Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma


Dilönü saitlərin uyğunluğu və norma



Yüklə 222,04 Kb.
səhifə23/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
2.4. Dilönü saitlərin uyğunluğu və norma
Dilönü saitlər ə, i, ö, ü səslərindən ibarətdir. Ə saitinin sırasına dilönü saitlərin izlənməsi prinsipinə görə ə- ə, ə-e, ə-i, ə-ö, ə-ü saitləri daxil ola bilər. Ancaq nitq prosesinin fəallığı ilə norma yaradılması baxımından bu potensial sıranın hamısı, əlbəttə ki, reallaşa bilmir. Oğuz qrupu dillərində ə saitinin sırası ə-ə, ə-e, ə-i, ə-ö ardıcıllığı ilə normalaşa bilmişdir.

Doğrudur, bu sıraların hamısı eyni qaydada intensiv normaya çevrilə bilməmişdir. Ancaq mövcud olan faktlar səslərin ardıcıllıq meylinin baş vermə ehtimalının olduğunu göstərir. Nitq fəaliyyəti hansı sırada tarazlaşma və uyğunluq yarada bilirsə həmin sıra intensivləşir. Tarazlaşmada (uyğunlaşmada) məhdudiyyət baş verdiyi hallarda həmin sıra yayılmaq imkanlarını reallaşdıra bilmir.



Ə saitinə aid sıranın mənzərəsi aşağıdakı kimidir:

Ə-ə saitlərinin sırası

Ə-ə saitlərinin sırası Oğuz qrupu dilləri içərisində Azərbaycan dilinə məxsusdur. Türk dilində, ümumiyyətlə, ə norması yoxdur. Türkmən dilində isə bəzi sözlərin birinci hecasında ə işlənsə də sonrakı hecalarında ə sırası yoxdur. ikinci və ya sonrakı hecalarda ə işlənən sözlərdə isə birinci hecasında ə işlənmir. Qaqauz dilində isə ə saiti ancaq sözün sonrakı hecalarında işlənir.

Türkmən dilində ə- ə sırasına əqəəqəlik (xəbərdarlıq, çəkinmək) kimi sözlərdə rast gəlmək olur. Türkmən dilində ə saitinin zəif də olsa sıralanmağa meylli olması bu saitin mövqeyinin artmasına nümunə sayıla bilər.



Ə-ə sırası Azərbaycan dili üçün tam sərbəst bir normadır: əylən, əyləş, əmək, ətək, tələs, çəpər, kəsər, kəmər, kələk, kələm, bəzən, bəyən, bələk, bənzər, yəhər, kəhər və s. Ə-ə sırası Azərbaycan dilində nə dərəcədə intensiv bir normaya çevrilmiº olsa da belə bəzi nitq ərazilərində ə-ə sırasının ə-e variantına da rast gəlmək olur: əlek, ətek, kəlek, bəlek, gəler, dəyer, əker [55].

Ə saitinin intensiv sırasına i saiti də daxildir. Bu sıra Azərbaycan dilində, xüsusilə geniş yayılmışdır. Çünki sözün birinci hecasının özündə ə sırası intensivdir. Ə-i sırası Azərbaycan dilindəki aşağıdakı kimi sözlərdə müşahidə olunur: əkin, səpin, dərin, bəri, dəri, çətin, təpin, sərin, dəli, gəlir, gəlin və s. Türkmən dilində ə-i sırası aşağıdakı kimi sözlərdə işlənir: ədim (addım), ərlik (mərdlik), əqinmek (ayaq çəkmək), əqinç (geri durmaq), əqirt (çox, artıq) və s.

Ə-ö sırası

Ə-ö sırası cüzi də olsa Azərbaycan dilinə aiddir. Çünki başqa Oğuz dillərinin ikinci hecasında ö saiti nitq üzrə normaya çevrilə bilməmişdir. Azərbaycan dilində də sözün ikinci hecasında ö saiti ümumi norma yarada bilmir. Ona görə də ə saitindən sonra ikinci hecada ö işlənməsi müəyyən müddətdə işlənmiş olsa da sonralar davam etməmişdir. Beləliklə, ə-ö sırasını Azərbaycan dilindəki bənövşə, bənovüş kimi sözlərdə müşahidə etmək olur.

Ə saitinin ikinci hecada ü saitini izləməsi norma olmasa da bəzi nitq areallarında ə-ü ardıcıllığına lokal xarakterli fakt kimi rast gəlmək olur: əlüvə, əlüvi, dərdü və gələcəksüz, dəyəcəksüz [55].

İ saitinin sırası

Dilönü saitlərin bir-birini izləməsi prinsipi üzrə i saitinin i-i, i-e, i-ə, i-ö, i-ü sıralarının yaranması mümkündür. Lakin nitq prosesində səslərin bu tipli sırası söz tərkibində tamamilə tarazlaşdırıla bilməmişdir. Odur ki, Oğuz qrupu dillərində həm bu sıraların hamısı mövcud deyildir, həm də mövcud sıraların hamısı bir istiqamətli deyildir.



İ saitinin i-i sırası, Oğuz qrupu dillərinin hamısı üçün ümumi nitq normasına çevrilmişdir. Hərçənd, bu sıranın özündə də dillərarası variantlar vardır. Azərbaycan dilində i-i sırasını aşağıdakı nümunələrdən görmək olur: iki, ilik, iliş, kişi, kilim, bilik, bitiş, dilim, diri, biçin, dirrik, birlik və s. Türk dilində i-i sırası aşağıdakı kimi sözlərdə müşahidə edilir: bitki, birinci, bilik, cizgi, çirkin, dişçi, dilim, diri, içtir, bigi, pişir və s.

Türkmən dilində i-i sırasını aşağıdakı nümunələrdə görmək olur: bitişik, birinci, birincilik, bildiriş, qirrik (darqursaqlıq), qizlin, qizlinlik, dilim, dikilmek, qiriş, şindi, tikinçi (tikintiçi) və s.

Qaqauz dilində i-i sırasına aid aşağıdakı kimi nümunələri misal göstərmək olar: iilik (yaxşılıq), iit (igid), kişilik, pişirim (bişirim), dikili (tikili), dikiş, dikindi (tikinti), dilim, dilli, dilsiz (lal), dinclik və s.

İ-i sırası üzrə dillərarası variantların mövcudluğu bu dillərin hamısında nitq prosesinin eyni cür təsir göstərə bilməməsi ilə bağlıdır. Belə bir sıranın mümkünlüyü, əlbəttəki dillərin arasında tam bir norma uyğunluğu yaranmasına səbəb ola bilərdi. Lakin nitqin fəallığı hər bir dilin özünəməxsus normasının yaranmasına təsir göstərdiyi üçün dillərarası variantlığın baş verməsi də mümkün bir hadisəyə çevrilmişdir.

Beləliklə i-i sırası üzrə dillərarası fərqin mənzərəsi Azərbaycan dili ilə müqayisədə aşağıdakı nümunələrdən müşahidə edildiyi kimidir: işit (türk), eşit (Azərb.), tilki (türk), tülkü (Azərb.), çizilmiş (türk), cızılmış (Azərb.), gidiş (türk), gediş (Azərb.), diyim (türk), geyim (Azərb.); bitin (türkm.), bütün (Azərb.), bitinlik (türkm.), bütünlük (Azərb.), qiçki (türkm.), gecəki (Azərb.), qitqir (türkm.), gedən (Azərb.), diqir-diqir (türkm.), düyür-düyür (Azərb.), qidiş (türkm.), gediş (Azərb.), tilki (türkm.), tülkü (Azərb.); dizici (qaq.), düzücü (Azərb.), dişş (qaq.), dəyiş (Azərb.), indir (qaq.), endir (Azərb.), iiri (qaq.), əyri (Azərb.), qiiniş (qaq.), geyim (Azərb.), qicik (türkm.), qıcıq (Azərb.) və s.

Dilönü saitlərin bir-birini izləməsi prinsipi üzrə i saitindən sonra e saitinin işlənməsi də tarazlaşmaya daxil ola bilər. Lakin Azərbaycan dilində sözün ikinci hecasında e tələffüzü nitqin asanlaşma tələbi ilə uyuşmadığına görə bu dildə belə bir daimi və ümumi norma yaranmamışdır. Mövcud olan izlənmə sırası isə lokal xarakterlidir: biler, diriler, bişirer, itirer, ister, tiker [55].

Türk, türkmən və qaqauz dillərində isə müvafiq qaydada i-e sırasının tarazlaşaraq norma yaratması faktlarına rast gəlmək olur. Hərçənd, həmin dillərə aid sıralanmaların Azərbaycan dili ilə müqayisədə müvafiq variantları müşahidə edilir. Bu cür variantlara dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: biçmek (türk), biçmək (Azərb.), bilek (türk), bilək (Azərb.), bilerzik (türk), bilərzik (Azərb), çiçek (türk), çiçək (Azərb.), çiğnemek (türk), çiynəmək (Azərb.), dilenci (türk), dilənçi (Azərb.), dirsek (türk), dirsək (Azərb), qider (türk), gedər (Azərb.), giymek (türkm.), giymək (Azərb.), ileri (türk), irəli (Azərb.), içeri (türk), içəri (Azərb.); birden (türkm.), birdən (Azərb.), diymek (türkm.), demək (Azərb.), dişlek (türkm.), dişlək (Azərb.), inçe (türkm.), incə (Azərb.), içeri (türkm.), içəri (Azərb.); biber (qaq.), bibər (Azərb.), birleş (qaq.), birləş (Azərb.), izleme (qaq.), izləmə (Azərb.), inek (qaq.), inək (Azərb.), istek (qaq.), istək (Azərb.), siyrek (qaq.), seyrək (Azərb.), çiçek (qaq.), çiçək (Azərb.) və s.

Dilönü saitlərin sırasında i-ə ardıcıllığı daha çox Azərbaycan dilinə məxsusdur. Türk dilində ə saiti ikinci hecada ümumi norma olmadığı üçün bu dildə i-ə sırası inkişaf etməmişdir. Türkmən və qaqauz dillərində isə ikinci hecada bəzi sözlərin tələffüzündə ə səsi iştirak etdiyinə görə həmin dillərdə qismən də olsa i-ə sırasına rast gəlmək olur.

Azərbaycan dilində i-ə sırası tam sərbəst bir normadır. Saitlərin bu sırasını Azərbaycan dilinə aid aşağıdakı kimi sözlərdə müşahidə etmək olur: inək, ipək, çiçək, çisək, bilək, dirək, dirsək, dilək, işlək, dişlək, iynə, itələmək, çimmək və s.

Türkmən və qaqauz dillərində isə i-ə sırasına aid aşağıdakı kimi nümunələri misal göstərmək olar: bilyər (türkm.) bilər, ikilən-üçlən (türkm.) ikilən (üçlən), ikicək (türkm.) qoşa, işdəsiz (türkm.) meylsiz və s. Diişmə (qaq.) dəyişmə, iməə (qaq.) yemək, pinməə (qaq.) minmək və s.

Dilönü saitlərin sırasında nitq aktivliyi i-ö sırasının baş verməsinə zəmin yaratmamışdır. Çünki nitqin asanlaşdırıcılıq prinsipi i-ö sırasında tələffüz çətinliyi ilə üzləşir. Ona görə də Oğuz qrupuna daxil olan dillərin heç birində, o cümlədən Azərbaycan dilində i-ö sırası normalaşa bilməmişdir.




Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin