OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ DİNİ İNANC SİSTEMİ İLӘ BAĞLI LEKSİKA Bildiyimiz kimi, türk xalqları qədim zamanlardan müasir dövrə qədər bir sıra müxtəlif dinlərə inanmış və həmin dinlərin, o cümlədən dövr etibarilə sitayiş etdikləri inanc sistemlərinin qayda-qanunlarına əməl etmiş, müəyyən məqamlarda onlarda dəyişikliklər aparmış, öz həyat tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Türk xalqlarının tarixini, düşüncəsini, həyat tərzini özündə əks etdirən qədim yazılı abidələrdən məlum olur ki, türklər müəyyən tarixi mərhələlərdə Tenqriçilik (Göytanrı) dininə, təbiətlə bağlı kulta inanc sisteminə, şamanizmə, manixey, xristian dinlərinə, nəhayət, sonuncu olaraq İslam dininə inanmışlar. Oğuz türklərinin həyatında, dünyagörüşlərində qeyd etdiyimiz dini inanc sistemlərinin bəziləri tam, bəziləri isə çox cüzi şəkildə özünü əks etdirir. Qədim türk düşüncəsini, həyat tərzini, dünyagörüşünü əks etdirən bir sıra tədqiqat işləri yazılmışdır. Belə əsərlərdən biri A.İnanın 1979-cu ildə yazdığı “Eski türk dini tarihi” əsəridir. Alim bu əsərində qədim türklərin “Tanrılar panteonu”ndan geniş şəkildə bəhs edir. Türklərin dini inanc sistemində öz əksini tapan yaxşı ruhların tanrısı “Ülgən”, pis ruhların himayədarı, yeraltı dünyanın tanrısı “Erlik”, dünyaya uşaq gətirən anaların, o cümlədən dişi heyvanların himayədarı “Umay” ilahəsinin yerinə yetirdikləri funksiyaları, həmçinin müasir türk xalqlarının həyat tərzində izləri görünən müqəddəs yer, su, dağ-daş, ağac-meşə, atəş-ocaq kultlar sistemi, bütün türk xalqlarının inanc sisteminin ən qədim qatını təşkil edən şamanizm elmi şəkildə tədqiqata cəlb olunmuşdur. A.İnan “Tarihte ve bu gün Şamanizm” (1972), “Hurafeler ve menşeleri” (1962) kitablarında, “Türk şamanizmine ait” (1929), “Türk mitolojisinde ve halk edebiyatında kadın” (1926), “Türk rivayetlerinde bozkurt” (1928), “Umay ilahesi hakkında” (1928), “Yağmur duası” (1930), “Al ruhu hakkında” (1933), “Ongon ve Tös kelimeleri hakkında” (1934), “İslam türklerinde Şamanizm kalıntıları” (1943) kimi məqalələrində, A.V.Anoxindən etdiyi “Altay şamanlığına ait mevad” tərcümə əsərində türklərin qədim dini inancı ilə bağlı bir sıra məsələlərin izahını vermişdir. Görkəmli türk sosioloq Z.Gökalp türklərin həm tarixini, həm də düşüncə tərzini əks etdirən etnoqrafiyasını tədqiqata cəlb etmişdir. Alim “Türk töresi”, Türk uyqarlığı tarihi” kitablarında türklərin yerinə yetirdikləri ayin vərituallardan, yazılmayan qanunlardan-törələrdən, türk totemizmindən, dördlü simvolların türk dinindəki rolundan, türklərdə dinin inkişaf mərhələlərindən, inandıqları ruhlar sistemindən, türkün astronomik dünyagörüşünü özündə əks etdirən on iki heyvanlı təqvimindən bəhs etmişdir. Z.Gökalp türklərin qədimdən bu günə kimi qəbul etdikləri dini inanc sisteminin sosioloji və nəzəri məsələlərini aydın şəkildə təhlil edərək qədim türk dastanlarında, o cümlədən digər folklor nümunələrində həmin inancların izlərini araşdırmışdır. H.Tanyunun türklərin qədimdən bu günə kimi qəbul etdikləri inanc sistemini, həmçinin türklər üçün əsas din hesab edilən “tək Tanrı-Tanrıçılıq” dini ilə bağlı tədqiqatları “İslamlıkdan önce türklerde tek Tanrı inancı” (1980) əsərində öz əksini tapmışdır. Oğuz qrupu türk dillərinin hər birində türk dini ilə bağlı bir sıra tədqiat elmi əsərlər yazılmışdır: F.Bozkurt “Türklerin dini” (1995); S. Gömeç “Şamanizm ve eski türk dini” (1998); H. Güngör “Eski türlerde din ve düşünce”(2002), Ü.Günay. H. Güngör “Başlangıçtan günümüze Türklerin dini tarihi” (2003), H. Güngör “Türk dünyasında dini ve politik bir fenomen olarak tanrıçılık=tenqryanstvo” (2013) (Türkiyə); O. Çarıyeva “Din ve ırımlar” (1974); N.Şükürov “Dinlerin döreyişi” (türkmən); J.Hatlas, M.Zyromski “Bucaktakı Qaqauzların hayatında din” (2009)(qaqauz). Qaqauz dilinin tədqiqatçısı L.A. Pokrovskaya xristian dininə mənsub olan qaqauzların dini terminologiyasında geniş şəkildə işlənən İslam elementlərinin işlənmə arealından bəhs etmiş və xristian dinli karamanların dini leksik vahidləri ilə qaqauz dilinə məxsus leksemlərin paralelliyini vurğulamışdır [256].