Azərbaycanda



Yüklə 319,72 Kb.
səhifə3/5
tarix23.10.2017
ölçüsü319,72 Kb.
#11890
1   2   3   4   5

Moldova
Keçmiş SSRİ-nin müttəfiq respublikalarından olan Moldova 1991-də dövlət müstəqilliyini elan etdikdən sonra, “unitar və bölünməz” dövlət olaraq 1994-cü il İyulun 29-da özünün ilk Konstitusiyasını qəbul etmişdir (maddə 1). Moldovanın Konstitusiyasına görə ölkədə iki muxtariyyət, Qaqauziya və Dnestryanı respublikaları tanınır. Konstitusiyada baxmayaraq ki, Qaqauziyanın muxtariyyət statusu tanınmışdır, lakin 25 İyul 2003-cü ildə edilən düzəlişlərlə hər iki muxtariyyətin hüquqi statusu ilə bağlı bəzi dəqiqləşmələr aparılmışdır.

Moldova Konstitusiyası yerli özünüidarəetmənin də əsas prinsiplərini özündə ehtiva etmişdir; yerli muxtariyyət; hakimiyyətin (dövlət və ictimai xidmətləri) əksmərkəzləşməsi; yerli idarəetmə orqanlarına seçkilər; yerli əhəmiyyətli məsələlərin idarə olunmasında vətəndaşların iştirakçılığı və s. Yerli idarəetmə orqanlarının təşkili və fəaliyyətinə, həmçinin yaşayış məntəqələrində icma işlərinin təşkilinə verilən müstəqil fəaliyyət (muxtariyyət) hüququ ölkə ərazisinin bütövlüyünə xələl gətirməməlidir (maddə 109).

Moldova bələdiyyələri ikipilləli sistemə malikdirlər: bələdiyyələr və rayonlar üzrə bölgü. Qaqauziyada isə, yalnız bələdiyyələr üzrə ərazi bölgüsü mövcuddur. Paytaxt Çisinau (keçmiş Kişinyov) şəhəri isə xüsusi statusa malikdir, mövcud qaydaların subyekti olaraq şəhər statusu üzrə xarakterizə olunur. Digər böyük şəhər olan Balti şəhəri də müvafiq statusla idarə edilir. 18 Mart 2003-cü ildə yerli idarəetmə haqqında təsdiq edilmiş yeni qanuna əsasən bələdiyyələr yerli idarəetmə orqanları hesab olunurlar. Moldovada 443 bələdiyyə vardır ki, qanunvericilikdə fərqli göstərilsə (kənd, şəhər) də vəzifə və məsuliyyətlər, eləcə də büdcə baxımından fərqləndirilmir, onların hamısı birinci pilləli inzibati-ərazi vahidləri sayılırlar. İkinci pilləli inzibati-ərazi vahidləri isə 32 rayon mərkəzləridir (Çisinau və Balti istisnadır). Çisinau şəhəri xüsusi statusa malik paytaxt olaraq kiçik bələdiyyələrə və mer strukturuna malikdir. Bu seçkili orqanların vəzifə və səlahiyyətləri qanunla müəyyən edilir. Ölkənin indiki inzibati ərazi bölgüsü 2001-ci ildə qəbul edilmiş qanunla tənzimlənir. Lakin, bundan əvvəl, 1998-ci ildə qəbul edilmiş inzibati ərazi strukturu haqda qanuna görə ölkə ərazisi 10 dairəyə (judet) bölünürdü (Rumıniya modeli).

Bələdiyyə şuraları və mer əhali tərəfindən birbaşa seçilir, rayon sədrləri (2-ci pillə) isə bələdiyyə şurasının üzvləri tərəfindən seçilirlər. Bələdiyyələrə 2003-cü il Yerli İdarəetmə Qanununa əsasən verilmiş birbaşa səlahiyyətlər; yerli iqtisadi inkişaf və şəhər planlaşdırması; yerli yollar; yerli ictimai nəqliyyat da daxil olmaqla müxtəlif bələdiyyə xidmətləri, sosial yardım və məskunlaşma, məktəblər və mədəniyyət ocaqları, kitabxanalar, bazarlar və yarmarkalar, idman meydança və qurğuları, yaşıllıq zonaları, ətraf mühitin mühafizəsi və torpaqayırma məsələləri daxildir (maddə 10). Bələdiyyələrə həvalə edilə bilən əlavə səlahiyyətlərə isə; sosial müdafiə, ictimai sağlamlıq-gigeyena sahəsi və digər dövlət sifarişləri daxildir (maddə 12). Müvafiq səlahiyyətlər yalnız qanunla dəyişdirilə bilər(maddə 14). Bələdiyyə büdcələri onlara məxsus mülkiyyətdən bir sıra yerli vergi və ödənişlər, eləcə də daxilolmalar hesabına formalaşdırılmaqla yanaşı, ərazidəki istehsal müəssisələrinin fəaliyyətlərinin patentləşdirilmə-lisenziyalaşdırılması sahəsindəki sanksiya cərimələri yerli büdcəyə ödənilir. Əlavə olaraq, hüquqi şəxslərin əmlak və torpaq vergisindən əldə olunan vəsaitin bir hissəsi bələdiyyələrə ödənilir (397-XV saylı büdcə qanunu-16-X-2003).


Rumıniya
Rumıniyanın 1991-ci il 8 Dekabr tarixdə qəbul edilmiş Konstitusiyasına əlavələr, 2003-cü il 19 Oktyabrda referendum yolu ilə təsdiq olunmuşdur. Həmin düzəlişlərdə ölkənin Avropa Birliyinə(maddə 148) və NATO-ya (maddə 149) daxil oması öz əksini tapmışdır.

Konstitusiyaya əsasən Rumıniya unitar dövlət(maddə 1) olmaqla, xarakter etibarı ilə “ Rumın xalqının və bütün ölkə vətəndaşlarının birlik və həmrəyliyinin formasıdır.”(maddə 4.1).

Rumıniyada yerli özünüidarə hüququnun əsasları Konstitusiya ilə tanınır. 2003-cü ildə Konstitusiyaya edilən düzəlişə əsasən, 119.1 maddəsində deyilir: “-Dövlət idarəçiliyi inzibati ərazi vahidləri üzrə yerli özünüidarəetmə və ictimai(dövlət) xidmətlərin cəmləşdirilməməsini ehtiva edən hakimiyyətin əksmərkəzləşməsi prinsipləri əsasında həyata keçirilməsidir.”

Rumıniya ərazisi bələdiyyələr(komune) və şəhərlər(oras) üzrə bölünmüşdür ki, bunlardan da bir çoxu şəhər bələdiyyələri adlanır (municipe)(maddə3.3) və onlar da sonradan şəhər rayonlarına bölünürlər. Yuxarı səviyyədə, paytaxt Buxarest şəhəri istisna olmaqla, ölkənin bütün ərazisi 41 dairə(vilayət) arasında (judet) bölünür. Judetlərə həm yerli özünüidarə orqanları, həm də dövlət administrasiyasının seçki dairələri daxildir. Paytaxt Buxarest şəhərinin statusu 215/2001 saylı saylı Qanunla tənzimlənir və şəhər (munisipe) özü altı hissəyə bölünür ki, onlara da judetlərdə olduğu kimi müvafiq vəzifə-səlahiyyətlər verilir. Burada yeni regional ərazi bölgüsü, əsasən Avropa Birliyinin regional inkişaf siyasəti və bu sahədə ölkənin aldığı köməkdən sonra meydana çıxmışdır. 151/1998 saylı Qanuna əsasən ölkənin vilayət (dairə) şuraları arasında səkkiz region üzrə regional bölgü razılaşması əldə olunmuşdur. Bu regionlar isə nə inzibati-ərazi vahidi, nə də hüquqi şəxs statusuna malik deyil və onlar Avropa Birliyinin NUTS II səviyyəsindəki formaya aid edilir ki, onların da başlıca funksiyası AB Regional İnkişaf Agentliyinin proqram fəaliyyətlərinin həyata keçirilməsinə dəstək mahiyyətini daşıyır.

Rumıniyada yerli özünüidarə institutları üç pilləli sistemə malikdirlər; bələdiyyələr, judetlər və regionlar. Bələdiyyələr səviyyəsində yerli şuralar, dairə şuraları və merlər seçicilər tərəfindən birbaşa seçilirlər, lakin, şura sədrləri və onların müavinləri isə şura üzvləri tərəfindən seçilirlər. Şura üzvlüyünə namizədlər proporsional təmsilçilik qaydasında, seçki yolu ilə müəyyən edilirlər. Yerli seçkilər 64/2004 saylı Qanunla tənzimlənir. Hər dairə (judet) üzrə mərkəzi hökumət tərəfindən təyin edilmiş prefekt vardır ki, onlar da yerli idarəetmə və yerli qaydaların ölkə qanunlarına uyğunluğu məsələlərinə nəzarət funksiyasını icra edirlər. Əgər prefekt yerli şuranın qərarının ölkə qanunlarına uyğun olmadığı qənaətinə gələrsə, o, qərarı məhkəməyə verməklə icrasını dayandırmaq səlahiyyətinə malikdir. Yerli şuralardan hər hansının çıxardığı qərarlardan altı ay ərzində üçü ləğv olunarsa, bu zaman, prefekt həmin şuranın buraxılması barədə müvafiq dövlət orqanı qarşısında vəsatət qaldırır. Hər dairədə fəaliyyət göstərən prefekt yanında qanunların icrasına mükəmməl nəzarət mexanizmini təmin etmək üçün prefektin özünün sədrlik etdiyi məsləhət komissiyaları təşkil edilmişdir. Bu məşvərətçi komissiyada dairə(judet) şurasının sədri, merlər və müxtəlif idarəetmə xidməti sahələrinin rəhbərləri təmsil olunurlar. Regional səviyyədə isə, regional inkişaf şuraları mövcuddur ki, bunlar da əsasən dairə (judet) şuralarının hər birindən dörd təmsilçinin iştirakı ilə formalaşdırılır. Buraya konkret olaraq dairə (judet) şurasının sədri və hər ərazi bələdiyyə kateqoriyasını təmsil edən bir nümayəndə daxildir. Regional inkişaf şurasının sədri və onun müavinləri bir il müddətinə seçilirlər, həmçinin onlar eyni dairəni, bələdiyyəni təmsil edə bilməzlər.

Konstitusiyaya görə yerli əhəmiyyətli məsələlərin nizamlanması ilə bağlı əsas səlahiyyətlər yerli bələdiyyə şuralarına şamil olunur. (maddə 121.1) Bundan başqa, dairə (judet) şuraları bələdiyyə şuralarının fəaliyyətini (kordinasiya) elə əlaqələndirməlidirlər ki, bir sıra bələdiyyə xidmətləri həm yerli, həm də dairə-mahal və ölkə maraqları baxımından uzlaşmış olsun.

Bələdiyyələrin cavabdehliyinə aid məsələlər; yerli əhalinin qaz və su təchizatı, kanalizasiya və istilikxana sistemi, ictimai nəqliyyat, yerli əhəmiyyətli yollar, mənzil tikintisi, zibil tullantılarını idarəetmə, yaşıllıq zonalarının saxlanması, təhsil (o cümlədən pedaqoji kadr təyinatı), ilkin səhiyyə xidmətinin təşkili, şəhər(kənd, qəsəbə) planlaşdırması və torpaqayırma-tikinti işlərinə icazə, digər yerli əhəmiyyətli müxtəlif sahələrin lisenziyası (xüsusi razılıq tələb olunan sahələrə) və vətəndaş aktlarının qeydiyyatı daxildir. (215/2001 saylı Qanun, maddə 104).
Makedoniya Respublikası (keçmiş Yuqoslaviya)
1991-ci ildə qəbul edilmiş ölkə Konstitusiyası yerli özünüidarənin hüquqi əsaslarını müəyyən edir. Makedoniya Konstitusiyasının 8-ci maddəsinə (I bölmə) əsasən ölkə vətəndaşlarının yerli özünüidarə hüququ vardır və bələdiyyələr yerli idarəetmə orqanları sayılırlar (maddə 114). Paytaxt Skopye şəhəri isə xüsusi statusa malik olmaqla ayrıca qanunla tənzimlənir (maddə 117). Bələdiyyələrin büdcələri qanunla onlara verilmiş resurslar və dövlət büdcəsinin tərkibindən ayırmalar (transfer) hesabına formalaşır. Ölkə qanunlarına əsasən bələdiyyələrin Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ vardır ki, bu da yerli məhkəmələrin bələdiyyələrin hüquqlarının müdafiəsində daha dəqiq, çevik və məsuliyyətli qərar verməsinə zəmin yaradır.(məs. torpaq zəbti, vergi borcu və s.) Konstitusiyada yerli hakimiyyət məsələsi ilə bağlı iki xüsusiyyət əks olunmuşdur ki, bu da digər ölkələrin qanunvericiliyindəki yerli özünüidarənin hüquqi əsaslarından fərqli cəhətlərə malikdir. Əvvəla, yerli idarəetmənin əsasları, o cümlədən milli azlıqlara məxsus icmalar haqda qanunlara əlavə və düzəlişlər yalnız Parlament (Milli Məclis) üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul oluna bilər (maddə 114). İkincisi, 115-ci maddədə vətəndaşların yerli əhəmiyyətli məsələlərə dair qərar qəbulu prosesində iştirakçılq sahələri dəqiq ifadə olunmuşdur ki, bu da özlüyündə unitar bir dövlətin Konstitusiyası ilə yerli idarəetməyə verilən qeyri-adi səlahiyyətlər, bələdiyyələrin əhalidən daha etibarlı dəstək qazanması deməkdir. Nəticədə bələdiyyələrə konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərin məhdudlaşdırılması və ya dəyişdirilməsi şəraiti olduqca çətinləşir. Həmçinin, bələdiyyələrə həvalə oluna biləcək digər əlavə səlahiyyətlər isə qanunla müəyyən edilmişdir. 2002-ci ildə qəbul edilmiş Yerli İdarəetmə Qanunu bələdiyyələrə geniş əlavə səlahiyyətlərin verilməsini ehtiva edir.

Ölkədəki demoqrafik statistikaya görə Makedoniya əhalisinin 66.4% makedoniyalılar, 23.1 % albanlar, 4% türklər və qalan faizi isə kiçik etnik qruplardan ibarətdir. Konstitusiyanın 7-ci maddəsində rəsmi dövlət dilinin makedoniya dili, əlifbanın kirill əlifbası olduğu göstərilir. Lakin, milli azlıqların öz ana dili və əlifbalarından istifadə etmək, həmçinin yerli idarəetmə orqanlarında onların say tərkibinin çoxluq təşkil etdiyi təqdirdə, vətəndaşların yerli idarəetmə orqanlarına rəsmi müraciətlərini həm də öz dil və əlifbalarından istifadə etməklə verə bilməsi hüququ tanınır. Müvafiq sahədə yerli idarəetmənin konstitusional təminatına əsaslanan vacib qanunlar paketi, toplusu əsasən, 1995-1996-cı illərdə qəbul olunmuşdu; Yerli Özünüidarə haqda Qanun, Makedoniya Respublikasının Ərazi Bölgüsü və Bələdiyyələrin Ərazilərinin Müəyyən Olunması haqda Qanun, Skopye Şəhəri haqda və Yerli Seçkilər haqda qanunlar məhz, 1996-cı ildə qəbul edilmişdir.

Yerli idarəetmə sahəsindəki köklü islahatlara isə 1999(Noyabr)-da İslahatlar Strategiyasının təsdiq olunması ilə start verilmişdir. Lakin, islahatların əsas mərhələsi və ocümlədən 2001-ci ilin Avqust ayında əldə olunmuş, məşhur Ohrid Razılaşmasından sonra başlanmışdır. Yerli Özünüidarə haqda yeni qanunun 24 Yanvar 2002-ci ildə təsdiqindən sonra bələdiyyələrin ərazi bölgüsü və maliyyə mənbələri haqda qanunlara da əlavə-düzəlişlərlə bağlı dəyişikliklər edilmişdir.

Makedoniya ərazisində əvvəlcə 123 bələdiyyə, 2004-cü ildə keçirilən yerli seçkilərdən sonra aparılan islahatlar nəticəsində onların sayı 80, 2008-ci ildə isə 76 bələdiyyə formalaşmış və bir xüsusi şəhər idarəetməsi formasına malik Skopye şəhəri ərazisində isə yeddi bələdiyyə vardır. Bunların hamısı yerli idarəetmənin bir(vahid) forması sayılır. Yeni Ərazi Bölgüsü Qanununadək (1996) isə ölkə ərazisində cəmi 34 böyük bələdiyyə fəaliyyət göstərirdi. Ölkədə dairə seçki komissiyalarının regional ofisləri indiyədək hələ də bu keçmiş bölgü üzrə qalmaqdadır və mərkəzi hökumət strukturuna daxildirlər.

Hər bələdiyyənin idarəçiliyi proporsional təmsilçilik əsasında (siyasi partiyalar) seçilmiş şuralar tərəfindən həyata keçirilir. Burada merlər də yerli əhali tərəfindən birbaşa seçki yolu ilə seçilirlər. Həmçinin, paytaxt Skopyedə şəhər şurasının 39 üzvündən 14-ü bu şəhərin yeddi bələdiyyəsinin sədrlərindən ibarətdir. (Skopyenin yeni xüsusi statusuna əsasən).

Yerli Özünüidarə haqda Qanunun 20-ci maddəsinə görə bələdiyyələr bütün yerli əhəmiyyətli məsələlərin həllində müstəsna səlahiyyətlərə malikdirlər. Bələdiyyələrlə dövlət orqanlarının səlahiyyətləri arasında dəqiq səlahiyyət bölgüsü Konstitusiyanın XVII bölümünə edilən əlavə və düzəlişlərlə aydın, əhatəli, ardıcıl siyahıda (maddə 22) müəyyən olunmuşdur.(Ohrid Razılaşmasının tələbləri əsasında). Bunlara; sosial rifah xidmətləri, uşaqların müdafiəsi, kənd –qəsəbə-şəhər planlaşdırması, təhsil, sağlamlığın mühafizəsi, kommunal fəaliyyətlər;(su-təchizatı, kanalizasiya,zibil tulantılarının idarəçiliyi, drenaj-suvarma sistemi, ictimai gigiyena və ictimai nəqliyyat, yerli yolların salınması və saxlanması), yerli iqtisadi inkişaf, idman-istirahət və əyləncə mərkəzləri daxildir. Bundan başqa, ölkədə mərkəzi hökumətin Fəaliyyət Programına daxil olan 50 fəaliyyət sferasından 40-nın icra səlahiyyətlərinin bələdiyyələrə ötürülə bilməsini tənzimləyən normativ aktlar müvcuddur. Bələdiyyələrin maliyyə mənbələri onlara məxsus mülkiyyətdən gələn gəlirlər, ərazisində bütün mülkiyyət növlərinin satışından tutulan vergi, miras vergisi, əmlak vergisi (daşınmaz və digər), fiziki və hüquqi şəxslərin torpaq vergisi və başqa kiçik həcmli ödənişlər, icarə haqqları hesabına formalaşdırılır. Dövlət büdcəsindən bələdiyyələrə ayırmaların ümumi faiz dərəcəsi azlıq təşkil edir və bu da onunla izah olunur ki, bələdiyyələrin yerli resurslar hesabına əldə etdikləri vəsait onların üzərinə düşən işlərin həyata keçirilməsini qarşılamağa gücləri yetir. Mərkəzi büdcədən köçürmələr əsasən, onlara həvalə edilən, tapşrılan işlərin icrası müqabilində ödənilən vəsaitlərdir ki, bu da subsidiarlıq prinsipi əsasında həyata keçirilir. Bələdiyyələrin Maliyyə Əsasları haqda yeni Qanun 2004-cü ildə qəbul edilmişdir.



Yerli özünüidarənin demokratik meyarları

  1. Səmərəli iştirak ;

  2. Səsvermədə bərabərlik;

  3. Məlumatlılığa əsaslanan dərketmə;

  4. Gündəlik fəaliyyətə nəzarətin həyata keçirilməsi;

  5. Yetkinlik yaşına çatanların iştirakı.

Yerli özünüidarə dövlət subsidiarlıq prinsipi əsasında hakimiyyət və digər idarəetmə səlahiyyətlərinin qanunla müəyyən edilmiş formada həyata keçirilməsini ehtiva edir.



Beləliklə:

  • Demokratik dəyərlər əsasında öz fəaliyyətini həyata keçirmək istəyən hakimiyyət üçün vətəndaş iştirakçılığının ən mütərəqqi və əvəzolunmaz formasıdır;

  • İnsanların özü, ailəsi və yaşadığı cəmiyyət qarşısında öz hüquqlarını dərk etməsi və həyata keçirməsidir;

  • İnsanların özü, ailəsi və yaşadığı cəmiyyət üçün arzuladığı xoşbəxt həyatı yaratmaq üçün taleyi əhəmiyyətli qərar verməsidir;

  • İnsanların ilkin olaraq öz evindəki problemini həll etməsindən başlayır;

  • Vətəndaşların öz hüquqlarını azad, sərbəst və müstəqil şəkildə həyata keçirməsidir;

  • Dövlət və hakimiyyətin aşağıdan yuxarıya idarə olunmasında vətəndaşların öz hüquq və azadlıqlarından istifadə edərək iştirakçılığıdır;

  • İnsanların öz müqəddəratını müəyyən etməsi üçün qərar verməsidir;

  • Cəmiyyətin hakimiyyətin maraqları əsasında deyil, insanların maraqları əsasında idarə olunmasıdır;

  • Eyni məqsəd və mənafeli insanların birləşərək öz ehtiyac və problemlərini həll etməsidir;

  • İnsanların hüquq və azadlıqları əsasında özünü idarə etməsidir;

  • İnsanların yaşadığı micro-sosial cəmiyyətin ədalətli idarə edilməsidir;

  • İnsanların şəxsi olaraq hər bir məsələyə öz münasibətini bildirmək, rəyini dinləmək, nəzərə almaq və birgə müzakirə etmək hüququnun təmin edilməsidir; İnsanların həyatına təsir edəcək qərarların qəbul edilməsində birbaşa və yaxud bilavasitə iştirak etməsidir.



Yerli özünüidarənin digər mühüm komponentlərindən biri də yerli rəy sorğusunun təşkili və keçirilməsidir. Yerli rəy sorğusu – yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin öyrənilməsidir.

Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. Həmçinin, müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydalara əsasən bələdiyyələrin səlahiyyətlərinə aid edilməyən; bələdiyyələrin müvafiq rayon-şəhər inzibati ərazi tərkibindən çıxmaq, muxtariyyət elan etmək, bələdiyyələrin dövlət tərəfindən müəyyən edilmiş sərhədlərini dəyişdirmək, insan və vətəndaş hüquqlarını məhdudlaşdırmaq, tarixi, mədəni abidələri və qoruqlara ziyan vurmaq məqsədi güdən məsələləri yerli rəy sorğusuna çıxarmaq olmaz.

Bundan başqa, hərbi, yaxud fövqəladə vəziyyət elan olunduğu gündən və ya hərbi, yaxud fövqəladə vəziyyət qurtardıqdan sonra üç ay ərzində yerli rəy sorğusu təyin edilə, keçirilə bilməz. Əgər, yerli rəy sorğusu haqda qərar hərbi, yaxud fövqəladə vəziyyətdən əvvəl verilmiş olsa belə, bu halda yerli rəy sorğusuna çıxarılacaq məsələlərin müzakirəsi dayandırılır və təyin edilmiş sorğu günü başqa vaxta keçirilir.

Yerli rəy sorğusunun nəticələrinin dərc edildiyi gündən bir il müddətində həmin məsələ ilə əlaqədar təkrar rəy sorğusu təyin edilə və keçirilə bilməz.

Əhalinin yerli məsələlərin həllində iştirak etməkdə bələdiyyələrin fəaliyyəti üzrə məlumatının olmasının mühüm əhəmiyyəti vardır. Ona görə də bələdiyyə fəaliyyətində aşkarlıq və hesabatlılıq prinsiplərinin realizəsi yerli əhəmiyyətli məsələlərin həllində vətəndaşların fəal iştirak etməsinin zəruri şərti kimi çıxış edir. Həmçinin, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakının təmin edilməsi bələdiyyələrin başlıca vəzifəsidir.

Aran təşkilatının dəstəyi ilə Mehdili (Bərdə), Cinli Boluslu (Goranboy) və Gələbədin (Ağcabədi) bələdiyyələrində dərc olunmuş illik fəaliyyət hesabatları. Yerli əhəmiyyətli problemlərin həlli üzrə əhali-hökumət- bələdiyyə görüşü.



Yerli özünüidarənin hüquqi statusu

Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir formasıdır ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən olunmuş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər.

Yerli özünüidarə orqanlarının əsas vəzifə-səlahiyyətləri konstitusiya və qanunla tənzimlənir. Bununla yanaşı, bu müddəa onlara qanuna müvafiq olaraq, ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini və yaxud imkanları hüdudlarında sərbəst fəaliyyətlərin qurulmasını istisna etmir.

Azərbaycan Respublikası Konstitusiyasında (1995) bələdiyyələrlə bağlı hüquqi baza təsbit olunmuşdur. Həmçinin, ötən mərhələdə bələdiyyələr və onların fəaliyyətlərinin bir sıra sahələri üzrə xeyli qanunvericilik aktları qəbul edilib. Lakin, qanunların çoxluğu hələ bu sahədə güclü hüquqi bazanın təmin edilməsi demək deyildir. Müvafiq qanunvericilik aktlarının icra mexanizminin təmin olunması bu sahədəki mövcud problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Bəzən qəbul edilmiş qanunların yerlərdə icrasına süni əngəllər yaradılır ki, bu da bələdiyyələrin normal fəaliyyətlərinin təmin olunmasına mane olur. Bələdiyyələrin fəaliyyəti üçün prinsipial əhəmiyyət daşıyan bir sıra qanunlarda müvafiq normalar aydın və konkret deyildir və qanunlarda müəyyən edilən qaydaların həyata keçirilmə mexanizmi çox zəifdir. Bəzi qanunların isə, formal olaraq sadəcə adları vardır və bu cür qanunlar heç nəyi nizama salmır. Məsələn, “Bələdiyyələrə Əmlakın Verilməsi haqqında” Qanun bələdiyyələrə veriləcək mülkiyyətin ümumi dairəsi, onun verilmə qaydası və mexanizmlərini aydın müəyyən etmir. Qanunvericiliklə bağlı digər bir problem isə müəyyən vəzifə və səlahiyyətlərin hüquqi nizamlanmasına dair konkret normativ aktların olmaması ilə bağlıdır. Bələdiyyələrə şamil olunacaq müstəsna səlahiyyətlərin indiyədək tam dəqiqləşdirilməməsi nəticədə bu sahədə qeyri müəyyənliyə, ikili sahibliyə səbəb olur ki, bu vəziyyətdə də daha çox imkana və gücə malik mərkəzi hakimiyyət orqanlarının dominantlığı, bələdiyyələrin onlardan asılı vəziyyətə düşməsi halı müşahidə olunur. Hansı ki, Azərbaycan Respublikasının da Avropa Şurasının üzvü olaraq imzaladığı Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının 4-cü maddəsinin 4-cü bəndində deyilir ki, yerli özünüidarə orqanlarına qanunla verilən səlahiyyətlər, bir qayda olaraq, tam və müstəsna olmalıdır. Onlar başqa bir hakimiyyət orqanı, mərkəzi və ya regional orqan tərəfindən yalnız qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə yaxud məhdudlaşdırıla bilər. Xartiyanın həmin maddəsinin 2-ci bəndində isə göstərilir ki, yerli özünüidarə orqanlarının səlahiyyətindən çıxarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata keçirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sərbəstliyə malikdirlər.

Lakin hazırda qüvvədə olan qanunvericilikdəki boşluqlar bələdiyyələrin səlahiyyətləri və müstəqillikləri ilə əlaqədar müddəalara dəyişikliklər edilməsi zərurətini meydana çıxarır. Baxmayaraq ki, bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün müvafiq hüquqi baza formalaşdırılmışdır, bununla belə bu sahədə bir sıra boşluqlar hələ də qalmaqdadır. Bununla yanaşı, respublikada yerli özünüidarəetmə sisteminin inkişafını ləngidən digər problemləri də göstərmək olar:

- dövlət səviyyəsində yerli özünüidarəetmənin inkişaf konsepsiyasının, cəmiyyət üçün anlaşıqlı olan vahid strateji inkişaf məqsədlərinin olmaması;

- dövlət hakimiyyət orqanları ilə bələdiyyə arasında dəqiq səlahiyyət bölgüsünün olmaması, o cümlədən, yerli özünüidarəetmə orqanlarına ayrı-ayrı dövlət səlahiyyətlərinin verilməsi sahəsində hüquqi baxımdan boşluqların olması;

- yerli məsələlərin həllində yerli özünüidarəetmə orqanlaının vəzifələri, hüquqları (imkanları) və məsuliyyətlərinin tam həcmdə balanslaşdırılmaması və bu məsələlərin lazımi qaydada həll olunmaması;

- ərazilərin iqtisadi baxımdan qeyri-bərabər inkişafı və müvafiq olaraq bələdiyyələrin mövcud potensialı arasındakı müxtəlif fərqlərin olması. Ölkədə özünü qismən müstəqil şəkildə təmin edə biləcək bələdiyyə yaratmağa imkan verəcək ərazilərin sayı çox azdır. Buna görə də bir çox bələdiyyə qurumlarının iqtisadi baxımdan özünü təmin edə bilməməsi ölkədə yerli özünüidarəetmə sisteminin inkişafına maneçilik törədən ən vacib problem kimi özünü göstərir;

- dövlət idarəetməsinin ayrı-ayrı strukturları və vəzifəli şəxsləri tərəfindən bələdiyyələrin həqiqi xalq hakimiyyəti forması kimi birmənalı qəbul olunmaması, onların dövlət hakimiyyətinin bütün səviyyələrində mülkiyyətə sahiblik və ona sərəncam verilməsində müstəsna səlahiyyətə malik olmaq ambisiyasını saxlamaq cəhdləri;

- yerli özünüidarəetmə orqanlarının real maliyyə və iqtisadi müstəqilliyinin yetərincə təmin olunmaması, bəzi dövlət səlahiyyətlərinin bələdiyyələrə həvalə olunmasının hüquqi mexanizminin olmaması və bu sahədə stabil normativ əsasın yardılmamasını aid etmək olar.

- yerli özünüidarəetmənin inkişafı ilə bağlı qanunların və digər normativ hüquqi aktların dəqiq reallaşdırma mexanizminin və buna görə ciddi məsuliyyətin olmaması;

- bələdiyyələrin məhkəmə müdafiəsi sisteminin və mexanizmlərinin mükəmməl olmaması, eləcə də bələdiyyə hüququ sahəsində məhkəmə kadrlarının hazırlanması və ixtisasının artırılması sisteminin olmaması; və s.

Göründüyü kimi, Azərbaycanda yerli özünüidarəetmənin inkişafına maneçilik və təhlükə törədə biləcək problemlər çoxdur. Azərbaycanın mərkəzi regionunda fəaliyyət göstərən bələdiyyələrlə Aran təşkilatının apardığı iş təcrübəsindən gəldiyimiz qənaətə əsasən demək olar ki, yerli özünüidarəetmənin mövcud problemlərinin həllini tənzimləyən hüquqi bazanın təkmilləsdirilməsi üzrə islahatlar aparılmasa, hakimiyyətin və cəmiyyətin bu istiqamətdə səylərini məqsədyönlü şəkildə birləşdirmək mümkün olmasa, bu problemlər günü-gündən kəskinləşərək əhalinin bələdiyyələrə, eləcə də dövlət hakimiyyətinə inamının azalmasına gətirib çıxara bilər.



Azərbaycan Respublikasının vətəndaşları müvcud qanunvericiliyə əsasən yerli özünüidarəni həyata keçirmək hüququna malikdirlər. Yerli əhəmiyyətli sosial-iqtisadi inkişaf proqramları və eləcə də yerli ekoloji proqramların həyata keçirilməsində müvafiq dövlət orqanları səlahiy yətlərinin yerli şəraitə daha yaxşı bələd olan və əhaliyə yaxın bələdiyyələrə həvalə edilməsi ölkədə bələdiyyə hüquqlarının əsas müddəalarında öz əksini tapmışdır. Azərbaycanda yerli özünüidarəyə dair qanunvericilik bələdiyyələrə dövlət himayəsini ehtiva etməklə onların təşəkkülü və inkişafı üçün zəruri hüquqi, təşkilati və maddi-maliyyə şəraitinin yaradılmasına təminat verir. Yerli özünüidarəçiliyin effektiv həyata keçirilməsi sahəsində həm beynəlxalq, eləcə də yerli təcrübə göstərir ki, bir sıra müxtəlif yönlü proqram və layihələrin həyata keçirilməsində bələdiyyələrə müvafiq vəzifə və səlahiyyətlərin həvalə olunması, çox vaxt səmərəli nəticə verməklə özünü doğruldur. Bu isə, dövlət proqramlarında bələdiyyələrə həvalə olunan və qanunla dövlət himayəsinə şamil edilən səlahiyyətlərin səviyyəsindən, bələdiyyələrə edilən etibar və dəstəkdən asılı olaraq əhali arasında onların nüfuzunun artmasına xidmət etmiş olur. Lakin, “Bələdiyyələrin Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində bələdiyyələrə dövlət himayəsi bir cümlə ilə ifadə olunsa da, bu sahədə digər normativ aktlarda mükəmməl işlək mexanizmin olmaması bir sıra çətinliklər yaradır.
Yüklə 319,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin