(1) a) Ali ordered the cake.
b) The cake was ordered by Ali.
c) The cake, Ali ordered.
d) It’s Ali who ordered the cake.
Yuxarıda eyni fikir müxtəlif cümlə quruluşları ilə ifadə olunub. Onların hər biri danışanın fikrini dinləyənə necə çatdırmaq istəməsindən asılı olaraq dəyişir. Məsələn, 1 c cümlə modelində danışan bilinən bir məlumatı çatdırır, yəni cümlə əvvəlki diskursla əlaqəlidir. 1 d cümləsində isə danışan inanır ki, dinləyən kiminsə tort sifariş etdiyini artıq bilir. 1 b cümlə modeli məçhul növ üzərində qurulub və burada diskurs daxilində bilinən məlumat bilinməyəndən əvvəl təqdim edilir. Bu cümlə quruluşları danışanın maksimum dərəcədə öz diskursunu formalaşdırmağa imkan verir. Bu yolla yeni məlumat dinləyənin bilik bazasına daxil edilir.
Mövzu, fikir və diqqət mərkəzi, eyni zamanda verilən yeni məlumatlar diskurs və praqmatika tərəfindən uzun müddətdir ki, araşdırılır. Bu araşdırma Praqa məktəbinin “Funksional cümlə perspektivləri” (1966) adlı tədqiqatlarından bəri davam etdirilir. Bu araşdırmalar zamanı R.Arundeyl həmişə diskursda qrammatik strukturların əhəmiyyətini vurğulamışdır, amma qrammatik strukturlar mövzu ilə birbaşa əlaqəli olmadığı üçün ona toxunmadan növbəti başlığa keçirik [3].
Qarşılıqlı sosial-mədəni təsir praqmatikası. Yuxarıda müzakirə olunduğu kimi praqmatik nəzəriyyələr kommunikativ aktların formalaşmasında və icrasında məqsəd, səmərəlilik, əməkdaşlıq, ümumi baza, qarşılıqlı bilik, aktuallıq və öhdəliyin rolunu vurğulayırlar. Praqmatik tədqiqatlar bu amillərin əsas rolunu gözardı etmədən bəzi müasir yanaşmalar ilə mədəniyyətlərdaxili və mədəniyyətlərarası ünsiyyətin dinamikası, onların funksiya, prinsip və qarşılıqlı əlaqələrini daha geniş qaydada təhlil ediblər. Bu yanaşmaların izah etməyə çalışdıqları məsələləri aşağıda qısa olaraq şərh edək:
Onların hamısı ünsiyyətin təkcə linqvstik və semantik xüsusiyyətlərini deyil, həmçinin sosial və mədəni tərəflərini də tədqiq etməklə praqmatikanın əhatə dairəsini genişləndirməyə cəhd edirlər.
Onlar ünsiyyətin əsas hərəkətverici qüvvəsi kimi P.Qraysın məqsədlilik prinsipini sorğulayırlar.
Onlar Qrays praqmatikasında qeyd edilmiş köhnə diskurs problemini həll etməyə çalışırlar və bunun üçün də yalnız müəyyən kontekst daxilində deyil, ondan kənarda, diskurs seqmentlərində və ya dialoq ardıcıllıqlarında danışanın replikalarını nəzərdən keçirirlər.
Qarşılıqlı sosial-mədəni ünsiyyət praqmatikası müxtəlif mövzuları araşdırır. O linqvstik hadisələrin istifadələrinə əsasən ümumi koqnitiv, sosial və mədəni perspektivlərə malikdir. J.Mey və R. Kreq qeyd edirlər ki, qarşılıqlı sosial-mədəni ünsiyyət praqmatikasının tədqiqat sahəsinə cəmiyyətdən asılı olaraq insanlar arasındakı ünsiyyətdə dilin rolunun öyrənilməsi daxildir [75, 12]. Digər tərəfdən isə M.Hauq iddia edir ki, qarşılıqlı sosial-mədəni ünsiyyət praqmatikasında ünsiyyətin öyrənilməsi təkcə məqsədin bilinməsi və ifadəsi ilə bitmir, praqmatika dilin istifadəsi üzrə sosial və mədəni məhdudiyyətlərin araşdırılmasını da öz tədqiqat sahəsinə daxil etməlidir. O, qeyd edirdi ki, hələ də bütün iradlara baxmayaraq danışanın ifadə etdiyi məna belə tədqiqatların özəyini təşkil edən ünsiyyətin konseptuallaşdırılmasının əsas nöqtəsi olaraq qalmaqdadır, amma bu artıq dəyişməlidir [37, s. 5].
Daha sonra bu sahə üzrə Intercultural Pragmatics adlı xüsusi bir yazı çap olundu, bu yazının çap olunma səbəbi S.Levinsonun P.Qraysın fikirlərini ünsiyyətin idrakında əsas olaraq göstərməsi idi [58]. M.Hauqun düşüncələrinə görə, isə bu hərəkət sadəcə S.Levinsona əks reaksiya olaraq verilmişdi və bu yazının əsas məqsədi praqmatikada fikrin əhatə dairəsi və xarakteristikası haqqındakı müzakirələri stimullaşdırmaq deyil. Amma çap olunan yazının müsbət cəhəti o idi ki, orada nəticəçıxarmaya da yer verilmişdi [37].
Nəticəçıxarma da praqmatikanın tərkibinə daxil olan bölmələrdən biridir. M.Hauq, R.Arundeyl və B.Abbat daim nəticəçıxarmanın müasir modelləri ilə əlaqədar mübahisə ediblər [37, 3, 2]. Həmin mübahisəli məsələ ondan ibarətdir ki, yaranan ünsiyyət zamanı danışanın ifadə etdiyi fikirlər dinləyicidə yaranan nəticə və təxminlərlə üst-üstə düşmürsə, bu söhbət müvəffəqiyyətsizdir ya yox? Buradan belə bir nəticə çıxır ki, fikrə əsaslanan modellərdə danışan və dinləyənin mövzunu necə müəyyən etdiklərinə aid izahlar yoxdur.
Həqiqətən də qarşılıqlı sosial-mədəni təsir praqmatikası diskursda fikri mənaya uyğun ifadə etməyin çətinliklərini təsdiq edir. Biz söhbət zamanı fikri tapmağa çalışarkən, onların ardıcıl olaraq xarakterizə olunduğunu gördük. Həm danışan, həm də dinləyən nəyin nəzərədə tutulduğunu başa düşmək üçün birlikdə çalışırlar. Fikrimizi göstərmək üçün aşağıda göstərilən nümunədən istifadə edəcəyik. Həmin nümunədə Əlinin əsas məqsədinin Vəliyə səfəri haqqında danışmağa şərait yaratmaq olduğu başa düşülmür.
Dostları ilə paylaş: |