PABLİSİTİ (publicity) – Hərfi mənada: populyarlaşdırma, məşhurlaşdırma, əhalinin diqqətini cəlb etməyə yönəlmiş tədbirlər. «Pablik rileyşnz» vasitəsi kimi KİV-də geniş istifadə olunur.
PAFOS (enthusiasm/inspiration) – 1) Hissli, ehtiraslı, həvəsli danışıq; teleradio mətninin ucadan, şövqlə, xüsusi intonasiya ilə oxunması. Adətən, bədii əsərlərin tamaşası zamanı aktyorlar tərəfindən tamaşaçıları riqqətə gətirmək üçün istifadə olunur; 2) Mətnin oxunuşunda, yaxud verilişdə süni olaraq yaradılan ab-hava, yalançı ahəng.
PAL (PAL – Phase Alternation Line) – Müasir dünyada üç TV sistemindən biri, faza dəyişmə sətri. Bu sistemdə 625 sətir və 50 Hs tezlik istifadə edilir. Almaniyada Telefunken firmasının tapdığı və Fransa istisna olmaqla bütün Avropa dövlətlərinə yayımlanan sistemdir. P. sistemi Azərbaycanda da tətbiq olunur.