Öhdəlİkdə kredİTorların və ya borcluların çoxluğu
Maddə 493. Birgə kreditorlar və birgə səlahiyyətlər
493.1. Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır.
493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
Maddə 494. Öhdəliyin istənilən kreditora icra edilməsi
Əgər kreditorlardan biri bu Məcəllənin 493.1-ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər.
Maddə 495. Öhdəliyin kreditorlardan birinə icra edilməsi
Öhdəliyin birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu digər kreditorlar qarşısında öhdəliklərdən azad edir.
Maddə 496. Birgə kreditorlardan birinin imtinasının nəticələri
Əgər birgə kreditorlardan biri borclu barəsində tələbdən imtina edirsə, borclu həmin kreditora çatası hissəni ödəməkdən azad edilir.
Maddə 497. Digər kreditorla bağlı faktlardan istifadənin yolverilməzliyi
Borclu kreditorlardan biri barəsində digər kreditorla bağlı faktlardan istifadə edə bilməz.
Maddə 498. Birgə kreditorun vərəsələrinin hüquqları
Əgər birgə kreditorun bir neçə vərəsəsi vardırsa, onlardan hər birinə borca hüququn yalnız onun vərəsəlik payına uyğun hissəsi keçir.
Maddə 499. Birgə kreditorun digər birgə kreditorlar qarşısında vəzifələri
499.1. Borcludan icranı tam almış kreditor qalan birgə kreditorlara çatası payı ödəməyə borcludur.
499.2. Əgər birgə kreditorlar arasında ayrı qayda müəyyənləşdirilməyibsə, onların öz qarşılıqlı münasibətlərində bərabər payları vardır.
Maddə 500. Birgə borclular və birgə öhdəliklər
500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
Maddə 501. Kreditorun icranı istənilən borcludan tələb etmək hüququ
Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.
Maddə 502. Birgə borclunun kreditor barəsində qarşılıqlı tələbi
Birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır.
Maddə 503. Borclulardan birinin öhdəliyi tam icra etməsinin nəticələri
Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.
Maddə 504. Digər birgə borclu ilə bağlı faktlardan istifadənin yolverilməzliyi
Əgər öhdəlik münasibətlərinin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, birgə borclulardan biri ilə bağlı faktlardan yalnız həmin şəxs barəsində istifadə edilə bilər.
Maddə 505. Birgə borclulardan biri barəsində iddia
Birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir.
Maddə 506. İcranın qəbulunun ləngidilməsinin nəticələri
506.1. Kreditorun birgə borclulardan birindən icranın qəbulunu ləngitməsinin nəticələri qalan birgə borclular barəsində də qüvvədədir.
506.2. Birgə borclulardan birinin icra müddətlərinə riayət etməməsinin nəticələrindən qalan birgə borclular barəsində istifadə oluna bilməz.
Maddə 507. Birgə borcluların vərəsələrinin hüquqları
Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir.
Maddə 508. Kreditorun tələbinin birgə borclulardan birinin borcu ilə birləşdirməsi
Əgər kreditorun tələbi birgə borclulardan birinin borcu ilə birləşdirilirsə, qalan borclular barəsində öhdəliyə həmin borclunun payına düşən miqdarda xitam verilir.
Maddə 509. Borclulardan biri öhdəliyi tam icra etdikdə reqres qaydasında tələb hüququ
509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.
509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar.
509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. cclvii[261]
Maddə 510. Birgə borclunun ödəniş qabiliyyəti olmamasının nəticələri
Əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür.
Maddə 511. Birgə borclunun kompensasiyası
Əgər birgə borclu birgə öhdəlikdən fayda götürmüşsə, belə fayda götürməmiş birgə borclu öz öhdəliyinin icrası üçün ondan təminat tələb edə bilər.
Maddə 512. Müddətin keçməsinin nəticələri
Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.
26-cı fəsil
Dostları ilə paylaş: |