Yanığın patofiziologiyası. Temperaturun aşağı olması, hüceyrə zədələnməsinə, yuxarı olması isə koaqulyasion nekroz ilə hüceyrənin ölümünə səbəb olur. Dəri və dərialtı toxumanın zədələnməsi yanmış toxumanın miqdarı ilə bilavasitə əlaqəli olub, bədəndəki hər hansı bir sistemə birincili və ya ikincili patofizioloji təsir göstərir.
Yanıq şokunu əmələ gətirən və erkən yanıq dövründə müşahidə olunan orqan hipoperfuziyasını yaradan təsirlər aşağıdakılardır:
Kapillyar nüfuz etmənin artması (bu interstisial ödemlə nəticələnir).
Əzələ hüceyrəsində maye toplanması.
Dəri-maye baryerinin destruksiyası nəticəsində mayenin buxarlanması.
İlk termiki təmas nəticəsində eritrositlərin destruksiyası (8-15 %).
Yanıq zamanı şok qan dövranındakı həcmin azalması ilə əlaqədardır (hipovolemik şok). Bu, hemorragik şokdan eritrosit itkisinin daha az olması ilə fərqlənir. Ödem inkişaf edib maye itkisi artdıqca periferik rezistentlik artır, daxili orqanlarda vazokonstruksiya yaranır və qastrointestinal sistemdən maye xaric olur. Xəstə ilk saatlarda şiddətli susuzluq hiss edir. Hipovolemiyayla əlaqədar olaraq böyrək dövranının azalması nəticəsində oliqouriya, plazma itkisiylə əlaqədar hematokritin artması müşahidə olunur.
Başlanğıcda böyük həcmdə maye itkisi onun interstisial sahəyə keçməsilə baş verir. Bədənin 30%-nə qədər olan yanıqlarda yanıq nahiyəsində ödem məhdud olur, lakin daha böyük yanıqlarda ekstrasellulyar maye yanıq olmayan nahiyələr də daxil olmaqla bütün bədən toxumalarında toplanır. Prosesi başladan mexanizm məlum olmasa da, kapillyar nüfuz etmənin artması, beləliklə də plazma möhtəviyyatından moleku kütləsi 350.000-dən çox olan fibrinlərin də damar divarında interstisial sahəyə keçməsilə ödem inkişaf edir. Ödem mayesindəki protein və albumin miqdarlarının plazmadakı ilə eyni miqdarda olduğu müəyyən edilmişdir. Damarlardakı bu ilk itki erkən bir neçə saat çox nəzərə çarpır, təxminən 12 saata bərpa başlanır. Kapillyar bərpa klinik olaraq 24-48 saat müddətində başa çatır.
Epidermisin sıradan çıxması su buxarlanmasına qarşı bədənin ən təsirli baryerini aradan götürür. Bu, yanıq olan şəxsdə maye itkisinin əsas səbəblərindən biridir. Bu, təkcə kəskin mərhələdə deyil, eyni zamanda bərpadan sonrakı ilk 48 saatdan sonrakı dövrdə də təsirlidir.
Ödem yaranmasında, həmçinin histamin, bradikinin və denaturasiya kollagenin miqdarının artması kimi faktorların da təsiri var. Eyni zamanda normal hüceyrələrdə suyun toplanması da uzun müddətli ödem yaranmasında rol oynayır.
Yanıqdan dərhal sonrakı dövrdə pulmonar vaskulyar müqavimət artır. Bu müqavimət periferik müqavimətdən daha uzun müddət davam edir. Bu mexanizmlə böyük həcmdə maye yerdəyişməsi olduğuna görə, bərpa dövründə ağciyər ödemi çox nadir hallarda müşahidə olunur.
Yanıq olan xəstədə böyrək tərəfindən dəyişikliklər adətən kardiovaskulyar sistemdəki dəyişiklikləri əks etdirərək oliqouriya, azalmış qlomerulyar filtrasiya və azalmış qan təchizatının göstəricisidir. Kəskin böyrək çatışmazlığı həmçinin, yüksək voltlu elektrik yanıqlarında qan dövranina yüksək konsentrasiyalı hemoxromogenlərin, yaxud əzilmə zədələnmələrində olduğu kimi mioqlobinlərin keçməsi ilə əlaqədar olaraq meydana çıxır. Bu cür hallarda çox vaxt profilaktik antibiotik təbiqi lazım olur.
Su-elektrolit balansının pozulması və sepsisin bütün bədəni əhatə edən təsirləri yeni fizioloji pozulmalar da əlavə edərək yanığın bütün müalicəsi müddətində həyati təhlükə yaradan ağırlaşmaların rastgəlmə tezliyini artırır.
Dostları ilə paylaş: |