Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,74 Mb.
səhifə20/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   16   17   18   19   20   21   22   23   ...   110
Key words: Koroglu, Islam Sadig, poetry, poem, goshma(a form of an Azer­bai­jani poem), hero, turk, people.
Koroğlu real şəxsiyyətdən mifik qəhrəmana, mifik qəhrəmandan real şəx­si­yyətə qədər yüksəlmiş türk xalqlarının ümumi obrazıdır. Bu obrazın milli key­fiy­yətləri, qəhrəmanlığı uzun illər boyunca bu və ya digər qardaş türk xalqla­rı­nın ədəbiyyatının baş mövzularından birinə çevrilibdir. Çağdaş Azərbaycan poe­ziyasında da “Koroğlu” dəlilərinin igidliyi, qəhrəmanlığı haqqında çox yazılıbdı. Bu şeirlərin əksəriyyətinin baş qəhrəmanı Koroğlunun özüdür. Bununla bahəm onun alagöz Nigarı, Eyvaz, Dəli Həsən, Dəmirçioğlu və başqaları haqqında da ye­tərincə yazılmış, qəhrəmanlıqları mədh edilmiş şeirlər vardır. Azərbaycanda müstəqillik dönəminin başlanması ilə “Koroğlu” obrazlarına müraciətin geniş­lən­diyi görünməkdədir. Müstəqillik dövrü şairlərindən biri də filologiya üzrə elmlər doktoru İslam Sadıqdır.

Şair İslam Sadıq müasirlərindən fərqli olaraq Koroğlunu mifləşdirərək bir­başa onun özünə müraciət edir. Ocağının közü yad ocaqları alışdıran şair na­mərdlərlə yol getməyin mümkünsüzlüyü qənaətinə gəlir, keçəl həmzələrin baş alıb getdiyi bir zamanda Koroğlunu səsləyir.

Kəfənini cır, Koroğlu,

Bir ayağa dur, Koroğlu.

Bığlarını bur, Koroğlu,

Çənlibelə yağı dolub (6,15).

Şeirdə mifik anlayış qəhrəmanın dirilməsi, ikinci dəfə dünyaya gəlməsi ilə bağlı bir kosmoqonik təsəvvürdür. Şeirdə Koroğlunun real xalq qəhrəmanından mifik obraza çevrilməsi baş verir ki, bu da öz növbəsində həm şairin duyğusal xəyalı, həm ictimai mühitin təsiri, həm də qloballaşan dünyada təklənmək qorxusunun yaratdığı düşüncə təlatümüdür.

Azərbaycan jurnalında çap olunan “Gülərmola” şeirində şair yenidən Ko­roğ­lusuzluğun acısını yaşayır, bu dərdi, həsrəti oxucuları ilə bölüşməyə çalışır. Şah İsmayıl dövrünün Azərbaycanını xəritələrdə axtaran şair reallıqda parça­lan­mış, ürəyi dağlanmış bir ölkənin dərdini bölüşməyə adam axtarır:

Hanı mənim qoç Koroğlum,

Halımızı bilərmola?

Nərəsindən qulaq bata,

Düşmənlərim ölərmola?! (7,169)

“Cəngi yoxuşu” şeirində ifadə olunan fikirlərində şairin qəzəbinin aşıb-daşdığı məqamlar ilə rastlaşırıq. Savaş musiqisi olan “Cəngi”nin səslənməsi xə­yal­ları min yerə aparır. Bu musiqi sədaları altında yatmış babaların oyanması həs­rətilə yaşayan şair heç olmasa, dağların dilə gəlib danışmasını istəyir. Lakin “zamanın mərd zamanı” olmadığını görən şairin qənaəti belə yekunlaşır:

Çətindi ürəyin dolsa, a qardaş,

Arzular qəlbində solsa, a qardaş.

Koroğlu zamanı olsa, a qardaş,

Koroğluluq çətin deyil sən deyən,
Koroğlu dəlisi deyilsən deyən,

Gəlmişəm, aç bəndi, bərəni dağlar!(9,124)

İslam Sadıqığın Koroğluya həsr edilmiş şeirlərinin, demək olar ki, hamı­sında bir Koroğlu həsrəti ilə birlikdə, həm də bir inam, bir qürur hissi yaşayır. “Bura Koroğlunun öz vətənidir” şeirində kəndlərin boşalmasından, əhalinin çö­rək dalınca şəhərə qaçmasından, adamsız yurdların ürək darıxdıran hüznlü gör­kə­mindən, susmuş çoban tütəyindən, adamsız çayxananın mürgü vuran çayçı­sın­dan, ot basmış yollardan söhbət açılır. Adamlar azalsa da, kəndin bir adamı qal­sa da, şairin qəlbində bir inam yaşayır, yurdun mərdanə dayanacağına inam bəs­lə­yir, yağıların önündə qəhrəman kimi dayanacağını düşünür, axı, bura Ko­roğ­lunun öz vətənidir. Müvəqqəti olaraq kimsə nəyəsə nail ola bilər, amma bu, uzun sürməz, Koroğlunun atına minən tez düşər. Təsadüfi deyildir ki, baba­larımız yüz dəfələrlə sınaqdan çıxmış bu vəziyyəti “Özgə atına minən tez düşər” (1,530) ifadəsi ilə sabitləşdirmişlər. Keçəl Həmzə də bir zaman Koroğlunun ona etibarından namərdliklə istifadə edərək Qıratı minmişdi. Qıratı minsə də ona Koroğlu deyən olmamışdı, elə Keçəl Həmzə demişdilər:

Dərdi təpə-təpə yığıb içinə,

Çuvalın ağzını de kim közədi?

Yayılmaz şöhrəti Maçına, Çinə,

Qıratı minsə də, Həmzə Həmzədi(8,60).

İslam Sadıq Keçəl Həmzə kimilərini nəzərdə tutaraq “Xəyanət” (9,90) şei­rin­də bir qıza görə Qıratın timsalında at oğurlanmasını qəbul edə bilmir. “At igi­din qardaşıdır” (3) misalını nahaq yerə deməyiblər. Belə bir deyim də var: “bir mıx bir nalı saxlar, bir nal bir atı saxlar, bir at bir igidi saxlar, bir igid bir eli sax­lar” (3). Atı oğurlanan igidin el saxlaması artıq şübhə altına düşür. Ona görə də şair bir qıza görə bir atın oğurlanmasının Vətənə, millətə xəyanət olduğunu göstərir:

Kim qeyrətə doldu, kim oğullandı,

Qanında, canında dəyanət oldu.

Harda ki, qız üstdə at oğurlandı,

Vətənə, millətə xəyanət oldu (9,90).

Şair bəzən bütün bunlara görə Koroğlunun özünü də ittiham edir. Das­tan­da verilən məşhur “Sənin Eyvazından xəbərin varmı?” qoşmasına İslam Sadığın iqtibas olaraq yazdığı “Sənin Eyvazından xəbərin varmı?” şeiri bu mənada diğər şeirlərindən seçilir. Koroğlunun rastlaşdığı xəyanətlərdə yumşaq desək, onun özünün səhvi, böyük anlamda xalqımızın düçar olduğu bəlalarda bizim ata-babalarımızın günahı nə qədərdir?!

Heç at minməyənin baxtı atlanır,

Atlı atsız qalıb, bağrı çatlamır.

Qurdoğlunun dizi niyə qatlanır,

Nə yozur, yozandan xəbərin varmı?!(9,33)



Atalar sözündə deyilir: “At minənin bəxti açılar” (3). Amma indi at min­məyənin bəxti açılır. Atsız qalıb bağrı çatlamayan atçıların, döyüşdə dizi qatla­nan Qurdoğlunun nə yozub – yozmadığından Koroğlunun xəbəri yoxdu. Koroğ­lu tüfəng çıxan kimi Misri qılıncı atdı. Misri qılınc kutsal əmanət idi, ondan üz çe­vir­mək bir elin, bir yurdun əsarət zəncirini könüllü olaraq boynuna keçirməsidir:

Gör zamana gəlib nə yerə çatdı,

Tüfəng çıxan kimi qılıncı atdın.

Elə bilmə həyat həmin həyatdı,

Dadından, duzundan xəbərin varmı?!(9,33)

Koroğlu tarixə çevrildi, əsrlərin arxasında qaldı, amma eyni zamanda Ko­roğlu oylağında “xotkarlar”, Azərbaycanın dilbər guşələrində haylar (ermənilər) yurd saldı:

Xotkarın əlinə keçib Çənlibel,

Kefdədi yanında qırx min incəbel.

Sel axır Qıratın gözlərindən, sel,

“Sənin Eyvazından xəbərin varmı?!” (9,33)



İslam Sadıq Çənlibel deyəndə bu gün erməni işğalı altında tapdanan Dağ­lıq Qarabağı xatırladır. Şeirin bu bəndinin izahını vermək üçün bir qədər tarixi keçmişə qayıtmaq lazım gəlir. XVIII əsrin sonlarında İran şahlığından üz dön­də­rib Rusiyanın köməyi ilə müstəqil hakimiyyət qurmaq eşqinə düşən İbrahimxəlil xanın siyasəti iflasa uğradı. Hətta Rusiyanın himayəsinə keçəndən sonra hansı faciələrin yaşanacağını yaxşı anlayan Fətəli şahın az qala yalvarış xarakterli mü­raciətinə də İbrahimxəlil xan əhəmiyyət vermədi. “Belə ki, Fətəli şah Qarabağ ma­­halını şah xəzinəsinə çatmalı olan mədaxil ilə birlikdə əbədi olaraq İbrahim­xə­lil xana verməyi öhdəsinə götürürdü. Edilən bu güzəştlərin müqabilində rus qo­şunlarının hücumunun qarşısını almaq üçün Tiflis və Gəncə yolunun üstündə olan Əsgəranın iki qalasında İran ordusu yerləşdirməli, Şuşa qalasının yaxın­lı­ğın­da qazılmış səngərlər də bu ordunun ixtiyarına verilməli idi. Lakin şahın bu tək­lifləri də heç bir nəticə vermədi. İbrahim xan Qarabağ xanlığının Rusiyanın hi­mayəsi altına keçməsi siyasətini daha böyük inadkarlıqla davam etdirirdi (4,51).

XIX əsrin əvvəllərində Qafqazın strateji əhəmiyyətini yaxşı anlayan çar Rusiyası isə Qarabağ xanlığını tezliklə ələ keçirməyə çalışırdı. General Sisiano­vun təzyiqi ilə 1805-ci il mayın 14-də İbrahim xan və onun yaxın qohumu şəkili Səlim xan öz əyanları ilə Sisianovun Gəncədən 20 verst aralıda Kürəkçay sahilindəki düşərgəsinə gələrək, ətraf bəylərin və saray adamlarının iradəsinin əleyhinə bədnam Kürəkçay müqaviləsini imzaladılar, sədaqət andı içib, öhdəlik götürdülər. O gündən də Qarabağın qara günləri başladı. XIX əsrin əvvəllərində dünyanın hər yerndən, xüsusilə də, İran və Türkiyədən ermənilər Qarabağa köçürülməyə başladılar. Yerli əhalinin etnik tərkibini xeyli dəyişdirməyə nail olan ruslar XX əsrin sonlarında Qarabağın yerli türk əhalisini min cür təcavüzə məruz qoyaraq Qarabağı tərk etməsinə səbəb oldular. 366-cı ordunun köməyi ilə ermənilər bütünlüklə Dağlıq Qarabağı işğal etdilər. İslam Sadığın “Sənin Eyva­zından xəbərin varmı?!” şeirində verilən xotkar ifadəsinin qarşılığında erməni işğalçıları dayanır. “Sənin Eyvazından xəbərin varmı?!” ifadəsinin də bir başa Koroğluya, İbrahimxəlil xana, Səlim xana və bu kimi vaxtı ilə Azərbaycanın ta­leyini həll edənlərə ünvanlandığı göz qabağındadır.



Bu və ya digər xəyanətlərin nəticəsi olaraq vətənimizin parçalanmasını özü­nə dərd edən, Koroğlu zamanından uzun zaman keçməsinə baxmayaraq ya­pış­mağa salamat bir ətək tapmayan, yenə də Koroğlu ətəyinə ehtiyac yarandığını vurğulayan Abbas Abdullaya İslam Sadıq “Ətəklər çürüyüb” şeiri ilə cavab yazır. “Ətəklər çürüyüb” şeirinin epiqrafında “Koroğlu ətəyi” şeirinin müəllifi Abbas Abdullaya ithaf edildiyi haqqında şairin qeydi gedibdi. Abbas Abdullanın çağdaş zamanımızda Koroğlu ətəyindən yapışmağa ehtiyac olduğu etirafını İs­lam Sadıq ürəyinin ağrısından keçirərək, təəssüf hissi ilə bu həqiqəti poeziyaya gətirir:

“Koroğlu ətəyi”...

Əlim göynədi,

Adını çəkməyə dilin də gəlir.

İndiki ətəklər çürüyüb, nədi,

Tutursan, cırılıb əlində gəlir (9,88).

Abbas Abdulla yapışmaq istədiyi ətəklərdən salamatını tapmadığından Koroğlunun ətəyini arzuladığı kimi, bu dərdləri içindən keçirən Vaqif Nəsib də nəinki keçəl həmzələrin artdığını, bütövlükdə az qala dünyanın keçəlləşdiyi problemini poeziyaya gətirir. Və şair təəssüflənir ki, dünyanın telli vaxtını görə bilməyibdi. Şeirn adı- “Keçəl dünyaya” özündə bir çox mətləbi ehtiva edir:

Telli vaxtını görə bilmədik,

Neçə dağın təpələşdi,

Meşələrin təpəlləşdi.

Ovçuların ov oldular,

Aşiqlərin qov oldular,

Köhlənlərin qovuldular –

Tutdular Düratı, Qıratı(10,8).

Şeirin sonunda şairin taqəti qalmır ki, desin: “Həmzə, incitmə Dür adamı, Həmzə, incitmə Qıratı”(10,8). Zaman elə gətirib ki, həmzələr qıratları, düratları deyil, dür adamları, təmiz adamları da incidirlər.

Bu qeyri-sağlam ölçülərin təsirindən, sanki yerlərdə tərəzilər də düz iş­ləmir, tərəzilərin “haqq gözü”nün tarazı pozulubdur. Papağını itirən kişilər pa­paq dalınca gedib gəlməyib, sürüsü əlindən gedən çobanın tütəyi susub dillən­mir, kəndxuda birdəfəlik yoxa çıxıbdır, çayçı öz-özünə qaynayan samovarın ya­nında mürgü vurmağındadır. Bütün bunlarla bərabər İslam Sadığın gəldiyi qə­naət ümidvericidir, düşünürsən ki, bu yerlər hifz olunur, qorunur:

Qartal yuvasında qarğa yatanmaz.

Bura söz yurdudu, söz vətənidi.

Burda Koroğluya yağı batanmaz,

Bura Koroğlunun öz vətənidi (8,60).

İslam Sadığın “Azərbaycan “Koroğlu” eposu” əsərində müəllifin “Qara­caoğ­lanın poeziyasında “Koroğlu” motivləri”(5,128) başlıqlı məqaləsindən bir abzasa diqqət verək: “Qaracaoğlanın istər məhəbbət, istərsə də qəhrəmanlıq, mərdlik, igidlik mövzusunda yazdığı şeirlərin əksəriyyətində Koroğlunun təkcə təsiri duyulmur, hər iki poeziyanın mayasının az qala eyni duyğularla, hiss və həyəcanlarla, eyni arzu və istəklərlə yoğrulduğu açıqca görünür”(5,128).

Bu ifadəni eynilə İslam Sadığın bədii yaradıcılığına şamil etmək olar. İslam Sadıq bu gün Koroğlu haqqında ən çox yazan yeganə şairdir.




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin