Dövriyyə vəsaitlərinin yaranma mənbələri
Dövriyyə vəsaitləri yaranma mənbələrindən asılı olaraq xüsusi, borc və cəlb olunmuşlara bölünür.
Xüsusi dövriyyə vəsaitləri nizamnamə (bölünməz) kapitalına aiddir. Bundan əlavə onlar şərti olaraq xüsusi vəsaitlərə bərabərləşdirilən mənbələr hesabına, daha doğrusu möhkəm passivlər hesabına da yaradılır. Xüsusi dövriyyə vəsaitlərinin mənbəyi balansın passiv tərəfində birinci bölmədə əks olunur.
Xüsusi dövriyyə vəsaitlərinin mənbəyinə – dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmiş mənfəətdən (xalis gəlirdən) ayırmalar, həmçinin dövriyyə vəsaitlərini artıran digər daxilolmalar, əsas vəsaitlərin ləğv edilməsindən daxil olan material qiymətlilərin dəyəri, iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fondların vəsaitləri, dövriyyə vəsaitlərinin tamamlanmasına yönəldilən məqsədli maliyyələşmələr və s. aiddir.
Möhkəm passivlərə təsərrüfatın dövriyyəsində fəaliyyətdə olan aşağıdakı vəsaitlər aiddir: əmək haqqı üzrə minimum borclar, sosial sığortaya ayırmalar üzrə minimum borclar, qarşıdakı xərclərə və ödəmələrə ehtiyatlar, təsərrüfat üsulu ilə yerinə yetirilən əsaslı təmir üçün material ehtiyatlarının yaradılmasına ayırmalar, dövriyyə vəsaitlərinin tamamlanması üçün müvəqqəti istifadə edilən vəsait, müvəqqəti sərbəst olan iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fond vəsaitləri.
Borc dövriyyə vəsaitinə – əsasən kreditlər, cəlb olunan – resurslara isə malgöndərənlərə borc və s. kreditorlar, maliyyə orqanlarına borc və s. aiddir.
Dostları ilə paylaş: |