RADİO DİLİ (radio tongue) – 1) Radionun malik olduğu ifadə vasitələrinin (söz, səs effektləri, musiqi) məcmusu; 2) Müasir (şifahi) ədəbi dilin özünəməxsus fonetik, leksik, sintaktik xüsusiyyətləri olan, yalnız kütləvi kommunikasiyanın bu sahəsinə xas olan dil. Bax: R a d i o d r a m a t u r g i y a d i l i.
RADİODRAMATURGİYA DİLİ (language of radiodrama) – Radio üçün yazılmış və şifahi nitq formasında qurulmuş pyeslərdə ədəbi dilin mövcud normalarından məqsədyönlü şəkildə istifadə edilməsi, yalnız aktyor nitqi, musiqi və səs effektləri vasitəsilə obrazların hərəkəti, zahiri, psixoloji səciyyəsi, həmçinin hadisə, məkan və situasiya haqqında təsəvvür yaradan və sözlü-səsli formada ifadə olunan bədii, emosional-ekspressiv dil. R.d. bütövlükdə şifahi ədəbi dilin, radio nitqinin spesifik xüsusiyyətlərinin, ifadə imkanlarının üzə çıxarılmasına, onun bir sıra funksional və sintaktik xüsusiyyətlərinin, eyni zamanda intonasiya-tələffüz üslublarının müasir vəziyyətini əks etdirir.