilər. Elektron lüğətlər üçün versiyaların tez-tez dəyişilməsi və istifadəçilərlə əlaqənin mövcud olması səciyyəvidir. Buna görə də kompüter lüğətçiliyinin aktuallığı getdikcə artır.
Elektron onomastik lüğətin tərtibi zamanı bu cəhətlərə xüsusi diqqət yetirilməlidir: 1) sözlüyün (adların) seçilməsi; 2) adların yerləşdirilməsi üsulu (informasiyanın sürətlə və yığcam əldə olunması üçün). Kompüter onomastik leksikoqrafiyasına aşağıdakı problemlər kompleksi daxildir: 1) yeni tipli onomastik lüğətlərin ümumi tipologiyasının işlənib hazırlanması; 2) lüğətin makrostrukturunun işlənib hazırlanması (onomastik leksikanın seçilməsi, adların və lüğət məqalələrinin yerləşmə prinsipi, lüğətin korpusuna və əlavələrə qeyri-leksikoqrafik materialların: qrammatik arayışların, illüstrasiyaların və s. daxil edilməsi); 3) lüğətin mikrostrukturunun, yəni ayrıca lüğət məqaləsinin işlənib hazırlanması (onimə verilən qrammatik və fonetik şərhlər, mənaların təsnifi, işarələr sistemi, illüstrasiyaların tipləri, frazeologiyanın verilməsi); 4) lüğətlərin normalaşdırılması və standartlaşdırılması; 5) elmi tədqiqatlar və tədris sahəsində kompüter lüğətlərinin məlumatlarının sərbəst yayılması.
Elektron lüğətdə hər onim linqvistik informasiya, nümunələr, sinonimlər, omonimlər və s. ilə müşayiət olunur. Əsas lüğət məqaləsindən çıxmadan digər “pəncərə”ləri açmaq və onları birlikdə öyrənmək mümkündür. Lüğət baxılan səhifələri yadda saxlayır. “Arxaya” komandası ilə həmin səhifələrə geri dönmək mümkündür.
Lüğət məqalələrinin tərkibi: baş söz – onim; adın əsasının etimoloji izahı; adın tərkib hissəsinin semantikası; xronoloji və tarixi-mədəni arayışlar. Lüğətin soraq hissəsinə adların müxtəlif formalarını əks etdirən materiallar daxil edilə bilər. Böyük soraq hissəsinin olması adları sürətlə təhlil etməyə imkan verər. Belə bir lüğətin köməyi ilə qısa müddətdə adların qədim və müasir formalarının istənilən şəkildə təhlilini aparmaq, həm də müxtəlif tarixi dövrlərdə onların yayılma arealını dəqiqləşdirmək imkanı yaranar.
İnformasiya bazası tədris və linqvodidaktik məqsədlərlə də tətbiq oluna bilər. Lüğətin kompakt-diskinin böyük miqdarda əyani, illüstrativ materialla təchiz edilməsi onu təkcə tədqiqatçılar üçün deyil, həm də oxucu kütləsi, xüsusən yeniyetmələr və uşaqlar üçün maraqlı edər.
Elektron onomastik tezaurusun istifadəsi ənənəvi leksikoloji məsələləri həll etməyə imkan verir: bizi maraqlandıran leksik vahidlərin üzə çıxarılması, konkret mətndə və ya bir müəllifin əsərlərində onimlərin işlənmə tezliyini və mətn-mənbələrin sayının müəyyən edilməsi.
Azərbaycan soyadlarının elektron lüğətinin, soyadların məlumat bazasının yaradılması zəruridir. Bu cür lüğət müasir soyadların, qədim ad formalarının, ləqəblərin və s. hər növ təhlilinin aparılmasını sürətləndirməyə imkan verər. Elektron soyad lüğəti virtual soraq kitabı, kiçik və məktəbyaşlı uşaqlar üçün öyrədici onlayn ensiklopediya kimi xidmət edə bilər. Belə lüğətin köməyi ilə qısa müddətdə qədim adların, ləqəblərin və müasir soyadların formalarının, demək olar ki, istənilən təhlilini aparmaq, habelə müxtəlif tarixi dövrlərdə onların mövcud olduğu arealları dəqiqləşdirmək imkanı yaranır. Lüğət məqalələri digər oxşar mənbələrdən heç nə ilə fərqlənmir. Bunlara daxildir: baş söz, yəni soyad, onun əsasının etmoloji izahı; soyadyaradan elementlərin mənasının şərhi (əgər zəruridirsə); xronoloji və tarixi-mədəni arayışlar. Materiallar əlifba sırası ilə veriləcək, baş söz (soyad) adlıq halda, təkdə olacaq, adların variantları (fonetik, morfoloji, sözyaratma) baş sözdən sonra mötərizədə yerləşəcək. Sonra lüğət məqaləsində soyadın qeyd olunduğu mənbə (imkan daxilində yeri, qeyd tarixi, şəxsin sosial mövqeyi də) göstərilməlidir. Semantik-motivasiya təhlilinin aparılması üçün dialekt, etimoloji, tarixi lüğətlərin materialları, müasir Azərbaycan dili lüğətlərinin, habelə onomastik lüğətlərin materialları cəlb edilə bilər. Lüğətin sorğu hissəsi çoxlu sayda arxiv materiallarından ibarətdir. Bu materiallar adların, ləqəblərin, ad variantlarının fəaliyyət sahəsi, nəsil mənsubluğu və s. üzrə formaları əks etdirir. Burada məqsəd təkcə konkret soyad əsasının etimoloji mənası barədə danışmaq deyil. Onun yaranmasının tarixi şərtlərini: əmələgəlmə zamanını, meydana çıxdığı regionu açıqlamaq, habelə konkret soyadın mənşəyi ilə bağlı hadisələrin qısa xülasəsini vermək də maraqlıdır.
Tədris məqsədilə Azərbaycan dili üçün bir sıra elektron vasitələr, faydalı proqram və linklər, elektron lüğətlər, orfoqrafiya yoxlayıcısı və s. hazırlanmışdır. Məsələn, “Poliqlot” elektron lüğətlər sistemi, “Adams” elektron lüğətləri, “Dilmanc” tərcümə sistemi, Aze-Eng mobil lüğət (Azərbaycanca – ingiliscə lüğət), Orfoqrafiya yoxlayıcısı (“AzeriSpellChecker”), “LingvoSoft” elektron lüğətlər sistemi (Azərbaycan – ingilis, ingilis – Azərbaycan) və s. lüğətlər də mövcuddur. Azərbaycan coğrafi adlarının beş dildə hazırlanmış (Azərbaycan, rus, ingilis, alman, fransız) lüğəti [31] də elektron vasitələrdən biridir.
Bir tərəfdən, müəllifin novatorçu mövqeyinə, digər tərəfdən, müasir dilçilik görüşlərinə uyğun olan lüğət hazırlamaq mürəkkəb işdir. Onomastik leksikoqrafiyanın kütləvi kompüterləşdirilməsi, informasiyanın işlənilməsi və mühafizə edilməsi üçün elektron kataloqlardan və məlumat banklarından istifadə yeni imkanlar açır və müasir istifadəçinin tələblərinə cavab verir. Lüğətlərin tərtibi prosesində kompüterləşmənin tətbiqi təsvir olunan vahidlərin böyük kütləsini operativ və elmi cəhətdən işləyib hazırlamağa kömək edir. Yeni metodoloji əsaslarda leksikoqrafik məlumatların kompüterdə işlənib hazırlanması sayəsində onomastik lüğətçiliyin sürətli inkişafı davam edəcək.
Müasir dünyadakı elmi-texniki tərəqqi, insan fəaliyyətinin müxtəlif sferalarında xüsusi adların işlənmə təcrübəsinin və onomastik nəzəriyyənin müasir vəziyyəti yeni izahlı terminlər lüğətinin hazırlanmasını tələb edir. İstənilən terminoloji lüğətin tərtibi zamanı təkcə təsvir olunan elm sahəsinin spesifikasını və adresatı nəzərə almaq deyil, həm də terminin qəbul olunmuş xarakteristikalarını rəhbər tutmaq lazımdır. Onomastik nəzəriyyənin əhəmiyyətli dərəcədə inkişafı bir çox terminlərə başqa cür baxmağa məcbur edir.
Onomastik terminologiya daim inkişaf edir. Hər il təkcə onomastik leksikanın bölmələri və ya yarımbölmələri üçün deyil, həm də xüsusi adların kiçik qrupları üçün yeni-yeni terminlər yaradılır. Onomastik terminləri qaydaya və sistemə salmaqda onomastik terminoloji lüğətlər böyük rol oynayır. Xüsusi adları təqdim və təsvir etmək bu lüğətlərin başlıca vəzifələrindən biridir. Həmin lüğətlər onomastik anlayışlar və realilər sistemi bazasında yaradılır. Bu prosesdə əsas onomastik anlayışların müəyyən edilməsi, onların sistemləşdirilməsi və təsnifi, əlaqə və münasibətlərinin müəyyənləşdirilməsi, onomastik terminoloji sistemin təkmilləşdirilməsi üzrə böyük işlər görülməlidir.
Onomastik terminlər lüğətlərinə geniş yayılmış terminlər, son illərdə yaranmış az tanınan terminlər, mövcud boşluqları doldurmağa qadir termin-futuronimlər salına bilər. Həmin lüğətləri həm çap, həm də elektron variantda hazırlamaq məqsədəuyğundur. Belə lüğətlər sahə terminologiyasını tədqiqatçılar, mütəxəssis olmayanlar üçün daha anlaşıqlı və əlverişli etməyə, istifadə olunan terminologiyanın unifikasiyasına kömək edər. Lüğətlərin quruluşu iki variantda ola bilər – əlifba və tematik. Bu variantların hər birinin öz üstünlükləri və çatışmazlıqları var: a) lüğətə, adətən, anlaşılmaz sözün mənasını bilmək və ya mənanı dəqiqləşdirmək üçün soraq kitabı kimi müraciət edirlər. Bu məqsədlər üçün ən rahat üsul əlifba üsuludur; b) lüğətin məqsədlərindən biri onomastik terminologiyanın nizama salınmasıdır. Bu məqsəd üçün tematik lüğət daha münasibdir, burada terminlər daxili əlaqələrinə görə birləşir. Belə lüğət terminləri müqayisə etməyə, terminologiyada sistemliliyin pozulma hallarını üzə çıxarmağa imkan verər.
Optimal variantlardan biri də lüğətin həm əlifba, həm də tematik olmasıdır. Terminlərin tematik cəhətdən yerləşdiyi hissədə sərhi verilir. Lüğətin ikinci hissəsi birincidə göstərilən bütün terminlərin əlifba siyahısından ibarət olmalı, terminin izah olunduğu yer (səhifə, paraqraf) göstərilməlidir.
Onomastik terminlər lüğətlərinin tərtibi işini qaydaya salmaq üçün lüğətlərin tipi, vəzifələri, mövzusu, sözlüyü müəyyənləşdirilir. Sözlüyün tərtibi lüğətin tipindən də asılıdır. Bu lüğətlər müxtəlif tipli ola bilər: 1) terminlərin sadəcə siyahısından ibarət (izahsız) lüğətlər; 2) izahlı lüğətlər; 3) birdilli, ikidilli (çoxdilli) lüğətlər; 4) müxtəsər lüğətlər; 5) əks lüğətlər; 6) tezlik lüğətləri; 7) ümumi lüğətlər; 8) sahə lüğətləri. Bu tipləri nəzərdən keçirək:
1. Birdilli onomastik lüğətlərə izahlı lüğətlər və sözlüklər (termin siyahıları) aid edilir. Sözlükləri iki hissədə vermək olar. Bir hissədə bütün terminlər əlifba sırası ilə, digərində tematik prinsip üzrə yerləşə bilər. Materialın belə yerləşməsi, bir tərəfdən, hər termini nəzərdən keçirməyə (əlifba lüğəti), digər tərəfdən, həmin terminin sistemdə yerini müəyyənləşdirməyə (tematik lüğət) imkan verər. Sözlüklər maksimum termini, o cümlədən darixtisaslı, hətta fərdi terminləri əhatə etməlidir. Birdilli terminoloji lüğətin məqaləsində başlıq-termin, onun tərifi, termin-sinonimlər, illüstrasiyalar (mətn, sitat, nümunələr, şəkil, çertyoj, sxem) olur. Lüğət məqaləsində əsas yeri baş söz – terminin tərifi tutur. Baş söz üçün tərifin seçimi dəqiqlik, birmənalılıq, anlaşıqlılıq və s. ilə müəyyən edilməlidir. H.Zulfikarın da qeyd etdiyi kimi, “tərifin anlaşıqlı olması, linqvistik qaydalara uyğunlaşdırılması, düzgün yazı qaydalarına əməl olunması bir dilçinin nəzarəti altında təmin edilə bilər” [355, s.379]. Başlıq-terminin vurğusu qoyulur. Tarixi və üslubi xarakterli əlavə məlumatlar (termin nə vaxt yaranıb, müəllifi kimdir, hansı nitq şəraitində istifadə olunur və s.) da lüğətə daxil edilir. Tərtibçinin bütün qeydləri (səhvlərin düzəlişi, izahlar, işarələr və b.) kvadrat mötərizədə verilir. Lüğət məqaləsinin sonunda biblioqrafik istinadlar vermək lazımdır.
2. Onomastik terminlərin izahlı lüğətləri iki tipə bölünür: müasir terminologiya lüğətləri və tarixi lüğətlər. Müasir lüğətlər ümumişlək terminləri qeydə almalı, terminlərin şərhini verməli, bu və ya digər terminin istifadəsi baxımından tövsiyələr verməli, yəni soraq-normativ xarakterə malik olmalıdır. Belə lüğətlər ümumi – bütün müasir onomastik terminologiyanı əhatə edən və xüsusi – onomastikanın yalnız hər hansı bir şöbəsinin terminologiyasından ibarət ola bilər.
İzahlı lüğətdə materialı əlifba qaydasında yerləşdirmək daha məqsədəuyğundur: əlifba bölümü lazımlı sözün axtarışını asanlaşdırır. Bəzi şərtlərdə izahı tematik hissədə vermək məqsədəuyğundur. Lüğətdə işlək sinonimik terminləri göstərmək lazımdır. Sözün izahı bu terminlərdən birinin yanında, digər terminlər isə öz yerində şərhsiz, izah edilən sözə istinadla verilməlidir. Lüğətdə terminlərin omonimliyi də əksini tapa bilər; əgər ayrı-ayrı müəlliflər eyni bir termini müxtəlif mənada işlədirsə, bəzi terminlərin iki və ya daha çox izahının verilməsi məqbuldur. Baş sözdən sonra onun mənşəyi, etimologiyası göstərilir, mümkün olduqda termini kimin təklif etdiyini qeyd etmək lazımdır. Sonra söz şərh edilir. Yaxşı olar ki, müxtəlif müəlliflərin fikirləri, onların verdiyi təriflər müqayisə olunsun.
3. Onomastik terminlərin tarixi lüğətinin iki vəzifəsi var: a) o, müəyyən dilçilik məktəbinin və ya ayrıca alimin terminlərinin bütün məcmusunu göstərməlidir; b) belə lüğət həmin məktəbin terminoloji sistemi haqqında təsəvvür yaratmağa imkan verir. Həmin lüğətə ya məktəb nümayəndələrinin əsərlərində rast gəlinən bütün terminlər, ya bu məktəb üçün spesifik, yaxud da səciyyəvi olanlar və nəzərdən keçirilən əsərlərdə xüsusi mənaya malik ümumişlək onomastik terminlər daxil ola bilər. Lüğətdə yeni onomastik terminologiya da əksini tapmalıdır. Təbii ki, belə lüğətə hər hansı bir müəllifin istifadə etdiyi fərdi terminlər də daxil olacaq. Bu cür lüğətlər dilçilik ədəbiyyatından istifadə edərkən soraq vəsaiti ola bilər, yeni terminologiya haqqında məlumat verərək, gələcəkdə terminlərin seçimini və unifikasiyasını həyata keçirməyə yardım edər.
4. Tərcümə lüğətləri. Onomastik terminoloji leksikoqrafiyada ikidilli (çoxdilli) lüğətlərin də mühüm rolu vardır. Bu tip lüğətlər müxtəlif üsullarla tərtib edilə bilər: lüğətin sözlüyündə terminlər iki (bir neçə) dildə izahsız verilir. Bu lüğətlərdə əsas məqsəd terminin hansı formada qəbul olunduğunu və həmin dildə necə verildiyini göstərməkdir. Lüğətin yalnız milli dildə olan hissəsində terminlərin qısaca şərhi verilir, qarşı tərəfdə izah yoxdur. Belə lüğətlər ikidilli (çoxdilli) yarımizahlı lüğətlərdir.
Çoxdilli tərcümə lüğətləri müxtəlif dillərdə istifadə olunan onomastik terminologiyanı müqayisə etmək imkanı verir və deməli, bu terminologiyanın unifikasiyası üzrə gələcək işlər üçün baza ola bilər. Belə lüğətin sözlüyünün həcmi onomastik terminlərin izahlı lüğətinin sözlüyünün həcmindən fərqlənməməlidir, yəni ədəbiyyatda rast gəlinən terminləri maksimum dərəcədə əhatə etməlidir.
5. Sözlüyün tərkibinə görə onomastik terminoloji lüğətlər ümumi tipli və sahə tipli olur. Ümumi tipli lüğətlər onomastikanın müxtəlif şöbələrinin terminlərindən, sahə tipli lüğətlər isə onomastikanın bir şöbəsinin terminlərindən ibarətdir.
Onomastik mənbələrdən termin seçərkən onu diqqətlə nəzərdən keçirmək, qoyulan tələblərə cavab verdiyini müəyyən etmək gərəkdir. İstər milli, istərsə də beynəlmiləl və alınma terminlərin ifadə etdikləri anlayış, mənası, yazılışı müxtəlif ədəbiyyatlar, mənbələr üzrə dəqiq yoxlanılmalıdır. Termin seçilərkən əsas meyar onomastik anlayışlar sistemində terminin vacibliyidir. Lüğətdə beynəlmiləl terminlər dilimizin orfoqrafik normalarına uyğun olaraq verilməlidir. Alınma terminlərin milli dildə qarşılığı varsa, həmin söz verilir, qarşılığı yoxdursa, olduğu kimi saxlanılır.
Onomastik terminlər lüğəti və onun sözlüyü üçün başlıca tələblər müvafiq olaraq elmilik və sistemlilikdir, başqa sözlə, sözlüyün sistemliliyi lüğətin elmiliyini müəyyən edən əsas keyfiyyətdir. Lüğətdə sözlüyün quruluşu, terminlərin seçilməsi prinsipləri, terminlərin verilməsi üsulları barədə qısa məlumat öz əksini tapmalıdır. N.V.Podolskaya göstərir ki, lüğətdə terminlər tövsiyə olunan və olunmayan terminlərə ayrılmalı, fərqləndirilməlidir [508, s.153]. Bəzi tədqiqatçılar onomastik terminlər lüğətlərinə qeyri-onomastik terminlərin daxil edilməsinə qarşı çıxır. Lakin elə dilçilik terminləri var ki, onların həmin lüğətlərə salınması gərəklidir.
Sinonimliyin terminlər üçün nöqsan sayılmasına baxmayaraq, bir çox anlayışlar hələ də bir deyil, bir neçə terminlə ifadə olunmaqdadır. S.Sadıqova sinonimliyə oxşar, eyni əşyaya, eyni anlayışa aid bir neçə terminin olmasını sinonimlik hesab etmir. O belə terminləri həmməna terminlər adlandırır və göstərir ki, onlar dubletliyin əsas əlamətlərini özündə əks etdirir [285, s.88-89]. Bu fikirlə razılaşmaq olar. Termin-sinonimlərin yaranması yeni anlayışların meydana çıxması mərhələsi ilə bağlıdır. Geniş istifadə dairəsinə malik sinonimlər lüğətlərə daxil edilə bilər.
Terminologiyada həlli vacib olan praktik məsələlər bunlardır: 1) lüğətlərin tipologiyası; 2) lüğətlər üçün terminlərin seçilməsi; 3) lüğətlərdə terminlərin izah olunma üsulları və prinsipləri; 4) terminlərin mənşəyinin təyin edilməsi.
Onomastik lüğətlərin hazırlanması üçün maddi baza onomastik sistemin vəziyyətini əks etdirən kartoteka olmalıdır. Bu kartoteka xüsusi adlar haqqında məlumatlardan ibarət olduğu üçün müxtəlif onomastik tədqiqatlara mənbə kimi xidmət edir. Kartotekanın tərtibi zamanı çalışmaq lazımdır ki, o, dilin onomastik leksikasını tam şəkildə əks etdirsin, hər bir onomastik hadisə müxtəlif materiallarla təmin olunsun. Bu prosesdə, ilk növbədə, onomastik mənbələri müəyyən etmək lazım gəlir. Adətən, onimlərin işləndiyi bütün yazılı və şifahi mənbələr onomastik mənbə hesab olunur. Şifahi nitq materialları, onomastik vahidlərin yayılmasını, işlənmə tezliyini müəyyənləşdirməyə imkan verən anket materialları kartoteka mənbələri kimi maraq doğurur. Mənbələr etibarlı, aktual olmalıdır, onomastik leksikanın çox dolğun şəkildə tam qeydə alınması lüğət kartotekası üçün vacib məsələdir. Kartotekaya daxil olmalıdır: a) müasir dövrə qədər mövcud olan bütün onomastik terminlər; 2) terminlərin şərhi; 3) termin haqqında məlumat: nə vaxt və kim tərəfindən istifadə olunub, yarandığı dövrdə və hal-hazırda onun mənası necədir, hazırda işlənib-işlənməməsi, nə vaxta qədər işlənib. Kartoçkalarda onimlərin hər bir kateqoriyasının xüsusiyyətləri nəzərə alınır. Kartoteka əlifba üsulu ilə tərtib olunur.
Lüğətin son məqsədi – təkcə terminlərin izahı deyil, həm də kodifikasiyası, sistemləşdirilməsi və deməli, unifikasiyasıdır. Tərtibçilər maksimum obyektivliyə can atmalı, müasir onomastik terminologiyanı təsvir etməlidir. Onomastik terminoloji leksikoqrafiya terminoloji lüğətlərin tərtibi məsələləri ilə məşğul olaraq terminologiyanın nizama salınması məsələlərinin həllində mühüm rol oynayacaq.
Beləliklə, onomastik terminologiya nəzəriyyəsi terminoloji iş təcrübəsini ümumiləşdirərək, terminoloji sistemin yaradılması və təkmilləşdirilməsinə kömək edir, terminlərin özünəməxsus cəhətlərinin meydana çıxmasına səbəb olur.
Tədris lüğətçiliyi praktikasında xüsusi adların öyrənilməsinə müraciət onların ünsiyyətdə mühüm rolu ilə izah olunur. Müasir tədris leksikoqrafiyasının məhsuldar janrlarından biri lüğət tipli onomastik vəsaitdir. Vəsaitin strukturuna lüğət hissəsi və tədris-praktik hissəsi daxildir.
Vəsait Azərbaycanın müəyyən bir bölgəsinin onomastik materialına əsaslana bilər. Vəsaitin lüğət hissəsinin sözlüyünü müəyyən etmək üçün xüsusi adın əhəmiyyətinin obyektiv göstəriciləri nəzərə alınmalıdır: onimin əhalinin regional fon biliklərinin tərkibinə daxil olması və adın işlənmə tezliyi. Bölgə əhalisinin regional onomastik fon biliklərini üzə çıxarmaq üçün assosiativ eksperimentlər keçirmək olar. İştirakçılara təklif edilə bilər ki, bir dəqiqə ərzində bölgə adı stimulunun assosiasiya olunduğu xüsusi adları yazsınlar. Alınan material elektron məlumat bazası vasitəsilə işlənib hazırlanmalıdır. Təhlil onim-reaksiyaların nəzərdən keçirilən sosiokultur məkanın mədəni, tarixi, coğrafi, məişət və digər cəhətlərini dəqiq və tam əks etdirdiyni göstərəcək. Lüğətdə müxtəlif onimlər verilə bilər: bölgənin ayrı-ayrı ərazilərinin adları, əsas çayların, göllərin, yaşayış məntəqələrinin, tarixi yerlərin və s. adları, habelə həmin bölgədə doğulmuş, bölgə ilə bu və ya digər cəhətdən bağlı olan məşhur adamların adları. Lüğət əlifba və tematik göstəricilərlə müşayiət oluna bilər.
Vəsaitin tədris-praktik hissəsi lüğət hissəsinin öyrədici imkanlarının açılmasına yönəlib. Birinci mərhələdə lüğətdən istifadəni öyrədən tapşırıqlar seriyası təqdim edilə bilər: 1. Şərti işarələr və göstəricilər siyahısı ilə tanış olun, lüğət məqalələrində onlara uyğun elementləri tapın. 2. Müxtəlif informasiya zonalarının nümunələrini lüğət məqalələrində tapın. 3. Lüğətdən ala biləcəyiniz informasiya tiplərini xarakterizə edin və s. Belə tapşırıqların yerinə yetirilməsi şagirdlərin lüğətin imkanlarından sərbəst istifadəsini təmin edir və digər tapşırıqlar qrupuna keçməyə imkan verir. Bunlar isə lüğətdə olan fənn informasiyası ilə necə işləməyi göstərir. Nümunələr: 1. “Mirzə Ələkbər Sabir” lüğət məqaləsini tapın və adın dil xarakteristikalarını müəyyən edin. 2. Həmin məqalədə ad daşıyıcısı haqqında məlumatı oxuyun. Onun haqqında nə öyrəndiniz? 3. Əlifba göstəricisinin köməyi ilə “Satirik şairlər” tematik qrupunu tərtib edin. Onlara həsr olunmuş lüğət məqalələrini oxuyun və bunun əsasında qısa referat hazırlayın.
Lüğət tipli onomastik vəsaitə daxil olan məlumatların metodik interpretasiyası tədris məqsədləri və şəraitindən asılı olaraq rəngarəng ola bilər. Vəsait Azərbaycan dili məşğələlərində və müstəqil işdə linqvistik və fənn soraq kitabı, bölgə üzrə praktik bələdçi (soraq kitabçası) kimi istifadə edilə bilər.
Tədris prosesinin ehtiyacları üçün onomastik terminoloji lüğətlərin, metodik əsaslandırılmış leksik (onomastik) minimumların yaradılması, kulturoloji fənlər çərçivəsində dilin milli-mədəni xüsusiyyətlərinin təsviri – bütün bunlar aktual və vacib məsələlər olaraq qalır.
Dilçilik, tarix və coğrafiya toponimikanı öz elmi və tədris fənni sayır. Bunlardan hər biri öz metod və tədqiqat üsullarına, anlayış-terminoloji aparata, materialın özünəməxsus verilmə formasına malikdir. Toponimiyaya yanaşmalardakı müxtəliflik lüğətlərin tərtibi zamanı xüsusilə aydın şəkildə üzə çıxır: coğrafiyaçılar obyekt haqqındakı fiziki və iqtisadi-coğrafi məlumatları ön plana çəkir; tarixçilər təsvir olunan ərazidə baş verən sosial-siyasi, hərbi, mədəni hadisələri diqqətlə qeydə alır; dilçilər toponimlərin fonetik, leksik-qrammatik, etimoloji xarakteristikalarını öyrənir. Hər bir yanaşmada məqsədəuyğunluq var: toponimik, xüsusən də oykonimik lüğətlərdə linqvistik, coğrafi, tarixi məlumatlar olmalıdır.
Ancaq unutmaq olmaz ki, həmin kitablar elə oxucular üçün yazılır ki, heç də həmişə coğrafiya, tarix, dilçilik mütəxəssisi olmur, buna görə də elmi məlumatlarla yüklənmiş lüğət onlarda maraq doğurmaz, cəmiyyətdə onomastik biliklərin genişlənməsinə kömək etməz. Üç elmin məlumatlarının inteqrasiyası və onların oxucu üçün əlverişli formada verilməsi – müasir toponimik lüğətin tərtibinin ən optimal yoludur. Bu zaman belə nəşrlərdə linqvokulturoloji və linqvodiyarşünaslıq məlumatları önə çəkilir, çünki onomastik təhlilin məhz bu aspektləri oxucu üçün daha maraqlıdır.
Müasir lüğətçilikdə müəyyən regiona məxsus coğrafi adların işlənməsini müəyyənləşdirən semantik, funksional parametrlərin kompleks təsviri vacib sayılır. Bu aspektlərin cəlb edilməsi regional toponimik lüğətlərin yaradılmasının nəzəri əsaslarını işləyərkən zəruridir. Regional toponimikonun vahidləri – müəyyən ərazidəki coğrafi obyektlərin adlandırılması üçün istifadə olunan və özünəməxsus məna potensialına malik, konkret ərazinin xüsusiyyətlərini əks etdirən leksemlərin məcmusudur. Hər lüğət məqaləsinə qrammatik informasiyadan başqa, yaşayış məntəqəsi haqqında ensiklopedik məlumatlar, toponimdəndüzəlmə derivatlar (məs. katoykonimlər) da daxil olur. Belə lüğətlərin tərtibində əsas çətinliklər toponimlərin orfoqrafik və qrammatik variativliyi, xüsusilə onların bitişik və ya defislə yazılışı, çoxkomponentli adlarda II sözün yazılış variantının (böyük və ya kiçik hərflə) seçimidir.
Oykonimik lüğətdə coğrafi, tarixi, linqvistik məlumatlar uyğunlaşdırılmalıdır. Bu zaman obyektin diyarşünaslıq və kulturoloji xarakteristikalarını nəzərə almaq lazımdır. Ərazinin tarixi inkişaf xüsusiyyətləri və konkret yaşayış məntəqəsinin yaranma xüsusiyyətləri, şəhər və ya kənd haqqında fiziki və iqtisadi-coğrafi məlumatların spesifikası lüğət məqaləsinin həcmindəki fərqli cəhətləri müəyyən edə bilər, ancaq linqvistik xarakteristikalar sabitdir: əvvəlcə xüsisi adın qrammatikası haqqında məlumatlar, sonda isə etimoloji arayış verilir. Bu arayış isə versiyaların sayından asılı olaraq müxtəlif həcmli ola bilər.
Lüğət məqaləsində yaşayış məntəqəsinin məskunlaşma dövrü, onun coğrafi mövqeyi, əhalinin sayı göstərilir, kənd və ya şəhərin tarixi barədə bəzi faktlar gətirilir, diyarşünaslıq xarakteristikalarına üstünlük verilir, məntəqənin yaranması və ya adının mənşəyi ilə bağlı rəvayətlər yada salınır.
Oykonimlər katoykonimlərlə – əhali adları ilə sıx bağlı olduğundan, lüğət məqalələrinin sonunda oykonimdən düzəlmiş sifətlərin və əhali adlarının verilməsi məqsədəuyğundur. Katoykonimlər daha çox cəm formada işlənir. Bu vahidlər də linqvokulturoloji və linqvodiyarşünaslıq potensialına malikdir.
Onomastik sözyaradıcılığı lüğətlərinin məqsədi onimlərin əmələgəlmə yollarını göstərmək və hər hansı bir adın real derivasiya imkanlarını aşkar etməkdir. Bu lüğətlərə yalnız o derivatlar daxil olur ki, onlar sinxron aspektdə düzəltmə sözlə motivasiya əlaqəsini saxlayır. Onlar yuva üsulu ilə tərtib edilir. İzahlı lüğətlərdə yuva qaydası yalnız texniki leksikoqrafik üsuldur, materialın verilməsində bir qədər qənaət etməyə imkan yaradır. Sözyaradıcılığı lüğətində yuva üsulu sözün digər sözlərlə derivasiya əlaqələrinin əyani “qrafik” inikasıdır. Bu lüğətlər onimlərin həm əmələ gəlməsi, həm də strukturu haqqında məlumat verir.
Lüğətçilik ənənəsində toponimdəndüzəlmə derivasiya da var ki, bu, əhali adlarının (katoykonimlərin) yaranmasıdır. Coğrafi adlardan əmələ gəlmiş sifətlər lüğətində isə normativ şəkildə yaranmış sifətlər, habelə nitqdə təsadüf olunan qeyri-normativ sifətlər verilə bilər. Burada leksik cütlər müqayisə olunur – toponim törədici əsas kimi və toponimdən düzələn sifət.
İxtisaslaşmış onomastik leksikoqrafiya müasir istifadəçinin tələblərinə cavab verir: onomastik hadisə/vahid haqqında qısa və dəqiq arayış vermək. Hər hansı bir yazıçının/şairin yaradıcılığındakı onomastik leksika ilə daha yaxından tanış olmaq üçün müəllif lüğətləri mövcuddur. Yazıçı dili lüğətinin, eləcə də poetik adlar lüğətinin əsas vəzifəsi xüsusi adları qeydə almaq və təsvir etməkdir. Milli bədii ədəbiyyatda mətnlərarası adların xüsusi bankının yaradılması üçün onimləri bədii mətnlərdən seçmək lazımdır. Belə bir məlumat bazası üzərində iş mətnlərarası adların yeni unikal lüğətlərinin meydana gəlməsi üçün əsas ola bilər. Məsələn, şəxs adlarının konnotativ lüğəti atalar sözləri, zərbi-məsəllər, frazeoloji vahidlərin, habelə bədii mətnlərdəki şəxs adlarının leksikoqrafik təsvir təcrübəsidir. Ümumiyyətlə, belə lüğətlərdə xüsusi adlar həm nitqdə işlənən adi onimlər kimi, həm də əlavə mənaları (konnotasiyaları) inkişaf etmiş vahidlər kimi özünü göstərir.
Müasir izahlı lüğətlərin korpusunda onomastik vahidlərin gender xüsusiyyətləri də qeydə alınır. Qadın və kişinin adlandırılmasında gender assimetriyası haqqında statistik məlumatlar xüsusi praktik əhəmiyyət daşıyır. Bu, antroponimlərin ideoqrafik soraq kitabının yaradılması üçün əsas ola bilər, habelə tədris məqsədləri üçün istifadə oluna bilər.
Bütövlükdə onomastik leksikoqrafiyanın gələcək istiqamətləri belədir:
a) onomastik lüğətlərin mövcud tiplərinin təkmilləşdirilməsi;
b) yeni prinsiplər əsasında yeni tip lüğətlərin yaradılması;
c) leksikoqrafik fəaliyyətin kompüter metodologiyasının yaradılması.
Dostları ilə paylaş: |