Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini həmin dillərin mənəvi mədəniyyət leksikası təşkil edir. Tədqiqatın predmetini isə qədim və müasir oğuz qrupu türk dilləri əhatə edir.
Tədqiqatın məqsəd və vəzifələri. Qədim dövrdən müasir dövrə qədər böyük bir zaman kəsiyində türk xalqının dini, mifoloji düşüncəsini, inanc sistemini, dünyagörüşünü, gündəlik həyat tərzini-yaşayışını özündə ehtiva edən mənəvi mədəniyyət leksikasının tədqiqi həmin dillərin öyrənilməsi üçün ən əsas amillərdəndir. Tədqiqatın məqsədi həmin dillərin mənəvi mədəniyyət leksikasının müəyyən tematik qruplar üzrə etimoloji, leksik-semantik təhlilə cəlb edilməsi, yaranma mənbələrinin aşkar edilməsi, oxşar və fərqli əlamətlərinin, o cümlədən ekvivalentlərinin sistemli şəkildə araşdırılmasıdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
– Türkoloji dilçilikdə ayrılıqda mənəvi mədəniyyət leksikasının, bütövlükdә isә etnolinqvistikanın tədqiqi məsələlərini araşdırmaq;
– Oğuz qrupu türk dillərinin mənəvi mədəniyyət leksikasını sistemli olaraq komponentlәrinә görә müqayisəli-tarixi aspektdə tədqiqata cəlb etmək;
– Mənəvi mədəniyyət leksikasının etimoloji təhlilinə əsaslanaraq tarixi-semasioloji təkamülünü dəqiqləşdirmək;
– Mənəvi mədəniyyət leksikasının formalaşma və keçdiyi inkişaf mərhələlərini aşkar etmək;
– Oğuz qrupu türk dillərinin mənəvi mədəniyyət leksikasının qədim yazılı abidələrin dilində, o cümlədən də müasir türk dillərinin dialektlərində izlərini müəyyənləşdirmək;
– Oğuz qrupu türk dillərinin mənəvi mədəniyyət leksikasını tematik xüsusiyyətlərinə görə qruplaşdırıb leksik-semantik baxımdan təhlil etmək;
– Ekstralinqvistik və sosiolinqvistik amillərin mənəvi mədəniyyət leksikasına təsirini, yaranma mənbələrini təhlilə cəlb etmək;