Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,03 Mb.
səhifə25/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   21   22   23   24   25   26   27   28   ...   92
Ключевые слова: Азербайджанская поэзия, Китаби-Деде Коркут, тюрк, волк, стихотворение
Müstəqillik dövrü Azərbaycan poeziyasında qurd obrazı və bu obrazı xa­rakterləşdirən şeirlərə tez-tez rast gəlirik. Təbii ki, qurdun müasir poeziyada səciyyələndirilməsində folklordan gələn mifik düşüncənin və günümüzə gəlib çatan ilk yazılı abidə – “Kitabi-Dədə Qorqud”dakı qurd obrazının təsiri danıl­mazdır.

İlk öncə “Kitabi-Dədə Qorqud” dastanında rastlaşdığımız qurd obrazına nəzər salaq. Dastanın “Salur Qazanın evinin yağmalandığı boy”da Qazan xan müxtəlif obrazlara müraciət edir. Bu müraciətlərin içərisində qurda olan mü­nasibət fərqli bir anlam ifadə edir. Yəni “qurd üzü uğurludur, qurdla bir soraq­laşım”(8,143), – deyən Salur Qazanın söyləməsində qurda xüsusi bir məhəb­bətin əks olunduğu açıq-aşikar görünür:


Qaranlıq axşam olanda günü doğulan!

Qarla yağış yağanda ər kimi duran!

Qaracıq atları kişnəşdirən!

Qızıl dəvə gördükdə inləşdirən!

Ağca qoyun görəndə quyruğuyla qamçı çəkən!

Arxasıyla vurub, bərk ağılın ardını sökən!

Burma –axta kök qoçları alıb-tutan!

Qanlı quyruq üzüb şap-şap udan!

Ulaşması köpəkləri təşvişə salan!

Əldə məşəl çobanları gecə vaxtı yüyürdən!

Yurdumdan bir xəbər bilirsənsə, de mənə!

Dərdli başım qurban olsun, qurdum, sənə! (8,143).


Qurda bu qədər məhəbbət haradan qaynaqlanır?! Gördüyümüz kimi “qurd üzü uğurludur” deyimində ideallaşdırılan sevginin dərin qatlarındda nə dayanır? Salur Qazan qurdun şərəfinə təriflər söylədikdən sonra axırda müraciətini “Dərd­li başım qurban olsun, qurdum, sənə!”(8,143) alqışı ilə bitirir. Diqqət edilsə, bir qədər sonra isə qara köpəyə “Dərdli başım sağ olduqca yaxşılıqlar edim, köpək, sənə!” – deyir. Fərq göz qabağındadır. Qurd dağıdıcı, qoyun sürü­sünü didib parçalayan, ziyan verən olsa da, sevilir, qara köpək bəyin qoyun sürüsünü qorusa da, qurd qədər sevilmir.

Folklordakı mifoloji görüşlərimizə baxaq. Mifoloji təsəvvürdə türkün əcdadı olmaq anlamında qurd fenomenləşdirilibdir. Türkoloq prof. Bahəddin Öcəl yazır: “Qurddan törəmə və mağaradan çıxma əfsanəsi göytürklərin rəsmən qəbul etdikləri bir dövlət mifologiyası kimi görünürdü”(10,41).

Əfsanə belədir: “...Rəvayətə görə (göytürklərin) ilk ataları hsi-hal, yəni Qərb dənizinin sahillərində yaşayırdılar. Onların qadınları, kişiləri (uşaqları ilə birlikdə) böyüklü-kiçikli hamısı birdən Lin adlı bir məmləkət tərəfindən məhv edilmişdilər. (Türklərin hamısını qırdıqları halda) yalnız bir uşağa rəhm etmiş, onu öldürməkdən vaz keçmişlər. Bununla belə onun da qollarını və qıçlarını kəsərək, özünü Böyük bataqlığın içindəki otların arasına atmışdılar. Bu vaxt dişi bir qurd peyda olmuş və ona hər gün ət və yemək gətirmişdi. Uşaq da bunları yeyərək özünə gəlmiş və ölməmişdi. (Az bir vaxtdan sonra) uşaqla qurd ər-arvad kimi yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu.

(Türklərin köhnə düşməni olan Lin dövlətinin hökmdarı uşağın sağ qal­dığını eşitdkdə) tez adamlarını göndərərək həm uşağı, həm də qurdu öldür­məyi əmr etmişdi. Əsgərlər qurdu öldürməyə gəldikləri zaman qurd bundan xəbərdar olmuş və qaçmışdı. Çünki qurdun müqəddəs ruhlarla əlaqəsi var idi (və daha öncə onlar vasitəsi ilə düşmənlərin gəlişindən xəbər tutmuşdu).

Buradan qaçan qurd Qərb dənizinin şərqindəki bir dağa getmişdi. Bu dağ Kao-ç-anqın (Turfanın) şimal-qərbində yerləşirdi. Bu dağın altında isə çox dərin bir mağara var idi. (Qurd buraya gəlincə) dərhal həmin mağaranın içinə girmiş­di. Bu mağaranın ortasında böyük bir ovalıq var idi. Bu ovalıq başdan-başa ot və çayırla örtülü idi. Ovalığın çevrəsi isə təqribən 200 mildən artıq idi.

Qurd burada on oğlan uşağı doğmuşdu. (Göytürk dövlətini quran) A-şi-na ailəsi bu uşaqlardan birinin soyundan törəmişdi” (10,38).

Demək türkün əcdadı məsələsində Dədə Qorqud zamanından çox-çox əvvəllərə gedən bir inam var ki, Dədə Qorqudun yaşadığı, var olduğu dövrlərdə də həmin totem müqəddəs sayılırmış. “Qurd bəlkə də çox qədim dövrlərdə türklərin bir totemi idi. Lakin Göytürk dövründə qurd bir totemdən artıq müqəddəs bir simvol halına girmişdi. Göytürklərin öz bayraqlarının başına bir qurd şəkli qoymalarının səbəbi bu idi. Qurd başlı sancaqlar Göytürk dövlətinin süqutundan sonra da unudulmamış və Çin imperatorları, məsələn, türleşlər kimi türk qövmlərinə xaqanlıq ünvanları verdikləri zaman qurd başlı bayraqla bir davul verməyi də unutmamışlar. Bu inam türklərin Anadoluya gəlişindən sonra da davam etmişdir” (10,55).

Heç də təsadügü deyildir ki, qədim türkün təsəvvüründə bu qurd totemi onun xilaskarı rolunda çıxış edirdi. Qurdun xilaskarlıq missiyası “Ərgənəkon” dastanında, Nuh peyğəmbərin daşqından sonra torpağa ayaq basdığı haqqındakı rəvayətdə və digər əfsanələrdə də özünü göstərir.

“Qədim türklərin əsas totemlərindən biri Canavar (Qurd) idi. Ona Göy Qurd deyirdilər. "Göy" səma mənasında, "Qurd" isə "qurtuluş" mənasında an­la­şılırdı…Qurd gücdən əlavə, həm də öz ailəsinə sədaqət rəmzidir. Qurd qorx­mazlıq rəmzidir. Hər hansı bir pəncələşmə zamanı axıracan döyüşür, ya qalib gəlir, ya da ölür. Heç vaxt rəqibinin qabağından qorxub qaçmır. Qurd heyvanlar aləmində azadlıq, müstəqillik rəmzidir. Bu müsbət keyfiyyətlərinə görə lap qə­dimlərdən türk xalqlarının toteminə çevrilmişdir… Səma (göy) rəngli qurd mü­qəddəs heyvan hesab edilir. Əfsanələrin birində onun Oğuz qəbiləsinin baş­lan­ğıcı olduğu bildirilir” (6,7).

Salur Qazanın qurda bu xöş münasibətində də ənənəvi olaraq türkün yad­daşında yaşayan inanc vardır. Məhz bu aspektdən yanaşanda müasir şairlə­ri­mi­zin yaradıcılığında qurd obrazının özünə böyük yer qazanmasının anlaşıqlı ol­duğu bilinir. Yəni xilaskar qurd, əcdad qurd türkün qan yaddaşında yaşayır və türk şairlərinin də yaradıcılıqlarında özünün xilaskar kimi poetik ifadəsini tapır.

Xəlil Rzanın “Boz qurda öygü” şeiri bu baxımdan diqqəti cəlb edir. Boz qurdu əcdad hesab edən şair onu türkün arxası, dayağı, yer üzündə qoruyucu ruhu kimi təqdim edir:
Sən mənim əcdadımın nəfəsindən yarandın,

Döyüş günü mərdlərin nərəsindən yarandın.

Ay... Ay... Ay...

Tanrı göydə qorusun, sən yerdə Türkü qoru!

Hayqır.., hayqırışından ruh alır ana yurdum.

Yaşa, mənim Boz qurdum,

Var ol, mənim Boz qurdum (11,374).
Alı Yusif Afşar “Qurd totemli türklər” məqaləsində yazır ki, “Qədim türklər inanc kimi qurdu özlərinə totem bilərək “Qurd ata”dan gəldiklərini dü­şünürdülər. Öz xarakterini Qurda oxşatmaq, onun həyat yaşamından özləri üçün dərs alınacaq dərəcədə qurdu özlərinə örnək bilmişlər” (12).

Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeirində Bozqurda dönmək, əslinə qayıtmaq çağırışı birbaşa “Dədə Qorqud” kitabında, türkün alt şüurundakı arxatiplərdən və ümumiyyətlə folklorun dərin qatında qorunan qurd sevgisindən irəli gəlir. Vətən övladına müraciətlə şair öz kökünə qayıtmaq, boz qurda dönmək , mübariz olmaq ideyasını aşılamağa çalışır:


Gözünü sil, Vətən oğlu,

Ayağa qalx!

Üfüqünə bir yaxşı bax,

Sərhədinə bir yaxşı bax.

Sərhədinin kəməndinə bir yaxşı bax!

Dur, içindən qorxunu boğ,

Ölümünlə, qalımını ayırd elə.

Dur içindən qorxağı qov,

Dur özünü Bozqurd elə!(1,595)
Rüstəm Behrudi isə “Şaman nəvəsiyəm mən yurd yerində” şeirində için­dəki qeyri-müəyyən hissin qüvvəsinə inanır, keçmiş şöhrətini xatırlayır, əslinə-kökünə qayıtmağı, qurd olmağı arzulayır. Şairin bu arzusunun bir qınaq obyekti də var. Bu, elə türkün özüdür. Zaman-zaman öz yurdlarını itirən türklərin qınaq obyektinə çevrilməsində unutqanlığı, keçmişinə biganə münasibəti yer alıbdır:
Məni Urmiyada, Savalandakı,

Ulu Altaydakı kürkümə qaytar.

Keçir köynəyindən, a qeyrət, məni,

Qaytar birdəfəlik ilkimə, qaytar.

Qaytar sərhədləri ucsuz-bucaqsız,

Bir vaxt gündoğandan bədöy atları

Günəşin dalınca kişnəyib gedən...

Geriyə dönməyən ulu yurd elə.

Ver oxu, qoy çəkim bu yayı bir də -

Qaytar öz əslimə məni qurd elə!

Təzədən başlayım hər şeyi bir də! (3,28)
Bu baxımdan Əli Rza Xələflinin “Qoca türkə məktub” şeirinin ideya məzmununda da bir zaman bikir olan türk xalqlarının arasından su axıdılmasının təəssüfü vurğulanır. Türkün başbiləni-şaman öz əcdadını, millət şamanı unut­du­ğu andan, boz qurdu dışladığı zamandan sanki mübarizliyini də unutdu. Qılıncı paslandı, öz qanı axdı, amma onun qılıncından qan axmadı. Qan axıtmaq yaxşı əlamət deyil, amma sənin qanını axıdırlarsa, səni ölüm gözləyir, mübarizə bu zaman zərurətə çevrilir:
...boz qurdunu çağırmadı o şaman,

Bu yer üzü, o göy üzü, ay aman.

Biz bir idik, bikir idik bir zaman,

Aramızdan necə axdı ara su?!

Adın hanı, odun hanı canında,

Qılıncını pas yedimi qınında.

Qisas qanı qaynamadı qanında,

Hara yusun nahaq qanı, hara su?! (7,117)


Fəxrəddin Əsəd “Türkün səsi” şeirində qeyd edir ki, boz qurdun isti nəfəsi türk çöllərini uyudubdur. Zaman gələcək ki, türk özü də yuxudan oyanıb boş qalmış çöllərində səs salıb dağı-daşı oyadacaqdı:
...hələ ki uyuyur çöl

İsti qurd nəfəsinə.

Bir azdan oyanacaq

Böyük türkün səsinə(5,141).


Rüstəm Behrudinin “Gələcək Turanın Atillası” şeirində nigaran türk ruhlarında qurdlar ulayır. Bu ruhlar türkün keçmişini axtarır. Şərəfli keçmişdən indi sadəcə nağıl kimi xatirələr qalıbdı. Şair də üzünü keçmişə tutub türkün şərəf salnaməsini vərəqləyir, igid-ər oğlu Atillanı çağırır:
Mən səni gözlədim, neçə

İldir, Atilla, Atilla.

Gəl yatmış bəxtini Türkün

Güldür, Atilla, Atilla.


Bir mavi işıq dolaşır,

Ruhumda qurdlar ulaşır.

Səsi çay keçib, dağ aşır,

Gəl gör, Atilla, Atilla (4,5)


Adilə Nəzərin “Ula, boz qurdum, ula” şeirində yatan şairin yuxusunda boz qurd ulayır. Bu yuxu böyük anlamda dünya arenasında türkün oyanmasına işarə edir. Uzun zaman fasiləsindən sonra beynəlxalq siyasi qüvvələrin məkrli siyasətini anlayan türkün özünə qayıdışı kimi boz qurdun ulayaraq onu oyatmasında el dərdi, vətən qeyrəti, bütövlük andı vəhdət təşkil edir:
Di oyat məni daha,

Yuxuda sıxılıram.

Ula, boz qurdum, ula,

Səsinçün darıxıram (9,122).


Akif Azalpın “Turan havası” şeirində qurd Alp Ər Tüngə, Maday xan ilə birgə asimanın duasını oxuyur. Tanrıdağın gədiyindən Turan havası gəlir. Bu havanın əsintisində, qurdun duasında bir ümid işığı görünür. Burada türkün özünə qayıdışı hiss edilir:
Bir səs gəlir qayaların bitiyindən,

Alp Ər Tüngə, Maday xanın dediyindən.

Qurd oxuyur asimanın duasını,

Aya baxıb Tanrıdağın gədiyindən.

Nağıl kimi sehirləyir

Səmanın qızıl alması,

Yazımda Turan havası,

Qışımda Turan Havası! (2,53).


Bu ümid ilə yazını burada sonuclamaq istəyirəm. Turan dünyasının Boz­qurdu

bir millətin soykökünə qayıdışı çağrısını səsləndirir. Qışında, yazında Turan havasına köklənmiş millətin mifoloji təsəvvüründə olan qurd obrazı cəsurluğu, mübarizliyi ilə seçilir. Çağdaş Azərbaycan poeziyasından gətirdi­yi­miz nümunələr də göstərir ki, qurd obrazı məhz cəsurluğuna, mübarizliyinə görə sevilir. Bu sevginin arxasında türkün keçmişinə sayğısı, bu gününə qayğısı, gələcəyinə inamı dayanır.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin