İngiloylarda dambır. Balakən rayonunun İtitala kəndində ingiloylar yaşayırlar. Əvvəllər onlar arasında da dambır çalanlar varmış. Hal-hazırda ingiloylar arasında dambırçıların son nümayəndəsi Ömərov Əhməddir. Əhməd dayı II Dünya Müharibəsinin iştirakçılarından olmuşdur, yaşlı və xəstə olduğu üçün onunla görüşüb söhbət edə bilmədik. Deyilənlərə görə, əvvəllər kənd iməciliklərində, uzun qış gecələrində dambırçılar dəvət olunar, camaat yığışıb onların çalıb oxumasına qulaq asarmış. Onlar daha çox Azərbaycan dilində çalıb oxuyarmışlar, arada da ingiloy dilində oxuyarmışlar. Vaxtilə kənddə dambırla yanaşı, saz ifaçıları da yaşayırmışlar. Kənd sakinlərinin dediklərinə görə, Aşıq Məhəmməd gözəl saz ifaçısı imiş. Söyləyicilər onun Molla Cümə ilə dost olduğunu və onunla deyişdiyini də qeyd etdilər.
Kənddə hal-hazırda “Nənələr” adında folklor qrupu fəaliyyət göstərir. Qrupun üzvləri bizə xeyli hayla dedilər.
Sonuc. Xalqların mədəniyyəti birgə yaşayış zamanı biri-birindən bəhrələnir. Bu zaman, adətən, böyük xalqların mədəniyyəti və yaxud böyük mədəniyyətlər dominant rol oynayır. Türk mədəniyyəti mənşəcə türk olmayan xalqların da mədəniyyətinə əsaslı təsir göstərmişdir. Bu təsir hətta o qədər güclü olmuşdur ki, bu xalqlar mənşəcə türk olmasalar da, türk mədəniyyəti çevrəsinə daxil olduqlarından mədəniyyət baxımdan türk sayıla bilərlər.