Tədqiqatın elmi yeniliyi. Dissertasiya işində ilk dəfə olaraq Oğuz qrupu türk dillərinin lüğət tərkibinin böyük bir hissəsini təşkil edən mənəvi mədəniyyət leksikası müəyyən tematik qruplara bölünərək kompleks şəkildə tədqiqata cəlb olunmuşdur. Tədqiqat zamanı toplanmış leksik vahidlərin həm qohum, həm də digər türk dillərində işlənən fonetik variantları müəyyən edilmiş, onlar struktur-semantik cəhətdən qruplaşdırılaraq tarixi, semasioloji, etimoloji və etnolinqvistik cəhətdən təhlil olunmuşdur. Mənəvi mədəniyyət leksikası müasir Oğuz qrupu türk dillərinin lüğət tərkibi əsasında tədqiqata cəlb olunsa da, həmin leksik vahidlərin qədim türk yazılı abidələrində, o cümlədən də müasir türk dillərinin dialektlərindəki izləri də aşkarlanmış, fərqli və oxşar xüsusiyyətlər müəyyənləşdirilmişdir.