TELEVİZİYA FİLMİ (telefilm/vidpic) – TV verilişləri şəbəkəsi ilə göstərilmək üçün yaradılan və xüsusi çəkiliş – montaj texnologiyası olan film. T.f.-ndə TV-nin texniki imkanları və tamaşaçıların televizor ekranındakı təsvirləri qavrayabilmə xüsusiyyətləri nəzərə alınır. T.f. bədii quruluşuna – ümumi planların sayca az olmasına, kadrda təsvirin çox xırda detallarının verilməməsinə, kadrda sıxlıq diapazonunun kiçikliyinə və təsvirdəki kontrastlığın zəifliyinə görə kinofilmlərdən fərqlənir. T.f.-nin kino metodları ilə çəkilişində həm 35 mm, həm də 16 mm-lik neqativ və dönər kinoplyonkalardan istifadə olunur. Videonun meydana gəlməsindən sonra T.f. videolentə çəkilir.