Azərbaycan respublikasi əlyazması hüququnda azərbaycan təTBİQİ onomastikasi


TƏTBİQİ ONOMASTİKA: FORMALAŞMASI VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ



Yüklə 2,99 Mb.
səhifə8/31
tarix05.01.2022
ölçüsü2,99 Mb.
#111228
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
TƏTBİQİ ONOMASTİKA: FORMALAŞMASI VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
1.1. Dünya dilçiliyində tətbiqi onomastika məsələləri
Xüsusi ad kateqoriyası ilə əlaqədar ən mübahisəli məsələlərdən biri onun semantik məzmunu məsələsidir. Xüsusi adların mənasının təbiəti, onun funksiyaları və anlayışla əlaqəsi məsələsi dilin fəlsəfəsi ilə bağlıdır, buna görə də qədimdən həmin problemlə filosoflar və məntiqçilər məşğul olur ki, onlar da dilçilərə, semasioloqlara və onomastlara böyük təsir göstərmişdir. Onimlərin leksik mənası nəzəriyyəsinin işlənilməsi XX əsrdə O.Yespersenin, L.V.Şerbanın, Y.Kuriloviçin və b. tədqiqatlarından başlanır. Onomastik semantikanın inkişaf tarixinin öyrənilməsinə XIX-XX əsr ingilis filoloqları: A.Qardiner, C.Mill, H.Cozef, B.Rassel, Q.Suit və bir çoxlarının əsərləri böyük töhfə vermişdir. Həmin dövr dilçilərinin fikirlərini cəmləsək, xüsusi adın mənasına aid üç əsas baxışı fərqləndirmək olar. Birinci baxış ingilis filosofu-məntiqçisi C.St.Millə aiddir. O, xüsusi adları mənası olmayan sözlər hesab edirdi. Onun ardınca V.Bröndal, A.Qardiner, L.Stebbinq, B.Rassel və s. kimi alimlər xüsusi adları “boş sözlər”, “asemantik söz”, işarə-damğa, etiket və s. adlandırmışdır. İkinci baxışın tərəfdarları M.Breal, N.Şperber, Q.Suit, Q.Sörensen və başqalarıdır. Onlara görə, xüsusi ad yalnız kontekstdə, nitq axınında məna qazanır. Üçüncü baxışa görə (Y.Kuriloviç), xüsusi adlar həm dildə, həm nitqdə mənaya malikdir, lakin ümumi isimlərlə müqayisədə başqa tipli mənaya.

Ümumiyyətlə, “sözün mənasının müəyyənləşdirilməsi bir sıra elmi anlayışlarla bağlıdır: leksik məna ilə məfhumun münasibəti, dil sferasının gerçəklik və təfəkkürlə əlaqəsi, dil və şüur, idrak prosesi və onun pillələri, dilin digər semiotik sistemlərdən fərqi və s. Bu anlayışlar uzun illər fəlsəfənin və psixologiyanın predmeti daxilində öyrənilib, nisbətən sonralar bu elmlərin qənaətləri məna probleminin dilçilik mövqeyindən izahında da istifadə olunmağa başlanmışdır” [230, s.146].

Xüsusi adların mənasının tədqiqi ilə XVII əsrdən başlayaraq – intellektual və bədii çiçəklənmə dövründə məşğul olmuşlar. A.Qardiner, M.Breal, Q.Suit, Q.Sörensen, T.Hobbs, Q.Leybnits, C.Mill, K.Allendorf, H.Cozef, B.Rassel, A.Nuren, E.Boyssens, P.Kristofersen, M.Kronqauz, P.Trost və b. onimlərin semantikası ilə bağlı uzun müddət tədqiqat aparmışlar.

Rus dilçiliyində də xüsusi adların semantikası məsələsində vahid fikir yoxdur. Y.M.Qalkina-Fedoruk, A.A.Ufimtseva, D.İ.Rudenko və b. xüsusi adlarda hər hansı bir mənanın yoxluğuna əmindirlər. Bu fikrin əleyhinə olanlar L.V.Şerba, L.M.Şetinin, V.A.Nikonov, N.D.Qolev, N.V.Alefirenko, L.B.Seleznöva, V.İ.Suprun, D.İ.Yermoloviç və başqalarıdır.

Xüsusi adın ümumi nəzəriyyəsinin inkişafında A.V.Superanskayanın böyük xidmətləri vardır. O qeyd edir ki, xüsusi ad daxil olmaqla hər bir işarə xarici (ifadə planı) və daxili (məzmun planı) cəhətə malikdir [555].

V.İ.Supruna görə, “onimlər tam leksik vahidlərdir və semantikaya malikdir” [560].

Xüsusi adlarda semantikanın varlığını sübut edən aşağıdakı səciyyəvi əlamətlər var:

1) əsas nitq hissəsidir, köməkçi sözlər deyil (cümlə üzvləri olduğu üçün);

2) ümumi isimlərlə eyni funksiyalara malikdir (predmeti adlandırır), lakin xüsusi sinfə aid edilir, buna görə də mənalı olur;

3) onların hər biri xüsusi dəyərə malikdir;

4) müəyyən informasiya daşıyır ki, bu da 3 yerə bölünür: nitq, ensiklopedik və dil. Birincisi adın obyektlə əlaqəsini həyata keçirir və danışanın obyektə münasibətini aşkara çıxarır; ikincisi ad haqqında kompleks biliklərdir; üçüncüsü yalnız dil təhlili ilə əldə olunur, buna adın etimologiyası, dil mənsubluğu və adın meydana gəlməsinə təsir göstərən digər dilxarici amillər aiddir;

5) onların hər biri bu və ya digər predmeti təkcə işarə etmir, həm də öz mənasına estetik, affektiv, əxlaqi və sosial-qiymətləndirmə kimi ekstralinqvistik komponentləri daxil edir;

6) hər adın əsas leksik funksiyası olan nominasiya ilə yanaşı, A.V.Superanskaya xüsusi adların nitqdə aşağıdakı funksiyalarını göstərir: kommunikativ (məlumat, reprezentasiya), apelyativ (çağırış, təsir göstərmə), ekspressiv (ifadəli), deyktik (işarə) [555].

XX əsrin 60-cı illəri onomastikanın yaranma dövrü hesab edilə bilər. Bu dövrdən etibarən xüsusi adlar haqqında elm dilçiliyin daha çox öyrənilən sahələrindən birinə çevrilir. Onomastikanın metodoloji aparatı işlənib hazırlanır, obyekti və predmeti müəyyən edilir. Onomastika ənənəvi olaraq digər dilşünaslıq fənləri ilə yanaşı fəaliyyət göstərir: onomasiologiya, sosiolinqvistika, mətnin linqvistikası, üslubiyyat, kommunikativ linqvistika və b.

Onomastik tədqiqatların müasir problematikası sanballı fəlsəfi və ümumdilçilik ənənələrinə istinad edir (C.Mill, B.Rassel, O.Yespersen, Y.Kuriloviç, P.A.Florenski, A.F.Losev, A.A.Reformatski və b.). İndiyə qədər onomastikanın ümumi məsələləri tədqiq olunmuş (V.D.Bondaletov, M.V.Qorbanevski, V.P.Neroznak, V.A.Nikonov, N.V.Podolskaya, A.V.Superanskaya, N.İ.Tolstoy, O.N.Trubaçov və b.), onimlərin əsas növləri təsvir edilmiş (Y.L.Berezoviç, S.İ.Zinin, M.V.Karpenko, Y.A.Karpenko, İ.V.Krükova, A.K.Matveyev, M.E.Rut və b.), funksional aspekt, onimləşmə, transonimləşmə, apelyativləşmə prosesləri nəzərdən keçirilmiş (L.A.Vvedenskaya, N.P.Kolesnikov, T.N.Kondratyev, D.S.Mgeladze, E.M.Murzayev, L.L.Trube və b.); onomastikada tarixi proseslər səciyyələndirilmiş (A.S.Krivoşşekova-Qantman, P.T.Porotnikov, A.M.Selişşev, O.N.Trubaçov, V.K.Çiçaqov, L.M.Şetinin və b.), onimlərin ayrı-ayrı növlərinin leksikoqrafik təsviri verilmiş (İ.F.Masanov, N.A.Petrovski, Y.M.Pospelov, B.Unbeqaun, Y.A.Fedosyuk və b.); mətndə xüsusi adların rolu aşkar edilmişdir (V.Q.Dmitriyev, S.İ.Zinin, E.B.Maqazanik, D.S.Mgeladze, V.N.Mixaylov, O.İ.Fonyakova və b.).

Onomastikada aşağıdakı məsələlər üzrə tədqiqatlar aparılmışdır:

Xüsusi ad nəzəriyyəsi (V.D.Bondaletov, O.Y.Voroniçev, A.K.Matveyev, D.E.Rozental, A.V.Superanskaya, S.N.Smolnikov) – antroponimik leksikanın və konkret-referent xüsusi adların xüsusiyyətləri

Nominasiya nəzəriyyəsi (V.N.Belousov, V.V.Vinoqradov, L.A.Vvedenskaya, M.V.Qolomidova, V.Q.Dmitriyev, Y.A.Zemskaya, V.P.İzotov, Y.S.Kubryakova, V.V.Lopatin, O.A.Radçenko, N.M.Şanski) – adyaratmada həmsərhəd dil hadisələrinin qarşılıqlı əlaqəsi, advermənin resursları və vasitələri;

Dil işarəsi nəzəriyyəsi (N.F.Alefirenko, N.Q.Komlev, V.A.Pişşalnikova, İ.V.Privalova, Y.V.Raxilina, V.M.Solnsev, V.N.Teliya) – dil işarəsi kimi xüsusi adın strukturu və mənası; kommunikasiya nəzəriyyəsi (K.Ajej, S.Q.Vorkaçev, V.İ.Karasik, Y.N.Karaulov, N.Q.Kobozeva, V.V.Krasnıx, Z.D.Popova, İ.A.Sternin, B.Agger, L.Altman) – “dil daşıyıcısı”, “kommunikativ şəxsiyyət”, “virtual dil daşıyıcısı” anlayışlarının müəyyənləşdirilməsi, kommunikasiya subyektlərinin qarşılıqlı təsir mexanizmləri; psixologiya və psixolinqvistika sahəsi (V.P.Belyanin, A.Y.Voyskunski, İ.N.Qorelov, A.V.Jiçkina, A.A.Zalevskaya, A.N.Leontyev, A.A.Leontyev, İ.O.Mazirka, K.F.Sedov, R.M.Frumkina, Çarlz E.Osgud, Tomas A.Sebeok) – kommunikativ təsir problemləri, o cümlədən şəxsiyyətin qavranılmasında adın rolu.

Beynəlxalq əlaqələrin artması, internet-resurslardan fəal istifadə milli onimik sistemlərin spesifikası, onların antroponimikonu və toponimikonunun xüsusiyyətləri, müxtəlif cəmiyyətlərdə ada münasibət və s. barədə təsəvvürlərin formalaşmasına kömək edir. Bütün bunlar dərs vəsaitləri olmadan, tədris müəssisələrində xüsusi adlar öyrənilmədən, onomastik materialdan istifadə etmədən mümkün deyil.

Onomastik problematika nə qədər dərindən araşdırılırsa, o qədər də hərtərəfli yanaşmaya ehtiyac duyur: onomastikanın ayrı-ayrı problemlərinin, eləcə də müxtəlif sahələrinin üzə çıxarılması və hərtərəfli öyrənilməsi hazırda zərurətə çevrilmişdir. Bu elm sahəsi ənənəvi olaraq, xüsusi ada malik obyektlərin kateqoriyasına uyğun bölmələrə ayrılır: antroponimika insan adlarını, toponimika coğrafi obyekt adlarını, zoonimika heyvan adlarını öyrənir və s.

Onomastika üzrə elmi əsərlərdə terminlərin işlənməsində ciddi qəbul olunmuş və müəyyən edilmiş sistemin olmaması əksər tədqiqatlar üçün xarakterikdir. Bir çox əsərlər var ki, ingilis, fransız, alman, polyak, rus və s. dillərin onomastikasında bu və ya digər terminin qanunauyğunluğu müzakirə olunur. A.V.Superanskaya düzgün qeyd etmişdir ki, elmi biliklərin qloballaşması zamanı dil maneələri və istifadə olunan terminlərin uzlaşdırılmaması çox böyük əngəldir [557, s.59].

Onomastikada terminoloji diskussiyalar, adətən, “iki əsas terminə – xüsusi adların və onları öyrənən elmin ümumi adına” həsr olunur [474, s.6]. Terminologiyada mövcud vəziyyəti A.K.Matveyev «Ономастика и ономатология» məqaləsində təsvir etmişdir. Müəllif onomastika termininin definisiyasını dəqiqləşdirməyə çağırır, çünki onun apardığı təhlil göstərir ki, onomastika termini həm “xüsusi adları öyrənən dilçilik şöbəsi (leksikologiya şöbəsi)” mənasında, həm də “xüsusi adların cəmi” mənasında işlənir. Bundan başqa, alim onomastika termininin antroponimiya “antroponimlərin cəmi” və antroponimika “antroponimlər haqqında elm” mənasında işlənməsinə də diqqəti cəlb edir [474, s.7]. Tədqiqatçı hesab edir ki, “onomastika” termininə nisbətən “onomatologiya” termini xüsusi adlar haqqında elmi bildirmək üçün daha uyğundur.

M.Harvalikə görə, “... ayrı-ayrı onomastik terminologiyaların müqayisəsi zamanı rastlaşdığımız əsas çətinliklər eyni bir hadisənin və ya adlar tipinin işarəsi üçün bir neçə müxtəlif terminin istifadə olunması ilə, müxtəlif onomastik məktəblərdə eyni terminin müxtəlif cür başa düşülməsi ilə, həmçinin beynəlxalq və milli terminlərin rəqabəti ilə bağlıdır” [395, s.6].

A.V.Superanskaya güman edir ki, xüsusi ad termininin “terminoloji qeyri-müəyyənliyi, anlaşılmazlığı Qərbi Avropada nomen proprium latın termininin qeyri-dəqiq tərcüməsi ilə əlaqədardır (ing. proper name, fr. nom propre)”. Aristoteldə bu, “əsas, həqiqi, məcazi olmayan mənada işlənən”, Plutarxda xüsusi ad bizim başa düşdüyümüz kimi “yalnız bir predmetə aid olan” deməkdir. Latın sözü propriumun aşağıdakı mənaları var: 1) xas olan; 2) xüsusi; 3) ayrılmaz, etibarlı. Xüsusi adın mahiyyətinin müəyyən edilməsi üçün ikinci məna vacibdir, Avropa dillərinə birinci məna tərcümə olunub. Bu, xüsusi adın dildə xüsusi mövqeyi, xüsusi fərdi obyektlə əlaqəsi, “ad – əşya” assosiasiyasının vahidliyi kimi mühüm xüsusiyyətlərin aşkar edilməsinə kömək etməyib” [555, s.45-46].

Beləliklə, “yunan terminologiyasının və sadalanan terminlərlə təsbit olunan anlayışların qeyri-sabitliyi sonrakı Avropa qrammatikalarına keçərək, göstərilən terminlərlə işarə olunmuş hadisələrin mahiyyətini qarışdırıb” [555, s.46].

Xüsusi adlar individual məna, bir konkret anlayış bildirir. Konkret predmetlə əlaqədar olan onimlər ayrıca bir obyekt anlayışı ilə assosiasiya olunur. Onlar predmet və hadisələri təsnif edir. “Xüsusi adlar yalnız obyektin identifikasiyasına xidmət edən, yaxud yalnız referent şəkildə istifadəyə imkan verən dil nominasiyalarının çox geniş fondunu təşkil edir” [593, s.193].

«Ономастика Поволжья» beynəlxalq elmi konfransının 40 ildən artıq tarixi vardır. İlk dəfə bu konfrans 1967-ci ildə Ulyanovskda keçirilmişdir. Daha sonra Qorki (1969), Ufa (1971), Penza (1973), Saransk (1974) şəhərləri konfransa ev sahibliyi etmişdir. İlk konfransların təşəbbüsçüsü və təşkilatçısı görkəmli rus dilçisi V.A.Nikonov olmuşdur. 15 illik fasilədən sonra V.İ.Suprunun təşkilatçılığı ilə Volqoqradda VI (1989), VII (1995), VIII (1998), IX (2002) konfranslar keçirilmişdir. Bundan sonra Ufa (2006), Yoşkar-Ola (2008), Kazan (2010), Yaroslavl (2012), Tver (2014) şəhərləri estafeti davam etdirmişdir. Konfransın hər dəfə yeni bir Volqaboyu şəhərində keçirilməsi onun ənənəsidir. Bu konfrans onomastikanın inkişafına təkan verən mühüm hadisədir.

«Ономастика Поволжья» beynəlxalq elmi konfransının materiallarından ibarət məcmuələrdə onomastikanın ümumi nəzəri və metodoloji məsələləri, Volqaboyunda və digər makro- və mikroərazilərdə xüsusi adların mənşəyi və işlənməsi, bədii mətndə adların yerinin aşkar edilməsi və s. problemlər nəzərdən keçirilir.

Keçirilən konfranslar onomastik problematikanın özünəməxsus inkişaf mərhələsi keçdiyini, tədqiqatçıların da öz elmi maraq sahəsini getdikcə genişləndirdiyini göstərdi. Bu konfranslarda, şübhəsiz ki, tətbiqi onomastika məsələləri də tədqiqat obyekti olmuşdur. Məruzələrdə onomastik kontinuumun əsas və periferik vahidlərinin işlənmə xüsusiyyətləri müzakirə edilmişdir. Antroponimlərlə bağlı məruzələr onların fonetik və struktur-sözyaratma xarakteristikası (X.X.Səlimov, L.F.Osipova, F.S.Səlimzyanova, V.N.Xoninova, İ.M.Qanjina), leksikoqrafik mənbələri (Q.S.Həziyeva), linqvokulturoloji obyektlər olması (Q.R.Qaliullina), deminutiv formaları (N.V.Minkova) endoqam və ekzoqam ailələrdə uşaqlara ad verilməsi (A.F.Aznabayeva, A.N.Antışeva, Q.S.Həziyeva, V.R.Timirxanov, T.A.Boykova), soyadların işlənməsi və yaranmasının müasir ənənələri (M.A.Diarova), adla tale arasında əlaqə (Q.S.Həziyeva, S.A.Qaraqulya) və s. kimi mövzuları əhatə etmişdir.



Q.R.Qaliullinanın, V.A.Lipinskayanın, O.P.Vorontsovanın, Y.A.Burmistrovanın, O.V.Vrublövskayanın, B.M.Qaliyevin, A.A.Kudryavtsevanın, K.S.Yuziyevanın, P.Çesnokovanın, O.S.Smirnovanın, Y.A.Yakovlevanın, K.V.Smışlyayevanın məruzələrində fitonimlərin, zoonimlərin, etnonimlərin, artionimlərin, təntənəli tədbirlərin, hərbi texnika adlarının, geortonimlərin (bayram adlarının), qəzet və jurnal adlarının strukturu və işlənmə xüsusiyyətləri, nominativ modelləri işıqlandırılmışdır. Onomastikanın yeni obyektləri və onimlərin işlənməsinin yeni sferaları da (musiqi albomlarının adları – O.V.Vrublevskaya, vakkonimlər – Y.N.Varnikova, proqnostik onomastika – İ.S.Karabulatova) araşdırılmışdır.

Reklam mətnində xüsusi ad, onun praqmalinqvistik funksiyaları İ.V.Krükova, O.V.Kirpiçövanın, T.P.Romanovanın, İ.V.Şumkinanın, A.A.Tuboltsevanın, A.A.Qafurovanın, M.M.Uvaisovanın tədqiqat obyekti olmuşdur. Praqmatonimlərin tədqiqatçıları (İ.İ.Fayzullina, N.S.Solovyova, Q.B.Madiyeva, D.A.Karaqoyşiyeva və A.K.Tausoqarova) belə qənaətə gəlmişdir ki, müəyyən dövrün praqmatonimiyası istehlakçının təsəvvüründə milli-mədəni dəyərlər oriyentasiyası ilə dünya mənzərəsini canlandırır. Onomastikanın orta və ali məktəbdə tədrisi, məktəb dərslikləri və proqramlarında onomastika, öyrənilməsi və təbliği məsələləri K.Z.Zakiryanovun, S.N.Rubinanın, T.İ.Matveyevanın, İ.İ.İsanquzinanın, L.S.İsarqakovanın, L.S.Qolovinanın, M.M.Şakurovanın, Q.İ.Kuldeyevanın, V.S.Kartavenkonun, S.A.Popovun, A.R.Sadokovanın məruzələrində qoyulmuşdur.

Şəhər onomastikası, urbanonimik nominasiya tendensiyaları R.V.Razumov, T.P.Sokolova, R.X.Tiriqulova və E.R.Hasanşina, M.Y.Vıxodtseva, Y.A.Yakovleva, A.M.Yemelyanova, T.P.Sokolova, M.L.Dorofeyenko, O.V.Vrublevskaya və b. tərəfindən tədqiq edilmişdir.

V.L.Vasilyevanın, A.A.Leontyevanın, İ.M.Qanjinanın, T.A.Sirotkinanın, P.P.Vinoqradovanın, V.O.Maksimovun, L.P.Vasikovanın, A.A.Kudryavtsevanın, M.Q.Usmanovanın məruzələri onimik sözyaratmanın, İ.V.Krükovanın, İ.A.Dambuyevin, R.V.Razumovun çıxışları onomastik terminologiyanın, M.V.Qorbanevskinin, T.A.Boykovanın, Q.S.Həziyeva-Dəmirbaşın, O.V.Vrublevskayanın məruzələri sosioloji onomastikanın müxtəlif aspektləri haqqındadır. Periferik onimlər haqqında T.P.Romanova, Y.İ.Syanova, Y.A.Burmistrova, A.M.Yemelyanova, İ.İ.İsanquzina, N.A.Kiçikova, N.Q.Mordvinova, onomastik nominasiya ilə bağlı V.V.Bardakova, K.S.Moçalkina, İ.S.Karabulatova, A.M.Mezenko, L.A.Klimkova məruzə etmişlər. L.H.Quliyevanın, O.S.Smirnovanın, Y.P.Panovanın, O.V.Sexmistrenkonun, A.Leontyevanın məruzələrində onimlərin tərcüməsi və başqa dillərdə verilməsi müzakirə olunmuşdur.

Onomastikanın praktik məsələlərinə: müxtəlif adların üst-üstə düşməsi ilə bağlı mübahisələrin həlli üçün adların linqvistik ekspertizası, adlarda gizli və ya aşkar təbliğatın məzmunu haqda, elektron onomastik tezaurusun yaradılması və s. həsr olunmuş araşdırmalar da mövcuddur (M.V.Qorbanevski, A.A.Burıkina). Onomastik lüğətlərin və lüğət tipli vəsaitlərin yaradılması prinsipləri, lüğətlərin tərtibi zamanı onomastik leksikanın təsvirinə yanaşmalar, elmi-kütləvi tarixi lüğətin layihəsi, linqvodiyarşünaslıq onimlər lüğəti, ideoqrafik toponimik lüğəti və digər mövzular müzakirə edilmişdir (V.İ.Suprun, N.V.Bubnova, İ.M.Qanjina, N.A.Maksimçuk, A.A.Burıkina, N.A.Kiçikova, K.A.Geyn, T.A.Milütina, A.Q.Şayxulov).

2000-ci illərdə tam və ya qismən onomastika məsələlərinə həsr olunmuş bir sıra konfranslar da keçirilmişdir: «Антропонимия лемковщины в историческом аспекте» beynəlxalq onomastik konfransı (Ujqorod, Ukrayna), «Стратегии исследования языковых единиц» beynəlxalq elmi-praktik konfransı (Tver), «Языки и литературы восточных славян в аспекте исторического развития» slavistlərin XIV beynəlxalq simpoziumu (Zelena-Qura, Polşa), «Этнолингвистика. Ономастика. Этимология» beynəlxalq konfransı (Yekaterinburq) və s.

Beynəlxalq elmi konfranslarda (19-21 may 2016, Maykop, Adıgey; 21-23 oktyabr 2016, Donetsk) müzakirə edilən bir sıra onomastik problemlər sırasında reklam adları, yeni onomastik obyektlər, onim yaradıcılığı, presedent ad, onimoqrafiya, onomastik lüğətlərin tipləri, poetonimoqrafiyanın (bədii əsərlərdəki xüsusi adların leksikoqrafiyası) aktual problemləri, onimik leksikanın tədqiqinin aktual məsələləri, onomastik diyarşünaslıq, regional onomastika və s. kimi tətbiqi məsələlərə geniş yer verilmişdir.

«Проблемы общей и региональной ономастики» adlı konfrans da müzakirə olunan məsələlərin geniş spektri ilə fərqlənir: memorial adlar (M.V.Qorbanevski), reklam adları (İ.V.Krükova), onimik sözyaratma (R.Y.Namitokova, İ.A.Neflyaşeva, M.Y.Belyayeva), antroponimikada sosial faktorlar (F.Ş.Paşayeva), adların işlənmə tezliyi, periferik onomastik obyektlər (O.S.Andreyeva, L.A.Avakova, Van Myao, O.S.Fomenko, O.Y.Lazoreva, L.V.Kopot, Y.A.Belousova, R.V.Razumov, A.N.Sokalskaya, Y.N.Podımova, Z.K.Bedanokova), xüsusi adların rəsmi-işgüzar mətnlərdə verilməsi (N.İ.Qritsenko) və s. [Bax: 505, s.106-109]. Müntəzəm keçirilən bu konfranslarda Qafqaz toponimlərinin öyrənilməsi, dəqiq və unifikasiya edilmiş yazılışı, elmi izahı məsələləri hər zaman müzakirə edilir.

«Имя. Социум. Культура» adlı beynəlxalq onomastik konfransda ad – sosium – mədəniyyət” triadası aspektində onomastika problemlərinin geniş dairəsi təqdim olunmuşdur. Burada milli ad siyahılarının mənbələri, advermə ənənələrinin mühafizəsi, toponimlərin etnokultur xarakteristikası, regional dil situasiyasının linqvokultur məkanı, onomastik leksikoqrafiya, inzibati-ərazi terminologiyası, regional adların düzgün yazılışı, bədii əsərlərdə adların tərcüməsi, antroponimlərin və toponimlərin sosiokultur dəyəri, şəhərdaxili obyektlərin adlandırılması, reklam dilində xüsusi adlar və b. məsələlər müzakirə edilmişdir [Bax: 585, s.109-111].

Volqoqradda rus dilinin dövlət dili kimi mövqeyinə həsr olunmuş regionlararası konfransda (2013) tətbiqi onomastika məsələlərinə dair məruzələr maraqlı mövzuları ilə diqqəti cəlb edir: qəzet başlıqlarında işlənən frazemlər (O.Y.Kosmaçova), mikrotoponimlərdən tədris materialı kimi istifadə (Y.V.Ustinenkova), adların insanın sosial mövqeyi ilə əlaqəsi (V.V.Katermina), dini və dünyəvi bayram adları (Y.V.Kamenskaya), şifahi nitqdə toponimlərin işlənmə xüsusiyyətləri (D.Y.İlyin), yazıçı onomastikonu (K.R.Volkova, İ.V.Mantserova), bədii əsər başlıqları (S.A.Kovalyov), abreviatur başlıqlar (S.A.Zıryanova), konfessional mədəniyyətdə şəxs adlarının mövqeyi (M.Y.Belyayeva), qraffiti fenomeni (M.B.Matantseva) və s. [462].

2017-ci ilin aprelində keçirilən «Ономастика в Смоленске и Витебске: проблемы и перспективы исследования» adlı beynəlxalq konfrans müxtəlif mövzularda məruzələrlə bərabər, tətbiqi onomastika məsələlərinə dair çıxışlarla da zəngin olmuşdur. Bunlardan A.M.Mezenkonun apteklərin nominasiya xüsusiyyətləri, Y.Y.Muratovanın bədii əsərdə xüsusi adın işlənməsi, D.V.Buteyevin müəssisələrin qeyri-rəsmi adları, A.N.Solovyovun urbanonim termini ilə bağlı məruzələrini xüsusilə qeyd etmək lazımdır [617].



Toponimika üzrə ənənəvi olaraq keçirilən tələbə elmi konfransları regional onomastikanın aktual problemlərinin, diyarşünaslıq tədqiqatlarının əsas tendensiyalarının müzakirəsi ilə diqqəti cəlb etmişdir.

«Актуальные проблемы прикладной лингвистики» seminarının materialları dilçiliyin müxtəlif sahələrinə aid tədqiqatlarla yanaşı, onomastikanın tətbiqi məsələləri haqqında məqalələri özündə cəmləşdirir. Burada A.V.Superanskayanın onimlərin müxtəlif sənədlərdə yazılış formalarından, N.V.Vasilyevanın ünsiyyətdə antroponimlərin funksiyasından, X.F.İsxakovanın türk dillərində antropoəsasların xüsusiyyətlərindən, S.A.Nikitinin müasir Rusiya toponimiyasının tədqiqat metodlarından bəhs edən məqalələri vardır [361].

Tətbiqi toponimika məsələləri 1960-80-ci illərdə SSRİ Coğrafiya cəmiyyətinin Moskva filialının elmi əsərlər məcmuələrində: «Топонимика» (I-V buraxılış), «Вопросы топонимики СССР», «Исследования по топонимике», «Региональные географические словари», «Теория и практика топонимических исследований», «Топонимика зарубежных стран» işıqlandırılmışdır.

Onomastik vahidlərin orfoqrafiya və orfoepiyası, əcnəbi xüsusi adların transkripsiyasının unifikasiyası, kartoqrafik toponimika hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuşdur. XX əsrin 60-cı illərindən etibarən bu məsələlərdən müxtəlif məcmuələrdə bəhs edilmişdir. Məcmuələrdə vurğulanan əsas fikir bundan ibarət olmuşdur ki, coğrafi adlar əksər xəritələrin vacib elementlərindən biridir, buna görə də dəqiq və düzgün olmalıdır. Bu baxımdan da coğrafi adların normalaşdırılmasına, yəni adların vahid və sabit formalarının müəyyən edilməsinə böyük ehtiyac vardır. Bununla yanaşı, ayrı-ayrı dillərdəki müxtəlif növ xüsusi adların düzgün yazılışı və transkripsiyası da nəzərdən keçirilmişdir («Правила русской орфографии и пунктуации», «Лингвистическая терминология и прикладная топономастика», «Топонимика и транскрипция» «Орфография собственных имен», «Географические названия Прикамья», «Ономастика и норма», «Ономастика и грамматика», «Восточнославянская ономастика», «Теория и практика топонимических исследований», «Нормализация географических названий и ее топонимические основы», «Прикладная топонимика»). Adların tərcümə məsələləri, başqa dillərdən alınma üsulları, praktik transkripsiya və transliterasiyanın necə tətbiq olunması ayrıca monoqrafiyalarda da təhlilə cəlb edilmişdir [551; 553; 558; 559; 399].

Toponimik kartoqrafiya üzrə tədqiqatlarda coğrafi xəritələrin yaradılmasında toponimikanın rolundan, əcnəbi adların verilməsi qaydalarından, toponimik tədqiqatlarda xəritələrdən istifadə edilməsindən, kartoqrafik metoddan, toponimik xəritələrin və atlasların yaradılması və s. ətraflı bəhs olunur [516; 517; 518].

«Прикладная топонимикa» məcmuəsi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsindən, coğrafi adlar lüğətlərinin tərtibindən, coğrafi adların başqa dillərdə verilməsi üsullarından, toponimlərin sözyaradıcılığı məsələlərindən bəhs edən məqalələrdən ibarətdir (1981). Məcmuədə bu sahədəki tədqiqatların o dövr üçün müasir vəziyyəti əks olunub. Məqalələrin böyük hissəsi coğrafi adlar lüğətlərinin tərtib metodikasına və ya lüğətlərin xülasəsinə həsr edilmişdir (Məs.: Q.İ.Donidze, Q.P.Smolitskaya, E.M.Murzayev, O.A.Leonoviç, L.L.Trube, Y.M.Pospelov və A.M.Komkovun məqalələri). Məcmuənin belə yönümü SSRİ ərazisi və xarici ölkələr üzrə coğrafi adlar lüğətlərinin yaradılmasının aktuallığını əks etdirir [520].

Y.M.Adamoviçin, Q.F.Bondarukun, S.İ.Zininin, A.N.Miroslavskayanın, K.Rımutun, N.V.Podolskayanın və b. müxtəlif tipli onomastik lüğətlərin tərtibinə və definisiyaların verilməsi qaydalarına həsr olunmuş məqalələri də diqqəti cəlb edir [506; 523].

Bəzi məcmuələrdə toponimlərin və toponimik törəmələrin formalaşması məsələləri, söz yaradıcılığı prosesində ümumi və xüsusi adların qarşılıqlı münasibəti, toponimlərin sözdüzəltmə imkanları və modelləri, bədii ədəbiyyatdakı okkazional xüsusi adların yaranma yolları, sözdüzəltmə paradiqmaları nəzərdən keçirilir [499; 487; 438].

Onomastik nominasiya üsulları, advermə və addəyişmə, toponimik metaforalar barədə olan əsərlərdə başlıca məqsəd bu məsələləri təhlil etməklə yanaşı, əsas prinsipləri üzə çıxarmaqdır [536, s.68-79; 473, s.5-20; 407, s.21-25; 569, s.107-111].

«Этнография имен» adlı məcmuədəki məqalələrdə etnoqrafiyanın advermə ənənələrinin, etnonimlərin öyrənilməsində böyük rolu haqqında bəhs olunur [589].

«Этнолингвистика. Ономастика. Этимология» adlı məcmuədə tətbiqi onomastikaya dair bir çox maraqlı və müasir mövzulu araşdırmalar əhatə olunmuşdur: nominasiya, avtonominasiya (O.V.Belova, O.A.Paşina, M.V.Qolomidova, S.O.Qoryayev, Y.D.Pestereva), qeyri-rəsmi toponimiya (M.V.Əhmədova, Y.V.Kuleşov, V.İ.Belikov), onomastik leksikoqrafiya (M.E.Rut, N.M.İvaşova, A.A.Makarova), toponimik atlasın tərtibi (İ.İ.Mullonen), reklam onimləri (T.P.Romanova), onimyaratma (O.V.Atroşenko, M.V.Boqaçova), periferik onimlər (D.V.Pyankova, O.S.Smirnova, R.Q.Jamsaranova, T.Q.Fedotovskix) və s. [590].

«Современная топонимика» məcmuəsi də tətbiqi onomastikanın bir sıra vacib mövzularını öz səhifələrində əks etdirmişdir. Məsələn, toponimik nominasiya (V.V.Alpatov, M.N.Morozova), toponim yaradıcılığı (A.V.Superanskaya), toponimlərin yazılışı (A.V.Barandeyev, A.A.Gertsen), tətbiqi onomastika (M.V.Qorbanevski, V.O.Maksimov), pedaqoji onomastika (A.V.Akopcanova) və s. [548].

Rusiya ərazisində fəaliyyət göstərən komissiyalar, onomastik məktəblər tətbiqi onomastika sahəsində gördükləri işlərlə seçilir. Rus Coğrafiya Cəmiyyətinin Moskvadakı mərkəzində Toponimika komissiyasının gördüyü işlər arasında tətbiqi məsələlər də var: əcnəbi toponimlərin ötürülməsi, toponimikanın ali təhsil müəssisələrinin proqramlarına daxil edilməsi. Sankt-Peterburqun mədəniyyət komitəsi yanında Toponimika komissiyası şəhərdəki obyektlərin advermə və addəyişmə məsələləri ilə məşğul olur. Sankt-Peterburq Dövlət Universitetinin filologiya fakültəsində bir sıra məsələlərlə yanaşı, yazıçı dili lüğətinin əsas tərkib hissəsi kimi onomastik leksikoqrafiya araşdırılır.

Ural onomastik məktəbinin çoxillik tədqiqatları genişmiqyaslı xarakter daşıyır. Bu məktəb nümayəndələrinin əsərləri onomastikanın və bütövlükdə dilçiliyin inkişafı üçün çox əhəmiyyətlidir. Toponimiyada kalkaetmə, ümumi və xüsusi isimlərin əlaqəsi, nominasiya prinsipləri, onomasioloji modellər, təbii və süni nominasiya, presedent toponimlər, ad seçimi kimi məsələlər bu məktəbin nümayəndələri tərəfindən araşdırılır. Y.L.Berezoviç, M.V.Qolomidova, A.A.Fomin, İ.V.Rodionova, Y.B.Vorontsova, D.P.Qulik və b. həmin məktəbin nümayəndələridir. Ural onomastik məktəbində bədii ədəbiyyatın onomastikasına da böyük diqqət yetirilir. A.A.Fomin bu sahədə çox məhsuldar çalışır.

Volqoqrad onomastika məktəbində praqmaonomastika, reklam adı, praqmalinqvistik aspektdə kontrastiv onomastika tədqiq edilir. Maykop onomastika məktəbinin əsas istiqaməti – regional və ümumi toponimik və onomastik lüğətlərin nəşri, onomastik materialların tədrisə tətbiq edilməsidir. Presedent adlar üzrə də araşdırma aparılır. Kazan onomastika məktəbinin əsas istiqamətlərindən biri onomastik leksikoqrafiyadır. Samara Dövlət Universitetində kommersiya və reklam adları, rus erqonimiyası, Tver Dövlət Universitetində müasir soyadlar, K.D.Uşinski adına Yaroslavl Dövlət Pedaqoji Universitetində rus onomastikonunda aktiv proseslər, rəsmi və qeyri-rəsmi şəhər toponimiyası, erqonimiya, kütləvi ədəbiyyatın onomastikonu öyrənilir. Ümumiyyətlə, Rusiyanın Voloqda, Smolensk, Tambov, Krasnoyarsk, Tomsk və bir çox başqa şəhərlərinin universitetlərində də müxtəlif onomastik tədqiqatlar aparılır.

2004-cü ildən Yekaterinburqda nəşr olunan «Вопросы ономастики» jurnalı təqdim edilən məqalə və materialların tematik rəngarəngliyi, eləcə də müxtəlif rubrikalarla fərqlənir. Jurnalın problematikasına tətbiqi onomastika məsələləri də daxildir: xüsusi adın ümumi nəzəriyyəsi, xüsusi adların tədqiqat metodları, onların mənşəyi, cəmiyyətdə inkişafı və işlənməsi, onomastik lüğət və atlasların tərtibinin metodikası məsələləri, advermə və addəyişmə məsələləri, tətbiqi onomastika və b. Müxtəlif illərə aid buraxılışlarda bu mövzular araşdırılıb: onomastik terminologiya (S.N.Smolnikova, A.K.Matveyev), onomastik hadisələr (Y.L.Berezoviç), onomastik lüğətçilik (V.M.Mokiyenko, M.Şipkova, L.Çijmarova, O.V.Atroşenko), onim yaradıcılığı (İ.V.Rodionova, O.V.Belova), sosioonomastika (A.F.Juravlyov), onimlərin fonetik və struktur xüsusiyyətləri (D.V.Kuzmin) və s. Jurnalın Səmərqənd seriyaları öz problematikasının elmi səviyyəsi ilə seçilir. Müxtəlif buraxılışlarda ad-abreviaturlar, ad seçimi motivləri, Orta Asiya şəhərlərinin ad siyahıları, antroponimik tabulaşdırma, poetik onimlər haqqında məruzələr təqdim edilmişdir.

Hazırda “süni nominasiya” və “təbii nominasiya” terminlərinin izahında müxtəliflik özünü göstərir. Məsələn, advermə prosesini tədqiq edən M.V.Qolomidova təbii və süni nominasiyaların fərqləndirmə meyarlarını məzmun, formal baxımdan, funksional və qnoseoloji aspektlərdə dəqiqləşdirməyə çalışır. O, süni nominasiya anlayışını “dilin leksik fondunun zənginləşməsinə yönəlmiş məqsədli sözyaratma” kimi müəyyənləşdirir. Onun əsərlərində advermə prosesinin xüsusiyyətləri və qanunuyğunluqları müəyyənləşdirilir. Müəllifin fikrincə, “təbii nominasiya – dil vahidinin dil kollektivi tərəfindən kortəbii seçim prosesi, süni nominasiya şüurlu və məqsədyönlü nominasiya aktıdır” [Bax: 402; 403]. Bizə belə gəlir ki, təbii nominasiya heç də həmişə kortəbii proses deyil. Xüsusilə coğrafi obyektlərin adlandırılması zamanı müəyyən bir əlamət, motiv üstünlük təşkil edir. Bizə görə, xüsusi adların növünə uyğun olaraq nominasiya prinsipi tətbiq edilməlidir.

Süni nominasiya problemi R.İ.Kozlovun erqourbonimlər haqqında və S.O.Qoryayevin praqmonimlər (müəllifin terminologiyası ilə bu, məhsul istehsalçısını fərdiləşdirən ticarət nişanının növüdür) barədə dissertasiyalarında nəzərdən keçirilir. Hər iki mövzu müasir onomastika üçün çox aktualdır [445; 406].

Müasir çoxmillətli şəhərlərdə işlənən xüsusi adların tədqiqi dövrümüzün aktual məsələlərindəndir. Bu qəbildən olan tədqiqatlarda şəhərin nominativ siması, şəhər obyektlərinin nominasiyası zamanı istifadə edilən üsullar, qeyri-rəsmi urbanonimlər, müasir şəhərin antroponimikonu və şəhərlilərin kommunikativ praktikasında xüsusi adların işlənməsi, şəhərdaxili obyekt adlarının dəyişdirilməsi problemi, urbanonimik terminologiya nəzərdən keçirilir [471; 405; 524; 527; 467, s.115-125].



Оnomastik lüğətçiliyin nəzəri məsələləri, xüsusi adlar lüğətlərinin spesifik, tipoloji xüsusiyyətləri, təsnifatı, tərtib prinsipləri bir çox tədqiqatçılar tərəfindən araşdırılır (N.V.Vasilyeva, İ.M.Qanjina, R.V.Razumov, Y.M.Adamoviç, S.B.Bayquttiyev, Q.P.Bondaruk, A.Vanaqas, L.P.Kalakutskaya, V.E.Staltmane, N.A.Petrovski, Y.S.Otin, O.İ.Fonyakova, V.M.Kalinkin, İ.V.Rodionova, A.V.Kuznetsov və b.). Bu əsərlərdə müxtəlif növlü onomastik lüğətlərin tərtibinin aktuallığı əsaslandırılır, lüğət məqalələrinin tərtib prinsipləri təsvir olunur [Bax: 578]. V.V.Slabouz linqvokulturoloji onimoqrafiyanın, N.V.Bubnova lüğət tipli onomastik vəsaitlərin tərtibinin aktual məsələ olduğunu qeyd edir [543; 381]. T.G.Nikitina isə öz məqaləsində linqvodiyarşünaslıq lüğəti konsepsiyasını təqdim etmişdir [491, s.116-118]. Y.E.İvanova öz məqaləsində toponimik lüğətin yeni bir növündən – marşrut lüğətindən bəhs etmişdir [425, s.28-33]. İ.M.Qanjinanın məqaləsi xristian şəxs adları və onların formalarının lüğətlərdə əks olunması məsələsi ilə bağlıdır [393, s.47-55]. Y.L.Berezoviçin rəhbərliyi altında «Русская ономастическая лексикография» adlı layihə işlənib hazırlanmışdır. Layihə çərçivəsində M.E.Rutun astronimlər lüğəti, Y.B.Vorontsovanın ləqəblər lüğəti, İ.V.Rodionovanın derivatlar lüğəti hazırlanıb. Bundan başqa, xrononimlər, hidronimlər lüğətləri işlənilmişdir.

Ümumiyyətlə, 2000-ci ilin əvvəllərindən indiyə qədər çoxlu sayda onomastik lüğət hazırlanmışdır. Tədris lüğətləri arasında mifoloji, toponimik, linqvoölkəşünaslıq, linqvokulturoloji lüğətlər xüsusilə diqqəti cəlb edir [450; 428; 502]. Dərsliklərdəki ədəbi qəhrəmanlar haqqında olan lüğətlər yeni tipli əsərlərdir. Bunlar lüğət tipli onomastik vəsaitlərə bir nümunədir [378; 379].

M.V.Kostromiçevanın regional toponimik lüğəti, A.Kuznetsovun onimlər lüğətləri, V.İ.Dyakova və V.İ.Xitrovanın coğrafi lüğəti, A.V.Çernıxın xrononimlər lüğəti, «Россия» adlı ensiklopedik, ölkəşünaslıq lüğəti, T.V.Mayorovanın oykonimlər lüğəti, Ukraynada D.Q.Buçko və N.V.Tkaçovanın onomastik terminologiya lüğəti və daha neçə lüğət bunlara nümunədir. Dissertasiyalara, monoqrafiyalara əlavə olunan lüğət və sözlüklər vardır. Kalmıkiyada müxtəlif obyektlərin adlarından ibarət reyestrlər hazırlanmışdır [531; 530; 360]. M.E.Rutun tərtib etdiyi astronimlər lüğətində ilk dəfə olaraq rus xalq astronimləri toplanmışdır. Bundan başqa, lüğətdə elmi astronimlər də öz əksini tapmışdır [537].

Poetik onimlərin lüğətlərinə bunları müsal göstərmək olar: Turgenev, Lermontov, Qoqol, Aksakov, Qriboyedov, Puşkin, Qonçarovun ədəbi tiplərindən ibarət lüğət, Dostoyevskinin əsərlərindəki şəxs adlarının lüğəti, Şedrinskinin əsərlərindəki personaj adlarının lüğəti və s. Polşada Adam Mitskeviç dilinin lüğəti, Ukraynada Şevçenko dilinin lüğəti, Almaniyada Höte dilinin lüğəti onimləri də ehtiva etmişdir [Bax: 543, s.227-228]. Qeyd edək ki, poetik onimoqrafiya sahəsindəki işlər linqvokulturoloji onimoqrafiyanın inkişafına yol açmışdır.

D.N.Yermoloviç qeyd edir ki, tərcüməşünaslıq və onomastikanın kəsişmə nöqtəsində yerləşən xüsusi adlar lazımi şəkildə işıqlandırılmır, ikidilli onomastik leksikoqrafiya – dilçiliyin hələ çox işlənilməmiş sahəsidir. O, öz əsərlərində xüsusi adların dillərarası işlənməsinin və onomastik uyğunluqların formalaşmasının nəzəri əsaslarının bünövrəsini qoyur. Onun tərcüməşünaslıq onomastikasının problemlərinə həsr olunmuş əsəri həm nəzəriyyəçilər, həm də təcrübəçilər üçün böyük maraq kəsb edir [417].

Linqvomədəni situasiya çox vaxt millətin mentalitetini müəyyən edir ki, bunun da mühüm hissəsi dildə və mədəniyyətdə əks olunan dəyərlər toplusudur” [478, s.32]. Bununla belə, müxtəlif mədəniyyətlərdə eyni dəyərlər müxtəlif cür başa düşülə bilər və sosium tərəfindən özünə qarşı müxtəlif münasibət yarada bilər. Ad aydın linqvokulturoloji xarakterə malikdir. Əksər linqvoölkəşünaslıq lüğətlərinin əsas məzmununu milli-spesifik realilər və onların adları təşkil edir. Onomastik leksikanın fon xüsusiyyətlərinin tədqiqi ilə vaxtilə Y.M.Vereşşagin və V.Q.Kostomarov məşğul olmuşdur. Onlar öz əsərlərində göstərmişlər ki, apelyativlərə nisbətən xüsusi adlara milli-mədəni komponent daha çox xasdır. Xüsusi adın fərdi semantikasına xas olan semantik paylar hər onimdə yoxdur. Onlar atalar sözü, zərbi-məsəllər, frazeologizmlərdə işlənən adlarda; reprezentativ (presedent) adlarda; poetonimlərdə; tanınmış insanların, tarixi şəxsiyyətlərin adları ilə assosiasiya olunan antroponimlərdə; heyvanlara verilən insan adlarında inkişaf edir. Linqvokulturoloji onimoqrafiya nəzəriyyəsi müəyyən dərəcədə Y.S.Otin, D.S.Mgeladze və N.P.Kolesnikov, Q.D.Tomaxin, T.N.Kondratyeva və b. tərəfindən işlənilmişdir.

Onomastik məlumatların elmə lüğət formasında daxil edilməsi tarixi-leksikoloji, onomasioloji, etimoloji, linqvocoğrafi, kontaktoloji, etnolinqvistik tədqiqatların inkişafı üçün böyük stimuldur. Görülən işlər nəticəsində lüğətlərin yeni tipləri – onomastikanın müxtəlif şöbələrinin məlumatlarını əhatə edən politerritorial lüğətlər işlənib hazırlanmışdır.

Son zamanlar onomastikanın problem sahəsinin genişlənməsi müşahidə olunur: ulduz adları, teonimlər, şəhərdaxili obyekt adları, bayramların, festivalların, qəzetlərin, sualtı okeanik landşaft obyektlərinin adları öyrənilir; yeni onomastik fenomenlərə – kommersiya obyektlərinin, mağazaların, məhsulların adlarına həsr olunmuş əsərlər meydana çıxır. Onomastika və apelyativ leksikanın sərhədi də – müxtəlif növ seriya (növ, çeşid) adları fəal surətdə tədqiq edilir və s. Obyektin genişlənməsi xüsusi adların tipologiyası və dildə onomastik sistemin özünəməxsusluğunun aydınlaşdırılması kimi ümumnəzəri məsələlərin öyrənilməsinə təkan verir. Şəxs adları və soyadların seçimi və dəyişdirilməsi amillərinin, toponimiyada addəyişmələrin səbəblərinin, habelə onomastikonda ictimai-tarixi proses və hadisələrin inikasının öyrənilməsini nəzərdə tutan onomastik tədqiqatların sosiolinqvistik aspekti geniş araşdırılır.

Rusiyada onomastik tədqiqatların mərkəzi Moskva, Yekaterinburq, Volqoqrad, Nijniy Novqorod, Tambov, keçmiş SSRİ-də isə Kiyev və Minsk şəhərləri olmuşdur. Ənənəvi olaraq ən çox öyrənilən onimlər antroponimlər və toponimlər idi. 2000-ci illərdə aparılan tədqiqatlarda onimlərin digər növləri də öyrənilirdi: praqmatonimlər – ticarət markalarının adları (O.Y.Yakovleva), musuqu qruplarının adları (M.B.Düjeva), qeyri-rəsmi onimlər (O.A.Fomenko, O.A.Leonoviç).

Onomastik tədqiqatlar həm ənənəvi dilçilik çərçivəsində, həm də yeni elmi istiqamətləri nəzərə almaqla aparılır. Digər fənlərin (kulturologiya, sosiologiya, psixologiya və s.) cəlb edilməsi ilə həyata keçirilən linqvistik tədqiqatlar aktuallıq kəsb edir.

Toponimik (Y.Y.Qordova, V.A.Juçkeviç, A.K.Matveyev, Z.V.Rubtsova, Q.P.Smolitskaya, O.A.Boriseviç) və antroponimik (N.V.Birillo, V.A.Nikonov, Q.K.Semenkova) materialın linqvocoğrafi tədqiqinə həsr olunmuş əsərlər var. Linqvocoğrafi planda ən çox öyrənilmiş sahə toponimikadır. Linqvocoğrafi onomastik məlumatların təhlili zamanı istifadə olunan əsas anlayışların məzmunu açıqlanır.

Linqvokulturoloji axtarışlar (Y.V.Vayrax, S.P.Vasilyeva, T.Y.Vasilyeva, Q.R.Qaliullina, M.V.Qorbanevski, İ.A.Dambuyev, A.M.Mezenko, Y.Q.Puşkaryova, Y.A.Sizova, Y.İ.Syanova və b.) çərçivəsində də həyata keçirilən onomastik tədqiqatlar mövcuddur.

Onomastikanın müasir inkişaf mərhələsində linqvokulturoloji problematikaya maraq getdikcə artır. XX əsrin sonu, XXI əsrin əvvəlləri Rusiya, Polşa, Belorusiya onomastikasında bu problematikaya dair tədqiqatların çoxalması ilə səciyyələnir. Bu tədqiqatlar çərçivəsində xüsusi adlar mədəniyyətin özünəməxsus işarələri kimi nəzərdən keçirilir və mədəni-tarixi kateqoriya (S.İ.Qaraqulya), reali (V.A.Rajina 2007), kulturem (A.S.Buxonkina) adlandırılır. Linqvokulturoloji səviyyədə xüsusi adlar mədəni-spesifik leksikanın tərkibinə daxil edilir (Q.D.Tomaxin, M.V.Vereşşagin, Q.K.Kostomarov və b.). Rusiya tədqiqatçılarının diqqətini urbanonimlər (Y.V.Vayrax, Y.V.Voroşilova, A.S.Qaltsova, N.Y.Zabelin, Y.Y.Pozdnyakova, Y.A.Sizova, N.V.Şimkeviç), antroponimlər (Q.R.Qalliulina, L.İ.Zubkova, L.V.Okuneva), toponimlər (L.H.Quliyeva, İ.A.Dambuyev, A.S.Jilina, Q.S.Sudar) cəlb etmişdir. Polşa alimlərinin əsərlərində antroponimlər və toponimlərin kulturoloji interpretasiyası (M.Malets, Z.Kaleta, E.Jetelskaya-Feleşka) həyata keçirilir. Belorus onomastikasında da linqvokulturologiya məsələləri antroponimlər (Y.A.Qurskaya), şəhərdaxili adlar (A.M.Mezenko) və toponimlərin (Y.A.Valasenko, İ.L.Kopılov, V.M.Genkin) materialında nəzərdən keçirilir.

S.İ.Qaraqulyanın, T.А.Komovanın əsərləri ingilis linqvokulturoloji məkanında şəxs adının mədəni-tarixi kateqoriya kimi öyrənilməsi problemini, L.S.Qolovinanın dissertasiyası rus dilindəki onimlərin etnokultur semantikası və bunun əcnəbilər üçün olan linqvokulturoloji onomastik lüğətdə şərhi üsullarını, A.A.Yaqodovanın dissertasiyası ideonimlərin linqvokulturoloji tədqiqini əhatə edir [394; 447; 401; 591].

Xüsusi adlar dillərarası və mədəniyyətlərarası kommunikasiya sahəsində ölkə, xalq, milli xarakter haqqında stereotip təsəvvürlərin təsviri ilə əlaqədar tədqiqat obyekti olur [Bu barədə bax: 598; 507; 485 ].

Onimlər bədii, publisistik və ya mass-media, elmi diskurs tiplərində nəzərdən keçirilir. Həmin sahə ilə bağlı tədqiqatlar bu mövzuları əhatə edir: rus dilinin onomastik sahəsi və bədii-estetik potensialı (V.İ.Suprun), bədii əsərlərin, folklorun onomastik məkanı (İ.A.Petrova, N.İ.Filippova, Y.A.Luqovaya, O.V.Sısıkova), ayrıca müəllifin, ədəbi janrın onomastikonunun spesifikası (N.A.Qonçarova, V.V.Bardakova), onimin mətnyardıcı funksiyası (V.N.Vasilyeva, İ.B.Voronova), publisistik diskurs materialındakı onimlər (A.V.Ponomarenko, Q.V.Sokolova, P.A.Lekova) və s. Üslubi hadisələr: metafora, metonimiya, allüziya üzrə tədqiqatlarda xüsusi adlara mühüm yer ayrılır (S.M.Perkas, M.Y.Biç, A.Q.Mamayeva, M.A.Zaxarova, M.A.Solovyova). Onimlərin, o cümlədən toponimlərin üslubi imkanları müxtəlif aspektlərdə nəzərdən keçirilir (V.D.Belenkaya, V.A.Nikonov, A.V.Superanskaya, İ.A.Kondakova).

A.A.Fomin poetik onomastika ilə bağlı çoxsaylı tədqiqatların müəllifidir. Son illərdə də poetonimlərin tədqiqi ilə bağlı maraqlı əsərlər meydana çıxmışdır [512; 493; 464].

Frazeologiyada (Q.P.Manuşkina, M.P.Taraseviç, Z.R.Zaqirova, Z.V.Korzükova, K.İ.Pisko və b.) və paremiologiyada (Q.Q.Molçanova, V.V.Lovyannikova və b.) xüsusi adın öyrənilməsi də aktualdır. Bu mövzular koqnitiv və linqvokulturoloji istiqamətlərdə fəal araşdırılır.

Zoonimlərlə bağlı tədqiqatlara misal olaraq Y.V.Qusevanın dissertasiyasını, V.V.Veresiyanovanın məqaləsini göstərmək olar. Burada zoonimlərin derivasiya və motivasiya əlamətlərinin zənginliyi göstərilir [410; 388].

Son onillikdəki tədqiqatlar onomastik məkanın periferik sahələrinə (sosionimlər, praqmatonimlər, erqonimlər və s.) diqqətin artması ilə seçilir. Bu vahidlərin struktur-semantik təsvirinə həsr olunmuş əsərlər onların işlənmə xüsusiyyətlərinin təhlili ilə genişlənir (L.Besekirska, N.İ.Kluşina, İ.V.Krükova, O.Y.Yakovleva, N.V.Nosenko). A.A.Trapeznikovanın, N.V.Nosenkonun dissertasiyaları, Q.V.Zimovetsin, V.A.Krıjanovskayanın, O.İ.Kopaçın, O.A.Suçkovanın məqalələri erqonimik nominasiyanın spesifikası, şəhərin erqonimik sisteminin inkişaf dinamikası, erqonimyaratmada olan müasir tendensiyalar haqqındadır [423; 449; 453; 496; 568]. L.N.Fomenko və A.A.Xalanskaya ideonimlərin, O.İ.Fedosova hemeronimlərin linqvistik statusunu təhlil etmişlər [571; 572].

Müasir tədqiqatlarda dünyanın dil mənzərəsinin öyrənilməsinə geniş yer ayrılır. Dünyanın onomastik mənzərəsi də bunun bir hissəsidir. Dünyanın onomastik mənzərəsi dildə işlənən bütün onimləri özündə əks etdirən və dünyanın konseptual mənzərəsinin məzmununu verballaşdıran sistemdir. Onimlərin növündən asılı olaraq dünyanın onomastik mənzərəsində xüsusi hissələr ayrılır: antroponimik, toponimik, zoonimik və s.

Dünyanın toponimik mənzərəsi M.V.Qolomidovanın, Y.L.Berezoviçin, S.P.Vasilyevanın, L.M.Dmitriyevanın, L.A.Klimkovanın, Y.F.Kovlakasın, A.V.Pravdikovanın, Y.V.Kurquzovanın və b. əsərlərində öyrənilir. Rus dili daşıyıcısının normativ-elmi dünya mənzərəsini kompleks şəkildə nəzərdən keçirən N.A.Maksimçuk xüsusi adları bu mənzərənin vahidləri saymış, həmin vahidlərin əks olunduğu xüsusi tədris lüğətləri haqqında ətraflı məlumat vermişdir [470]. Bu anlayışı ilk dəfə L.M.Dmitriyeva elm aləminə gətirmişdir. Alimin fikrincə, dünyanın toponimik mənzərəsi real gerçəklik modelidir. Burada insanın ətraf aləmə münasibətini müəyyənləşdirən fundamental kateqoriya kimi məkan kateqoriyası əhəmiyyətli yer tutur. Ümumiyyətlə, bu mövzu ilə bağlı tədqiqatlarda əsas fikir budur ki, dünyanın toponimik mənzərəsi insanın ətraf aləm haqqında təsəvvürləri sistemidir, məkan konsepti ilə əlaqədardır və onun formalaşması ekstralinqvistik (iqtisadi, siyasi, sosial və b.) və intralinqvistik faktorlarla şərtlənir.

Onomastik tədqiqatlar koqnitiv istiqamətdə də aparılır. Belə işlər, əsasən, toponimikaya aiddir (A.P.Çudinov, O.Q.Orlova, A.A.Pşenkin, N.A.Krasilnikova, M.V.Svetkova, O.A.Urusova, O.A.Kudankina, M.V.Pimenova, Y.A.Voronina, Q.P.Korçevskaya, A.V.Sosnin, Y.A.Qonçarova, İ.V.Porodin və b.). Bəzi əsərlərdə təhlil, eyni zamanda, koqnitiv və sosiolinqvistik mövqedən aparılır [503].

Regional toponimika üzrə tədqiqatlarda regionda addəyişmələrin səbəbləri, regional toponimiyanın inkişafındakı tendensiyalar, toponimik terminologiya məsələləri aydınlaşdırılır. M.L.Dorofeyenko Belorusun toponimlərini tədqiq etməklə bərabər, yeni bir termini irəli sürmüşdür. Bu, “vikonimiya” terminidir. Vikonim – kənddaxili obyekt adıdır [362; 415; 439].

Antroponimik sistemi əks etdirən əsərlərdə təxəllüslərin növündən, semantik və funksional xüsusiyyətlərindən, qeyri-rəsmi adlardan, şəhər antroponimikonunun inkişaf meyillərindən və s. bəhs olunur [477; 481; 542].

Bir sıra tədqiqatlarda onomastik terminologiyanın başlıca müddəaları, səciyyəvi xüsusiyyətləri, terminologiyanın nizama salınmasının mərhələləri nəzərdən keçirilir [511, s.140-146; 385; 576; 468; 430; 386].

Elm və texnika sahəsində yeni istehsal texnologiyaları ilə xarakterizə olunan müasir cəmiyyət daim artefaktlarla zənginləşir. Yeni referentlərin meydana çıxması dil sistemində yeni nominasiyaların yaranmasına gətirib çıxarır.

Ticarət nişanları ticarət sahəsində tətbiq olunmaq üçün xüsusi yaradılmış və qanunla qorunan sözlər və söz birləşmələridir. Onlar məhsul və xidmətlərin müxtəlif növlərinin adlarıdır. Ticarət nişanları xüsusi dil faktı kimi hələ də dilçilik baxımından yaxşı öyrənilməyib. Xarici ədəbiyyatda ticarət nişanlarının ilk tədqiqatları XX əsrin əvvəli və ortasına aiddir (Pound, Hinton, Bennet, Yakobson, Holmquist, Ladas) və tətbiqi, təsviri xarakterə və praqmatik istiqamətə malikdir.

Rus dilçiliyində belə tədqiqatlar XX əsrin 70-ci illərində meydana çıxmışdır (A.Vasilevski, Z.Komolova). Həmin problematika üzrə müəyyən tədqiqatlar (R.Bereznikova, Z.Komolova, T.Soboleva) ticarət nişanlarının ayrı-ayrı aspektlərinə həsr olunub. Ticarət nişanlarının daha tam linqvistik təsvirini T.V.Yevsükova vermiş, onların dildə statusu məsələlərini, semantik və sözyaratma xüsusiyyətlərini nəzərdən keçirmişdir. Kommersiya nominasiyasına həsr olunmuş son illərin tədqiqatlarında, əsasən, praqmatik aspektlər öyrənilir (N.Stadulskaya, İ.Krükova, Novigixina); ümumi tipologiya işlənib hazırlanır, ticarət nişanlarının hər semiotik tipinin daxilində yarımtiplər seçilir (O.Yakovleva); reklam onomastikonunun əsas tərkib hissəsi kimi ticarət nişanlarının kompleks linqvokoqnitiv və linqvopraqmatik analizi həyata keçirilir (O.Kirpiçova); ticarət nişanlarının təsviri və təsnifatı verilir, dillərarası interferensiya məsələləri nəzərdən keçirilir, onların linqvokulturoloji istiqaməti qeyd olunur (N.Mordvinova). Elə dissertasiyalar yaranır ki, bunlarda ticarət nişanları onomastikanın tədqiqat obyekti olur (A.İsakova), onomastik məkanın periferik şöbələrinin tədqiqinin zəruriliyi əsaslandırılır (V.Rajina). Tədqiqat obyekti kommersiya adları olan son işlərdə məqsəd kommersiya nominasiyasının sosiokultur və linqvistik hadisə kimi təsviridir (T.Şerbakova); praqmatonimlərin xüsusi növü olan praqmatonimlər-qlobalizmlər öyrənilir (O.Fomenko).

Qeyd edək ki, göstərilən dissertasiyaların əksəriyyətində ticarət nişanlarının işarəsi üçün “praqmatonim” terminindən istifadə olunur. Belə ki, O.V.Kirpiçova və O.S.Fomenko həmin terminin seçimini bu meyarlarla izah edir: “müxtəsərlik, qrammatik dəqiqlik, onomastik terminologiya prinsiplərinə uyğunluq” [442]. O.V.Qluxova isə “ticarət nişanı” terminindən istifadəni daha hüquqi hesab edir [400].

1966-cı ildə Ukraynada V.V.Nimçukun müəllifliyi ilə «Украинская ономастическая терминология (проект)» nəşr olunmuşdur. 300 lüğət məqaləsində onimlərin ümumi xüsusiyyətləri, habelə onların denotat-nominativ, sözdüzəldici və motivasyon tipləri öz əksini tapmışdır. Bu lüğət sonralar «Основная система и терминология славянской ономастики» adlı lüğətin tərkibinə daxil edildi. 1983-cü ildə çap olunan bu mənbədə əsas onomastik terminlər və onların 12 dildə qarşılıqları izahlı şəkildə verilmişdir. Lüğət iki hissədən ibarətdir: xüsusi ada malik obyekt və hadisələri ifadə edən terminlər, ikinci hissədə xüsusi adların linqvistik təhlilini əks etdirən, yəni onomastikanın metadilinə mənsub terminlər təqdim olunur. Bu lüğət indiyə qədər əksər slavyan ölkələrində əsas mənbə kimi istifadə edilir. 2012-ci ildə daha bir terminlər lüğəti hazırlanmışdır. Bu lüğət hazırda həmin dildə işlənən terminləri tam şəkildə əks etdirir [bax: 430, s.42-44].

Leksikologiyada onim əsasında yeni sözlərin yaranması prosesi fəal şəkildə öyrənilir. S.İ.Safonova cizgi filmlərində personajlar üçün ad yaradılması prosesini araşdırmış, R.A.Şarapova bioloji qida əlavələri adlarının struktur-semantik spesifikasını, M.T.Qurçiani müasir rus dilində işlənən kompozitləri – tərkibi (mürəkkəb) adları tədqiq etmişdir [409; 582].

Lüğət tərkibinin zənginləşməsinin geniş yayılmış üsullarına xüsusi adların ümumi isimlərə və əksinə keçidini aid edirlər (A.V.Aksönova, İ.F.Qabdulina, L.N.İsakova, Y.V.Kravçenko, R.Z.Xaniçev, M.V.Klimova, M.Q.Bakşeyeva, Y.S.Otin, V.M.Kalinkin və b.). Rus dilçiliyində onimdəndüzəlmə törəmələr O.İ.Aleksandrova, N.V.Podolskaya, R.Y.Namitokova, N.Y.Kasyanenko, L.M.Buştyan, Y.V.Kravçenko, D.Ququnava və b. tərəfindən öyrənilmişdir. Fantastik əsərlərdə okkazionalizmlər (V.M.Berenkova), suffiksal onimdəndüzəlmə derivasiya (T.D.Trifonova), qısaldılmış antroponimlər (T.A.Burkova), transonimləşmə (M.V.Yakovenko) də tədqiqat obyekti olmuşdur. Tədqiqatlar, əsasən, bədii və publisistik mətnlərin materialında aparılmışdır ki, bu da həmin mövzunun bu sahədə hərtərəfli işlənilməsinə imkan vermişdir.

Yeni fənlər və istiqamətlər çərçivəsində onimin tədqiqinə yeni yanaşmalar işlənib hazırlanır, tədqiqatların metodikası təkmilləşir. Presedentlik nəzəriyyəsində onimə xüsusi diqqət yetirilir (Y.A.Naximova, Y.Y.Saksonova). Danışıq dilindəki onimlər çox az öyrənilib (İ.N.Zaverüxa). Tərcümə nəzəriyyəsində tərcüməşünaslıq onomastikasına xüsusi yer ayrılır (D.İ.Yermoloviç, A.V.Kalaşnikov). Toponimika və fəlsəfənin əlaqəsi şəhər obrazının fəlsəfi cəhətdən tədqiqində izlənilir (L.Y.Truşina, O.F.Filimonova). Toponim və etnonimlərin nitqdə işlənməsi ilə əlaqədar olan ksenomotivasiya hadisəsinin tədqiqi çox populyardır (Y.L.Berezoviç). Müasir onomastik məkanın praqmonimik zonasının müəyyən edilməsi də ilk təcrübələrdən biridir (A.A.İsakova).

Avropada və dünyanın bir çox yerlərində aparılan tədqiqatlar, görülən işlərin səviyyəsi də diqqətəlayidir. Məsələn, təkcə 2016-2017-ci illər ərzində keçirilən konfrans və elmi məclislərdə Mesopotamiya və Yaxın Şərqin onomastika və sosiolinqvistikasına aid məsələlər (Löven, Belçika), Slovakiyada və digər dövlətlərdə qadın soyadlarının tarixi, onomastik, sosiolinqvistik və hüquqi baxımdan yaranması (9-10 fevral, Bratislava, Slovakiya), şəhər mühitinin sosiolinqvistik tədqiqi (4-6 aprel, Landau, Almaniya), sosioonomastika, areal antroponimiya məsələləri (28-29 may 2016, Kalqari, Kanada; 5-6 aprel, Oksford, Böyük Britaniya), toponimlərin kartoqrafik fiksasiyası (16-17 may, Monreal, Kanada), nominasiya, müxtəlif siyasi sistemlərdə adlar, onomastik aspektdə qloballaşma (21-23 sentyabr, Krakov, Polşa), brend-neyminq, ictimai əhəmiyyətli obyektlərin adlandırılma siyasəti (20-22 sentyabr, CAR), xüsusi adların tərcüməsinin aspektləri və mədəniyyətlərarası kommunikasiya şəraitində onimlər (8 oktyabr, Almaniya), adların fonotaktikası, adların dəyişilməsi, adlarda morfonoloji hadisələr (10-11 oktyabr, Maynts, Almaniya), multidil mühitində xüsusi adların işlənməsi (5-8 yanvar 2017, Filadelfiya, ABŞ), Esseks toponimiyasının məlumat bazasının yaradılması (18 mart 2017, Böyük Britaniya) məsələləri geniş dairədə müzakirə olunmuşdur.

Slavistlərin XIII beynəlxalq qurultayındakı (2003) məruzələr onomastikanın ənənəvi və yeni istiqamətlərini əks etdirmişdir: slavistikada onomastik tədqiqatların vəziyyəti və inkişaf perspektivləri, toponimlərin morfoloji-sözdüzəldici xüsusiyyətləri, süni onomastika, onomastik sistemin inkişaf tendensiyaları, onomastik tədqiqatların etnolinqvistik aspekti [374, c.147-151].

XV Ümumpolşa onomastik konfransında (2006) diskussiya predmeti xüsusi adlar sahəsindəki yeni hadisələr, yeni nəzəri və tədqiqat-metodoloji layihələr olmuşdur. Təqdim olunan məruzələrin tematikası belədir: yeni xüsusi adlar, onomastikada dil modasının təzahürü, onimlərin qrammatik sistemində yeni tendensiyalar, yeni linqvistik konsepsiyaların müasir onomastikanın statusuna təsiri və s. [525].

Polşada E.Jetelsko-Feleşkanın həmmüəllifliyi ilə «Польские имена собственные. Энциклопедия» (1998), habelə 12 ölkənin alimləri ilə birgə iki cildlik «Славянская ономастика» (2002-2003) çap edilmişdir. «В мире имен собственных» (2006) kitabı da tez-tez müraciət olunan nəşrlərdəndir. Bu kitabda xüsusi adlara cəmiyyətin dəyərlər sisteminin bir nümunəsi kimi nəzər salınır, adların reklam və başqa funksiyalarda istifadəsi təhlil edilir [Bax: 418, s.136]. Polşa onomastları tərəfindən bir sıra onomastik lüğətlər də hazırlanmışdır, məsələn: qədim polyak soyadlar lüğəti, toponimik lüğətlər, tarixi antroponimik lüğət və s. (Z.Kovalik-Kaleta, D.Podlavskaya, M.Svöntek-Bjezinskaya və b.).

Fransada toponimiyanı tədqiq edənlər Houz, Kokeris, Auqust Lonqnon, Albert Doza və b. olmuşdur. 1932-dən başlayaraq “Revue des Etudes Anciennes” jurnalında toponimik yazılar çap edilmişdir. 1938-ci ildə Parisdə Beynəlxalq I Toponimiya və Antroponimiya Konqresi keçirilmiş, daha sonra isə Toponimiya və Antroponimiya Komissiyası qurulmuşdur. Sonralar Parisdə (1947), Brüsseldə (1949), Uppsalada (1952) konqreslər keçirilmişdir.

Addəyişmə mövzusu xarici ölkələrdə daha çox siyasi baxımdan öyrənilmişdir. Azarhayu Almaniyanın birləşməsindən sonra Berlində addəyişmə prosesinə münasibət bildirmişdir. Adverməyə siyasi dəyişiklik və demokratikləşmə öz təsirini göstərmişdir. Yeoh əvvəllər müstəmləkə olan Sinqapurda küçə adlarını araşdırmışdır. Burada avropalıların verdikləri adlarla çinli köçkünlərin qoyduğu adlar qarşılaşdırılmışdır. Aldermanın tədqiqatının mövzusu ABŞ-ın cənubunda Martin Lüter Kinqin adının küçələrə verilməsidir. Layt Rumıniyada 1947-ci ildə kommunistlərin hakimiyyətə gəlməsindən sonra Buxarestdə ideoloji adların meydana gəlməsindən bəhs edir. Azaryahu və Kook Qüdsdə, Hayfada, Ümm Əl Fəhmdə adverməyə siyasi hadisələrin təsirindən yazmışlar. Gill SSRİ-nin dağılmasından sonra Moskva küçələrindəki dəyişikliyi öyrənmişdir. Nas İndoneziyanın paytaxtı Cakartadakı küçə və prospekt adlarını tədqiq edərək 5 qrupda təsnif etmişdir. De Bres də hodonimlərin tipologiyasını müəyyənləşdirmişdir. Savaj və Yeoh Sinqapur hodonimlərini özünəməxsus şəkildə təsnif etmişlər.

Onomastik Tədqiqatlar üzrə Beynəlxalq Şuranın üç ildənbir təşkil etdiyi konqreslər onomastların elmi həyatında xüsusi yer tutur, çünki xüsusi adların müxtəlifaspektli tədqiqatlarını beynəlmiləl səviyyəyə çıxarır. Bu konqreslərdə tətbiqi onomastikanın bütün məsələlərinə dair məruzələrə rast gəlmək mümkündür: advermə, adların statistikası, onomastik tədqiqatlarda yeni texnologiyalar, soyadlara dialekt zonalarının təsiri, alçaldıcı etnonimlər, onimlərin standartlaşdırılması, lüğət layihələri və s.

Türk xalqlarının onomastik leksikasının toplanması və öyrənilməsinin tarixi qədim dövrlərə gedib çıxır. M.Kaşğarinin klassik coğrafi ədəbiyyatdan və səyahətlər zamanı topladığı toponimlər, antroponim və etnonimlər məşhur “Divani-lüğət-it türk” əsərində öz əksini tapmışdır. Müxtəlif dövrlərdə tərtib olunan lüğətlər türk mənşəli onomastik vahidləri əhatə etmişdir (Ş.Kutlu, U.T.Bəhramova və E.A.Beqmatov, A.Q.Şayxulov, T.Canuzakov, K.Yesbayeva, C.N.Kokov, S.O.Şahmurzayev, P.O.Rototayev, S.Ataniyazov, Q.K.Konkaşpayev, Y.Koyçubayev və b.).

Özbəkistanda onomastik tədqiqatlar XX əsrin 60-cı illərində başlanmışdır. Özbək toponimləri E.Beqmatov, T.Nafasov, S.Karayev, Z.Dusimov, L.Karimova, N.Axunova, T.Rahmatova və b. tərəfindən ətraflı araşdırılmışdır. Özbək coğrafi adlarının orfoqrafiyası, habelə transkripsiyası məsələsi E.Beqmatov və X.Hasanovun əsərlərində təhlil olunmuşdur. Özbəkistanda onomastika sahəsindəki tədqiqatlar arasında antroponimika və toponimika birinci yerdə durur. Onimlərin digər növləri ya qismən, ya epizodik öyrənilmiş, ya da heç tədqiqata cəlb olunmamışdır. Bu isə özbək onomastik sisteminin leksik zənginliyi və növ müxtəlifliyi haqqındakı təsəvvürləri bir qədər məhdudlaşdırır.

S.K.Qarayevin məqaləsi indi də aktual olan bir məsələ haqqındadır. «Красная книга» топонимов Узбекистана» adlanan məqalədə sovet dövründə dəyişdirilən tarixi coğrafi adların bərpa olunması, mühafizəsindən danışılır [435, s.91-92]. Vaxtilə milli özbək toponimlərini təbliğ etmək məqsədilə “Qırmızı kitab” hazırlamaq qərara alınmışdı. Hətta “Kitab”ın Qaşqadərya vilayəti toponimlərindən ibarət “A” və “B” hissələri də çap olunmuşdu. Bütün milli toponimlər üçün belə bir kitabın hazırlanması və nəşrinin çox faydalı olduğunu düşünürük.

E.Beqmatov və X.Xalmuminovun «Специфика онимизации имен прилагательных в системе узбекской микротопонимии» adlı tezisində onomastikanın müxtəlif şöbələrində nitq hissələrinin onimləşməsi imkanları nəzərdən keçirilir. Özbəkistanın ayrı-ayrı ərazilərindəki mikrotoponimlərin tərkibində olan sifətlər sadalanır, onların toponimyaratmada rolu izah edilir [372, s.264-265].

Qazax onomastikasının ilk tədqiqatçıları kimi A.Baytursınovun, X.Jubanovun, S.Amanjolovun, A.İskakovun və b. adları çəkilir. Onların əsərlərində onimlərin dildə və nitqdə, mədəniyyətlərarası kommunikasiyada işlənmə xüsusiyyətləri və bir sıra başqa məsələlər nəzərdən keçirilir. Antroponimlərə dair tədqiqatlar nisbətən üstünlük təşkil edir: onlar leksik-semantik, sözyaratma, stratiqrafik aspektdən araşdırılmışdır. Son illərdə onomastikanın periferik sahələri daha çox tədqiq olunur (Q.İhsanqaliyeva, S.İmanberdiyeva, M.Kakimova, S.Kerimbayeva və s.). Araşdırmalarda koqnitiv, linqvokulturoloji, praqmatik, kommunikativ və digər aspektlər diqqəti cəlb edir. Müasir tədqiqatçılardan G.Madiyevanın, Q.Suyunovanın, A.Akşolakovanın, K.Jarkınbekovanın, Y.Juravlyovanın, M.Nurtazinanın, Q.Kuldeyevanın və b. adlarını qeyd etmək olar. T.J.Januzaqov və K.S.Yesbayevanın hazırladığı “Kazak türklerinde kişi adları” (“Qazax türklərində şəxs adları”) adlı lüğəti adlar sözlüyündən əlavə, bəzi bölmələrdən ibarətdir: Şəxs adlarının yazılışı; Lüğətin quruluşu; Yararlanılan bəzi əsərlər; Doğum qeydiyyatı düzəni; Əlavələr və s. Bu bölmələrdə şəxs adları ilə bağlı bir sıra mühüm məsələlərə toxunulur, məsələn: şəxs adları və soyadlarındakı şəkilçilərin yazılışı, qazax adlarının rus dilində transkripsiyasının prinsipləri, ata adından istifadə qaydaları, qazax soyadlarının tipləri [333].

Türkiyədə toponimlərə aid ilk tədqiqatlara 1929-cu ildə “Coğrafi İsimlerin İmlâları Hakkında Rapor” (Maarif Vekâleti 1929) adlı kitabı misal göstərmək olar. Məlum olduğu kimi, XX əsrin 20-ci illərində Türkiyədə addəyişmə prosesi həyata keçirilmişdir. Bu proses daha çox türkcə olmayan və ya olmadığı ehtimal edilənləri, qarışıqlığa səbəb olan adları əhatə etmişdir. Dəyişilmiş oykonimlərin ümumi sayı 28 mindən çox olmuşdur. Sonrakı illərdə həmin məlumatlar kitab şəklində çap edilmişdir. 80-ci illərdə isə daha bir məlumat kitabı hazırlanaraq adı dəyişdirilən 11931 kəndin siyahısı verilmiş, hətta bu siyahı əsasında xəritə də hazırlanmışdır [Bax: 350]. Son zamanlara aid tədqiqatlarda da toponimlərin dəyişilməsindən çox bəhs olunur (Doğru, Erinç, Tunçel, Gümüşçü, Açıkel, Akar, Uyanık, Gönen). Bu əsərlərin müəllifləri addəyişmə prosesinin Şərqi Qara dəniz, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində daha intensiv olduğunu göstərmişlər. Onların fikrincə, yeni adların bəziləri hələ də xalq tərəfindən yaxşı mənimsənilməmişdir.

Hasan Erenin “Yer adlarımızın dili” əsəri toponimlər haqqındadır. Kitabda müxtəlif ölkələrdəki toponimik araşdırmalar haqqındakı məlumat xüsusi yer tutur. Əsərdə Türkiyə ərazisindəki bir sıra obyektlərin adları təhlilə cəlb edilmişdir [331].

Şəhərdaxili yer adları ilə bağlı tədqiqatlar azdır. Bu tədqiqatlarda küçələrin adlandırılması prinsiplərindən, bu prosesə təsir göstərən amillərdən danışılır [322].

S.Sakaoğlunun “Türk Ad Bilimi” əsəri ad yaradıcılığı məsələlərinin əhatəli şəkildə analizi ilə diqqəti cəlb edir [345].

Fitonimləri araşdıran müəlliflərin əsərlərində adların fonetik xüsusiyyətləri, təsnifi, yerli şivələrdə, digər türk dillərindəki formaları təqdim edilmişdir. Bəzi əsərlərdə fitonimlərin lüğəti də verilir [319; 323].

Türkiyədə yer adlarının tədqiqi ilə bağlı görülən işlərdən biri 11-13 sentyabr 1984-cü ildə toponimlərə dair simpoziumun keçirilməsidir. Bu simpoziumda coğrafi adlarla bağlı sosioloji tədqiqatlar nəzərdən keçirilmiş, advermə üsulları haqqında məruzələr dinlənilmişdir. Son illərdə Türkiyədə xüsusi adlarla bağlı konqres və ya simpoziumlar keçirilməsə də, fərqli mövzularda elmi toplantılarda onimlərə həsr olunmuş məruzələrin edilməsi və bu sahədə araşdırmaların artması müşahidə olunur. Bundan başqa, təkcə onomastların deyil, bu sahə ilə maraqlanan başqa mütəxəssislərin də müxtəlif əsərlər ortaya çıxarması onomastik tədqiqatların inkişaf tempinin yüksəldiyini göstərir. Məsələn, 2015-ci ildə Bosniyada keçirilən X Uluslararası Büyük Türk dili Qurultayında onomastika ilə bağlı müxtəlif məruzələr dinlənilmişdir. Burada titulların vəzifəsi, işlənmə xüsusiyyətləri (C.Demir), türk soyadlarının fonetik və leksik xüsusiyyətləri (F.Paşayeva), xüsusi adlardan düzəlmiş rəng adları (S.Küçük) və s. barədə müzakirə aparılmışdır. Bəzi məqalələrdə onomastik sözlüklər də yer alır (S.Şen) [342].

Onomastik lüğətlərin tərtibi ilə bağlı müəyyən işlər görülmüşdür. Şəxs adları lüğətləri iki yerə bölünür: ümumi lüğətlər, uşaq adları lüğəti. Lüğətlərdə müştərək adlar ayrıca siyahılarda verilir. Bu əsərlər yeni doğulmuş uşaqlara ad vermək, mövcud şəxs adlarının mənasını öyrənmək üçün faydalı vəsaitlərdir [329; 340; 344; 354].

Hasan Erenin Lajos Kissin tərtib etdiyi coğrafi adlar sözlüyünə yazdığı rəy diqqəti cəlb edir. Əsər ilk dəfə 1978-ci ildə işıq üzü görmüş, daha sonra 1980 və 1983-cü illərdə çap olunmuşdur. Bu, etimoloji lüğətdir. Lüğətdə 6820 maddə, 10000-dən çox yer adı var. Onun növbəti – 1997-ci il nəşrində isə maddələrin sayı 13340-a, toponimlərin miqdarı isə 20000-ə çatmışdır. Lüğətdə əsas yeri Macarıstan ərazisindəki toponimlər tutur. Bunların arasında türk adları çoxluq təşkil etdiyindən H.Eren həmin əsərin təhlilini qarşısına məqsəd qoymuşdur. Tədqiqatçı Kissin toxunmadığı bir çox tədqiqatların və yer adlarının təhlilini də vermişdir [330, s.171-186].

Müxtəlif illərdə toponimlər [321; 352], fitonimlər [326] və s. lüğətləri də hazırlanmışdır. Bu lüğətlərin məqsədi tədqiqat apararkən termin çatışmazlığı və qarışıqlığının aradan qaldırılmasına xidmət etməkdir. Serdar Yavuz və Mustafa Şenelin lüğətində digər lüğətlərdən fərqli olaraq təkcə toponimik terminlər yox, onomastikanın başqa sahələrinə aid terminlərə də rast gəlirik. Ümumiyyətlə, onomastikanın şöbələrini də fərqli şəkildə təsnif etmiş, toponimiyaya yalnız yer adlarını aid etmiş, hidronimləri, oronimləri “coğrafya adları bilimi”nə daxil etmişlər.

H.Zülfikarın “Terim sorunları və terim yapma yolları” adlı tədqiqatı terminlərin ümumi, eləcə də fonetik, qrammatik xüsusiyyətləri, terminlərə qoşulan leksik və qrammatik şəkilçilər, terminlərin əmələgəlmə yolları və digər məsələləri əhatə edir. Bu əsər kitaba əlavə olunan terminlər lüğəti ilə diqqəti cəlb edir. Həmin lüğət ümumi terminlərlə yanaşı, bir sıra onomastik terminləri də özündə birləşdirir. Maraqlı cəhət budur ki, terminlərin izahı verilmir, sadəcə hansı şəkilçi ilə işlənə bilməsi göstərilir [356].

10 dekabr 1928-ci ildə Soyad Komissiyasının qurulması Türkiyədə soyadlar haqqında qanunun hazırlanmasına təkan vermiş və 21 iyun 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində bu qanun qəbul olunmuşdur. Besim Atalayın “Türk böyükleri veya Türk adları” (1935), Murat Urazın “Türk adları” (1935) və daha neçə-neçə əsər və ya lüğət soyad seçimində əhaliyə çox böyük kömək etmişdir [Bax: Sevinçli E.]. Bəzi məqalələrdə də bu məsələyə toxunulur, Soyad qanununun dil planlamasındakı rolundan danışılır [353].

Advermə ənənələri Türkiyə onomastikasında geniş araşdırılan mövzulardan biridir. Bu mövzu haqqındakı əsərlərdə başqa mədəniyyətlərin türk advermə ənənəsinə təsirindən, türk cəmiyyətində advermə prosesinin mərhələlərindən, sosial amillərin mədəniyyətlə şəxsiyyət arasındakı əlaqəyə təsirindən, dini adlardan, alınma adlardan, advermədəki dəyişikliklərin səbəblərindən, gülünc adların öz sahibinə psixoloji təsirindən, Anadoluda türk mənşəli şəxs və yer adlarının yayılmasının tarixi-siyasi-ictimai amillərindən, müasir gənclərin adlar və advermə adətləri ilə bağlı fikirlərindən, rəng adlarının advermədə rolundan, müxtəlifsistemli dillərdə advermə ənənəsindən bəhs olunur [319; 349; 347; 324; 335; 336; 346; 338; 325; 351].

Sosioloji yönümlü tədqiqatlarda adların işlənmə tezliyi müəyyənləşdirilir, konkret bir bölgədəki və ölkə ərazisində işlənən adlar müqayisə olunur. Belə əsərlərdə adların işlənmə dinamikasını göstərən cədvəllər, ad siyahıları da verilir [327].

Mehman Musaoğlu və Orhan Baldanenin məqaləsində antroponim və toponim yaradıcılığında istifadə edilən sözləri ətralı araşdırmış, fikirlərini nümunələrlə izah etmişlər [341].

Antroponimik araşdırmalarda adların düzgün yazılışı, antroponimlərin bu və ya digər növünün xüsusiyyətləri, adların təhrif edilməsinin səbəbləri, ləqəbvermə ənənəsi, ləqəblərin cəmiyyətdə mövqeyi və s. hərtərəfli öyrənilir. Belə tədqiqatlara kiçik lüğətlər, siyahılar əlavə edilir [348; 343; 334; 328].

İlknur Karagözün məqaləsi “Samsun ve ilçelerinde yemek adları” adlanır. Müəllif sırf Samsun bölgəsi üçün xarakterik olan yeməklərdən bəhs edərək yemək adlarının tədqiqinin tarix, mədəniyyət, folklor, eyni zamanda, onomastika baxımından əhəmiyyətini əsaslandırmışdır. İ.Karagöz məqaləyə yemək adlarının siyahısını əlavə etmişdir [337].

Müasir türkoloji onomastika müxtəlif növlü xüsusi adların zəngin faktik materialına, ümumi dilçiliyin nailiyyətlərinə əsaslanan nəzəri və metodoloji bazaya malikdir ki, bunlar da onimlərin dərindən öyrənilməsinə kömək edə bilər.


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin