§ 6. Tələblərin və digər hüquqların alğı-satqısı
Maddə 651. Əşyaların alğı-satqısı haqqında müddəaların tələblərin və digər hüquqların alğı-satqısına tətbiqi
Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.
Maddə 652. Hüququn keçirilməsi (tələbin güzəşti)
Hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və alıcıya keçirilməsi xərclərini satıcı çəkir.
Maddə 653. Əşyaya sahiblik hüquqlarının satılması
Əşyaya sahiblik səlahiyyəti verən hüququn satıldığı halda satıcı alıcıya qüsurlardan, habelə üçüncü şəxslərin hüquqlarından və iddialarından azad əşya göndərməyə borcludur.
Maddə 654. Hüquqların və tələblərin alğı-satqısı zamanı satıcının məsuliyyəti
654.1. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır.
654.2. Əgər hər hansı tələbin satıcısı borclunun ödəniş qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə götürürsə, hesab edilir ki, həmin məsuliyyət bu tələbin güzəşt edildiyi an üçün ödəniş qabiliyyətinə aiddir.
Dostları ilə paylaş: |