Rusiyanın işğalçılıq siyasətinin yeni mərhələsi. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Azərbaycanın daxili və xarici siyasi vəziyyəti mürəkkəb olaraq qalırdı. Ölkənin sosial-iqtisadi inkişaf cəhətdən geridə qalması, xanlıqlararası çəkişmələr, ara müharibələri Azərbaycan xanlıqlarının vahid dövlət halında birləşməsini əngəlləyən əsas səbəblər idi. Ayrı-ayrı xanlar arasında mövcud olan ziddiyətlər çox vaxt şəxsi xarakter daşıyırdı. Şübhəsiz, qonşular - Rusiya imperiyası, İran Qacarlar dövləti, Gürcüstan və aparıcı Avropa ölkələri də Azərbaycanın birləşməsində, güclü dövlətə çevrilməsində maraqlı deyildilər. Xüsusən, çar Rusiyası Azərbaycana qarşı işğalçılıq planlarından əl çəkməmişdi.
I Pyotrun 1722-ci ildə başlayan Azərbaycana işğalçı yürüşü uğursuzluqla başa çatsa da, sonralar çariça II Yekaterinanın dövründə də (1762-1796) Azərbaycanı işğal etmək cəhdləri edilmiş və 1796-cı ildə polkovnik Zubovun hərbi ekspedisiyası yaranmış tarixi şəraitlə bağlı Azərbaycanın işğalını reallaşdıra bilməmişdi. Xarici siyasətdə Avropa məsələlərinə daha çox diqqət yetirən çar I Pavelin dövründə(1796-1801) Qafqaz regionu o qədər də prioritet sayılmırdı ki, bu da Sankt-Peterburqda qərarlaşan və ürəklərində Rusiyaya dərin nifrət bəsləyən polşalı zadəgan nəsillərini qane etmirdi. Məhz polşalılarla yaxın, dost münasibətlərdə olan Aleksandr 1801-ci ilin 12 mart tarixində atası Pavelə qarşı sui-qəsd təşkil etdi. Pavel öldürüldü, hakimiyyətə I Aleksandr (1801-1825) gəldi və Rusiya təcili olaraq Cənubi Qafqaza hərbi müdaxiləyə hazırlıq görməyə başladı.
Rusiya Cənubi Qafqazı işğal etməklə çox üstünlüklər qazanırdı: yeni torpaqlar zəbt edilir və bu torpaqlara Rusiyanın mərkəzi quberniyalarından aztorpaqlı kəndliləri köçürmək, yeni tutulmuş əraziləri Rusiya sənayesi üçün xammal mənbəyinə, rus malları üçün satış bazarına çevirmək perspektivləri açılırdı.
Cənubi Qafqazı tutmaqla Xəzər dənizi Rusiyanın daxili dənizinə çevrilir, Mərkəzi Asiyaya, Yaxın və Orta Şərqə, Hindistana yol açılırdı. Beləliklə, Cənubi Qafqaz, o cümlədən Azərbaycan həm iqtisadi, həm də hərbi- strateji mövqeyinə görə böyük əhəmiyyət kəsb edirdi.
Qərbi Avropa ölkələri də, ilk növbədə İngiltərə və Fransa da Cənubi Qafqazda möhkəmlənməyi arzulayırdılar. Belə ki, İngiltərə üçün Hindistandan malların Avropaya çatdırılmasının ən qısa yolu Azərbaycandan keçirdi. Məhz buna görə, İngiltərə Rusiyanın Cənubi Qafqazla bağlı iddialarını qısqanclıqla qarşıladı.
XIX əsrin əvvəllərində Avropa ölkələrinin Şərq ölkələri ilə ticarət əlaqələrində İran xüsusi yer tuturdu. Rusiyanın Cənubi Qafqazı işğal etməsi İranı və ticarət yollarını təhlükə altına alırdı. Bu səbəbdən, Avropa ölkələri, xüsusən Napoleonun idarə etdiyi Fransa da Cənubi Qafqazla bağlı Rusyanın qəsbkar planlarını diqqətlə izləyirdilər.
Qonşu Osmanlı və İran dövlətlərinin də Cənubi Qafqazda öz maraqları var idi. Osmanlı dövləti üçün Azərbaycanın müstəqil varlığı onun təhlükəsizliyi baxımından önəmli idi. Tarixən eyni taleyi bölüşən Osmanlı və Azərbaycan türklərinin sərbəst iqtisadi, siyasi, mədəni əməkdaşlığı hər iki ölkənin qüdrətinin artmasına təkan verə bilərdi.
İran Qacarlar dövləti hələ XVIII əsrin ortalarından başlayaraq pərakəndə Azərbaycan xanlıqlarını özünə birləşdirmək, keçmiş Səfəvilər imperiyası sərhədlərini bərpa etməyi düşünürdü.
Göründüyü kimi, Azərbaycanın iqtisadi, siyasi, hərbi strateji mövqeyi və XIX əsrin əvvəllərinə siyasi cəhətdən pərakəndəliyi bu vacib ölkəyə sahib olmaq uğrunda qəsbkar dövlətlər arasında ziddiyyətləri daha da kəskinləşdirdi. Bu mürəkkəb ziddiyyətlər düyünündə Rusiya - İran ziddiyyətləri daha kəskin xarakter daşıyırdı. İranda haklimiyyətdə olan türksoylu Qacarlar sülaləsi Azərbaycanın şimal ərazilərinin Rusiya tərəfindən işğalını heç cür təsəvvür edə bilmirdi.
Beləliklə, XIX əsrin əvvəllərində İran, Osmanlı dövləti, İngiltərə, Fransa Rusiyanın Cənubi Qafqazı işğal etməsini yolverilməz sayırdılar. Lakin adı çəkilən dövlətlər arasında mövcud olan ziddiyyətlər onların vahid blokda Rusiyaya qarşı birləşməsinə imkan vermədi. Belə ki, 1801-ci ildə İngiltərə İranla müqavilə bağlayaraq öz mövqeyini Cənubi Qafqazda gücləndirməyə başlasa da, Fransanın işğalçılıq siyasəti İngiltərənin narazılığına və onun Rusiya ilə yaxınlaşmasına səbəb oldu. Belə olan halda, İran İngiltərə ilə müqaviləni pozaraq Fransa ilə Rusiya əleyhinə müqavilə bağladı.