Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət P



Yüklə 20,79 Kb.
tarix22.10.2017
ölçüsü20,79 Kb.
#11138

Elektron hökumət” - mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər”

Ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının sürətlənməsinə xidmət edən bütün sahələrin inkişaf etdirilməsi qloballaşan dünyada günün zərurətidir. Bu məqsədlə də, siyasi, hüquqi, iqtisadi, sosial və digər bütün sahələrdə beynəlxalq əlaqələrin genişləndirilməsi ölkə rəhbərliyi üçün əsas prioritetlərdəndir.

Müasir dünyada hədəfə çatmaq, inkişafla ayaqlaşmaq üçün rabitə və informasiya texnologiyalarının, həmçinin, yüksək texnologiyaların xüsusi yerə malik olduğu danılmazdır. Buna misal olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2003-cü il fevralın 17-də 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nı göstərmək olar. Məhz, bundan sonra, informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin inkişafına, əhali ilə bu orqanlar arasında müasir ünsiyyət körpüsünün yaradılmasına və bürokratik əngəllərin qarşısının alınmasına təkan verildi. Daha sonra, 2004-cü ildə "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Nəticədə, ölkədə elektron sənəd dövriyyəsi, elektron imzanın tətbiqi və iqtisadi fəaliyyət sahələri üçün yeni inkişaf dövrü başlandı.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2004-cü il 10 avqust tarixli, 111 nömrəli fərmanı, eləcə də, 2004-cü il 21 avqust tarixli, 355 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)", İKT sənayesinin formalaşdırılması ilə yeni investisiyaların bu sahəyə yönləndirilməsinə, sosial layihələrin həyata keçirilməsində İKT-nin tətbiqinə zəmin yaratdı.

Son 10 ildə qəbul edilmiş "Elektron imza və elektron sənəd haqqında", "Poçt rabitəsi haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Elektron ticarət haqqında", "Telekommunikasiya haqqında", "İnformasiya azadlığı haqqında" Azərbaycan Respublikasının qanun layihələri İKT-nin inkişafı üzrə atılan böyük addımlardandır.

Bir sıra inkişaf etmiş ölkələrdə “Elektron hökümət” quruculuğuna 90-cı illərin sonlarından başlanılıb. Azərbaycanda isə əsasən son 10 ildə formalaşmasına başlanılan “Elektron hökümət” quruculuğu sürətlə inkişaf etməkdədir. Beynəlxalq aləmdə səs salan “Elektron hökumət” quruculuğu kimi böyük layihənin Azərbaycanda tətbiqinin təməli də, məhz, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyindən qaynaqlanır. Belə ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qurulan bütün digər böyük layihələr kimi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı sayəsində qurulan “Elektron hökümət” layihəsi də, effektivliyi və müasirliyi təcəssüm etdirir. Ulu Öndərin davamçısı cənab İlham Əliyevin səyi nəticəsində və beynəlxalq təcrübə əsasında Azərbaycanda bugün quruculuğu davam etdirilən “Elektron hökumət”-in faydaları sadalanmaqla bitməz. Buraya şəffaflıq, sənəd dövriyyəsinin asan həll üsulu, əməliyyatların daha çevik aparılması, dövlət qurumları ilə vətəndaş arasındakı informasiya mübadilə maneəsinin minimum həddə endirilməsi, dövlət qulluqçularının və vətəndaşların elektron vasitələrdən istifadəsinin genişləndirilməsi, daha güvənli informasiya bazalarının yaradılması kimi bir çox məsələlər daxildir. Təbii ki, bütün bu məsələlərin öz həllini tapacağı öncədən düşünülmüşdür. Xatırlayaq ki, cənab prezident İlham Əliyev çıxışlarının birində informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair belə bildirmişdir: “Hökümətin informasiya-kommunikasiya texnologiyaları istiqamətində yürütdüyü siyasət bundan sonra da davam etdiriləcək. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir”.

"Azərbaycan Respublikasında rabitə ve informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradıldı. Bununla da, “Elektron hökumət” quruculuğuna təkan verilmiş oldu ki, nəticədə, dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradıldı.
Azərbaycanda “Elektron hökümət”-in qurulmasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməyi böyükdür. Çünki, əsas məsələlərin həlli məhz bu dövlət qurumunun üzərinə düşür. Digər dövlət qurumları ilə qarşılıqlı çalışan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öhdəsinə düşən vəzifələri layiqincə icra etməkdədir. Bundan nəticə çıxartmaq olar ki, Azərbaycanda “Elektron hökümət” quruculuğu yüksək keyfiyyətlə həyata keçirilir. Əyani sübut kimi qeyd etmək lazımdır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılmış www.e-gov.az elektron ünvanından yararlananların sayı hər gün artmaqdadır. Çünki, cəmiyyətin müasirləşməsi informasiya-kommunikasiya texnologiyalarından istifadənin də müasir şəkil almasını tələb edir ki, bu da öz növbəsində “Elektron hökümət” quruculuğuna töhfə verir. Qeyd etmək lazımdır ki, portal vasitəsilə göstərilən elektron xidmətlərin "vahid pəncərə" sistemi əsasında təşkil edilməsi məqsədilə, dövlət orqanlarının informasiya ehtiyatlarının elektronlaşdırılması üçün informasiya sistemləri formalaşdırılmışdır. Həmçinin, bütün dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması təmin edilmişdir.

Əvvəlki illərlə müqayisə aparsaq görərik ki, Azərbaycanda elektron xidmətlərin təşkilinin hazırki vəziyyəti olduqca yüksəkdir. Öncəki illərdə isə göstərilən elektron xidmətlər kifayət qədər deyildi və ölkə vətəndaşlarının elektron xidmətlərdən istifadəsi üçün texniki imkanlar məhdud idi. Lakin, bugünkü gün ölkədə informasiya cəmiyyətinin daha da inkişaf etdirilməsi, Respublikanın bütün yaşayış məntəqələrində internetdən istifadə imkanlarının yaradılması istiqamətində aparılan işlər sayəsində məhdudiyyət aradan qaldırılmaqdadır. Buna uyğun olaraq, ölkədə genişzolaqlı internetin inkişaf etdirilməsi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tədbirlər görülür. Nəzərə alsaq ki, elektron xidmətlərin mövcudluğu və keyfiyyəti internetdən asılıdır, o zaman belə qənaətə gəlmək olar ki, yaxın illərdə Azərbaycanda “Elektron hökümət” quruculuğu cəmiyyət üçün tam gücü ilə effektiv olacaqdır.

Azərbaycanda gedən dinamik inkişafın timsalında əhalinin daha çox elektron xidmətdən istifadə etməsi günün tələbidir. Bu xidmətlərdən istifadə etməyə nəinki gənc və orta, hətta yaşlı nəslin nümayəndələri də maraq göstərir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Nəticədə, əhali bir çox əməliyyatları bir mərkəzdə yerinə yetirə bilir. Artıq, nə rüşvətxorluq, nə də ki, digər xoşagəlməz hallar mövcuddur. Əhali isə rahat şəkildə ən müasir texnoloji vasitələrlə öz elektron ehtiyaclarını ödəyə bilir. “ASAN xidmət” mərkəzlərinin əhali arasında qazanmış olduğu rəğbət bunun əyani sübutudur.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanının icrası nəticəsində Azərbaycanda elektron sənəd dövriyyəsinin yeni rəsmiləşdirmə üsulunun tətbiqinə zəmin yarandı. Bununla da, qələm ilə kağız üzərində çəkilən ənənəvi imzanı elektron imza əvəz etməyə başladı. Müasir üsul kütləvi tətbiq edilsə də, hələ ki, yeni olması səbəbilə tam gücü ilə işləmir. Lakin, ən yaxın zamanda bütün dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən geniş istifadə ediləcəyi qaçınılmazdır. Çünki, yeni elektron sənəd dövriyyəsinin əsasını elektron imza təşkil etməkdədir. Həmçinin, bir məkanda ən qısa zamanda bir neçə əməliyyatı rahat yerinə yetirmək üçün vətəndaşa da elektron imza gərəklidir. Bu səbəbdəndir ki, sentyabr ayına olan statistikaya görə, dövlət qurumlarına 15,310 ədəd, fiziki şəxslərə 5,493 ədəd, hüquqi şəxlərə isə 3,583 ədəd e-imza sertifikatı hazırlanıb təhvil verilmişdir. Ümumilikdə, 24,386 e-imza sertifikatı təhvil verilmişdir.



“Elektron hökümət”-in qurulmasının sürətləndirilməsinin qarşısını alan əsas problem kimi əhalinin kifayət qədər məlumatlı olmamasını göstərmək olar. Amma qısa zamanda mövcud məlumatların ictimaiyyətə çatdırılması, öz-özlüyündə təbliğatın gücündən xəbər verir. Görünən odur ki, bu gedişlə qarşıdakı bir il ərzində “Elektron hökümət” quruculuğuna dair müsbət, əsaslı ictimai rəy formalaşacaqdır. Bununla da, təbliğat dövrü yekunlaşacaq və vətəndaşların özlərinin maraq göstərib öyrənmək istədiklərinə dair informasiya vermə dövrünə keçid başlayacaq.

Sonda, cənab Prezidentin “Elektron hökümət” quruculuğuna dair söylədiyi cümləni qeyd etməmək yazıda qüsur olar. Belə ki, cənab Prezident çıxışlarının birində belə söyləyib: "Elektron hökumet" layihesi icra edilir, elektron xidmətlərin sayı artmalıdır.
Yüklə 20,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin