Tikişlərin sökülməsi. Üz nahiyəsində zəngin vaskulyar yataqlar olduğuna görə bu nahiyədə sağalma tez başlayır. İncə nahiyələrdə (göz qapaqları) tikişlər 3-4 gündən, digər nahiyələrdə isə 4-6 gündən sonra sökülür. Qulaqdan, xüsusilə, qığırdaq toxumasından keçən kəsiklərdə tikişlər 10-15 gün qalmalıdır.
Qopmuş dəri flebi. Qopmuş fleb formalı zədələnmələr - dəri, dərialtı və əzələ toxumasının fleb şəklində qopması ilə dəridə ən çox şəkil pozğunluğu yaradan yumşaq toxuma zədələnmələrindən biridir. Derma və dərialtı toxumada geniş və tangesial bir formada lokalizasiya olan çapıq toxuması, ona bərabər yerləşmiş dərinin qan və limfa dövranını pozur. Beləliklə, əmələ gələn venoz durğunluq və limfaödem flebin şişməsinə və ətraf toxumaların solğunlaşmış bir vəziyyətinə gətirib çıxarır. Gələcəkdə çapıq toxuması yığıldıqca qopmuş fleb də yığılmağa başlayır və çıxıntı şəklində bir forma alır. Bu səbəbdən də, bu tip yaralanmalarda flebin kənarları düzəldilir və çıxıntılar eksiziya edilir. Əgər fleb kiçikdirsə və lokalizasiyası əlverişlidirsə, səkkizvari tam eksiziya aparılır. Əgər fleb böyük və estetik baxımdan vacib bir lokalizasiyada yerləşirsə, daha konservativ bir mudaxilə lazımdır. Bunun üçün bir-birinə perpendikulyar kənarlar əldə etmək üçün yara kənarındakı nazik hissələr eksiziya edilir. Nekrotik toxumaları xaric edərək sadə kəsiklər tikilir.
Yol qəzalarında qabaqda oturmuş şəxslərdə ən çox müşahidə olunan ön şüşəyə çırpilma nəticəsində alın nahiyəsində polimorf kiçik qopmuş fleblərdə və incə epidermal-dermal təbəqə itkisi əmələ gətirən pozulmalarda bu nahiyələrin üz cizgilərinə uyğun olaraq tam olaraq eksiziyası ən yaxşı nəticəni verir. Müalicə edilməyərək saxlana bilər və ya sadəcə sıxıcı sarğı qoyularsa kələ-kötür formada sağalma müşahidə olunur ki, çapiqlaşdıqdan sonra bu kələ-kötürlüyü düzəltmək çətin olur. Qopmuş kiçik fleblərin eksiziyası nəticəsində bu fleblər cərrahi bir şəkildə əldə edilən kəsilmiş yara kənarlarına malik olur ki, bu da kələ-kötürlüyün qarşısını alır və tangesial çapıq toxumasının ləğvinə gətirib çıxarır.
Qopmuş fleblərin sağalmasında təyziqli sarğıların mühüm əhəmiyyəti var. Bu sarğılar lüzumsuz boşluğu, qan, limfa və fibrin toplanmasını, kobud çapıq əmələ gəlməsini azaldır.
Üzdəki və ağız boşluğundakı yumşaq toxuma qüsurları spontan sağalmadığından, biincili bağlanması məsləhət görülür. Əgər bu da mümkün deyilsə, qreft köcürülməlidir.
Dostları ilə paylaş: |