Orqanların ayrılmasında müşahidə olunan anomaliyalar: Sinostozlar - sümük strukturlarının üfüqi və şaquli müstəvidə ayrılmasında müşahidə olunan çatışmazlıqlar. Ən çox əl sümüklərində - aypara və üçbucaq sümüklər arasında müşahidə olunur.
Mil başı çıxığı. Travmadan fərqləndirmək lazımdır. Adətən, ikitərəfli olub, ailəvi xarakterlidir.
Simfalangia - falanqalarda sümük uc-uca birləşməsidir. Klinik olaraq rigid barmaq da deyilir.
Sindaktiliya - iki qonşu barmaq arasında bitişmənin olmasıdır. Tam və ya natamam ola bilər, həmçinin sadə və ya kompleks şəkildə də müşahidə olunur. Təqribən 200 doğuşdan birində rast gəlinir. Polidaktiliya ilə birlikdə ən çox rast gəlinən əl anomaliyasıdır. Ən çox üçüncü və dördüncü barmaqlar arasında müşahidə olunur. Xəstələrin 50%-də bilateral və adətən, simmetrik olur. 10% hallarda ailəvi xarakterlidir. Akrosindaktiliya, simbraxidaktiliya, əl hipoplaziyası, yarıq əl, Poland sindromu, Apert sindromu ilə birlikdə müşahidə olunur. Əməliyyatı ən tez 18 aylığında etmək məqsədəuyğundur. İdeal yaş 3-4 yaş arasındadır. Müalicədə Z-plastika və qreftləmə aparılır.
Kontrakturalar:
Yumşaq toxuma kontrakturaları:
Artroqripoz – oynağın bükülmüş halda sabit qalmasıdır (inadkar oynaq kontrakturası).
Dirsək qanadı - dirsək büküşü nahiyəsində zar əmələ gəlir.
Ulnar deviasiya (wind blown hand) - baş və digər barmaqlar ulnar istiqamətdə əyilmişdir. MF və PİF oynaqlarında fleksiya, barmaqlarda hissəvi zar ilə əl kubok formasındadır.
Sıxılmış baş barmaq (clasped thumb) - baş barmağın anadangəlmə fleksiyon və adduksiyon deformasiyasıdır.
Sümüklə əlaqəli kontrakturalar:
Klinodaktiliya (bent finger) - barmaqların radial və ya ulnar istiqamətdə bucaqşəklində əyilməsidir.
Delta falanqası - ən çox baş barmağın proksimal falanqasında müşahidə olunur. Üçbucaq və ya oval formalıdır. Epifiz şaquli istiqamətdə C-şəklində orientasiya olunur.