Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir



Yüklə 6,29 Mb.
səhifə40/40
tarix20.01.2017
ölçüsü6,29 Mb.
#813
1   ...   32   33   34   35   36   37   38   39   40

Maddə 1265. Mirasdan nəvələrin xeyrinə imtina

Mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun miras qoyanın vərəsəsi olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun.



Maddə 1266. Dövlətin mirası qəbul etməkdən imtinasının yolverilməzliyi

Dövlət ona keçmiş mirası qəbul etməkdən imtina edə bilməz.



Maddə 1267. Notariat orqanına ərizə verildikdən sonra imtinanın yolverilməzliyi

Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.



Maddə 1268. Mirasdan imtinanın geri götürülməməsi

1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

Maddə 1269. Mirasa faktik sahiblik zamanı imtina

Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.



Maddə 1270. İmtina hüququnun vərəsəlik üzrə keçməsi

1270.1. Mirasdan imtina hüququ vərəsəlik üzrə keçir.

1270.2. Əgər vərəsə mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddət bitənədək ölmüşdürsə, bu müddət vərəsənin ölümündən sonra qalmış vaxt bitənədək qurtarmır.

1270.3. Ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər.



Maddə 1271. Mirası qəbul etməkdən nümayəndə vasitəsilə imtina

Mirasdan nümayəndə vasitəsilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin xüsusi nəzərdə tutulduğu halda mümkündür.



Maddə 1272. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti

Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.



Maddə 1273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı

Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.



Maddə 1273-1. Vərəsənin susması

Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə əlavə edilmişdir).

LXXi fƏsil
Mirasın bölüşdürülmƏsi

Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı

Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.



Maddə 1275. Miras qoyan tərəfindən mirasın bölüşdürülməsi qaydasının müəyyənləşdirilməsi

Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır.



Maddə 1276. Mirasdan payın naturada ayrılması

Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin.



Maddə 1277. Hədiyyənin vərəsənin payına daxil edilməsi

Miras bölüşdürülərkən hər bir vərəsənin payına onun miras açılanadək iki il ərzində miras qoyandan hədiyyə kimi aldığı əmlakın dəyəri də daxil edilir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 1278. Miras şəriklərinin razılaşması üzrə mirasın satılması

Miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların paylarına uyğun bölüşdürülməsinə yol verilir.



Maddə 1279. Mirasın bir miras şərikinə keçməsi

Miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur.



Maddə 1280. Mirasın bölüşdürülməsinin dayandırılması

Miras şərikləri razılığa gələ bilərlər ki, mirasın bölüşdürülməsi müəyyən müddətə dayandırılsın.



Maddə 1281. Bölünməz əmlaka paylı mülkiyyət

Əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur.



Maddə 1282. Kənd təsərrüfatı təyinatlı torpağın vərəsələr arasında bölüşdürülməsi

1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin.

1282.2. Bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər.

Maddə 1283. Kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsinin yolverilməzliyi

Əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir.



Maddə 1284. Payın kompensasiyası

Torpaq sahəsini ala bilməyən vərəsə başqa əmlakdan müvafiq pay, belə əmlak kifayət etmədikdə isə müəyyənləşdirilmiş qaydada müvafiq kompensasiya alır.



Maddə 1285. Kəndli təsərrüfatının vərəsəlik üzrə keçməsi

1285.1 Əgər kəndli təsərrüfatı həyət təsərrüfatıdırsa və həyətin sonuncu üzvü vəsiyyətnamə qoymamışdırsa, həyətin ümumi əmlakı qanun üzrə vərəsələrə həyət təsərrüfatının dağılmaması şərti ilə keçir.

1285.2. Həyətin sonuncu üzvünün vəsiyyətnamə ilə bir neçə vərəsə təyin etdiyi halda, ümumiyyətlə, torpaq təsərrüfatına aid olan qayda tətbiq edilməlidir.

Maddə 1286. Kəndli təsərrüfatına ümumi mülkiyyət

Miras şəriklərinin razılaşması üzrə torpaq və orada yerləşən kəndli təsərrüfatı onların ümumi mülkiyyətində qala bilər.



Maddə 1287. Mayası bağlanmış vərəsənin miras bölgüsündə payı

1287.1. Əgər vərəsənin mayası bağlanmışdırsa, lakin o hələ doğulmamışdırsa, mirasın bölüşdürülməsi yalnız həmin vərəsənin doğumundan sonra mümkündür.

1287.2. Əgər mayası bağlanmış, lakin hələ doğulmamış vərəsə sağ doğularsa, qalan vərəsələr mirası yalnız ona düşən payı ayırmaqla bölüşdürə bilərlər. Yeni doğulanın mənafelərinin müdafiəsi məqsədilə onun nümayəndələri bölgüdə iştiraka dəvət edilməlidirlər.

Maddə 1288. Borc tələblərinin vərəsələrdən birinin öhdəsinə qoyulması

Miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir.



Maddə 1289. Pay almağın təmin edilməsi öhdəliyi

Hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə, digər miras şərikləri borclunun ödəniş qabiliyyətinə bölgü məqamında, bu cür öhdəliyin icra müddəti çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər.



Maddə 1290. Payın mütənasib azaldılması

Əgər vəsiyyətnamə ilə müəyyənləşdirilmiş payların cəminin bütün mirasdan çox olduğu aşkara çıxarsa, hər bir vərəsənin payı mütənasib surətdə azaldılır.



Maddə 1291. Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması

Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.



Maddə 1292. Paya dair sərəncam vermək hüququ

1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.

1292.2. Miras şəriki öz payından olan ayrı-ayrı predmetlərə dair sərəncam verə bilməz.

1292.3. Miras şəriki öz payına dair sərəncam verərkən digər miras şəriklərinin satın almaqda üstünlük hüququ vardır. Satın almaqda üstünlük hüququ iki ay ərzində həyata keçirilməlidir. Bu hüquq vərəsəlik üzrə keçir.



Maddə 1293. Satın almaqda üstünlük hüququna xitam verilməsi

Pay miras şərikinə verildikdən sonra satın almaqda üstünlük hüququna xitam verilir.



Maddə 1294. Pay özgəninkiləşdirilərkən kreditorların təmin edilməsi

Payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə həmin payın miqdarına uyğun olaraq keçir.



Maddə 1295. Payın bərabərləşdirilməsi

Vərəsəliyə çağırılmış vərəsələr miras onların arasında bölüşdürülənədək öz paylarını bərabərləşdirmək üçün, əgər miras qoyan ayrı qayda müəyyənləşdirməyibsə, miras qoyanın sağlığında ondan valideynlərin əmlakından ayırma şəklində aldıqlarının hamısını mirasa aid etməlidirlər (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 1296. Övladın sıradan çıxmasının nəticələri

Əgər vərəsə kimi payı bərabərləşdirməyə borclu olan övlad miras açılanadək və ya açıldıqdan sonra sıradan çıxarsa, payı bərabərləşdirmək vəzifəsi onun payını almalı olan vərəsənin öhdəsinə qoyulur (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 1297. Miras payı bərabərləşdirilərkən xüsusi töhfənin nəzərə alınması

Ailə təsərrüfatında əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində iştirakla, özünün çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras qoyanın əmlakı bölüşdürülərkən onunla birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb edən qohumlarla bərabərləşdirilməsini tələb edə bilər.



Maddə 1298. Miras payını bərabərləşdirməyi tələb etməyin yolverilməzliyi

Əgər qohum xidmətləri üçün muzd almışdırsa və ya muzd qabaqcadan müəyyənləşdirilmişdirsə və ya qohum göstərdiyi xidmətlər əsasında digər hüquqi əsaslar üzrə hər hansı tələb irəli sürə bilərsə, miras payının bərabərləşdirilməsi tələb edilə bilməz.



Maddə 1299. Ədalətli bölgü tələbi

1299.1. Miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır.

1299.2. Əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir.

Maddə 1300. Vərəsənin olduğu yeri müəyyənləşdirmək vəzifəsi

Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar.



Maddə 1301. Vərəsənin gəlməməsinin nəticələri

1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.



Maddə 1302. Vərəsəlikdə üstünlük hüququ

Miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır.



Maddə 1303. Yaşayış evini almaqda üstünlük hüququ

Miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır.



Maddə 1304. Vərəsələrin əmlak mənafelərinin nəzərə alınması

Üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər.



Maddə 1305. Kompensasiyaya möhlət verilməsi

Üstünlük hüququnu həyata keçirən vərəsələrin tələbi ilə məhkəmə kompensasiyanın həcmini nəzərə almaqla, ona on ildən çox olmayan müddətə möhlət verə bilər.



LXXII fƏsil
VƏrƏsƏlƏr tƏrƏfindƏn kreditorların
tƏmin edilmƏsi

Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti

1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

1306.3. Məcburi pay almış vərəsələr də miras qoyanın borcları üçün məsuliyyət daşıyırlar (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü

Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.



Maddə 1308. Borcun ödənilməsinin vərəsəyə həvalə edilməsi

Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər.



Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi

Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.



Maddə 1310. Kreditorların tələblərinin irəli sürülməsi müddəti

1310.1. Miras qoyanın kreditorları mirasın açıldığının onlara məlum olduğu gündən altı ay ərzində mirası qəbul etmiş vərəsələrə qarşı tələblərini, bunların müddətinin çatıb-çatmamasından asılı olmayaraq, irəli sürməlidirlər.

1310.2. Əgər vərəsələrin kreditorları mirasın açıldığını bilməmişlərsə, vərəsələrə qarşı tələbi onun müddətinin çatdığı gündən bir il ərzində irəli sürməlidirlər.

1310.3. Bu qaydalara riayət edilməməsi kreditorların tələb hüququnu itirməsinə səbəb olur (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 1311. Ümumi iddia müddətlərinin tətbiqi

1311.1. Kreditorların tələbləri irəli sürməsi müddəti miras qoyanın sonuncu xəstəliyi zamanı ona qulluq edilməsi və onun müalicəsi, əmək haqqı verilməsi, dəfn, mirasın mühafizə və idarə edilməsi ilə bağlı xərclər haqqında tələblərə, habelə üçüncü şəxslərin əmlaka mülkiyyət hüquqlarının tanınması və onlara mənsub əmlakı tələb etmək haqqında tələblərinə şamil edilmir.

1311.2. Bu Məcəllənin 1311.1-ci maddəsində göstərilmiş tələblər barəsində ümumi iddia müddətləri tətbiq edilir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 1312. İcra müddətinin təxirə salınması

Əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər.



Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü

Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər.



Maddə 1314. Dövlətin kreditorlar qarşısında məsuliyyəti

Vərəsələri olmayan əmlak dövlətə keçdikdə, miras qoyanın borcları üzrə o, vərəsə kimi məsuliyyət daşıyır.



Maddə 1315. Mirasın kreditor tərəfindən alınmasının nəticələri

Əgər miras qoyan öz əmlakını kreditora vəsiyyət etmişdirsə, bu, kreditorun tələb hüququnun əvəzləşdirilməsi sayıla bilməz.



Maddə 1316. Kreditorların təmin edilməsi qaydası

Kreditorların tələblərini vərəsələr, əgər onların arasında razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, birdəfəlik ödənişlər yolu ilə ödəməlidir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

LXXIII fƏsil
Mirasın qorunması

Maddə 1317. Mirasın qorunması anlayışı

Yerində olmayan vərəsələrin, vəsiyyət tapşırığını alanların mənafelərini və ümumi mənafeləri qorumaq məqsədilə mirasın açıldığı yerdəki notarius maraqlı şəxslərin, vəsiyyətnamə icraçısının təşəbbüsü ilə və ya öz təşəbbüsü ilə mirasın qorunması üçün zəruri tədbirlər görür. Bu tədbirlər miras bütün vərəsələr tərəfindən qəbul edilənədək və ya mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət bitənədək davam edir.

1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib etməməsinin bilinmədiyi hala da şamil edilir.

1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə yeni redaksiyada).

Maddə 1318. Notariat orqanının mirası qorumaq vəzifəsi

Əgər miras və ya onun bir hissəsi mirasın açıldığı yerdə deyildirsə, notariat orqanı əmlakın olduğu yerdəki notariat orqanına həmin əmlakın qorunması üçün tədbirlər görməyi tapşırır.

Maddə 1318. Vərəsələrin axtarılması

Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

Maddə 1319. Əmlakın siyahıya alınması

Əmlakın qorunması məqsədilə notariat orqanı mirası siyahıya alır və saxlanmaq üçün vərəsəyə və ya başqa şəxsə verir, həm də mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

Maddə 1319. Əmlak idarəçisinin təyin edilməsi

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.

Maddə 1320. Əmlak idarəçisinin təyin edilməsi

Əgər əmlakı idarə etməyə ehtiyac varsa, habelə vərəsənin kreditorları iddia irəli sürmüşlərsə, notariat orqanı əmlak idarəçisini təyin edir. Əgər heç olmasa, bir vərəsə əmlakı qəbul etmişdirsə və ya vəsiyyətnamənin icraçısı təyin edilmişdirsə, idarəçi təyin edilmir.

Maddə 1320. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.

LXXIV fƏsil
VƏrƏsƏlik şƏhadƏtnamƏsi

Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı

1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət

Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay ərzində keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.



Maddə 1323. Şəhadətnaməyə yazılmağa razılıq

Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.



Maddə 1324. Vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi

Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər.



Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi

Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
Yüklə 6,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin