FONOQRAM (phonogram/scanning) – Sonradan səsləndirilməsi nəzərdə tutulan səs siqnallarının yazılışı; səsin (nitqin, musiqinin və ya şərti siqnalın) qramplastinkada, maqnit lentində, kinoplyonkada yazılması;audiolentə – diskə yazma.
FONOQRAMIN YERLƏŞDİRİLMƏSİ ÜÇÜN MAQNİTOFON (layback recorder) – Səs siqnallarının videolentə xüsusi effekt siqnalları və eyni zamanda mikşerlə yazılmasını təmin edən qurğu.
FONOTEKA (phono library/archieve) – 1) Müxtəlif (bəzən nadir) musiqi yazıları anbarının xüsusi şəraitdə saxlandığı yer. F.-lar, həmçinin məlumat-öyrədici xarakterli müxtəlif vəzifələri və tarixi sənədlər funksiyasını da yerinə yetirir; 2) Fonoqramların, səs yazılarının, lentlərin toplusu, arxivi.
FORMA (form) – 1) Bədii əsərin, sənətin mövcud növünün təsviri-ifadə vasitələrinin köməyi ilə bədii məzmunu ifadə etmək üçün yaradılan struktur, xarici çərçivə, forma. F. məzmunun əsərdə necə və hansı vasitələrlə təcəssüm etdiyini göstərir. F.-nın əsərin məzmunundan asılılığı bunda ifadə olunur ki, məzmundan kənarda forma mövcud deyildir. Sənətkarın F. axtarışlarının məzmundan təcrid edilməsi F.-nı mənadan məhrum edir və məntiqi olaraq formalizmə gətirib çıxarır. Hər sənət növünün özünəməxsus forması var: rəssamlıqda – kolorit, rəng; qrafikada – rəsm; musiqidə – melodiya və s. Amma bununla yanaşı, incəsənətin müxtəlif növləri üçün ümumi olan forma ünsürləri də mövcuddur. Kompozisiya, süjet, fabula və s. bu qəbildəndir; 2) Əşyanın xarici görünüşü, şəkli, biçim, şablon, nümunə; 3) Tip, quruluş, təşkilat sistemi; struktur.