HAYIFSAN, HAYIFSAN,
A TELLİ QARA!
«Qaçaq Nəbi» (1) dastanı həcmcə böyük olsa da, bu dastanın Dədə Qorqud boyları, Koroğlunun səfərləri qədər bitgin süjeti, bədii dəyəri yoxdur. «Qaçaq Nəbi»də bir hadisəçilik, təsvirçilik var. Ümumiləşdirmənin olmaması dastanın bədii dəyərini azaldır. 19-cu yüzildə yaşamış, Qarabağın Mollu (2) kəndində doğulmuş Nəbi Alı oğlu (təqribən 1854-cü ildə doğulmuş – 12.03.1896-cı ildə Qərbi Azərbaycanın Larnı kəndində öldürülmüşdü.) (3) yalnız Güney Qafqazda deyil, Anadoluda, İran Azərbaycanında igidliyi ilə ad çıxarmışdı. Onun şəxsi düşmənləri ilə, sonra da hökumət məmurlarıilə silahlı mücadiləsi dildən-dilə, ağızdan-ağıza keçərək dastanlaşmışdı.
İstirahət günlərində tələbəlik dostum Ələddin Həsənovun (4) doğlduğu Xanağoya (5) gedərdim. Ailə üzvlərinin səmimiyyəti məni bu ailənin üzvünə, Əlincə qalası ətəyindəki kəndi doğma kəndimə çevirmişdi. Tarixi abidələrlə zəngin, açıqsüfrəli bu kəndə nəinki öz ailəmlə, hətta dost tanışlarla qonaq getməkdən ləzzət alardım. Elə burada da Qaçaq Nəbi və silahdaşları ilə bağlı çox söhbət, rəvayət eşitdim.
«Qaçaq Nəbi» dastanında onun silahdaşlarının çoxunun adı çəkilir, haqqında bəhs edilir. Dastanda adı çəkilən silahdaşlarından biri də Telli Qaradır. Epizodik görünməsinə baxmayaraq, bir çox detallara görə onun ömür yolu diqqətimizi özünə çəkdi. Adətən, dastanlarda ikinci sırada duran igidlərin də doğumu, haralı olması, əsas qəhrəmanla ilk tanışlığı və s. təsvir olunur. Amma «Qaçaq Nəbi»də çox vaxt bu prinsip gözlənilməyib. Telli Qara haqqında geniş bilgi yoxdur. Onun ölüm səhnəsi nisbətən geniş təsvir edilir. Dastanda göstərilir ki, Hacı İsmayıl Qarakilsədə (6) pristav İsmayıl bəydən, naçalnik Cəfərqulu bəydən çoxlu qoşun alıb Camal (7) qalasında olan Qaçaq Nəbinin dəstəsinin üzərinə yeriyir.
Dastanda deyilir: «Üç gün, üç gecə atışma oldu. Hər yerə hay düşdü, söz yayıldı. Naxçıvan, İrəvan tərəfindən də qoşun gəldi. Özünə ümidi gələn kəndlilər də əllərinə tüfəng keçirib Nəbigilə köməyə getdilər, Naxçıvandan və İrəvandan da külli qoşun gəldiyini kəndlilərdən Ağaəli Tağı oğlu Nəbiyə xəbər verdi.
Dağın sol tərəfində Hacı İsmayıl bir dəstə ilə köhnə bir barının* dalına girmişdi. Onlardan az yuxarıda Telli Qara dayaz bir xarımı** özünə səngər eləmişdi. Bu elə bir xarım idi ki, Telli kənardan tamam görünürdü. Düşmən olanda nə olar, gərək hər tərəfi deyəsən. Hacı İsmayıl bəy də çox igid adam idi. Onun gülləsindən toz da yayına bilməzdi. O, Telli Qaranı gördü. O saat tüfəngi üzünə alıb onu nişan aldı. Telli Qaranın ortasından bir güllə keçirdi. Telli Qara yerə yıxıldı, tüfəng əlindən düşdü, nə qədər çalışdı tüfəngi götürə bilmədi, bircə dəfə Nəbinin adını çəkib, canını yoldaşlarına tapşırdı. O biri tərəfdən Hacı İsmayıl özünü bir divarın dalına atdı. Ora-bura göz gəzdirdi ki, Nəbini görsün, onu da vursun. Hacı İsmayıl Nəbinin yerini öyrənmişdi. Divarın üstünə dırmanırdı ki, onu güllə ilə vursun, Mehdi Hacı İsmayılı görüb aynalını*** üzünə aldı, onun incəsindən bir güllə keçirdi. Hacı İsmayıl mayallaq aşıb divarın başından yerə düşdü, canını qardaşına tapşırdı.
Hacı İsmayıl öldürülən kimi düşmən qoşunu geri qayıdıb qaçmağa başladı. Nəbigil düşmənləri qovub gözdən itirdilər. Çiçəklinin ayağında Nəbi Telli Qaranı görmədi. Yoldaşlarından soruşdu:
– Telli Qara harada qaldı?
Həcərin ürəyi döyünə-döyünə dedi:
– Telli Qara mənim səngərimin yaxınlığında idi. Ay aman, yəqin onu gorbagor Hacı İsmayıl vurdu!
Adamlar hərə bir tərəfə dağılıb soraq saldılar, car çəkdilər, Telli Qaranı axtarmağa başladılar. Həcər atını düz Çətəndaşa (8) Telli Qara vurulduğu yerə sürdü. Baxıb nə gördü? Gözlər olsun görməsin. Telli öz qanına boyanıb. Atı da gəlib başının üstündə dayanıb. At Həcəri görən kimi bərkdən kişnədi. Həcər Telli Qaranın qanlı cəsədi yanında diz çökdü, gözlərinin yaşını abi-leysan kimi tökməyə başladı. Ağlaya-ağlaya Nəbini görək nə cür haraya çağırdı:
----------------------
* Barı – divar, hasar.
** Xarım- çuxur, xəndək
*** Aynalı - üstdən doldurulan tək patronlu tüfəng.
Dostları ilə paylaş: |