Azərbaycanda tender maxinasiyalari



Yüklə 23,2 Kb.
tarix17.01.2019
ölçüsü23,2 Kb.
#98419

Müsabiqe

10055
AZƏRBAYCANDA TENDER MAXİNASİYALARI

Dövlət satınalmaları sistemindəki vəziyyət dövlət büdcəsinin talan olunmasına yol açır

Son illər yolların çəkilməsi, təmiri, yeraltı, yerüstü keçidlər, körpü və yol ötürücülərinin tikintisi dünya üzrə götürsək, ən çox ölkəmizdə, Azərbaycanda vüsət alıb. Eyni zamanda belə fikirlər də var ki, bu, dövlət büdcəsinin talan edilməsi üçün ən asan vasitədir. Bu sahə korrupsiyanın çox asanlıqla reallaşdırıldığı sahədir. Azərbaycanda büdcə vəsaitlərinin daha çox sərf edildiyi sahələrə başçılığı nəqliyyat sektoru edir. Tikintisi başa çatmamış yenidən təmirinə başlanılan yollar, qısa istismar müddətindən sonra dağılan körpülər, gün ərzində barmaqla sayılacaq sayda insanın istifadə etdiyi yerlərdə tikilən yeraltı və yerüstü keçidlər büdcə vəsaitinin göyə sovrulmasına səbəb olub.

Bir müddət öncə istifadəyə verilmiş Əzizbəyov dairəsindən Bakı hava limanına qədər olan 14 kilometrlik yolun tikilməsinə təxminən 250 milyon dollar ayrılması real vəziyyətin nə yerdə olduğunu təsəvvür etməyə imkan verir. 14 kilometrə 250 milyon. Hər kilometrə 18 milyona yaxın vəsait düşür. Bu, dünya standartlarından 16-17 dəfə çoxdur.

Bugünkü və gələcək nəsillərə məxsus yeraltı sərvətlərdən əldə edilən gəlirlər, Azərbaycan vətəndaşlarının ödədikləri vergilər əsasında formalaşan büdcə vəsaitlərinin bu şəkildə xərclənməsinə görə isə xalqa hesabat verilmir. Halbuki büdcədən xərclənən hər manatla bağlı ictimaiyyətin məlumat almaq haqqı var.

Digər maraqlı məqam ondan ibarətdir ki, son illər həyata keçirilən infrastruktur layihələrinin böyük bir hissəsinin büdcəsi sonradan dəfələrlə artırılır. Əksər hallarda layihənin ilkin büdcəsi ilə son qiyməti arasında 10 dəfəyə yaxın fərq olur. İnfrastruktur layihələrinin büdcəsinin bu şəkildə şişirdilməsinə rəvac verən amillər isə müxtəlifdir.

İqtisadçılar hesab edir ki, son illər respublikamızda həyata keçirilən iri layihələrin başa çatdırılması üçün büdcədən bir neçə dəfə əlavə vəsaitin ayrılması anormal haldır. Qiymətləri sonradan dəyişdirilən layihələr əsasən dövlət büdcəsindən maliyyələşən, xüsusilə də yol, körpü, yol ötürücüsü və digər iri obyektlərin tikintisi ilə bağlı olan işlərdir. Bu kimi obyektlərdə tikinti başa çatdırılarkən son qiymətin planlaşdırılan ilkin layihə dəyərindən ən yaxşı halda 3-4 dəfə baha olması adi hal alıb.

Son iki ildə Nəqliyyat Nazirliyinə yol, körpü layihələri üçün istər dövlət büdcəsi, istərsə də xarici maliyyə mənbələri hesabına milyonlarla vəsait ayrılıb.

Xatırladaq ki, yalnız dövlət büdcəsi vasitəsilə yol, körpülər (yol ötürücüləri də daxil) layihələrinə 2006-cı ildə 200, 2007-ci ildə 300 milyon dollara yaxın sərmayə qoyulub. 2008-ci ilin büdcəsinə əlavə və dəyişikliklərdən öncə büdcə hesabına təqribən daha 400 milyon dollar investisiya qoyuluşu planlaşdırıldığı deyilirdi. Bu, həmin məqsədlərlə götürülən və ya cari ildə alınması planlaşdırılan xarici kreditləri də nəzərə alsaq, üç ildə avtoyol layihələrinə təxminən 1,5 milyard dollardan çox investisiya qoyuluşu deməkdir.

Mütəxəssislər qeyd edir ki, son dərəcə vacib məsələlərdən biri yol tikintisinin maliyyələşdirilməsinə dair hökumət sərəncamlarının ictimaiyyətdən gizlədilməsidir. Son üç ildə dövlət büdcəsinin investisiya xərclərinin bölgüsünə dair Nazirlər Kabinetinin imzaladığı sərəncamlar, bu sərəncamlara il ərzində edilən dəyişikliklər hətta pullu qanunvericilik saytlarında belə yoxdur. Problemin digər tərəfi odur ki, tez-tez obyekt və tikililərin siyahısının, nəzərdə tutulan məbləğlərin dəyişdirilməsi hallarına yol verilir.

Aparılan tikinti işlərində qiymətlərin artımının inşaat materiallarının bahalaşması ilə izah edilməsi inandırıcı deyil. Mövcud reallığı nəzərə alsaq, tikinti materiallarının bahalaşması layihənin ilkin dəyərinin 5-6 dəfə artırılmasına səbəb ola bilməz. Nəzərə alaq ki, iri layihələrin icrası zamanı alınan tikinti materialları pərakəndə qiymətlərlə deyil, topdansatış qiymətlərlə alınır, həm də hansısa materialın qiymətindəki artım 15-20, bəzənsə ən çoxu 30-40 faiz həcmində olur. Bu mənada tikinti layihələrinin qiymətlərinin sonradan dəfələrlə artırılması heç bir iqtisadi meyarla izah edilə bilməz.

Əslində dövlət vəsaiti ilə icra edilən investisiya layihələrində xərclərin dəyişdirilməsi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən kollegial şəkildə, bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınmaqla verilməlidir. Beynəlxalq təcrübə göstərir ki, həyata keçirilən bu kimi iri layihələrin dəyəri maksimum 10 faiz artırıla bilər. Qiymət artımı 10 faizdən artıq olarsa, demək, qiymət artımına iqtisadi faktorlar yox, başqa amillər təsir edir.
Tenderlər niyə qapalı keçirilir?
Araşdırmalar göstərir ki, infrastruktur layihələrinin büdcəsinin sonradan artırılması ilə bağlı əsas problemlər Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən keçirilən tenderlərdən başlanır. Belə ki, həmin qurum xərclərin artırılması ilə bağlı indiyədək konkret mexanizmlər və şərtlər müəyyənləşdirməyib. ABŞ və Avropa ölkələri və inkişaf etməkdə olan ölkələrdə belə limitlər müəyyən edilib. Digər tərəfdən, tenderlərin keçirilməsində şəffaflıq təmin olunmur. Bir sıra hallarda iri layihələri elə şirkətlər həyata keçirir ki, ya heç bir təcrübəsi yoxdur, ya da nizamnamə kapitalı cüzi rəqəmlə ifadə olunur. Həmin şirkətlərin böyük layihələrlə bağlı tenderlərin qalibi olması qaranlıq məqamların olmasından xəbər verir.

Digər tərəfdən, beynəlxalq təcrübədə tenderi udan şirkətlə bağlanılacaq müqavilələrdə konkret öhdəliklər göstərilir. Layihənin hansı zaman kəsiyində icra ediləcəyi, işlərin hansı müddətə tamamlanacağı konkret göstərilir. Fors-major hallardan başqa, digər amillər səbəbindən, o cümlədən şirkətin günahı ucbatından tikinti uzanırsa, sanksiya tətbiq edilir. Azərbaycanda da tenderlər şəffaf olarsa, qalib şəffaf və ədalətlilik prinsipi əsasında müəyyənləşdirilərsə, o halda layihələrin xərclərinin sonradan cilddi artımı müşahidə olunmaz. Vətəndaş cəmiyyəti institutlarının tenderlərin keçirilməsində iştirakı və monitorinq aparılmasında iştirakına şərait yaradılması şəffaflığın təmin olunması üçün vacib amildir. Hazırkı qanunvericilikdə olan boşluqlar da tenderlərin qapalı keçirilməsinə şərait yaradır. Buna görə də keçirilən tenderlərin nəticəsi ilə bağlı heç bir məlumatlandırma kampaniyası aparılmır.

Göründüyü kimi, Azərbaycanda son illər əksər iri infrastruktur layihələrinin icrasında qaranlıq məqamlar tenderlərin keçirilməsindən başlanır. Dövlət büdcəsi vəsaitlərinin talan edildiyi ünvanlardan biri icraçı şirkətdirsə, əsas tərəflər sifarişçi dövlət qurumu və Dövlət Satınalmalar Agentliyidir. Çünki büdcə vəsaitləri hesabına reallaşdırılacaq layihələri icra edəcək qaliblər Agentliyin keçirdiyi “açıq tender”lərdə müəyyənləşir. Tenderlərin keçirilməsi zamanı narazılıq yaradan məqamlarla bağlı Dövlət Satınalmalar Agentliyindən bildirilib ki, keçiriləcək tenderlər barədə dövlət qəzetlərində əvvəlcədən elan verilir. Tenderlərdə qalib gələn layihələr barədə məlumatları isə təşkilatçıdan almaq olar: “Çünki Tender Komissiyası müvəqqəti - yalnız tenderin keçirilməsi üçün formalaşdırılır. Qanuna uyğun olaraq əsas meyarlar müəyyənləşdirilir və nəticələr də həmin şərtlərə uyğun dəyərləndirilir. Əgər hansısa tenderin keçirilməsindən narazılıq olarsa, şikayət edə bilərlər. Qurumda bütün şikayətlər araşdırılır”.

Maraqlıdır ki, indiyə qədər Agentliyin təcrübəsində hansısa tenderin nəticələrinin ləğv edilməsi halı olmayıb. Həmçinin tenderlərdə hansı şirkətlərin hansı təkliflərlə iştirak etdiyi və qərarların hansı meyarlar əsasında verildiyi barədə məlumatlar ictimaiyyətdən gizlədilir. Nəticədə ilkin layihə dəyəri gizli saxlanılan layihələrin qiyməti tenderdən sonra müəmmalı şəkildə artır.

Nəqliyyat Nazirliyi mətbuat katibliyinin müdiri Namiq Həsənov layihələrin büdcəsinin sonradan artırılmasının müxtəlif səbəblərlə bağlı olduğunu bildirib: “İndiyədək inşa edilən layihələrin büdcəsinin sonradan artırılması, adətən, inşaat materiallarının bahalaşması və tikinti prosesində meydana çıxan əlavə işlərlə bağlı olub. Bəzən tikintiyə başlanıldıqdan sonra əlavə kommunikasiya işləri, ərazidən bəzi obyektlərin köçürülməsi zərurəti ortaya çıxır. Bu da işin ilkin layihədə göstərilən məbləğ hesabına başa çatdırılmasına imkan vermir. Digər tərəfdən, son illər inşa edilən yollar və körpülər müasir tələblərə uyğun tikilir”.
Layihələrə ayrılan vəsaitin ən azı 50 faizi mənimsənilir
Ekspertlər bildirir ki, tenderə çıxarılan layihələrə ayrılan vəsaitin ən az 50 faizi mənimsənilir. Keçirilən tenderlərə bir qayda olaraq onu keçirən dövlət qurumunun rəhbərliyinə yaxın olan şirkətlər buraxılır. Digər şirkətlər isə müxtəlif bəhanələrlə tenderlərə buraxılmır. Böyük məhrumiyyətlər hesabına tenderə buraxılsa belə, iri layihələrin qalibləri yenə də sifarişçi dövlət qurumuna yaxın olan şirkət olar.

Son illər dövlət orqanının sifarişlərini eyni şirkətlər yerinə yetirir. Bəzən bu kimi iri layihələrin icrasını həyata keçirmək üçün hansısa şirkət təsis edilir. Tenderin qalibi olur, layihəni “icra edir” və sonra bağlanır. Bu mənada əgər tender şəffaf keçirilərsə, prosesə daha çox peşəkar tikinti şirkətləri cəlb ediləcək. Maraqlıdır ki, dövlət büdcəsindən maliyyələşən iri layihələrin icrası adətən bir-iki şirkət tərəfindən aparılır.

Hazırda hətta qonşu Gürcüstanda da keçirilən tenderlərdə bu sahədə şirkətin təcrübəsinə böyük önəm verilir. Xüsusən də, həmin işi reallaşdırmaq üçün layihəni icra edəcək bütün müvafiq texnika olmalıdır. Azərbaycan təcrübəsində isə bunun əksini görürük. Təcrübəsi və hazır texnologiyası olan şirkətlər tenderi uda bilmir. Azərbaycanda isə şirkət tenderi udduqdan sonra ona büdcə vəsaiti hesabına texnika alıb verirlər. Azərbaycanın gələcəyinə qoyulmalı olan milyonlarla dövlət vəsaiti bu cür maxinasiyalarla göyə sovrulur.

Ən pisi isə odur ki, bu qədər vəsaitin sərf olunmasına baxmayaraq, işlər həm də gecikir, vaxtında təhvil verilmir. Məsələn, Bakı-Şamaxı yolu iki ildən artıqdır ki, hey tikilir, amma başa gəlmir ki, gəlmir.


Etibar SEYİDAĞA
Yazı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin “Azərbaycanda dövlət satınalmaları sistemində şəffaflıq” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.
Yüklə 23,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin