XARİCDƏ TƏHSİL
9-42
Azərbaycanlı tələbənin Lütfi Zadə ilə görüş təəssüratları
Amerikanın Kaliforniya Berkli Universitetinin adı çəkiləndə hər bir azərbaycanlının gözü önündə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadə canlanır. Bu yaxınlarda 95 yaşı tamam olan görkəmli alim elmi tədqiqatlarını davam etdirməklə yanaşı onu ziyarət etmək istəyən həmvətənlərimizlə də görüşməyə vaxt tapır. Bu günlərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində hazırda Kaliforniya Berkli Universitetində magistr təhsilini davam etdirən Hüseyn Abdulla və Dövlət Proqramının digər iştirakçısı, Loc-Ancelesdəki Kaliforniya Universitetinin Ronald Reyqan adına Tibb Mərkəzində qaraciyər transplantasiyası sahəsi üzrə ixtisasartırma keçən doktor Vüsal Əliyev dünya şöhrətli alimi ziyarət ediblər. Doktor Vüsal Əliyevin təşəbbüsü ilə görüş professorun evində baş tutub. “Azərbaycan müəllimi” qəzetinə verdiyi açıqlamada Hüseyn Abdulla professor Lütfi Zadə ilə ilk tanışlığın, dahi alimlə görüşün onda buraxdığı dərin təəssüratları bölüşdü:
- Vüsal professor Lütfi Zadə ilə görüş təyin etdiyini deyəndə həddən artıq sevindim, çünki artıq universitetdə yox, evində çalışdığı üçün onunla ofisində tanış ola bilməmişdim... Təyin edilmiş vaxtda alimin evinə yollandıq, köməkçisi professorun günortadan sonra bizimlə görüşə biləcəyini demişdi. İçəriyə daxil olduq, yardımçısı bizə əyləşməyə yer göstərdi və professorun bir neçə dəqiqədən sonra bizimlə görüşəcəyini qeyd etdi. Elə bu zaman professor Zadənin hazırda birgə tədqiqat işi apardığı azərbaycanlı tələbəsi Səbinə Şahbazzadə də gəldi. Xoş təsadüf nəticəsində onunla da tanış olduq, hazırkı təhsilimiz və gələcək planlarımız barədə olduqca maraqlı söhbət etdik. Bir neçə dəqiqə sonra haqqında ilk dəfə orta məktəbin VI sinif informatika dərsliyində oxuduğum qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, kompüter və elektrik mühəndisliyi sahəsində yeni bir eranın başlanğıcını qoymuş, dünya elm cəmiyyətinin, eləcə də hər bir azərbaycanlının fəxr etdiyi o böyük alim, Lütfi Zadə qarşımızda idi.
Düzü, orta məktəbdə oxuyarkən kimsə mənə bu günün yaşanacağını desə idi, inanmazdım. Lakin elə həyat da Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kimidir, sadəcə 0 və 1-lər olmadığı kimi, “olacaq”, yaxud “olmayacaq”lardan da ibarət deyil, elə deyilmi? Bu gün baş verənədək çox uzun yol keçmişdik, həm mən, həm Vüsal doktor. Yəni, bir zamanlar “0” ehtimalı olan bir hadisə indi “1” olmuşdu, amma böyük məsafə keçərək. Odur ki, keçirdiyimiz hissi sözlərlə ifadə etmək də çətindir, bu bizim üçün unudulmaz “1” gün olacaqdı, bircə buna əmin idik.
Professor böyük təvazökarlıq nümunəsi göstərərək bizimlə əlini uzadaraq görüşdü, gözlətdiyi üçün üzr istədi, əyləşməyinizi xahiş etdi. Sıra ilə haralarda, hansı sahələrdə təhsil aldığımızla maraqlandı. Berkli Kaliforniya Universitetində, yəni özünün ömürlük professoru olduğu universitetdə oxuduğumu eşidəndə məmnunluqla dolu bir üz ifadəsi aldı və həmən ardından məndən burada təhsil alan başqa azərbaycanlı tələbələr də varmı deyə soruşdu. Hazırda bildiyim qədər Berklidə bakalavr və magistr səviyyələrində 3 nəfər azərbaycanlı tələbənin təhsil aldığını dedim. Aydın hiss etdim ki, professor bu rəqəmin daha da çox olmasını arzu edirdi. Oxuduğum sənaye mühəndisliyi və əməliyyatların tədqiqi sahəsinin olduqca maraqlı və vacib olduğunu qeyd etdi və əlavə etdi ki, vaxtı ilə o, Corc Dantziq ilə yaxın dost olub. Bu mənə olduqca heyrətamiz gəldi, çünki adını çəkdiyi alim əməliyyatlar tədqiqi sahəsini Amerikaya gətirən, bu sahədə, həmçinin riyazi statistika sahəsində böyük işlərə imza atmış öncül elm insanlarından biridir. O an bir daha dərk etdim ki, həqiqətən də, müasir elmin bir çox sahələri Lütfi Zadənin gözləri önündə təşəkkül tapıb, bu səbəbdən adını dərslik girişlərində gördüyüm bir çox görkəmli elm insanlarını şəxsən tanıması heç də təəccüblü deyildi...
Professor Vüsalın qaraciyər transplantasiyası sahəsində ixtisaslaşdığını eşidəndə tibb və cərrahiyyə sahəsindəki biliklərinin dərinliyinə də şahidlik etmiş olduq. Doğrudan da, verdiyi suallardan, rəylərindən, adını çəkdiyi məşhur professor-cərrahlardan bu sahə ilə dərindən maraqlandığını yəqin etmək olurdu. Azərbaycanda orqan transplantasiyasının tarixi, hazırkı vəziyyəti və perspektivləri ilə maraqlandı. Vüsal professoru bu barədə ətraflı bilgiləndirdi. Marağımı gizlətməyib professorda tibb sahəsinə qarşı marağın necə başladığını soruşdum. Anasının həkim olduğunu, beləcə həmişə tibb sahəsinə qarşı xüsusi bir maraq göstərdiyini, bu sahəyə aid çoxlu mütaliə etdiyini qeyd etdi. Vüsal doktora bir məşhur orqan transplantasiyası cərrahının “bestseller” olmuş xatirə-romanının adını çəkərək, bir gün onun da bu kitabdan daha realistik, daha dərin bir əsər yazmasına ümid etdiyini dedi. Vüsal cavabında, haçansa belə bir kitab yazacaqsa, Lütfi Zadə ilə görüşün orada xüsusi yer tapacağını qeyd etdi. Professor bu cavabı da yenə özünəxas təvazökarlıqla qarşıladı.
Ümumiyyətlə, görüş ərzində Lütfi Zadəyə bir neçə dəfə xoş sözlər ünvanladıq, onun Azərbaycanda necə çox sevildiyini, bizlər üçün ixtifar səbəbi olduğunu qeyd etdik, hər dəfə əlini ürəyinə qoyub xəfifcə əyilərək təşəkkür etdi. Bu, həqiqətən böyük şəxsiyyət sahibi insana xas bir təvazökarlıq nümunəsi idi. Söhbət gedişində Azərbaycanda çoxlu dostları, Bakının onun üçün hər zaman önəmli yerə sahib olduğunu dedi. Şəhərimizə etdiyi bütün səfərləri dəqiq tarixləri ilə xatırlayırdı. Söhbət əsnasında “Azərbaycan müəllimi” qəzetinə müsahibə verdiyini də xatırladı.
Maraqlı söhbətimiz boyu Lütfi Zadə ilə bir neçə fərqli məsələ barədə fikir mübadiləsi də apardıq. Ardından tələbəsi Səbinə xanımla da tanış olub-olmadığımızı soruşdu, haqqında təriflərini qeyd etməyi unutmadı, onun daha bilikli olduğunu vurğuladı.
Bir saatdan bir qədər çox çəkən, lakin bir ömür boyu xatirələrdən silinməyəcək gözəl söhbətin sonunda Lütfi Zadə ilə xatirə şəkli çəkdirib sağollaşdıq. Bizi yola salarkən Səbinə xanımla hazırkı tədqiqat işlərinə davam etmək üçün görüşdüklərini qeyd etdi, yavaşca kompüterinin başına keçdi. O an bir daha anladıq: özünü elmə həsr etmək nə deməkdir. Bu mənzərə mənim kimi akademik karyera arzusunda olan gənc bir tələbənin oxuduğu cildlərlə kitablardan ala bilməyəcəyi bir dərs idi. Qapıdan çıxarkən öz-özümə dedim: “Əgər bir gün elmdən doyduğun qəflətinə qapılsan, öyrənmək və öyrətmək eşqini itirdiyini hiss etsən, bu anı xatırla”.
Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
9-43
ABŞ-da informatika dərslərinə diqqət artıb
ABŞ prezidenti Barak Obama orta məktəblərdə daha çox uşaqların informatika dərsləri ilə təmin olunmasını üçün Konqresdən 4 milyard dollar vəsait ayrılmasına çalışdığını deyib. Bu, uşaqların gələcəkdə texnoloji biliklərə üstünlük verən əmək bazarında rəqabət qabiliyyətliliyə nail olmaq üçündür. “Yeni iqtisadiyyatda informatika əlavə vərdişlər deyil, bu, oxu, yazı və hesablama kimi baza bacarığıdır”,- deyə Barak Obama bildirib. Əgər Konqres prezidentin müraciətini bəyənərsə, onda ayrılan 4 milyard dollar məbləğində vəsait üçillik dövr üçün kompüter siniflərinin əlyetərliyini, xüsusən də qızlar və milli azlıqlar arasında təmin olunması üzrə geniş plan təqdim edəcək bütün ştatlar arasında bölünəcək. B.Obama administrasiyası eyni zamanda informatika sinifləri ilə kifayət qədər əhatə olunmayan məktəblər üçün qrant layihə proqramlarının maliyyələşdirilməsi və eləcə də informatikanı tədris edəcək müəllimlər üçün əlavə 100 milyon dollar axtarışındadır. Daha 135 milyon dollar vəsaitin isə informatika müəllimlərinin və informatika dərsləri üçün yeni tədris materillarının işlənib hazırlanmasına xərclənməsi nəzərdə tutulub. Ağ evin məlumatına görə, ümumtəhsil məktəblərinin yalnız 25%-i informatika üzrə məşğələlər təklif edir və 22 ştat isə bu fənni şəhadətnamə almaq üçün icbari hesab olunan fənlərin siyahısına daxil etmir. Ağ evin nümayəndələri bu addımı informatika dərslərinin federal səviyyədə populyarlaşdırılması üçün ən böyük səylər kimi təsvir edir. Bu işlər artıq ölkənin bir çox ştat və şəhərlərində aparılır. Obama administrasiyası texnoloji kompaniyaları və xeyriyyə təşkilatlarını bu aksiyada fəal iştirak etməyə çağırır.
Qeyd edək ki, proqramlaşdırma ildən-ilə getdikcə populyarlaşır. Ötən ilin dekabr ayında 180-dən çox ölkənin məktəblərində qlobal aksiya - “Saat kodu” keçirilib ki, onun da məqsədi uşaqlara İKT sahəsinin müasir dünyada hansı rol oynadığını göstərmək və onlara proqramlaşdırmanın sirlərini öyrətməkdir. “Saat kodu”nda bütün dünyadan milyonlarla müxtəlif yaşlı şagirdlər iştirak edib. Bir saat davam etmiş dərslər dekabrın 7-dən 13-dək 40 dildə aparılıb.
İngilislər uşaqlarına 21 yaşına qədər 300 min avro xərcləyirlər
Böyük Britaniyada uşağın tərbiyəsi ev almaqdan baha başa gələcək. “Daily Mail” qəzetinin yazdığına görə, ingilislər uşaqların 21 yaşa qədər böyüməsinə 299919 avro xərcləyirlər. Eyni zamanda, ölkədə iki ailənin bir yerdə yaşamasına imkan verən evin qiyməti orta hesabla 283 min avro təşkil edir. LV= sığorta şirkəti tərəfindən aparılmış araşdırmalara görə, dayələr, uşaq bağçaları, məktəbəqədər hazırlığa çəkilən xərclər ailə büdcəsinin təxminən üçdə bir hissəsini təşkil edir. Uşaqlara nəzarətin təmin olunmasına 91,1 min avro xərclənir. Müqayisə üçün deyək ki, ötən il bu rəqəm 87,4 min, on il əvvəl isə 65 min avro olub. Məktəb ləvazimatları, paltarlar, universitetlərdə təhsil haqları da büdcənin təxminən üçdə bir hissəsi həcmindədir. Valideynlər uşağın bir yaşdan 21 yaşa qədər böyüdüyü illər ərzində onun təhsili üçün 96 min avro xərcləyirlər. Britaniyalılar qalan məbləği uşaqların qidalanmasına (24 584 avro), cib xərcliyinə (5 968 avro) və geyimə (14 154 avro) xərcləyirlər. Valideynlər ən çox pulu 1 yaşdan 4 yaşa qədər sərf edirlər.
Alimlər bioloji canlı superkompüter icad ediblər
Amerika, Hollandiya, Almaniya və İsveçdən olan alimlər qrupu gələcəyin superkompüterinin nümunəsini hazırlayıblar. Bu barədə “Science News” xəbər yayıb. Onların sözlərinə görə, bu superkompüter canlı olacaq. Canlı orqanizm olan superkompüter yeddiillik tədqiqatın nəticəsidir. Bu haqda material “Proceedings of the National Academy of Sciences” elmi nəşrində dərc edilib. Alimlər qeyd edirlər ki, kompüter uğurla fəaliyyət göstərir. Cihazın özəyində olan bioloji prosessor zülal molekulları ilə işləyir. Enerji mənbəyi kimi adenozintrifosfatdan istifadə olunur. Onun sərfiyyat mexanizmi isə tənəffüs prosesini xatırladır. Bunun sayəsində biokompüter iş vaxtı qətiyyən qızmır. Kompüterdə bioloji hesablamalar ardıcıl deyil, paralel aparılır. Buna görə də kompüterlərdən çoxkompleksli hesablamalar, məsələn, kriptoqrafiya, yaxud riyazi optimallaşdırmalar üçün istifadə etmək mümkün olacaq.
9-44
Rusiyada Ümumrusiya Valideyn Universiteti yaradılacaq
Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun sözlərinə görə, universitet ailə və məktəb arasında əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək. Nazir təəssüflə qeyd edib ki, ailə və məktəb arasındakı əlaqə çoxdandır itib. “Əgər əvvəllər hər il hər sinifdə mütləq “açıq dərs”lər keçirilirdisə və hər bir valideyn bu dərslərə gələ bilirdisə, indi məktəb hasarlarla və turniketlərlə əhatələnib. Valideynlər bilmirlər ki, müəllimlər onların uşaqlarından nə tələb edir, uşaqlarda dərslərə necə motivasiya yaratmaq, onlarda təhsilə, mütaliəyə necə məhəbbət aşılamaq olar. Valideynlərin əksəriyyəti psixologiya sahəsində ən elementar biliklərə yiyələnmirlər. Ona görə də ən yaxşı halda yalnız ev tapşırıqlarının yoxlanması ilə kifayətlənirlər”, - deyə D.Livanov bildirib. Nə qədər qəribə səslənsə də, valideynləri məktəblə əməkdaşlıq etməyi öyrətmək lazımdır. “Bir ata yüz müəllimdən artıq deməkdir”, “Uşaqların gizli dünyası: uşaq bacı və qardaşlarından nə öyrənir”, “Nənələr, babalar + nəvələri = şərtsiz sevgi” - bütün bunlar sözügedən Valideyn Universitetində keçiləcək dərslərin mümkün mövzularıdır.
Ukraynada ali məktəblərin monitorinqi keçirilib
Ukraynada ali məktəblərin növbəti monitorinqi başa çatıb. Bu barədə martın 1-də keçirdiyi mətbuat konfransında ölkənin təhsil və elm naziri Sergey Kvit bildirib.
Nazir monitorinqin nəticələrinə əsasən 10 universitetin lisenziyasının ləğv olunacağını deyib. Ali məktəblərin fəaliyyətinin dayandırılması barədə xəbəri Ukrayna Akkreditasiya Şurası verib. Artıq martın 1-dən başlayaraq lisenziyası ləğv olunmuş ali məktəblər fəaliyyətlərini dayandırıblar. Sergey Kvit qeyd edib ki, nazirlik diplomların verilməsi inhisarçılığının qarşısını ala bilib. Bu, Ukrayna büdcəsinə təxminən 43 milyon qrivna qənaət etməyə imkan verib.
Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
Dostları ilə paylaş: |