Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


ABŞ-da keyfiyyətin idarə edilməsi aləti kimi standartlaşdırmanın təşkili



Yüklə 317,57 Kb.
səhifə7/13
tarix10.01.2022
ölçüsü317,57 Kb.
#108325
1   2   3   4   5   6   7   8   9   10   ...   13
3. ABŞ-da keyfiyyətin idarə edilməsi aləti kimi standartlaşdırmanın təşkili
Keyfiyyət problemi bazar iqtisadi münasibətlərinin inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə aktualdır. Dünya təsərrufatının və beynəlxalq iqtisadi münasibətlərin üzvü olmaq üçün milli iqtisadiyyat dünyanın qabaqcıl naililiyyətləri və ənənələri nəzərə alınmaqla təkmilləşdirilməlidir.

Standartlaşdırma elmin, texnikanın və praktiki təcrübənin ən son nailiyyətlərinə əsaslanır və bir çox xalq təsərrüfatı, sahə və istehsaldaxili məsələlərinin mütərəqqi, iqtisadi optimal həllərinini müəyyən edir. Nəzəri və tətbiqi elmləri üzvi şəkildə birləşdirməklə standartlaşdırma onların məqsədyönlü olmasını qüvvətləndirir və elmi nailiyyətlərin praktiki fəaliyyətdə sürətli tətbiqinə imkan yaradır.

Dünya üzrə güclü iqtisadiyyata malik və beynəlxalq ticarətdə rəqabət qabiliyyətli məhsul istehsalçısı kimi qəbul edilən ölkələrdən olan Amerika Birləşmiş Ştatlarında standartlaşdırmanın təşkilinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Amerika Birləşmiş Ştatlarında standartlaşdırma məsələləri ilə 1901-ci ildə əsası qoyulmuş Amerika Milli Standartlar və texnologiya institutu (NIST) və 1918-ci ildə yaradılmış Amerika Milli Standartlar Institutu (ANSI) məşğul olurlar. Bu institutlardan birincisi ABŞ-ın Ticarət Nazirliyinin Texnologiyalar Idarəsinin tabeçiliyində federal orqan kimi fəaliyyət göstərir, ikincisi isə xüsusi, gəlirsiz, qeyri-kommersiya təşkilatdır ki, o da ölkədə könüllü standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sistemləri üzrə işləri idarə edir və onların koordinasiyasını həyata keçirir.

NIST iqtisadiyyatın müxtəlif sahələrində sertifikatlaşdırma üzrə işləri koordinasiya edir, standartları işləyən təşkilatların fəaliyyətinə rəhbərlik edir, standartlara milli statusun verilməsi haqqında qərarlar qəbul edir. Əgər standart müxtəlif sahələrə aid olan firmalar üçün maraqlıdırsa, onda standart sahələrarası xarakter alır.

NIST özü standartlar işləyib hazırlamır, lakin o, ABŞ-da milli standartları təsdiq edən yeganə təşkilatdır. Bu institut məqsədli proqramları işləyib hazırlayır. Proqram - məqsədli planlaşdırma yanacağın istehsalı və daşınmasını, elektrik enerjisi ilə təchizatı, nüvə, günəş və digər enerji növlərinin tətbiqini əhatə edir. Burada hazır məhsul üçün standartların işlənib hazırlanmasına az fikir verilir, çünki bu sahədə firma normativ sənədləri geniş tətbiq olunur. NIST-də 3000-dən çox alim, mühəndis və texniklər çalışır. Bundan başqa, institutda 1600 nəfərə qədər kənardan dəvət edilmiş tədqiqatçılar işləyir.

Milli standartlar əsasən təhlükəsizlik aspektlərinə aid olan məcburi tələbləri özündə birləşdirir. Məcburi federal standartlarla yanaşı, ABŞ-da texniki reqlamentlər də tətbiq olunur. Bu reqlamentlər Ticarət nazirliyi, Müdafiə nazirliyi, Ümumi təyinatlı xidmət idarəsi, Ətraf mühitin mühafizəsi üzrə federal agentlik, Istehsalatda əməyin və sağlamlığın mühafizəsi üzrə federal agentlik, Yeyinti məhsulları və medikamentlərin təhlükəsizliyi üzrə federal idarə, Istehlak mallarının təhlükəsizliyi üzrə Komissiya və digər dövlət idarəetmə orqanları tərəfindən təsdiq edilir. NIST bu təşkilatlarla sıx əlaqə saxlayır. Yuxarıda göstərilən idarəetmə orqanları çox hallarda firma standartlarının işlənib hazırlanmasında iştirak edirlər. Elə hallar da olur ki, firma standartı, firmaların tələblərini ödəyən federal standart kimi qəbul edilir.

Federal standartlar Amerika milli standartlar və texnologiya institutu tərəfindən akkreditləşdirilmiş nüfuzlu təşkilatlar tərəfindən işlənib hazırlanır. Bu təşkilatlardan ən çox tanınmışları aşağıdakılardır: Sınaqlar və materiallar üzrə amerika cəmiyyəti (ASTM); Keyfiyyətə nəzarət üzrə amerika cəmiyyəti (ASQC); Amerika mühəndis-mexaniklər cəmiyyəti (ASME); Sığorta kompaniyalarının sınaq laboratoriyaları birliyi; Avtomobil istehsalı mühəndisləri cəmiyyəti (SAE); Elektrotexnika və elektronika üzrə mühəndislər institutu (IEEE) və s. Bu təşkilatlar ancaq federal deyil, həm də könüllü xarakter daşıyan standartları işləyib hazırlayırlar. ABŞ-da könüllü standartların işlənməsi ilə 400-dən çox müxtəlif təşkilatlar və firmalar məşğul olurlar. Burada 35 mindən çox könüllü standartlar işlənib hazırlanmışdır.

Instituta Direktorlar şurası rəhbərlik edir. Bu Şura bir il müddətinə prezidenti, üç vitse-prezidentləri və icraiyyə komitəsini seçir. Bu Komitə Direktorlar şurasının iclasları arasındakı dövrdə institutu idarə edir və büdcənin icrasına nəzarəti həyata keçirir. Direktorlar şurası institutun işini planlaşdırır, standartlaşdırmanın vacib istiqamətlərini işləyib hazırlayır. Direktorlar şurasına Təşkilatların - üzvlərin şurası, Kompaniyaların - üzvlərin şurası və Istehlakçıların maraqlarının müdafiəsi üzrə şura tabedir.

Təşkilatların - üzvlərin şurası müxtəlif ittifaqların, birliklərin nümayəndələrindən, həmçinin federal hökumətin və ya ayrı-ayrı ştatların hökumətlərinin nümayəndələrindən (əgər ştatlar bu məsələdə maraqlıdırlarsa) ibarətdir. Bu Şura milli (federal) standartları təsdiq edir, digər təşkilatlar tərəfindən qəbul edilmiş standartların federal standartlar kimi tətbiq edilməsinin mümkünlüyünü təyin edir, yeni normativ sənədlərin yaradılmasını planlaşdırır, ölkənin beynəlxlaq standartlaşdırmada iştirakını təmin edir. Bu orqanın o birisi iki şuranın hər birinin tərkibində bir nümayəndəsi vardır.

Kompaniyaların-üzvlərin şurasına iqtisadiyyatın müxtəlif sahələrinin bütün maraqlı firmalarından nümayəndələr daxildir. Bu orqanın istehlakçıların hüquqlarının müdafiəsi üzrə şurada beş nümayəndəsi, Təşkilatların şurasında isə bir nümayəndəsi vardır. Kompaniyaların şurası sahələrin maraqlarını nəzərə almaqla standartlaşdırma proqramını tərtib edir, şuraya yeni üzvləri cəlb edir, yeni milli və ya beynəlxalq standartlara olan tələbatı təyin edir, həmçinin istehsalatın və ticarətin səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş tədqiqat işləri ilə məşğul olur.

Istehlakçıların maraqlarının müdafiəsi üzrə şuraya yuxarıda göstərilmiş şuraların hər birindən beş üzv, dövlət orqanlarından beş üzv, istehlakçılar cəmiyyətlərinin nümayəndələri daxildirlər. Bu Şuranın əsas vəzifələri onun məqsədləri ilə təyin edilir. Bu məqsədlər isə əsasən milli standartlarda istehlakçıların maraqlarının müdafiəsinin nəzarətdə saxlanılmasından ibarətdir. Şura standartlaşdırmanın köməyi ilə malların (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün əsas sahələri müəyyənləşdirir; iqtisadiyyatın inkişafında və istehlakçıların hüquq və maraqlarının müdafiəsində standartlaşdırmanın rolunu təbliğ edir. Şura yerlərdə malların keyfiyyətinin və təhlükəsizliyinin yoxlanmasına istehlakçıların özlərini geniş cəlb edir. Bunun üçün könüllü yoxlama qrupları yaradılır. Bu qruplar Şuranın nümayəndələrinin rəhbərliyi altında informasiya toplayır və özlərinin rəy və tövsiyələrini göndərirlər. Bu rəy və tövsiyələr çox hallarda yeni normativ sənədin yaradılması və ya onun təzələnməsi zamanı nəzərə alınır.

Yuxarıda şərh olunan üç şuradan başqa, NIST təşkilatının tərkibində Direktorlar şurası yanında fəaliyyət göstərən komitələr, həmçinin bir sıra daim fəaliyyət göstərən işçi orqanları vardır. Komitələr institutun müxtəlif sahələr üzrə fəaliyyətini koordinasiya edir. Bu təşkilatlar aşağıdakılardır:

• Standartlaşdırma üzrə idarəedici şura - koordinasiyaedici funksiyanı yerinə yetirir.

• Standartların yenidən baxılması üzrə şura - milli standartları təsdiq edir, onların təsir müddətini müəyyənləşdirmək və standartları ləğv etmək hüququna malikdir.

• Nəzarət və akkreditləşdirmə üzrə şura - normativ sənədləri işləyənlər tərəfindən standartlaşdırmanın metodologiyasına riayət edilməsinə nəzarət edir və işləyici təşkilatların akkreditləşdirilməsi ilə məşğul olur.

• Sertifikatlaşdırma üzrə komitə - məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə proqramları işləyib hazırlayır və realizə edir, rəsmi tanınan sertifikatlaşdırma sistemlərini Direktorlar şurasına təqdim edir.

• Beynəlxalq standartlaşdırma üzrə məsləhət komitəsi - beynəlxalq təşkilatlarda institutun mütəxəssislərinin iştirakının istiqamətlərini təyin edir.

• ABŞ-ın ISO və BEK təşkilatlarının fəaliyyətində iştirakı üzrə milli komitə - bu beynəlxalq təşkilatlarda aparılan işlərin səmərəlililyi üçün cavabdehlik daşıyır. 80-ci illərin axırlarından başlayaraq ABŞ beynəlxalq təşkilatda 15 texniki komitənin katibliyini və 211 işçi qruplarını aparır. Burada informasiya texnologiyası üzrə ISO/BEK birgə texniki komitəsinin katibliyinin aparılmasına xüsusi fikir verilir. ABŞ-ın mütəxəssisləri 5 yarımkomitəyə və 16 işçi qrupuna rəhbərlik edir. NIST həmçinin BEK-in işində fəal iştirak edir. Belə ki, amerika mütəxəssisləri 90%-dən çox texniki proqramlar üzrə işçi qruplarının tərkibinə daxildirlər. Ən iri beynəlxalq təşkilatlarda mütəxəssislərin bu cür aktiv iştirakı amerika milli standartlarının beynəlxalq standartlar kimi qəbul edilməsinə şərait yaradır.

• Strateji planlaşdırma komitəsi - NIST-in uzunmüd-dətli məqsədli proqramlarını və iş planlarını işləyib hazırlayır.

• Standartlaşdırma üzrə sahə komissiyaları - öz səlahiyyətləri daxilində standartlaşdırma üzrə İcraedici şuraya müxtəlif sahələr üzrə köməklik göstərirlər.

• Direktorlar şurası yanında standartlaşdırma sahəsində informasiya xidməti üzrə komitə - institutun işinin informasiya təminatını koordinasiya edir. İnstitutda qüvvədə olan və yeni işlənən federal standartlar haqqında məlumatlar bankı vardır.

ABŞ-da standartları dövlət orqanları və xüsusi (şəxsi) bölmə işləyib hazırlayır. Ölkədə standartları geniş miqyasda işləyib hazırlayan və istifadə edən federal hökumətdir. Bu cür standartların sayı 44 mindən çoxdur. ABŞ-da xüsusi bölmə müxtəlif sahələrə məxsus 700-dən çox təşkilatlar tərəfindən işlənib hazırlanmış 93 mindən çox standartlardan 49 mininə malikdir. Onların fəaliyyətinin koordinasiyasını Amerika milli standartlar institutu (ANSI) həyata keçirir. Bu İnstitutun əsas vəzifəsi dünya miqyasında amerika biznesinin rəqabət qabiliyyətini artırmaq, həmçinin standartlaşdırma sisteminin inkişafı hesabına əhalinin həyat tərzini yüksəltməkdir. Bu Institut Vaşinqtonda yerləşir, lakin onun Nyu-Yorkda da ofisi vardır. Instituta rəhbərliyi onun prezidenti və icra direktoru həyata keçirir. 1000-dən çox kompaniyalar, təşkilatlar, dövlət orqanları ANSI-nin üzvləridir. ANSI Akkreditləşdirmə üzrə Beynəlxalq forumda, ISO-da, BEK-də ABŞ-ın rəsmi nümayəndəsidir. ANSI özü milli standartları işləyib hazırlamır. O, bu işlərin koordinasiyasını həyata keçirir, amerika standartlarının beynəlxalq miqyasda istifadə olunmasına köməklik edir, ABŞ-ın standartlaşdırma sahəsində siyasətini beynəlxalq və regional təşkilatlarda təbliğ edir. ABŞ ANSI vasitəsilə ISO və BEK-də beynəlxalq standartların yaradılması prosesinə birbaşa müdaxilə edir.

Hazırda 1200-dən çox firmalar, 250-dən çox istehsalat və ticarət kompaniyaları, elmi-texniki və mühəndis cəmiyyətləri ANSI-nin üzvləridir. Bu institutun maliyyələşdirmə strukturu aşağıdakı kimidir: 37% - təşkilatların - üzvlərin (6%) və firmaların - üzvlərin (31%) üzvlük haqları; 15% - maraqlı təşkilatların sifarişi əsasında xüsusi proqramların işlənib hazırlanmasından daxil olan maliyyə vəsaiti; 47% - müxtəlif nəşr məmulatlarının satışından daxil olan vəsait; 1% - dəgir gəlirlər.

Amerika milli standartlarının işlənib hazırlanması və koordinasiyası üzrə ANSI-nin prosedurunun əsas xüsusiyyəti ondan ibarətdir ki, burada standartlara olan tələbatın təyinedilmə mexanizmi müəyyənləşdirilir və onların yüksək peşə hazırlıqlı mütəxəssislər tərəfindən işlənib hazırlanmasına zəmanət verilir.

ABŞ standartları sisteminin mərkəzində konsensus əsasında xüsusi və dövlət sektorlarının sahə mütəxəssisləri tərəfindən işlənib hazırlanmış könüllü standartlar durur. Könüllülük prosesi bütün maraqlı tərəflərin hərtərəfli əməkdaşlığını tələb edir.

ABŞ-ın standartları sisteminə həmçinin aşağıdakı növ sənədlər daxildir: reqlamentləşdirici standartlar, de-fakto standartlar və konsortsium standartları.

Reqlamentləşdirici standartlar adətən dövlət orqanları tərəfindən işlənib hazırlanır. Lakin könüllü standartlar da, əgər hökumət, sahə və ya kooperativ qanunlar toplusunda, yaxud hüquqi sanksiyalarla təmin olunmuş reqlamentlərdə onlara istinadlar edilərsə, reqlamentləşdirici standartlara çevrilə bilər. Reqlamentləşdirici standartların tələblərinin pozulması mülki və ya cinayət sanksiyalarının tətbiq olunmasına gətirib çıxarır.

De-fakto standartlar xüsusi və ya müvəqqəti standart kimi məlumdur. Bu standartlar adətən digər standartlardan bir qədər fərqli işlənib hazırlanır və onlar könüllü standartlarla müqayisədə daha kiçik bazar üçündür. Konsortsium standartları bazarın konkret tələblərini həll etmək üçün bir-gə işləmək haqqında saziş imzalayan kompaniyalar tərəfindən işlənib hazırlanır. Konsortsiumlar tərəfindən hazırlanmış sənədlərdə problemin həlli təklif edilə bilər, lakin bu işdə ancaq konsortsiumun üzvləri iştirak edə bilərlər. Kon- sortsiuma üzv olmaq üçün isə xeyli üzvlük hıqqı tələb olunur.

Amerika milli standartının (ANSI) işlənib hazırlanması proseduru 12 mərhələni özündə birləşdirir. Bu mərhələlər aşağıdakılardan ibarətdir:

1. Hər şeydən əvvəl Amerika milli standartlar institutunun (ANSI) standartlaşdırma üzrə Icra Şurası standartı işləyən təşkilatı akkreditləşdirir. Bu zaman ictimaiyyətə akkreditləşdirmə üzrə sifariş haqqında informasiya verilir.

2. Akkreditləşdirmə o zaman aparılır ki, maraqlı təşkilatlardan alınmış bütün rəylər müsbətdir və sifarişçi tərəfindən bəyan edilmiş işlənmə proseduru ANSI-nin tələblərinə cavab verir.

3. Standartın ilkin işlənmə mərhələsində ANSI-nin prosedurlar və standartlar üzrə Inzibati şöbəsinə işlənilməli və ya yenidən baxılmalı standart haqqında sənədlər təqdim edilir. Bu vaxtdan etibarən verilmiş məsələ üzrə ekspertlər artıq layihənin hazırlanmasına başlayırlar.

4. Standartın layihəsi hazırlandıqdan sonra o, ictimai müzakirəyə çıxarılır. Işləyici təşkilat ANSI BSR-8 xüsusi formanı (ictimai müzakirə haqqında xahiş) ANSI-yə təqdim edir. Layihə baxılmaq üçün bütün maraqlı tərəflərə göndərilir.

5. Işlənib hazırlanmış və təsdiq edilmiş layihə haqqında ANSI-nin “Standard Action” bülletenində məlumat dərc edilir.

6. Standart həmçinin səsvermə üçün razılaşdırma orqanına təqdim edilir (məsələn, səsvermə hüququna malik komitə üzvlərinə, təşkilatlara və ya “Tərəfdarlarının sayını müəyyənləşdirmək üçün reyestrə” daxil edilir).

7. Ictimai müzakirədən və razılaşdırma orqanında səsvermədən sonra standartı işləyən təşkilat müzakirə zamanı ortaya çıxan məsələləri həll etməli və bütün iradlara cavab verməlidir. Əgər layihəyə əsaslı dəyişikliklər edilərsə, onda həmin layihə yenidən müzakirəyə təqdim edilə bilər. Burada həmçinin bir neçə dəfə səsvermə tələb oluna bilər.

8. Razılaşdırma orqanının bütün üzvlərinə öz fikirlərini bir daha ifadə etməyə, öz fikrini təsdiqləməyə və ya dəyişməyə imkan vermək üçün ictimai müzakirə zamanı və razılaşdırma orqanında müzakirə zamanı hesaba alınmamış iradlar və kommentariyalar təkrarən razılaşdırma orqanına göndərilir.

9. Təqdim edilmiş mənfi rəy üzrə qərar qəbul edilmədiyi hallarda rəyçiyə bilavsitə standartı işləyib hazırlayan təşkilata müraciət edə bilməsi hüququ verilir.

10. Bütün apelyasiyalara baxıldıqdan sonra standartın layihəsini işləyən təşkilat ANSI BSR-9 formasını doldurur. Bu forma razılaşdırma orqanının üzvlərinin səslərinin hesablanmasının yekununu və əldə edilmiş konsensus və qoyulmuş prosedurlara riayət edilməsi haqqında məlumatları özündə birləşdirir. Forma ANSI-yə təqdim edilir.

11. Əgər standartın təsdiqi üzrə etiraz daxil olmamışdırsa, onda həmin standart ANSI standartlarının baxılması üzrə Şura və ya ANSI-nin digər səlahiyyətli orqanı tərəfindən təsdiq edilir. Standart amerika milli standartı statusunu alır və ANSI-nin Standard Action bülleteninin reyestrinə və amerika milli standartlarının elektron kataloquna daxil edilir.

12. Standart nəşr edildikdən dərhal sonra tətbiq olunmağa başlayır, hər 5 ildən bir yenidən baxılır, lazım gəldikdə yenidən təsdiq edilir və ya ləğv olunur.

Amerika milli standartlar institutu dünya ticarətinin genişlənməsinə, əhalinin təhlükəsizliyinin və sağlamlığının qorunmasının təmin edilməsinə, həmçinin ətraf mühitlə bağlı problemlərin həll edilməsinə yönəldilmiş fəaliyyəti təmin etmək üçün dövlətdən ildə 500 min dollar hökumət qrantı alır. NIST tərəfindən ayrılan bu vəsait ABŞ-da standartlaşdırmanın milli strategiyasının (NSS) realizə olunmasına kömək məqsədi daşıyır. Bu strategiya 2000-ci ilin axırında qəbul edilmişdir. Bu vaxtdan etibarən İnstitut və onun üzvləri bu strategiyanın həyata keçirilməsi üçün aktiv iş aparırlar. Burada əsas məqsəd Amerika texnologiyasının və standartlarının əhəmiyyətinin yüksəldilməsinə təkan verən kadrların hazırlanmasından, həmçinin konsensus əsasında könüllü sahə standartlaşdırılmasının inkişaf etdirilməsindən ibarətdir.




Yüklə 317,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin