Məsələnin qoyuluşu: ayrılıqda tədqiqata cəlb olunmuş kosmos və xaos, yuxu və butalanma səfər motivinin spesifik detalları kimi izah olunmuşdur.
İşin məqsədi: səfər motivinin sistemli araşdırılmasını tədqiqatın əsas məqsədi kimi hesab etmək olar.
Bəşəriyyətin mənəvi həyatında xalqların oynadığı rol böyük olduğu kimi, səfər motivinin də epik janrda sabitləşməsində ayrı-ayrı xalqların mifoloji dünyagörüşü, ictimai tərəqqisi, özünəməxsus təkrarolunmazlığı mühüm əhəmiyyət kəsb edir.
Folklor “xalq sözü”, “xalq düşüncəsi” kimi yaranıb inkişaf edərək, onun mənəvi həyatının aynası olmaqla, özündə bir sıra kompleks detalları cəmləyir. Bu düşüncənin poetik mətnə köçürülməsi simvolik əhəmiyyətə malik olan spesifik detalların zəruriyyətini şərtləndirir ki, bu sırada səfər motivi də tələb olunan elementlər fəzasıdır.
Bəşər tarixinin ilk mərhələlərindən müasir dövrümüzə kimi insanlar dini, sosial-iqtisadi və siyasi səbəblərlə bağlı bir yerdən başqa bir yerə səfər etməkdədirlər. Epik mətndə isə qəhrəmanın təsadüf və ya zərurətdən doğan hallarda, əvvəldən planlaşdırılmış, yaxud ani şəkildə doğma yurdunu tərk edib, müəyyən zaman hüdudlarında yenidən öz mənzilinə kimi qət ediyi yol “ səfər yolu” adlanır. Xəritəsi irimiqyaslı olan bu səfər yolu müxtəlif macəra və çətinliklərlə doludur. Demək, evdən çıxıb hər hansı bir yerə getmək hələ səfər etmək anlamına gəlmir. Bu baxımdan səfər motivinin mətndə daşıdığı yükü hərtərəfli araşdırmaq üçün onu müxtəlif aspektlərdən tədqiqata cəlb etmək gərəkdir. Motiv haqqında hərtərəfli bilik əldə etmək üçün eyni zamanda onun istiqamət aldığı məkanları da aydınlaşdırmaq və ya tədqiqata cəlb etmək gərəkdir. Bu məkana mifocoğrafi kontekstdən yanaşsaq, onu kosmos və xaos olmaqla iki qütbə ayırmalıyıq. Onların hər ikisi konkret bir cəmiyyəti əks etdirir. Daha dəqiq desək, xaos özünü konkret məkanda və ya dünyagörüşdə göstərmir. Əgər biz “xaos bitdi və o, keçmişdə qaldı, kosmos isə bu gündür” desək, yanılmış olarıq. Hər bir epik əsərin süjeti xaos və kosmosun vəhdətindən yaranır. Süjet daxilində bir cilalanma baş verir ki, bu da sonda səliqəli bir düzümə − kosmosa gətirib çıxarır. Məsələn, “Kitabi Dədə Qorqud” dastanının boyları tarixi səciyyə daşıyır və yalnız iki boy əfsanəvi xarakter kəsb edir. Təpəgöz obrazı xaosdan çıxıb cəmiyyət içərisinə gəlir. Onun bu gəlişi xaotik səciyyəli olub əsərdəki obrazları təşvişə salır. Basatın Təpəgözü öldürməsi ilə mifik səliqə-sahman, nizam yaradılır. Təpəgözü yalnız xaosun içərisindən çıxmış digər obraz məhv edə bilir.
Xaosun mövcudluğu kosmosun vacibliyini şərtləndirir. Əgər kosmos zamanında bərpa edilməzsə, o zaman əsərdə faciələrin, ölümlərin, “məntiqsizliklərin” (7,76) sayı artmış olar. Xaos kosmosun kökündə dayandığı üçün bir xaotik hadisə baş verən zaman obrazın yenidən xaosa müraciət etdiyini görürük. “Qazan xanın evinin yağmalanması” boyunda Qazan xanın elini xilas etməsi onun yenidən kosmosu bərpa etməsi kimi səciyyələnir.
F.e.d. Seyfəddin Rzasoy “ Oğuz mifologiyası” əsərində kosmos və xaos probleminə hərtərəfli yanaşaraq onu təhlil etmişdir. Onun aşağıdakı fikirləri ilə razılaşmamaq qeyri-mümkündür: “ Xaos toplum daxilində hər hansı səviyyəli konfliktdə ifadə olunur. Konfliktin aradan qaldırılması xaosun ləğv edilməsi və kosmosun bərpası deməkdir. Bu isə yalnız rituallarla mümkündür. Xaosdan kosmosa gedən yol, başqa sözlə, etnokosmik struktur harmoniyasının bərpası yalnız ritualdan keçir”(8.142). Fikrimizcə, xaos əsasdır və ilkindir, kosmos isə ondan törəmədir. Xaos əvvəldən mövcuddur, kosmosu isə istənilən vaxt müxtəlif məkanlarda bərpa etmək mümkündür. Bir qədər poetik şəkildə desək, kosmosu qaranlıq gecədə yerə düşən ay işığı hesab etmək olar. İtirilmiş ümidlərinin axtarışında olan obraz daim ideal məkanlara (kosmosa) səfər etməyi planlaşdırır. Cəmiyyətin ziddiyyətlərini açıq şəkildə görən realist qəhrəman eyni zamanda romantik bir fərddir. O, istənilən məkana “xəyali səfər” etmək iqtidarındadır. Bu baxımdan kosmosdan xaosa və ya xaosdan kosmosa səfərləri bir neçə qrupa ayırd etmək mümkündür:
Xəyali səfər
Gözlə səfər
Yuxu ilə səfər
Bunlar da, əslində, səfəretmədə, sadəcə, bir üslub, priyom və daha doğrusu, mifik rituallardır ki, özlərini vertikal və horizontal istiqamətlərdə inikas etdirirlər.
Xaosa səfər həm yuxu, həm də atlama ilə mümkündür. Lakin burada bir məqam sual doğurur. Atlama ilə silahlanıb, yaraqlanıb səfərə gedən qəhrəman səfər etdiyi məkana-xaosa çatan kimi yuxuya gedir. Bu yuxuyagetmə, adətən, xaosla kosmosun keçidində baş verir. Bunu şərti olaraq keçid daxilində keçid də adlandırmaq olar. Bu da o deməkdir ki, mətnüstü baxışda bir səfər digər səfəri şərtləndirir, ona tələbi artırırsa, mətnaltı və ya mifopoetik planda da bir keçid o birini şərtləndirir. F.e.d. S.Rzasoy xaosu yuxu və ölüm dünyası adlandırır. Təbii ki, bu həqiqi ölüm demək deyil, mifologiyada ölmək varsa, demək, dirilmə də mövcuddur. “ Yuxuda olmaq ölüm dünyasında olmaq, ölüm dünyasında olmaq yuxuda olmaq deməkdir” (8.192). Bu ölüb-dirilmə yalnız inisiasiya ritualı ilə mümkündür. Epik süjetdə qəhrəmanın ölüb- dirilməsi üç cürdür.
Xaosa yollanan qəhrəmanın etdiyi səfərin məkanı qaranlıq dünya olduğundan o, istər-istəməz inisiasiya prosesindən keçməlidir. Bu daha ümumi olub, qəhrəmanların hamısına aiddir. Yenidən kosmosa qayıtmaq isə onun dirilməsi deməkdir.
Xaosa səfər yuxu ilə mümkündür. Bu zaman yuxuda olan qəhrəman ölüm statusundadır. Yuxudan ayıldıqdan sonra isə o, diri statusuna keçəcəkdir. Buna görə də yuxu oğuzlarda “kiçik ölüm” adlanır. Bu proses daha fərdi xüsusiyyət kəsb edir. Belə ki, hər qəhrəman xaosa yuxu vasitəsilə səfər etmir. Lakin kiçik bir qeyd etməliyik ki, bir qəhrəman xaosa həm atlama, həm də yuxu ilə səfər edirsə, bu onu gözləyən ağır sınaqlardan xəbər verir. Ölü statusunda yenidən ölü olmaq diri statusuna keçməyin daha ağır olduğunu əvvəlcədən işarə edir. Məhəbbət dastanlarında isə yuxu bir qədər fərqlidir. Bu haqda irəlidə söhbət açacayıq.
Epik əsərdə inisiasiya ritualı bəzən nə yuxu, nə də atlama ilə baş tutur. Özlüyündə xüsusi maraq doğuran mətndə: sınaqlardan uğurla çıxan, müşküllərdən qurtulan qəhrəman kosmosda evlənmə anında gözləmədiyi xəbər eşidir. Bu xəbərdən ölüm vəziyyətinə düşən obrazı tilsimlə oyadırlar. Sözügedən proses daha çox nağılllarda özünü göstərir. Belə ki, “Tapdıq” nağılında baş qəhrəmanın səfəri süjetin ana xəttini təşkil edir. Ağır sınaqlardan çıxmış Tapdıq sonda evlənərkən Gün xanım ona sevgilisinin qardaşı olduğunu xəbər verir. Qəhrəman hər sınağa dözsə də, bu xəbərə dözə bilməyib qılıncı ürəyinə vurub, özünü öldürür. Nağılda “öldürür” sözünün ardınca Gün xanımın dirilik ağacından bir yarpaq gətirib Tapdığın yarasına çəkməsi, onu sağaltması və dirilik gülünü onların (Tapdıq və Şəms xanımın) burnuna tutmasından danışılır. Bu yolla ölüb-dirilən qəhrəman qaydalara tabe olaraq, yəni Qəmər xanımın arxasınca səfərə çıxdığı üçün evlənmə prosesində səfərdən əzab-əziyyətlə gətirdiyi qızla da evlənməli olur. Sonda onun həm işıqlı dünyanın, həm də zülmət dünyasının padşahı olduğunu görürük.
Dostları ilə paylaş: |