Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


Debitor borcunun idarə edilməsi



Yüklə 362 Kb.
səhifə18/28
tarix31.12.2021
ölçüsü362 Kb.
#112389
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
91653725-Maliyyə-menecmenti

Debitor borcunun idarə edilməsi – debitorlar öz vəzifələrini yerinə yetirərkən əlavə mənfəət əldə edilməsinə yönəlmiş müəssisənin debitor borcunun formalaşması və onun vəziyyətinə nəzarətlə bağlı tədbirlər kompleksidir. Müəssisə öz məhsulunu kreditlə satdıqda və ya resursları tədarük edənlərə avans ödədikdə debitor borcu yaranır. Debitor borcunun idarə edilməsi beş ardıcıl mərhələdən ibarətdir.

Birinci mərhələ – müəssisənin öz məhsullarını satması və malgöndərənlərin məhsullarını alması üçün normal şərtlər müəyyən etməsi. Bu mərhələdə debitor borcunun idarə edilməsi üzrə menecerlər yüklənib yola salınmış məhsulun haqqının ödənilmə dövrünün uzunluğu və alıcının faktiki olaraq kreditləşməsinə görə qiymət əlavəsinin məbləği barədə qərar qəbul etməlidirlər. İnkişaf etmiş ölkələrdə əksər sahələrdə bu şərtlər standartlaşdırılmışdır, Azərbaycanda isə bu proses hələlik rüşeym halındadır.

İkinci mərhələ – hər bir alıcının kredit qabiliyyətinin qiymətləndirilməsi. Alıcı barədə informasiya mənbələri çox müxtəlifdir – satıcının özünün iş təcrübəsi, başqa borcverənlərin təcrübəsi, kredit agentliyinin qiymətləndirməsi, alıcının bankda yoxlanması, onun qiymətli kağızlarının bazar qiyməti, alıcının maliyyə hesabatının təhlili. Böyük həcmli kredit informasiyası ilə işləyən müəssisələr adətən müxtəlif informasiya mənbələrini birləşdirir, bu məqsədlə sərhəd vəziyyətlərini aşkar hallardan fərqləndirməyə imkan verən formal kredit qiymətləndirmə sistemlərindən istifadə edirlər.

Debitor borcunun idarə edilməsinin üçüncü mərhələsi – alıcı ilə müqavilə formasının müəyyən edilməsidir. Satışların ən riskli forması açıq hesab üzrə satışlardır. Bu halda malgöndərənlə alıcı arasında müqavilə bağlanmır, alıcının satıcıya pul borclu olmasını təsdiqləyən yeganə amil isə satıcının mühasibat kitabındakı qeyd və alıcı tərəfindən hesablanmış qaimə və hesabdır. Buna görə də kontrakt etikası normalarının təsərrüfat həyatında imperativə çevrilmədiyi şəraitdə daha ətraflı və formallaşdırılmış müqavilələr tərtib etmək zəruridir. İnkişaf etmiş ölkələrdə, eləcə də beynəlxalq ticarətdə debitor borcunun idarə edilməsi vasitələri kimi kommersiya vekselindən, akseptləşdirilmiş ticarət vekselindən və akkreditivdən istifadə edilir. Kommersiya vekseli aşağıdakı qaydada tətbiq edilir. Satıcı alıcının əmtəənin haqqını ödəməyə borclu olması barədə veksel tərtib edir və onu malın yüklənib yola salınması barədə sənədlərlə birlikdə alıcının bankına göndərir. Əgər ödəniş dərhal icra edilərsə, bu cür veksel təqdim ediləndə dərhal ödənilən təqdim edənə köçürmə vekseli hesab olunur. Əks halda həmin veksel müəyyən müddətdən sonra ödənilən müddətli köçürmə veksel hesab edilir. Vekselin təqdim edilən və ya müddətli olmasından asılı olaraq alıcı ya ödənişi həyata keçirir, ya da vekselin üzərinə “akseptləşdirilmişdir” (“qəbul edilmişdir”) sözünü və öz imzasını əlavə etməklə borcu qəbul edir. Bundan sonra bank malın yüklənib yola salınması barədə sənədləri alıcıya, pulu və ya akseptləşdirilmiş ticarət vekselini isə satıcıya verir. Satıcı akseptləşdirilmiş ticarət vekselini ödənilmə tarixinə qədər saxlaya bilər və ya ondan borcun təminatı kimi istifadə edə bilər.

Alıcının tədiyyə qabiliyyətinə daha yüksək dərəcədə əmin olmaq istəyən ixracatçı alıcının özündən və ya onun bankından geri çağırıla bilməyən akkreditiv rəsmiləşdirilməsini xahiş edə bilər. Bu halda bank ixracatçıya bildiriş göndərir ki, ixracatçının bankında onun xeyrinə kredit açılmışdır. Bundan sonra ixracatçı alıcının bankının adına köçürmə veksel tərtib edir və onu akkreditiv və yükün göndərilməsi haqda sənədlərlə birlikdə öz bankına təqdim edir. İxracatçının bankı vekselin akseptləşdirilməsini və ya pulun ödənilməsini təşkil edir və sənədləri alıcının bankına göndərir.

Alıcının kredit qabiliyyəti qiymətləndirildikdən və onunla müqavilə forması müəyyən edildikdən sonra onun kreditinin “əsas” limitlərini təyin etmək lazımdır. Bu halda yadda saxlamaq lazımdır ki, menecerin debitor borcunun idarə edilməsi üzrə işi şübhəli borcların sayını minimuma endirməkdən ibarət deyil, mənfəəti maksimallaşdırmaqdan ibarətdir. Bu, o deməkdir ki, ödəniş ehtimalının gözlənilən mənfəətə hasili ödənişin olmaması ehtimalının əmtəələrin maya dəyərinə hasilindən çox olduqda menecer alıcının kredit limitlərini artırmalıdır. Buna görə də çox vaxt kredit üçün sifariş verən şəxsin daimi və etibarlı alıcıya çevrilməsi ehtimalı olduqda “sərhəd vəziyyətində” olan sifarişçiləri qəbul etmək məsləhətdir.

Nəhayət, debitor borcunun idarə edilməsinin sonuncu, beşinci mərhələsi debitorların öz borclarını ödəmək öhdəliklərini yerinə yetirmələrinə nəzarətdən ibarətdir.


Yüklə 362 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin