Koaqulyasiya: Yüksək tezlikli (2-18 milyon dövr/dəq.), yüksək amperli, aşağı voltajlı cərəyan ilə damar divarında koaqulyasiya (istinin təsirilə) yaradaraq hemostaz əmələ gətirir. Bu zaman bir qədər toxuma da zədələnə bilər. Lakin bağlamaqdan daha yaxşı üsuldur. Bu üsul, xüsusilə, orta və kiçik ölçülü damarların hemostazında istifadə olunur. Əgər koaqulyatorun ucunda incə uclu bir pinset istifadə olunub, sahənin quru olması təmin olunarsa, travma minimuma enər.
Qan damarlarının tikiş materialı ilə bağlanması: Qanayan damar ucu incə uclu bir pinset ilə tutularaq ya bilavasitə bağlanır, ya da iynəyə keçirilmiş tikiş materialı ilə qonşu toxumalara keçirilərək tikilir. Kiçik və orta ölçülü damarları bağlamaq üçün 4/0 və ya 5/0 qalınlığında ketqut istifadə olunur. Böyük damarlar adsorbsiya olunmayan tikişlərlə bağlanmalıdır.
Tampon: Kapilyar qanaxmalarda istifadə edilən metoddur. 5 dəqiqə tampon tətbiqindən sonra kapillyarların ucunda laxta əmələ gəlir. Tampon fizioloji məhlul ilə islanmış olduqda daha yaxşı nəticə əldə edilir.
Tutub çevirmək: Yarada yad bir cisim və nekrotik material olmasını istəmədikdə istifadə olunur. Damar incə bir pinsetlə tutulur və pinset 2-3 dəfə burulur. Etibarlı bir üsul deyil.
Damardaraldıcı maddələr: 1/100.000 durulaşmada epinefrin açıq yaraya tətbiq olunduqda kiçik damar qanaxmalarını dayandırır.
Fibrin - Jelatin – Kollagen: Xüsusilə, kiçik boşluqların sızıntı şəklindəki qanaxmalarında tampon edilərkən hemostaz üçün istifadə olunur.