Hiylə elementi. Gözbağlıca oyunun sxeminə eposdan gələn əlavə kimi görünən elementlərdən biri də hiylə elemntidir. Həmzəni səciyyələndirən əsas xüsusiyyət onun başlanğıcdan ağılla və tədbirlə hərəkət etməsidir. Hər tərəfdə qolu zorlu adamların olduğu şəraitdə Həmzə kimi ağıllı və tədbirli adamlara həmişə ehtiyac yaranır. Həmzə qarşısına qoyulan məqəsdə çatmaq üçün özünün ağıl ehtiyatını səfərbər edir, hiylə resurslarını aktivləşdirir. Özünü yazıq, işgüzar və sədaqətli göstərir, etimad qazanır, atı oğurlayır, yolda dəyişir və qalib kimi vaxtında xanın hüzuruna daxil olur.
Həmzənin dəyirmanda işlətdiyi hiylə elementləri gözübağlıca oyun qaydalarına uyğundur. Çünki o, ilk növbədə gizlənir. Gizlənmək isə cizlənpaç oyunun əsas ideyasıdır. Həmzənin gizlənməsi libasdəyişmə yolu ilə baş verir. Dəyirmançını öz yerinə qoyur və onu həqiqi gizlənpaç oyunçusuna çevirərək gizlənməyə göndərir. Özü isə dəyirmançı libasında mətədə dayanır. Oyuna daxil olan Koroğlunu da gizlənmə məkanına göndərir. Həmzənin gizlənməsi libasdəyişmə ilə yanaşı rəngdəyişmə ilə də təmin olunmuş və ikiqat qorunma vəziyyətinə gətirilmişdir. Çünki dəyirmançı rolunu oynamaq üçün də, Koroğludan gizlənmək üçün də üz-gözünü una bulamış və özünü tanınmaz hala gətirmişdir. Libasın və rəngin dəyişdirilməsi nəticə etibarilə aldatmağa xidmət edir. Beləliklə, o Koroğlunu da, dəyirmançını da aldatmağa nail olur. Dəyirmançını da Koroğlunun onu öldürəcəyi təhlükəsi ilə qorxudaraq aldadır və onun yerinə keçir.
2. İkinci ehtimal isə ondan ibarətdir ki, digər oyunlarda olduğu kimi oyunda qalib gələn mükafat alır. Şübhəsiz ki, bu element cəmiyyətdə mülkiyyət münasibətlərinin yarandığı zamandan etibarən oyuna daxil ola bilər. Biz bilirik ki, oyun qalibləri mükafat alır, oyunda at mükafatı alındığı da bizə qaynaqlardan məlumdur. Belə olduğu halda Həmzənin oyunun qalibi kimi at qazanmasını da oyun prosesinin bir parçası kimi qəbul edə bilərik. Həmzənin oyunu daha yaxşı oynadığı və mükafat üçün müəyyənləşdirilmiş qeyri-adi atı da qazandığı aydın olur. Bundan sonrakı mükafat silsiləsinin, bəylik titulunun, Dona xanımın da alınması hadisənin oğuz ritual mədəniyyətinə sıx şəkildə bağlı olduğunu göstərir. Məsələnin mükafat hissəsini “Kitabi-Dədə Qorqud”da Dirsə xan boyunda Buğaca ad verilməsi ritualı ilə müqayisə etmək və bənzərliyi təsdiqləmək mümkündür.
Dostları ilə paylaş: |