Flebin qüsura yaxın və ya uzaq olmasına görə təsnifat:
Lokal fleblər: Defektə bitişik planlaşdırlar. Adətən, akseptor sahə ilə rəng, struktur, tərkibində tük olması və qalınlıq cəhətdən eyni xüsusiyyətlərə malikdirlər. Bu cür fleblərin uzaq fleblərə nisbətən daha az operativ mərhələyə və daha qısa hospitalizasiya müddətinə malik olması üstün cəhətləridir. Xüsusilə, elastik dərili yaşlı xəstələrdə lokal fleblər çox uyğundur. Bunlar iki qrupa bölünür:
Əsas nöqtə ətrafında rotasiya edən fleblər: Bu cür fleblərin hamısında flebin ətrafında dönmə hərəkəti edə bildiyi bir nöqtə və qövs vardır. Bu flebin diametri flebdəki gərilmənin ən çox olduğu xətdir.
Rotasiya edən fleb. Fleb dairəvi hərəkətlə rotasiya edir. Birincili qüsur ilə birlikdə yarım dairə yaradacaq formada hazırlanır. Qüsur üçbucaq formalıdır. Bu üçbucaq nə qədər kiçik olsa, qüsuru bağlayacaq flebin rotasiyası o qədər az olur. Rotasiyadan sonra fleb yerinə tikildikdə tikiş xəttinin iki tərəfində gərilmə fərqi olacaq. Bu fərqin bütün tikiş xətti boyu bir formalı yayılması ideal formadır. Fleb dairəsi böyüdükcə tikiş xətti uzanır, bu səbəbdən də gərilmə fərqinin yayıldığı xətt nə qədər uzanırsa, onun hər hansı bir nöqtəsindəki gərilmə fərqi o qədər azalacaqdır. Rotasiya edən flebin uğurlu nəticəsi böyük ölçülü toxumanın elastikliyindən asılıdır. Rotasion fleblərdə, adətən, ikincili qüsur yaranmır.
Diametri boyu gərginliyi çox olan fleblərdə, fleb boyu əsas nöqtədən qısa bir “back cut” edilərək sərbəstləşdirmək mümkündür. Flebdə gərilmənin ən çox olduğu xətt boyu dəridə avazıma varsa, gərilmə səthdədir. Bu avazıma xəttinə perpendikulyar olaraq mərkəzində nazik bir kəsik aparılaraq gərilmə aradan qaldırılır. Kəsik dermaya penetrasiya olunmalıdır. Rotasion, transpozision və interpolasion fleblərdə əsas nöqtədə köpək qulağı (dog ear, pig ear) yarana bilər. Bunlar, adətən, bir neçə ay müddətində öz-özünə itir.
Transpozision fleb. Dördbucaqlı formada dəri-dərialtı toxumadan yaranır. Özünə bitişik olan qüsuru bağlamaq üçün lateral istiqamətdə hərəkət edirlər. Bu cür fleblər əsas nöqtələri ətrafında nə qədər çox rotasia etsələr, effektləri bir o qədər azalır.
Flebi verən donor sahə bilavasitə tikiş dəri qrefti və ya ilkin flebə perpendikulyar bucaq altında ikincili bir fleblə bağlana bilər. Sonuncu üsul ilkin və ikincili fleblər yumşaq dərili sahələrdə planlaşdırıldıqda aparıla bilər. Bu metoda bilop fleblər misaldır. Bilop fleblər, ikincili fleb qüsurunun bilavasitə bağlanmasına imkan verən yumşaq dərili sahələrdə istifadə olunur. Məsələn, qaşarası nahiyə, göz qapaqlarının lateral hissəsi. Z-plastika hər biri digərinin qoyduğu qüsura rotasiya edilən iki bitişik üçbucaq flebdən ibarətdir.
“Limberg fleb” (romboid fleb) başqa bir transpozisyon fleb növüdür. Bu da yumşaq dərili sahələrdə istifadə oluna bilər. 60O və 120O-lik romboid qüsurların bağlanmasına uyğundur. “Dufourmental fleb” 90O-yə qədər romboid qüsurların bağlanmasında istifadə olunan bir flebdir. Dəri kəsikləri işləmi də tərkibinə daxil olduğu üçün daha kompleksdir. Fleb götürüldükdən sonra fleb və yatağında yaxşı hemostaz aparılması vacibdir. Atravmatik metod istifadə olunmalıdır. Fleb ilə yataq arasında boşluq qalmamalı, lazım gəldikdə ketqutla tikiş qoyulmalıdır. Fleb yerinə sadə tikişlə bərkidilir. Fleb üzərinə təzyiq olunmamalıdır. Flebə bitişik dəri qrefti qoyulacaqsa, qreftə “ tie-over dressing ” edilməlidir.
İnterpolasyon fleblər: Dördbucaqlı formada planlaşdırılan flebə yaxın, lakin bitişik olmayan bir qüsura çatmaq üçün rotasiya edilir. Beləliklə, bu cür fleblərin ayaqcıqları bitişik toxumanın altından və ya üstündən keçir. Məsələn, deltopektoral fleb baş-boyun rekonstruksiyasında istifadə olunur. Ada flebləri də bu qrupa daxildir, neyrovaskulyar ayaqcıq dəri altındakı bir tuneldən keçirilir.
İrəlilətmə flebləri. Bütün irəlilətmə flebləri, lateral və rotasion hərəkət etdirilmədən birbaşa qüsur olan yerə daşınır. Bunların üç əsas növü var:
Tək ayaqcıqlı irəlilətmə flebləri: Dörd tərəfli fleblərdir, təkcə bir ayaqcıqları var. İrəlilənən toxumanın elastikliyi və fleb əsasındakı “Burow” üçbucaqlarının olması ilə təmin olunur. Bu üçbucaq kəsiklər, yara kənarları ilə fleb kənarları arasındakı uzunluq fərqlərini tarazlaşdırır.
İki ayaqcıqlı irəlilətmə flebləri. Qüsurun uzun xəttinə paralel bir kəsik aparılır. Qüsur və kəsik arası altdan sərbəstləşdirilib fleb hazırlanır və qüsur lateral hərəkətlə bağlanılır. Donor sahəyə qreft qoyulur.
V-Y irəlilətmə flebləri. Dəridə V şəklində kəsik aparılır, V-nin bir qolu uzadılaraq Y şəklində kəsiklə bağlanılır. V-Y metodu nazal kolumella kimi quruluşları uzatmaq məqsədilə çox istifadə olunur.
Dostları ilə paylaş: |