MƏTBUAT ÜÇÜN İNFORMASİYA (on the record) – İnformasiya daşıyıcısının adını və vəzifəsini birbaşa göstərməklə, yaxud natiqi və ya vəzifəli şəxsi dolayısı ilə təqdim etməklə onun dediklərinin hamısını sitat gətirməyə imkan verən razılaşdırılmış forma.
MƏTBUAT ÜÇÜN OLMAYAN İNFORMASİYA (off the record) – Jurnalistin yazısında, yaxud teleradio reportajında açıqlanması mümkün olmayan informasiya. Bəzi Qərb ölkələrində M.ü.o.i. reportyora hər hansı məlumatla tanışlıq və onu qiymətləndirmək üçün verilir.
MƏTN (text) – 1) Ədəbiyyatda və jurnalistikada müəyyən işarələr sisteminin köməyi ilə ifadə olunan bitmiş müstəqil yazı; 2) EE-də səs sırasının nisbətən geniş yayılmış növü. M. kadrarxası diktor oxusuna, dialoq və monoloqa ayrılır. Müsahibə zamanı M.-lər improvizə edilə, yaxud ssenari əsasında ifa oluna bilər. Səslənən M., bir qayda olaraq, improvizə edilir. Ssenarilər, əsasən bədii telequruluşlardan və ya real hadisələrin aktyorlar vasitəsilə canlandırılmasından ötrü yazılır. Şərh də mətnin son dərəcə geniş yayılmış növlərindəndir. Şərhlər kadrda və ya kadr arxasında oxuna bilər. Hər bir halda şərhçi ekranda baş verənləri açıqlayır, proqramın fraqmentlərini vacib məxrəcə gətirir. Kadrarxası şərh zamanı ekranda, adətən, M.-də haqqında söhbət açılan adam və ya nəsə başqa şey barədə videokadrlar göstərilir. Kadrarxası şərh çox vaxt «kadrarxası mətn» və ya «kadrarxası səs» də adlandırılır. Şərhçini (və ya danışan hər hansı başqa adamı) videolentə çəkib, uyğun şəkildə ekranda göstərirlərsə (danışdığı müddətdə), şərhi lentə almağın belə üsulu səsli sinxron və ya kadrda şərh adlanır. Təkcə çap deyil, həm də informasiyanın elektron AV vasitələrini tədqiq edən kommunikavistikada M. anlayışı yeni məna çalarları kəsb edir. M. informasiya daşıyan siqnal dozası, yaxud sənədin, proqramın, məlumatın informasiya məzmunu kimi müəyyənləşir. Kompüter texnikasının və multimedia proseslərinin inkişafı müəllif mətnlərinin sabitliyi, auditoriya qavrayışında və çoxmənalılığa yönəldən konsepsiyaların yayılması üçün zəmin yaradıb. Digər tərəfdən belə hesab edirlər ki, KİV-in yaydığı mətnlərin modifikasiyası və polisemiyası onların populyarlığının əsas şərtlərindən biridir.