Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə20/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
U saitinin sırası

Oğuz dillərində u saitinin sırası da intensivdir. U saiti dilarxası saitlərin sırasında başqa saitlərlə uyuşma və ardıcıllıq norması yaratmaq baxımından açıq dodaq o saitindən heç də geridə qalmır. Əksinə, qapalı dodaq saitinin ilk hecada işlədilməsi ikinci hecada başqa dilarxası saitlərin işlənməsini asanlaşdırır. Buna görə də Oğuz dillərində u saiti ikinci hecada iştirak edən u saiti ilə, açıq damaq a saiti ilə, qismən də o saiti ilə tarazlaşma yarada bilir. U saitinin ikinci hecada ı saiti ilə tarazlaşmasına və ardıcıllıq sırası yarada bilməsinə gəlincə onu demək lazımdır ki, belə bir sıra Oğuz dilləri üçün kütləvi və ümumi xarakter daşıya bilmir. Çünki qapalı dodaq u saitindən sonra qapalı damaq ı saitinin işlənməsi nitqin asanlaşdırıcılıq prinsipinə uyğun gəlmir. Lakin türkmən dilində u-ı sırasının müəyyən sözlərdə işlədilib norma yaratmasına təsadüf etmək olur. U sırasına, həmçinin Azərbaycan dilinin lokal nitq ərazilərində rast gəlmək olur. Bu hal onu söyləməyə əsas verir ki, ümumi nitq norması üzrə tarazlaşmasında məhdudiyyət olan o-ı sırası tamamilə sərbəst danışıq prosesində yaranmış bir variantdır. Aydındır ki, dil daim yeni informasiyalar üçün yeni forma axtarışında olur və bu halda bütün struktur “buxovlardan” o cümlədən, hətta, səslərin sıra ardıcıllığında n da kənara çıxmalarda bir zəruriyyət yaranır. Ancaq aqlütinativ dillərdə, o cümlədən, türkmən dilində şəkilçilərin söz sonuna qoşulub hər hansı bir yeni funksiyanı yerinə yetirməsində elə bir ciddi məhdudiyyət yoxdur. Odur ki, türkmən dilində, o cümlədən, yerli areal nitqində u-ı sırasının baş verməsini yalnız nitq sərbəstliyin nəticəsi kimi qəbul etmək olar. Məlum məsələdir ki, nitq daim öz aktivliyi ilə dil strukturuna təsir göstərməyə və onun hüdudlarını dəyişməyə meyllidir. Lakin dil strukturları daim nitq fəaliyyətinin informasiya funksiyasında stabillik yaranmasının təməli olduğu üçün həm də nitq mədəniyyətinin formalaşmasının bünövrəsidir. Odur ki, nitq prosesinin özü nə qədər aktivliyə malik olsa da onun norma baxımından tənzim olunması informasiyaların keyfiyyətliliyi üçün bir zərurətə çevrilir. Olur ki, nitq sərbəstliyinə daim pozitiv hadisə kimi yanaşmaq da dildə sabitliyin qorunması baxımından düzgün sayılmaz. Nitq mədəniyyətinin borcu bilavasitə informasiyaların keyfiyyətini canlandırmaqla dil strukturunun təhlükəsizliyini qorumaqdan ibarətdir.

Beləliklə, Oğuz qrupu dillərində u saitinin ilk hecada işlənməsi ilə baş verən tarazlaşmaya görə normalaşma mənzərəsini aşağıdakı kimi dil vahidlərinin nümunəsində görmək olur.

U səsinin u səsini izləməsi

U səsinin u səsini izləməsi Oğuz dillərinin hamısı üçün ümumi səciyyəli hadisədir. Ancaq bəzi hallarda u-u sırasının dillərarası müvafiq variantlarının mövcud olması da müşahidə edilir.

Azərbaycan dilində səslərin u-u sırasını aşağıdakı kimi nümunələrdə görmək olur: uğur, uçuq, uduş, udum, uyuş, quru, qutu, quyruq, quzu, duru, duzlu, duyum, bulud, buruq, buyruq, buynuz və s.

Türk dilində u-u sırasına aid aşağıdakı kimi nümunələri misal göstərmək olar: bulut, bulutlu, kuru, kuzu, vulucu, bulıt, buluş, çukur, çukurcuk, duru, durum, duyğu, uçurum, ucuz, pulu, pusu və s.

Türkmən dilində u-u sırasının aşağıdakı sözlərdə işləndiyi müşahidə edilir: buyurık, buldurmak, bulut, bulutlu, buruk, burun, çunnur, çuxurluk, çukur, çulum, qurğun, quruluş, qutluk, quyruk və s.

Qaqauz dilində u-u sırası aşağıdakı kimidir: buynuz, buyur, bulqur (yarma), bulut, burun, buruk, buçuk, buru (duman), ququş (göyərçin), duyqu, kuyruk, kuyu,sucu (kolbasa), sulu, surğuq və s.

Azərbaycan dilindəki bəzi u-u sırası Oğuz qrupu dillərində fərqli variantlarda formalaşmışdır. Həmin dillərdəki u-u sırasının bəzilərinin isə Azərbaycan dilində başqa fərqli variantları vardır. Məsələn, Azərbaycan dilindəki buynuz, muncuq sözlərinin türk dilində boynuz, moncuq variantları olduğu kimi, türkmən dilindəki buldur-buldur sözünün Azərbaycan dilində bıldır-bildır (göz yaşı tökmək), Türkmən dilindəki çıbık sözünün isə Azərbaycan dilində çubuk variantı vardır.

Qaqauz dilindəki u-u sırası üzrə normalaşmış buulu, surtuk, suun sözləri isə müvafiq formada, Azərbaycan dilindəki boğulu, sirtov, soyuq variantlarında ifadə olunur.

Nitq sərbəstliyi ilə ifadə olunan bu cür variantlara lokal danışıq şivələrində də rast gəlmək olur: umud (ümid), yulquç (ülgüc) [107, s. 8-14], yuqurmax (yüyürmək), bıynız (buynuz), bırın (burun) və s. [89, s. 7].

Bu cür ümumnitq normalarından kənara çıxmaq halları, əlbətdəki çox deyildir. Ona görə də hər bir dilin vahid və sabit normalarının tətbiq edilməsi belə kənaraçıxmaların qarşısında məhdudiyyət yaradılması baxımından xüsusi bir əhəmiyyət daşıyır.


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin