Azərbaycan şifahi xalq ədəbiyyatına


Одна неиссякаемая сокровищница нашего народа



Yüklə 1,74 Mb.
səhifə107/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   102   103   104   105   106   107   108   109   110
Одна неиссякаемая сокровищница нашего народа

РЕЗЮМЕ

В статье литературоведческой точки зрения рассматриваются фольк­лор­ные образцы из книги «Фольклор Южного Азербайджана» в плане сох­ранения особенностей местного говора и диалекта, богатства выразитель­ных средств, географический ареал распространения этих образцов и т.д.

Согласно мнения автора статьи исследования этих фольклорных об­разцов историко-сравнительным методом было бы очень перспективным.

Ключевые слова: фольклор, том, статья, культура и наследство.
“Cənubi Azərbaycan folkloru” anlayışı əslində elmi prinsip və məlum ərazi mühiti, region hüdudu mənasında, hamımıza məlum olan tarixi faciəmizdən miras qalan bir ədalətsiz torpaq “bölgüsünün” məcburiyyəti ilə şərtlənən süni differen­sasiyadır. Əslində isə Cənubi Azərbaycan bədii təfəkkürü ilə Şimali Azərbaycan el-obasının zəngin bədii-estetik təfəkkürü eyni bir xalq ruhunun iki çaları kimi qəbul edilməlidir. Axı bu da böyük həqiqətdir ki, yadelli işğalçılar bu torpağı iki yerə bölə bilər, millətin övladlarını pərən-pərən sala bilər, amma onun dilini kəsə bilməz, fikrini, təfəkkürünün bütövlüyünü kəsib-doğraya bilməz, sözünü yarımçıq qoya bilməz. Bu, tarixin sınaqlarından çıxmış bir təkzibedilməz faktdır.

Orta əsrlərdə Yaponiyada imperator saray qulluqçularına, xüsusən də elmə, ədəbiyyata bələd olan adamlarına tapşırıq verirdi ki, xalq təfəkkürünün insan mənəviyyatı ilə, cəmiyyətin təbiətlə bağlı yaratdığı bütün bədii məhsulları toplasınlar, çünki xalqın cəmiyyətə, dövlətə, quruluşa, dinə və ümumiyyətlə hər cür maddi və mədəni təsisata güclü reaksiyası, razılığı, narazılığı, təbiətlə bağlı fəlsəfəsi, hökmdarlara münasibəti, xalqın sevinci, kədəri, vətənə məhəbbəti, düşmən nifrəti daha çox bədii təfəkkürdə öz əksini tapır. Bu mənada xalq yara­dıcılığı nümunələri bizə imkan verir ki, biz öz nöqsanlarımızı başa düşək.



Bu mənada bizim xalqımız da istisna deyil. Azərbaycan xalqı, o taylı-bu taylı müdriklərimiz yaratdığı məsəllərdə, atalar sözlərində, nağıl və əfsanələrdə, dastan­lar­da öz ruhunu, mübarizə əzmini, el müdrikliyini, fəlsəfəsini, estetik zövqünü, əx­la­qi düşüncələrini, nifrət və məhəbbətini məhz belə söz inciləri ilə ifa edə bilmişdir. Mən heç vaxt nağıl və əfsanələri, hətta fantastik və sehrli nağıllarımızı uydurma he­sab etməmişəm. Çünki insan heç vaxt gözlə görmədiyinin obrazını hətta fantastik şəkildə də yarada bilməz. Bədii sənət əsəri yalnız təxəyyülə əsaslanmır, əksinə tə­xəy­yülün rasional toxumu elə gerçəkliyin özündədir. Amma xalq müəyyən, “qor­xu” təsiri ilə öz fikri və münasibətlərinə əfsanə, nağıl duvağı çəkmiş və bir növ özü­nü cəzalardan qorumuşdur. İkinci tərəfdən folklor nümunələri sözü heç vaxt çılpaq şəkildə ifadə etməmiş, onu gözəllik libası ilə bəzəməyi sevmişdir. Çünki söz quru ifadə və inikas yolunu sevmir. Bu mənada bədii ədəbiyyat, xüsusən folklor tarixlə tamamilə şərikdir və əslində bədii formaya bükülmüş tarixi həqiqətdir. Cənubi Azərbaycan xalqının tarixi faciələri də onun bədii təfəkkürünün əsas məzmununu təşkil edir. Məsələ elə təkcə bununla bitmir, xalq öz güclü təfəkkürü ilə həyatın, təbiətin fəlsəfəsini, onun dialektikasını son dərəcə sərrast, dəqiq ifadə edə bilir.

Biz Cənubi Azərbaycan folklorunun qüdrətini də bu faktorlarla bağlamağı düz­gün hesab edirik. Onu da deyim ki, Cənubi Azərbaycan folklorunun ciddi, sə­li­qəli, səriştəli şəkildə, konkret elmi prinsiplərə uyğun şəkildə toplanmasının özü Folklor İnstitutunun böyük uğurudur və təbii ki, bu uğur institut əməkdaş­larının, toplayıcılarının, tərtibçilərinin elmi və filoloji diapazonunu, estetik fəh­mini, səriş­təsini konkret şəkildə ifadə edir. Bu mənada bu folklor nümunələrini böyük səbrlə toplayan alimlərin misilsiz fədakarlığını xüsusilə qeyd etmək lazımdır. Bu çox­cild­lik kitablarda toplanmış folklor nümunələri əlbəttə pərakəndə şəkildə səpələn­məmiş, konkret, müəyyən elmi sistemə salınmışdır ki, bu da oxucular üçün hər mə­nada rahat imkan yaratmışdır. Təbii ki, Cənubi Azərbaycan və şimali Azər­bay­can folklor nümunələrinin dünyagörüşü, fəlsəfi baxışları etik-estetik münasibətləri baxımından yaxınlığı dərhal seçilir. İstisnalıq və fərq isə yalnız bir xalqın müxtəlif dialekt xüsusiyyətlərindədir, yəni bu kitablarda şivə-ləhcə xüsusiyyətlərinin qorunub-saxlanması xalq deyimlərinin, ifadə tərzinin sənətkarlıq zənginliyinin ümumi mənzərəsini əks etdirir. I cildə ön sözü yazan professor İsrafil Abbaslı xüsusi elmi səriştə və güclü elmi təəssüratla toplanan nümunələrə münasibətini aşağıdakı şəkildə, çox dürüst izahla toplunun mündəricəsini belə ifadə edir.

“AFA seriyasının nəşrində öncədən elan olunmuş aşağıdakı prinsiplərə əməl olunmuşdur: hər bir bölgənin (regionun) tarixi keçmişi və folklor örnəklərinin sə­ciy­yəvi özəllikləri barədə ön söz, örnəklərin (ərazinin danışıq tərzi, dialekt və şivə-ləhcə xüsusiyyətləri qorunmaqla) növ və janrlar üzrə təsnifatın aparılması, söylə­yi­cilər – informatorlar və toplayıcılar haqqında məlumatlar, ayrı-ayrılıqda hər bir cild­də nümunələrin yaşatdığı mifoloji və folklor obrazları, əşya, predmet, insan, hey­van, kənd, qaya, çay, müqəddəs daşlar, məişət alətləri və özgə bu kimi adlar gös­tə­ri­ci­si qismən nəzərə alınmışdır (Bax: I cild, ön sözü. səh.4). Müəllif görülən bu bö­yük işin qayə və məqsədini çox dürüst ifadə etmişdir. Axı hamımıza məlumdur ki, istər yazılı, istərsə də hər cür şifahi xalq nümunələrinin ümumi və xüsusi kolorit­lərini qoruyub saxlamaq son dərəcə vacib şərtdir. Bu şərt isə yalnız zahiri, formal cəhətləri yox, həm də daxili etik-estetik funksiyanı əhatə edir. Forma və məzmunun çalar zənginliyini, əlvanlığını, bədii fikir zənginliyini sübut edən faktorlardır.

Bu kitabda toplanan folklor nümunələrinin yaranma coğrafiyası, şəraiti də xüsusi səciyyəvi cəhətləri ilə seçilən və böyük bir həqiqəti sübut edir: Azərbaycan xalqı dünyanın hansı ərazisində məskunlaşır – məskunlaşsın, hansı mühitə düşür-düşsün, hansı siyasi təzyiqə məruz qalırsa-qalsın, bu xalq heç vaxt öz milli simasını, ənənələrini, adətlərini, mədəniyyət tarixini unutmur, onu daim inkişaf etdirir və ümumdünya mədəniyyətinə orijinal şəkildə inteqrasiya edə bilir: bu xalq dünyaya baxışı, sözünün naxışı, ülfəti, nifrəti, alqışı-qarğışı, hətta dərdi, sevinci və düşüncə tərzi ilə başqalarından seçilir, özü də yaxşı mənada seçilir.



Xalq öz milli xarakterini, koloritini qoruyub saxlamaqla yalnız kortəbii, for­mal xüsusiyyətlərini yaşatmır, həm də özünün əbədi əxlaq kridosunu sübut edir.

Yəni bu xalqın çox az nümayəndələri akkulturalizm təsirinə düşə bilər. Belə bir fakt da bizim qəlbimizdə qürur hissi yaradır ki, Dərbənd, Borçalı, Zən­gəzur, Ağbaba, Göyçə, Qaraqoyunlu, Dərələyəz, Təbriz, Həmədan və s. bölgə­lər­dən toplanmış folklor nümunələri bizi yalnız estetik, etik cəhətdən qürurlan­dırmır, həm də bizim xalqımızın ruhunu, milli psixologiyasını, dünyagörüşünün spesifik cəhətlərini, sözə münasibətini, xalqın lüğət tərkibinin zənginliyini, ayrı­ca sözün estetik tutumunu çox dürüst və sərrast ifadə edir.



Bu zənginlik yalnız təkcə xalq təfəkkürünün davamlı inkişafını sübut etmir, həm də onu sübut edir ki, folklorun yaranma prosesi statik xarakter daşımır, o daim inkişaf edir. Xalq təfəkkürünün dialektik xarakter daşıdığını sübut edir. Daha doğrusu, bu kitablar sübut edir ki, folkloru təkcə keçmiş hesab etmək, onu bu günün məzmunundan təcrid etmək sadəlövhlük olardı. Çünki bu günün özü də bir vaxt keçmişə dönəcək və o da xüsusi tədqiqatlara möhtac olacaqdır.

Buna görə də düşünmək lazımdır ki, elə indinin özündə də folklor yaradıcılığı davam edir: müdrik, ibrətamiz sözlər, ibarələr, məsəllər, hətta rəvayətlər belə yara­nır və gələcək nəsil bunları maraqla oxuyacaqlar. Məsələn, bir çox rayonlarımızda in­dinin özündə də bayatılar yaranır və dildən-dilə düşür. Məs. Zaqatala rayonunda adi təsərrüfatçı, sağıcı, fəhlə elə bayatı yaradır ki, onlar da elə folklor nümunələri he­sab olunmalıdır. Axı folklor sözünün mənası “xalq yaradıcılığı” deməkdir. Bir çox müa­sir bayatılar məzəli əhvalatlar, mahnılar, qanadlı sözlər indinin özündə də ya­ranır, özü də şifahi şəkildə, müəllifləri də bilinmir. Maraqlıdır ki, indinin özündə yaranan elə şeir nümunələri var ki, onlar çox variantlıdır, heç dəqiq müəllifi də bilinmir.

Cənubi Azərbaycan folklorunun toplanmasında bir müsbət cəhəti də qeyd et­mək vacibdir. Xalq yaradıcılığı nümunələri bir külçə şəklində, bəzən tam “isteh­sal” olun­mamış şəkildə tədqim edildikdə fədakar folklor alimlərimiz bu “qızıl” külçəsi­nin ümumi forma və məzmununa toxunmadan bu külçəni gərəksiz, ona uyuş­­mayan, qum-torpaq örtüyünü ondan təmizləməklə fitrətən yaranmış şifahi ədə­bi irsi öz təbii donunda saxlamağa çalışır və onu zorla, müasirləşdirmədən qoruyurlar. Cənubi Azər­bay­can folkloru haqqında, xüsusən bu xəzinənin toplanıl­ması haqqında danı­şarkən bir məsələni də unutmaq olmaz. Məlumdur ki, Cənubi Azərbaycanlı qardaş-bacılarımız öz milli simasını, dilini, koloritini qoruyub saxla­salar da, hansı səbəb­dənsə bəzən fikrin ifadə tərzinə az da olsa fars dilinin, fars mühakimə tərzinin təsiri özünü göstərir. Bu da çox təbiidir. Əlbəttə, tədqiqat­çıla­rımız heç vaxt orijinallara necə deyərlər qondarma etiket bağlaya bilməz. Amma dildə yox, dini etiqaddakı bəzi təqlid xüsusiyyətləri oxucularda bir qədər yanlış tə­səvvür yarada bilər. Məsələn, Aleksandr Xodzkonun “Koroğlu” eposu haqqında təd­qiqi və dastanın tərcüməsi bu faktı sübut edir. “Koroğlu” dastanının bizdə, yəni Şi­mali Azərbaycanda toplanmış və nəşr olunmuş nüsxələrində Koroğlu, onun sə­fər­­ləri, qəhrəmanlıq epizodları daha təbii görünür. Amma A.Xodzonun tərcü­mə­sində fars dini təsəvvür təsiri təbiiliyi pozur, Koroğlu bəzi məqamlarda bir obraz, bir qəhrəman kimi öz təbii naturasından süni şəkildə təcrid olunur: A.Xodzkonun tərcüməsində Koroğlu həqiqi milli qəhrə­man­dan çox macəra qəhrəmanlarını, orta əsr ərəb, məqamə janrının qəhrəmanlarını xatırladır, bəzən də o, misgin, hətta bir qədər qorxaq cəngavər obrazını xatırladır. Həmin tərcümədə Koroğlu az qala anti Koroğlu kimi qələmə verilir. Bəzən Koroğlu bədbin mistikaya uyur, pietizm-xalis möminlik səviyyəsinə enir, Kəbəni ziyarət et­mək arzusu ilə, xalis doqmatik dini ehkamların təsirinə düşür. Onun işlətdiyi ifadələr onu Koroğlu kimi səciyyələn­dirmir. Bu tərcümədə Koroğlu bir hərəmxana sahibi kimi təqdim olunur. Axı Koroğlu ömrünün axırında etiraf edir ki, “O, Nigardan baş­qa heç bir könül sirdaşı tanımamışdı. Amma bütün bu təhrif­lərə baxmayaraq A.Xodz­konun böyük xidmə­tini, Koroğlunu Avropaya tanıt­maq­da onun rolunu qətiyyən kiçiltmək niyyətində deyiləm. Çünki həmin tərcüməni oxuyan hər bir təd­qiqatçı, hətta adi oxucu belə oxuduqda açıq-aydın başa düşür ki, bu alimin özü də materialı fars təsirinə düşən informatordan almışdır.

Bir fransız yazıçısı Jorj Sandın Koroğlu haqqında yazdığı əsəri də məhz belə qiymətləndiririk. Azərbaycan dilinin ifadə zənginliyi, təşbeh və metafor­larla, sinonim, omonim bolluğu ilə, atalar sözü və məsəllərlə büründüyünü nəzə­rə alsaq, onu da etiraf etməliyik ki, Aleksandr Xodzko özü də bu həqiqəti dərk etdiyi üçün “Koroğlu” dastanında da şeirləri – qoşma və gəraylıları “impro­viza­siya” adı ilə vermiş, poetik fikri nəsr şəklində izah etməyə məcbur olmuşdur.



Bu mənada çoxcildliyin birinci cildinə ön sözü yazmış professor İsrafil Abbaslının aşağıdakı fikirləri maraqlıdır. O, belə yazır: “Əlbəttə Azərbaycan türk­cəsinin, geniş anlamda isə ümumiyyətlə türk dilinin fars dili ilə müqayisədə daha zəngin çalarlara, söz ehtiyatına malik olduğu haqqında istər ünlü tarixi simalar, is­tər­sə də çağdaş araşdırıcılar onlarla tədqiqatlar yazmış və dəyərli fikirlər söylə­mişlər. Əmir Əlişir Nəvainin çağatay dilinin farsca müqayisədə hansı üstünlüklərə, zənginliklərə malik olduğunu müəyyənləşdirən “Mühakimətul-lüğət teyn” əsəri də daxil olmaqla bu problemin öyrənilməsi Güneyli həmkarlarımızın da həmin diqqət mərkəzində olmuşdur. Maraqlıdır ki, doktor Cavad Heyyət “Müqayisəli-lüğət” əsərində 1650 türk sözünün fars dilində qarşılığının olmamasını aşkarlamış və belə bir nəticəyə gəlmişdir ki, farslar bu sözlərin əvəzinə ərəb və türk dillərindən alınan sözlərdən istifadə etmişlər. Bu baxımdan Güney folkloru toplusunda təqdim olu­nan mətnlərin qeyd edilən səbəblər ucbatından farscadan Azərbaycan türkcəsinə tərcüməsi zamanı danışıq dilinin, milli koloritin nə dərəcədə qorunduğunu yəqin etmək mümkündür (Bax: “Cənubi Azərbaycan folkloru” (1, 7).

Bu məsələ ilə bağlı başqa bir misal gətirmək istəyirəm. XIX əsrdə Rus alimi və şairi, adıyla fəxr etdiyimiz professor Mirzə Cəfərdən Şərq dillərini və ədəbiyyatını öyrənən Pavel Petrov “Aşiq” təxəllüsü ilə şeirlər yazmış və Mirzə Cəfərin şeirlərini rus dilinə tərcümə etmişdir. O, hətta arzu edirdi ki, rus dilində qəzəl də yazsın. Böyük rus tənqidçisi V.Q.Belinski Pavel Petrovun tərcüməsində Mirzə Cəfər Topçubaşovun şeirlərini oxuduqdan sonra belə demişdir (1835-ci ildə): “Hörmətli Mirzə Cəfərin şeirləri haqqında bir söz deyə bilmərik, ona görə ki, bu şeirlər Şərq dillərində yazılıb və buna görə də bu şeirlər bizim üçün başa düşülməzdir. Lakin onu da deyim ki, biz əminik ki, bu şeirlər tərcüməsindən müqayisə olunmayacaq dərəcədə yaxşıdır” (6, 72).

Deməli, dahi tənqidçi, şərq dillərinin, o cümlədən Azərbaycan dilinin zəngin koloritini etiraf etməli olmuşdur.

Bir vaxt Kazan Universitetinin professoru Lobaşevsi belə demişdir: “Tək­cə Füzulini oxuya bilmək xatirinə Azərbaycan dilini öyrənməyə dəyər”. Bu bö­yük alimə də doğma dilimizi başqa bir nəhəng təfəkkür sahibi olan Mirzə Kazım bəy öyrətmişdir.

Bu faktlar bir daha onu da sübut edir ki, Cənubi Azərbaycan folklorunu nəşr edib öyrənmək yalnız məhdud bir funksiya – sadəcə olaraq folklorumuzun zəngin­li­yini sübut üçün faydalı deyil. Belə bir vətənpərvər təşəbbüs həm də dilimizin mi­sil­siz zənginliyini, qeyri-adi ifadə qüdrətini, onun güclü poetik ça­lar­larını, musiqi­liyini ifa­də etmək üçün, bu xalqın tarixi qəhrəmanlığını, hansı əzablardan keçdiyini, heç bir milli assimliyasiyaya uğramamasını, xalqın adət-ənənələrinin bolluğunu, məişə­ti­ni, ailə həyatını, yaşamaq eşqini, sevgisini, nif­rətini öyrənmək üçün tükənməz xəzinədir.

Eduard Sepir adlı bir tədqiqatçı yazır: “Keçmiş yalnız o zaman mədəni maraq doğurur ki, o hələ də indiki zaman kimi özünü göstərir hələ o, gələcək də ola bilər” (7, 5).

Bu fikir birbaşa elə folklorumuzun tədqiqinə, nəşrinə yayılmasına, toplan­masına, qorunmasına da aiddir. Axı biz çox zaman öz tariximizə soyuqqanlıqla yanaşmış, tariximizi özgə qapılarından öyrənməyə cəhd etmişik.

Yuxarıda adını çəkdiyimiz alimin dediyi kimi biz folklor yaradıcılığını sadəcə keçmişin yadigarı kimi yox, həm də günümüzün bir çox problemləri ilə səsləşən yaradıcılıq sferası, yaradıcılıq aktı kimi qiymətləndirməməli, onu yalnız arxiv materialı kimi yox, milli ədəbiyyatımızın, mədəniyyətimizin bir-birindən təcrid olunmayan komponentləri kimi tədqiqata cəlb etməliyik. Bu da faktdır ki, xalqın şüuru ilə onun duyğuları, hissiyatını eyniləşdirmək olmaz. Şüur köhnələ bilər, hiss və duyğu heç vaxt köhnələ bilməz. “Cənubi Azərbaycan folkloru” çoxcildliyinin çap olunması bir çox cəhətdən son dərəcə böyük əhəmiyyətə malikdir. Uzun zaman doğma ana dilinin yasaq edilməsi faktını indiki nəsil başa düşdükdən sonra bu problemin səbəblərini axtarmalı olacaq, onda öz dilinə dərin məhəbbət hissi bir daha dərinləşəcək, özünün böyük xalqın övladı olduğunu dərk edəcək, özünü ümumbəşər varlığının ayrıca fərd olduğunu başa düşəcək, dostla-düşmənini tanıyacaq, öz mədəniyyətinin çox uzun tarixə malik olduğuna görə özünü xoşbəxt hesab etməklə tarixi keçmişimizin və elə bu günümüzün dolanbac yollarının bir daha öyrənilməsinin vacibliyini dərk edəcəkdir.

Bu kitablarda toplanmış rəngarəng xalq yaradıcılığı nümunələri – zəngin janr örnəkləri təbii ki, son dərəcə maraqlı və cəlbedicidir. Bu nümunələri bir məqalədən təhlil etmək, onların bədii, estetik, etik ləyaqətini bir nəfər tədqiqə cəlb etmək əlbəttə mümkün deyil. Bunun üçün xüsusi və ciddi, xalis elmi səviyyədə xüsusi araşdırma tələb olunur. Özü də xüsusi planla janr təsnifatı ilə, xüsusi problemlər fonunda, obyektiv baxışlar prizmasında, xüsusi milli təfəkkür bucaqlarında aşkar etmək niyyəti ilə ciddi işə girişmək çox-çox vacib məsələdir. Bu tədqiqatlar yalnız ədəbi-bədii dominantlığını (üstünlüyünü) göstərmək, yəni xalis ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən öyrənilməməli, həm də bugünki fa­ciələrimizin fonunda ciddi problemlərimizin nə qədər çətin olduğunu Yeni nəs­lə aşılamaq mənasında da həmişə aktualdır. Bu gün ədəbi-mədəni irsimizə sa­hib çıxmaq istəyən bədxaxlarımızın ağzını yummaq, həqiqəti daha kəskin şə­kil­də deyə bilmək, tariximizin hansı yollardan keçdiyini əyaniləşdirmək üçün “Cə­nubi Azərbaycan folkloru”nun nəşri bu gün üçün müstəsna əhəmiyyətli hadisədir.

Bu folklor nümunələri yalnız ədəbi-bədii sərvət kimi qiymətləndirməməli, həm də, necə deyərlər, tarixi sənəd kimi dolayısı yolla da olsa, bir ittiham sənədləri kimi hesaba alınmalıdır. Düşmənə üz tutub deməliyik: Bax, biz belə olmuşuq, bizim mədəniyyətimiz, ədəbiyyatımız bu qədər zəngin olub. Yəni ədəbiyyat tarixi həm də cəmiyyətin tarixidir. Çünki, bir çox tarixi hadisələr öz ifadəsini bədii əsərlərdə toplamışdır. Bu mənada mən bayatılarımızdan bir neçə misal gətirmək istəyirəm. Qafqaz Albaniyasının hökmdarı böyük sərkərdəmiz Cavanşirin dövrü ilə səsləşən bu bayatıya diqqət yetirək:


Vermə Xəzərə məni,

Çəkər bazara məni.

Yada qismət olunca,

Salla məzara məni.

Bu bayatıdakı misralar Xəzərlərin Albaniyaya gəlişi ilə bağlı tarixi həqiqətin bir faktını – Azərbaycan qızlarının Xəzərə ərə verilməsi faktını göstərir. Yaxud başqa bir misal:

Apardı tatar məni,

Bazarda satar məni

Vəfalı yarım olsa

Axtarıb tapar məni.

Hələ dialektiklərin formulunu öyrənən Heraklitdən xəbəri olmayan sadə bir xalq nümayəndəsi görün dialektikanı nə dərəcədə sadə, aydın və obrazlı şəkildə ifadə etmiş, ilkin dialektika anlayışının nə olduğunu bilməmişdir.



Eləcə də “Cənubi Azərbaycan folkloru” kitabındakı çox maraqlı nümunələr onu tələb edir ki, folklorumuzun özünü də tarixi-müqayisəli ədəbiyyatşünaslıq me­to­du ilə tədqiq etmək tarixi-siyasi hadisələri öyrənmək baxımından da çox əhə­miy­yətlidir. Bizim bəzi alimlərimiz tarixi hadisələri yalnız ştamplaşmış hökmlər, id­dia­lar əsasında öyrənir və təbliğ edirlər. Çünki onların özlərinin təfəkkürü də ştamp­lanmışdır. Bunun üçün təkcə tarixi faktlara yox, həm də ədəbi prosesin müəyyən tarixi pillələrinə də istinad etməliyik, yəni hər bir faktı təkcə bədii təxəyyül kimi qələmə verməməliyik. Bu, yazılı ədəbiyyatımıza da aiddir. Biz Yusif Vəzir Çəmənzəminlinin, Məmməd Səid Ordubadinin, hələ onlardan çox-çox qabaq dahi Nizaminin əsərlərindən tarixi faktları yalnız uydurma hadisələr kimi izah etməliyik.

5 cilddə toplanmış “Cənubi Azərbayan folkloru” təbii ki, bu cildlərlə məh­dudlaşmır və bu kitabları ərsəyə gətirən alimlərin, təşkilatçıların, köməkçilərin hamısı ona görə alqışlanmalıdır ki, onların bu böyük fədakarlığı ədəbiyyatımızın, elmimimizin tarixinə böyük vətəndaş məhəbbətlə yanaşan əsl vətəndaş oxucular bu folklor nümunələrini özləri üçün ən qiymətli mənəvi nemət kimi qəbul edəcək və bir də təsdiq edəcəklər ki, xalq şairimiz Nəriman Həsənzadənin dediyi kimi:

Xalqın böyüklüyü silahlarla yox,

Atalar sözüylə ölçülməlidir!


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin