1.2.4. Atalar (əcdad) kultu ilə bağlı leksemlər Göy tanrı dinində müqəddəsləşdirilmiş varlıqlar və əşyalar var idi. Xalq arasında həmin varlıqlar bir kult səciyyəsi daşıyır. Qədim türk xalqlarının dini sistemində ata ruhlarına hörmət və təzimdən ibarət olan Atalar kultu da önəmlidir. Oğuz qrupu türk dillərində atalar kultu ilə bağlı bir sıra tədqiqat işləri aparılmışdır. Belə ki, N.V. Basilyev türkmənlər tərəfindən mənəvi cəhətdən böyük gücə malik hesab olunan “türkmen-ata”, quraqlıq zamanı müəyyən qurbanlar nəticəsində yağış yağdıran “Burkut-baba” inanclarının geniş şərhini vermişdir [227, s.74].
İslamdan sonra olduğu kimi, İslamdan əvvəl də türklər atalarını müqəddəs saymış və onları müxtəlif mərasimlərlə hər zaman anmışlar. Oğuz türklərində hazırda da işlənən “məzar”, “kəsənə”, “yatır”, “türbə” kimi sözlər məhz atalar kultu ilə əlaqədar yaranmışdır. Ölən ataların, xüsusən də babaların ruhlarının geridə qalanlara yaxşılıq və pisliklər edə biləcəyinə inam, onlara qarşı minnət duyğusu Atalar kultunun əsasını təşkil edir. Demək olar ki, ölən hər bir atanın ruhu, məzarı kulta çevrilmir, yalnız hörmətli, Allah qatında qiymətləndirilən xüsusiyyətlərə sahib olan şəxslər bu mərtəbəyə yüksələ bilirlər. Fikrimizin isbatı kimi qeyd etmək istərdik ki, türk xalqlarında “Atalar kultu” ilə bərabər “ölülər kultu” da inanc obyekti olmuşdur. Bu inanca görə, insanlar öldükdən sonra da ruhları yaşayır və insanlarla olan münasibətini (yaxşı və ya pis mənada) kəsmir. Atalar kultuna görə, ölüm yaşamın bitimi deyil. Bir çox tədqiqatçıların fikrincə, Atalar kultu türk xalqları arasında ən qədim və ən köklü inanclardan biridir. Demək olar ki, Şimali və Orta Asya xalqlarının, o cümlədən Hunların əsas inanc sistemi olmuşdur. Türklər İslam dinini qəbul etdikdən sonra da Allah yanında hörməti olan insanların, övliyaların yatdıqları yerlərə gedib ziyarət edirdilər. Həmin yerlər türk xalqları arasında müxtəlif adlarla adlanmışdı: “təkkə”, “zaviyə”, “hazirə”, “məzar”, “dərgah”,“türbə” və s. “Məzar” sözü ərəb mənşəli olub “ziyarət yeri, ziyarət olunan yer” və “qəbir” mənalarını ifadə edir [32, c.1, s.70]. Müasir türk dillərinin bəzilərində “məzar” sözü “mezar”(Türk), “mazar” (qazax, özb, uyğ), “mazặr” (türkm) şəklində işlənir və yalnız “qəbir” mənasını ifadə edir [170, s.588]. “Təkkə” ifadəsi ərəb mənşəli “təkyə” sözünün fonetik cəhətdən dəyişilmiş formasıdır. “Təkyə” ərəbcə “söykənmə, istinad etmə” mənasını ifadə edir [32, c.1, s.366]. Oğuz qrupu türk dillərinin bəzilərində bu sözdən yaranmış “təkyəgah//təkyəgəh” ifadəsi də işlənir ki, bu da “söykənəcək yer, istinadgah”, “dərvişlərin, müridlərin toplandıqları və ibadətlə məşğul olduqları yer” və “şiələrin Məhərrəmlik mərasimi keçirdikləri yer” mənalarını ifadə edir [32, c.1, s.366]. “Təkkə” mənasında Azərbaycan dilində “dərviş evi”, türkmən dilində “derviş öyi”, qırğız dilində “derbiş üyü”, qazax dilində “dӓriviş üyi”, başqırd dilində “dӓrviştӓr yӓşӓy torğan urın”, tatar dilində “dӓrvişlӓr yaşı torğan urın”, özbək dilində “hanӓkah”, uyğur dilində isə “hanika” ifadələri işlənir [170, s.866]. “Dərgah” sözü “təkkə” sözü ilə eyni mənanı, “zaviyə” isə “bucaq, guşə, künc, tin” [32, s. 447] mənalarını ifadə edir.
Türk dini tarixində çox tanrılığa rast gəlinmir. Qədim oğuz türkləri müəyyən zaman kəsiyində bir sıra maddi əşyaları müqəddəsləşdirib onlara tapınsalar da, heç bir zaman tək tanrını unutmamışlar. Türklərin din tarixinə nəzər yetirsək, xalq içərisində inanc mənbəyinə çevrilən kultların heç bir zaman Tanrı səviyyəsinə yüksələ bilmədiyinin şahidi olarıq. Kulta inanc məhz qədim insanın təbiətə olan ibtidai münasibətinin göstəricisidir.