Mülkİ hüquqların həyata keçİrİlməsİ
Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi
560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:
560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;
560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;
560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;
560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn:
560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə;
560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması;
560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi;
560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar;
560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən:
560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi;
560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması;
560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi;
560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.
Maddə 561. Dövlət hakimiyyətinin inhisarı
Mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və məhkəmə qərarlarının icrasına dair qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir.
Maddə 562. Ləngitmə hüququ
562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
562.2. Əgər qarşılıqlı müqavilə bağlandıqdan sonra digər tərəfin vəziyyəti xeyli pisləşərsə və bunun nəticəsində qarşılıqlı öhdəliyin icrası hüququ təhlükə altında olarsa, qarşılıqlı müqaviləyə görə öhdəliyi birinci icra etməli olan şəxs digər tərəf öhdəliyini yerinə yetirənə və ya öz öhdəliyi üçün təminat verənə qədər öhdəliyin icrasından imtina edə bilər.
562.3. Əgər ləngitmə predmeti qanunsuz əldə edilmişsə, ləngitmə hüququ istisna edilir.
562.4. Əgər qarşılıqlı icra olunan öhdəliklər qarşılıqlı müqavilənin predmeti deyilsə, kreditor qarantiyalar vermək yolu ilə ləngitmə hüququnun həyata keçirilməsinin qarşısını ala bilər.
562.5. Kreditorun iddiası üzrə ləngitmə hüququ yalnız o zaman həyata keçirilə bilər ki, borcluya öhdəliyi ancaq kreditorun öz öhdəliyini icra etdiyi vaxt icra etmək (eyni vaxtda icra) vəzifəsi tapşırıla bilsin. Vəzifənin bu cür tapşırılması əsasında kreditor, əgər borclu icranın qəbulunu gecikdirərsə, öz öhdəliyini icra etmədən məcburi icra tələb edə bilər.
Maddə 563. Zəruri müdafiə
563.1. Zəruri müdafiə vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməməlidir.
563.2. Zəruri müdafiə elə şəkildə özünümüdafiədir ki, o, özünə və ya digər şəxslərə qarşı hüquqa zidd real həmlənin dəf edilməsi üçün zəruridir.
563.3. Əgər hər hansı şəxs zəruri müdafiə həddini təqsirli şəkildə aşmışsa və ya zəruri müdafiə vəziyyətini qəsdən törətmişsə və ya hüquqa zidd hərəkətin qarşısını almaq üçün zəruri olan ilkin şəraitin mövcudluğu barədə təqsirli şəkildə yanılmışsa, vurulmuş ziyanın əvəzini ödəməlidir.
Maddə 564. Son zərurət
564.1. Müdafiə zamanı son zərurət vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməməlidir bu şərtlə ki, ziyan son zərurət vəziyyətinin baş verməsinə səbəb olmuş təhlükəni yaradan şəxsə və ya əşyaya vurulsun.cclxii[266]
564.2. Son zərurət elə vəziyyətdir ki, həmin vəziyyətdə başqa vasitələrlə qarşısı alına bilməyən real təhlükənin qarşısını almaq üçün qarşısı alınmış təhlükəyə nisbətən daha az ziyan vurulur.
564.3. Son zərurət vəziyyətində ziyanın vurulduğu faktik halları nəzərə almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş şəxs kimin mənafeyi üçün hərəkət etmişsə, həmin üçüncü şəxsin üzərinə qoyula bilər.
564.4. Əgər son zərurət vəziyyətində vurulmuş ziyan qarşısı alınmış ziyandan çoxdursa, həmin ziyanı vurmuş şəxs onun əvəzini ödəməlidir.
Maddə 565. Özünəyardım
565.1. Səlahiyyətli dövlət orqanlarının köməyi vaxtında yetişmədikdə və təcili müdaxilə edilmədən hüququn həyata keçirilməsinin qeyri-mümkün olacağı və ya xeyli çətinləşəcəyi təhlükəsi olduqda özünəyardım məqsədi ilə əşyanı alan, məhv edən və ya zədələyən, yaxud gizlənə biləcək mükəlləfiyyətli şəxsi tutan və ya özünün yerinə yetirməli olduğu hərəkətlər barəsində mükəlləfiyyətli şəxsin müqavimətinin qarşısını alan şəxsin hərəkətləri hüquqa zidd sayılmır.
565.2. Özünəyardım təhlükənin qarşısını almaq və ya onu dəf etmək üçün zəruri olan hədləri aşa bilməz.
565.3. Kiminsə əlindən əşya alındıqda bu barədə dərhal bəyanat verilməlidir.
565.4. Mükəlləfiyyətli şəxs tutulduqda, o, dərhal müvafiq dövlət orqanlarına təhvil verilməlidir.
565.5. Özünəyardım tədbirləri həyata keçirildikdən bilavasitə sonra təsdiq olunmaq üçün səlahiyyətli dövlət orqanına bəyan edilmədikdə və ya həmin orqan belə bəyanatı yolverilməz və ya əsassız bəyanat kimi rədd etdikdə, özünəyardım tədbirləri lap əvvəlindən qeyri-hüquqi sayılır. Özünəyardım tədbirləri hüquqa zidd halın qarşısını almaq üçün zəruri olan ilkin şəraitin mövcudluğu barədə yanlış mülahizə ilə həyata keçirildikdə, hərəkəti etmiş şəxs, yanılmanın ehtiyatsızlıqdan irəli gəlmədiyi halda belə, ziyanın əvəzini digər tərəfə ödəməlidir.
Maddə 566. Öhdəliyin icrası barədə məlumat verilməsi
566.1. Öhdəliyin icrasının gedişi barədə kreditorun borcludan məlumat almaq hüququ vardır.
566.2. Öhdəliyin icrası barədə məlumatı aşağıdakılar verməlidirlər:
566.2.1. bu Məcəllə və ya müqavilə üzrə bu vəzifənin tapşırıldığı şəxs;
566.2.2. borclunun işlərini tamamilə və ya qismən həyata keçirən şəxs;
566.2.3. gəlir və xərclərlə bağlı idarəetmə barədə hesabat verməli olan şəxs.
566.3. Əgər məlumat verməli olan şəxs məlumatı yalnız böyük xərc çəkməklə verə bilərsə, xərci kreditor çəkir.
566.4. Verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır. Məhkəmə mübahisəsi əmələ gəldikdə, bu cür yazılı inandırmanın sübutetmə qüvvəsi vardır.
Dostları ilə paylaş: |