Terminologiya məsələləri. Bakı, Elm, 2015, 172 səh. ISBN 5-8066-1711-4
460200000
655(07)-2015 Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, 5-ci mərtəbə, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu,“Terminologiya məsələləri”. əlaqə: 510-20-56; http://www.terminologiya.org; e-mail: sayalisadigova@ yahoo.com.
Müasir cəmiyyətdə elmlər ümumi xarakter kəsb etməklə müxtəlif sahələrə bölünür. Onları ayıran və elmlərin bu şəkildə bölünməsinə səbəb olan amillər, həmçinin onların hər birinə məxsus olan anlayışlar sisteminin formalaşması elm sahələrində müəyyən terminlər sisteminin yaranmasına səbəb olur. Ayrı-ayrı bilik sahələrinə aid terminlərə xas olan xüsusiyyətlərin ümumi cəhətləri xüsusi olaraq, yəni müstəqil şəkildə onların öyrənilməsini tələb edir.
Müasir dövrdə yeni nəzəri baxışların, konsepsiyaların inkişafı, inteqrasiya, qarşılıqlı əlaqələrin güclənməsi elm sahələrində terminoloji bazanın dinamikliyinə təsir göstərir. Cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsiri nəticəsində leksikanın əsasını təşkil edən terminologiya dəyişir, yeniləşir. Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz olaraq dəyişməsini və inkişafını şərtləndirir. Cəmiyyətdə baş verən yeniliklər ictimai hadisə olan dildə əks olunur. Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan problemlərdən başlıcasi da terminologiyada baş verən dəyişiklikləri nəzərə alaraq, onun inkişafını düzgün istiqamətləndirməkdir. Son illər cəmiyyətdə sürətlə gedən inkişaf yeni biliklərə qısa zamanda yiyələnməyi tələb edir. Elm və texnikanın inkişafı, ona uyğun yeni sahələrin, istiqamətlərin yaranması, elmin müxtəlif sahələrinin bir-birinə qovuşması, yeni terminlərin və anlayışların yaranmasına səbəb olur. Ona görə də bu sahələri əhatə edən, müasir elm və texnikanın tələblərinə cavab verən lüğətlərin və ensiklopediyaların nəşri zamanın tələbatına çevrilmişdir. Bütün bu vəzifələrin həll edilməsi sürətlə qloballaşan, bütövləşən bəşəri elmi-texniki areala qovuşan Azərbaycan elminin və elmi dilinin inkişafının tənzimlənməsində mühüm addımdır. Bu baxımdan terminologiyanın aktual problemlərini həll etmək, baş verən dəyişiklikləri nizama salmaq qarşıda duran ən vacib problemlərdəndir.