4. Sonuc
Müsəlmanların Kərbəla dastanı anlatmaqda, Şəbih tamaşaları göstərməkdə məqsədi Hz.Hüseynin Kərbəladakı əzəmətini, dirənişini, Yezidin, Şümürün, İbn Ziyadın Hz.peyğəmbərin nəvələrinə etdikləri zülmü xatırlamaqla tarix bilgilərini, İslam sevgilərini, Əhli-beyt bağlılıqlarını bir daha yeniləməkdir. Yenilənən hər şey diri qalmağa, canlılığını sürdürməyə məhkumdur.
Kərbəla müsibətinin hər il keçirilməsinin bir başlıca səbəbi də dəyərlərin simvollaşmasıdır. Simvollaşan dəyərlər toplumları, millətləri ayaqda tutan əsas elementlərdir. 1335 il bundan öncə Kərbəla çölündə yezidlərin əlində qanı axıdılmış Hz.Hüseynin xatırlanması, yasının tutulması İslam uğrunda, haqq uğrunda bilə-bilə ölümə gedənlərin bu dini yaşatdığını müsəlmanlara xatırlatmaqdır. Bu xatırlatmanın başında əzadarlıq, sinəzənlik və Şəbih kimi xalq teatrı gəlir. Şəbih ritualının simvolu əbədiyyətə qədər yaşayacaq dinimizin təntənəsidir.
İslam aləminin ən qanlı və acılı faciələrindən biri olan İmam Hüseynin Kərbəla hadisələri özündən sonra üç böyük nəticə qoydu.
Birincisi, siyasi nəticədir ki, xilafətin seçki ilə deyil, Ümeyyaoğullarının xəlifəliyi ələ keçirmələri ilə sülalə hakimiyyətilə idarə edilməsinin əsası qoyuldu. Xilafətin məzmunu və şəkli dəyişdirildi.
İkincisi, sosial nəticədir ki, hakimiyyəti mənimsəyən Əməvilər məvali siyasəti yeritməklə, ərəb olmayan müsəlmanları istismar etməklə və özləri də sürətlə varlanmaqla varlı və yoxsul təbəqələrinin yaranmasına və qarşıdurmaya səbəb oldular.
Üçüncüsü, dini nəticədir ki, bu da Əməvilərin hakimiyyəti zorla ələ keçirdiyi, bu soyun başlanğıcdan Hz.peyğəmbərə və onun övladlarına düşmən olduğu üçün bütün iqtidarları boyunca Haşimoğullarından intiqam almaq yolunu tutduğunu göstərdi. Əməvilər İslamı pozmağa, haramı halal, zülmü ədalət, zülmedənləri də səhabə kimi göstərməklə müsəlmanlığı iki cəbhəyə böldülər, bununla da dinə ən böyük zərəri vurdular.
Sosial və mədəni həyata çox böyük təsir göstərən Kərbəla faciəsi sözlü ədəbiyyata olduğu kimi yazılı ədəbiyyata da böyük təsir göstərdi maktəllərin, mərsiyələrin, rövzələrin, nohələrin, məhərrəmiyyələrin yazılmasına səbəb oldu. Bütün bunlar Şəbih kimi möhtəşəm dini-mistik tamaşanın yaranmasına səbəb oldu.
Məzhəbindən asılı olmayaraq qəlbində iman, könlündə Hz.peyğəmbər sevgisi olan hər müsəlman üçün Kərbəla bir müsibət yeri, Məhərrəmlik ağır yas, Şəbih də xatırlama, yenidən yaşama günüdür.
Və Şəbih bizlərə gücsüzlüyün, zəifliyin baş əymək, ölümün məğlubiyyət olmadığını xatırlatmaq üçündür.
Dostları ilə paylaş: |