Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ● XL -2012
ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ
FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ
АЗЯРБАЙЪАН
ШИФАЩИ ХАЛГ ЯДЯБИЙЙАТЫНА ДАИР ТЯДГИГЛЯР
XL
ÁÀÊÛ – 2012
Àçÿðáàéúàí Ìèëëè Åëìëÿð Àêàäåìèéàñû
Ôîëêëîð Èíñòèòóòó Åëìè Øóðàñûíûí
ãÿðàðû èëÿ ÷àï îëóíóð.
BAŞ РЕДАКТОРУ: МУХТАР КАЗЫМОЬЛУ (İMANOV)
филолоэийа цзря елмляр доктору
МЯСУЛ РЕДАКТОРУ: ORUC ƏLİYEV
филолоэийа цзря фялсяфя доктору
Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр (qırxıncı китаб), Áàêû, “Елм вя тящсил”, 2012, -184 сящ.
T 4603000000 Ãðèôëè íÿøр
Í-098-2012
© Фолклор Институту, 2012
Mahmud ALLAHMANLI
Azərbaycan Dövlət Pedaqoji
Universiteti, professor
m.allahmanli@mail.ru
AŞIQ DEYİŞMƏLƏRİ, BƏDİHƏLƏR VƏ
MƏKTUBLAŞMALAR
Açar sözlər: Aşıq deyişmələri, bədihələr, dedim-dedilər, məktublaşmalar.
Deyişmələr bir forma, düşüncə tipi kimi kəsb etdiyi mahiyyət etibarilə daha çox aşıq yaradıcılığı ilə bağlanır. Çünki aşıq yaradıcılığında deyişmə bədii forma tipi olmaqdan əlavə, həm də sənətin dəyərini, ucalığını qorumaq kimi gərəkli bir funksiya daşıyır. Bunu tarixin ayrı-ayrı mərhələlərində ustad sənətkarlar arasındakı qarşılaşmalar da göstərir. Həmin qarşılaşmalarda yaranan deyişmələr ədəbiyyatımızın klassik nümunəsi kimi həmişə yüksək qiymətləndirilib. Bu gün də belədir. Ancaq onun zənginliklərinin açılması, müəyyənləşməsi istiqamətində ədəbi-nəzəri fikirdə elə də ciddi araşdırmalar aparılmayıb. Daha doğrusu, deyilənlər məqalə, hansısa problemin içində kiçik bir hissə səviyyəsindən o yana getməyib. Halbuki Azərbaycan şifahi və yazılı ədəbiyyat, kontekstində məsələyə diqqət yetirdikdə daha maraqlı, həm də aktuallıqla nəzərə çarpacaq problem kimi əhəmiyyət daşıyır. Eyni zamanda məsələyə türk və dünya xalqları ədəbiyyatı kontekstində yanaşmanı zəruriləşdirir. Türk xalqlarında deyişmə modelinə şifahi və yazılı ədəbiyyat müstəvisində baxanda ilkinlikdən bu yana olan böyük bir zaman müddətinin izləri yaşanır. Həm də xalq mərasimlərində, dastanlarımızda, sayaçı sözlərimizdə, ozan söyləmələrində və s. müşahidə olunan bir zənginlik var. Bu zənginlik ilkinlikdən gələn inkişafı özündə ehtiva edir. Eyni zamanda bu və ya digər dərəcədə yarandığı zamanın məişətinin, dini, əxlaqi, mənəvi dəyərlərinin, ictimai-siyasi düşüncəsinin möhürünü vurur. Bədihə kimi sənət nümunəsi onun daşıyıcıları tərəfindən meyxanalara sürüklənmiş, əsl mahiyyətindən uzaq düşmüşdür. Lakin bədihələr hələ intibah dövründən məlum idi. Nədənsə bu sənəti məkan anlayışı bildirən meyxana adlandırmaqla cılızlaşdırmış, sənəti küçə, tin səviyyəsinə salmışlar. Araşdırmalar bədihələrin bir ədəbi növ olduğunu isbat edir. «Bədihə – hazırcavablıqla, düşünülmədən, birdən-birə deyilən şeir; bədyə»dir (1, 20). Onları söyləyənlərə isə bədihəxanlar demişlər. Meyxana bir termin kimi bədihəni özündə ehtiva etmir. Meyxana «bu şeirlərin söyləndiyi məclisdir. Şeirin janrının adı deyildir. Meyxanalarda müxtəlif janrlara aid şeirlər söylənmişdir. Amma bunlara bədahətən məclisdə söyləndiyi üçün bədihə və ya bədiyə deyilir» (7, 124). Bu, özlüyündə sözün yeni məna kəsb etməsi hadisəsidir. Əzizə Cəfərzadə «indi heç xoşuma gəlməyən, restoran, şərab iyi verən «meyxana» sözü vaxtı ilə dilimizdə bədihə, bədyə şəklində işlənmiş və bəyənilmişdir. Hər şair bədahətən söz söyləyə bilməmiş və cürət etməmişdir. XIX və XX yüzilliklərdə qüdrətli şairlər Seyid Əzim Şirvani, Əliağa Vahid bu səmtdə xüsusilə fərqlənmişlər» (4). Ancaq etiraf edək ki, son dövr televiziya kanallarındakı bu təqdim etmədə bir cılızlıq, bayağılıq görünür. Bu sözlərin nizamından tutmuş, ifadələrin məna siqlətinə qədər olanlarda, sözçülüyün baş alıb getməsində və s. çoxluqla müşahidə olunur. Hətta doğru olaraq bəzən narazılıqlara belə yol açır. Əlbəttə, bədihələr mənəvi sərvətimizdir, xalqın düşüncəsinin məhsuludur. Keçən əsrdən, eləcə də ondan əvvəlki yüzillikdən bizə gəlib çatan yüksək səviyyəli nümunələr var ki, indi də yaddaşlarda yaşayır və müxtəlif əhvalatların, hadisələrin faktı kimi uca tutulur.
Bədihələr, aşıq deyişmələri hazırcavablıq, bədahətən söz demək anlamında eyni düşüncəni sərgiləyir. Ancaq onu da etiraf edək ki, aşıq yaradıcılığında bu, tamamilə başqa səpkilidir. Yəni təkcə hazırcavablığı, qafiyə və söz anlamında fikri çatdırmağı əks etdirmir. Burada aşıqlığın çəkisi, nüfuzu anlamında dini və dünyəvi elmlərə bələdlik, bir sorğu-sual aparma, məhşər ayağına çəkmə var. Bu bir istiqamətdir və aşıq deyişmələri anlamında anlaşılan da ilkin olaraq budur. Məsələn, «Valeh və Zərnigar» dastanındakı bir məqama diqqət yetirək: «Zərnigar əhvalatını aşıq Səmənd də eşitdi. O, gəzə-gəzə gəlib Dəmirqapı Dərbəndə çıxdı, Zərnigargilə getdi. Səmənd elə bildi ki, Zərnigarı asanlıqla bağlayacaqdır. Odur ki, özünü boğa-boğa içəri girib əhvalpürsanlıq elədi. Bura gəlişinin səbəbini Zərnigar xanıma bildirdi.
Zərnigar xanım qonağı qəbul elədi, ona üç bənd bağlama dedi. Səmənd iki bağlamanı açdı, üçüncüdə boğazının yolu qurudu.
Bunu görən Zərnigar xanım gülə-gülə dedi:
– Aşıq, gələndə gərək ustadını da özünlə gətirəydin» (2, 359-360). Göründüyü kimi, bu epizod aşıq deyişmələrinin hansı məqsədə xidmət etdiyini, hansı funksiya daşıdığını tam aydınlığı ilə göstərir. Dədə Yediyarla Dirili Qurbaninin, Aşıq Qəriblə Güloğlanın, Xəstə Qasımla Ləzgi Əhmədin, Aşıq Yığvalla Aşıq Alının və b. deyişmələri də bu sıradadır. «Deyişmə aşıqların sənətkarlıq bacarığını, istedadını, dünyagörüşünü, biliyini nümayiş etdirmək üçün mühüm vasitələrdən biridir. Deyişmə zamanı aşıqlar müxtəlif şeirlərdən istifadə edirlər. Məsələn, hərbə-zorba, qıfılbənd, təcnis, ustadnamə, dodaqdəyməz təcnis və s.
Aşıq sənətində belə bir qayda tarix boyu məclislərdə davam etmişdir: sənətkarlar xalq qarşısında bir-birilə yarışmış, öz güclərini sınamışlar. Məğlub olanın sazı alınıb, özü bəndə salınmışdır. Bu yarışda ən çox bədahətən şeir deməyi bacaran dərin biliyə malik ustad aşıqlar qələbə qazanmışlar» (5, 273). Aşıq Valehlə Zərnigarın arasında altı deyişmə olmuşdu. Onların hər birisi özünün spesifikası ilə böyük dəyər qazanır. Yəni deyişmənin çalarlarını, mahiyyətini, başlanğıc və bitmə məqamlarını aydın şəkildə ortaya qoymağa şərait yaradır. Altıncı deyişmədən bir nümunəyə diqqət yetirək.
Aşıq Valeh:
O nədi ki, batinində nazirdi,
O nədi ki, vücudunda hazırdı.
O nədi ki, şəbi-zildə zahirdi,
Bundan artıq dolu camın neçədi?
Zərnigar:
O tanrıdı, batinində nazirdi,
O uşaqdı vücudunda hazırdı.
Dərd kitabı şəbi-zildə zahirdi,
Bundan artıq dolu camım ikidi (3, 84).
Burada təkcə şairlik, aşıqlıq məsələni həll etmir, eyni zamanda əsas olan digər məsələ dünya elmlərinə bələdlik, geniş dünyagörüş, ictimai, siyasi mühiti bilmək və s. kimi çoxşaxəlilik var. Məhz bu aşıqlığın ta qədimdən gələn nüfuzunun qorunuşu, cəmiyyətin təsəvvüründəki böyüklüyü yaşatmaq düşüncəsinə xidmət edir. Ona görə də ustaddan yarımçıq dərs alanların aqibəti bir xətt kimi orta əsr aşıq yaradıcılığında aydınlıqla müşahidə olunur. Bu bir növ aşığın, aşıqlığın ədəb-ərkanının, çəkisinin qorunuşu üçün qurulmuş mizan-tərəzi idi. Folklorşünas M.Həkimov yazır: «Deyişmələrin ilkin izləri qarşı tərəflərin adi söhbəti, birinin digəri ilə mübahisəsi, bu və ya digər məsələ ətrafında höcətləşməsi və s. ilə bağlıdır. Xalq arasında «Nə üçün deyişirsiniz?», «Hər şeydən ötrü höcətləşməzlər» kimi ifadələr bu baxımdan maraqlıdır. Hələ qədim zamanlardan bəri xalqımızın keçirdiyi istər məişət və istərsə də mövsüm mərasimlərində oxunan nəğmələr, xüsusilə vəsfi-hallar, eyni zamanda əkinçiliklə əlaqədar hodaxların (kotançı, cütcü, tapançı) xor müşayiəti ilə oxuduqları zəhmət nəğmələri – holavarlar bu cəhətdən səciyyəvidir. İstər mövzusu, istərsə də məzmunu ilə tarixin ən qədim dövrlərilə səsləşən bahar mərasimlərində cavan-ərgən qızların bəxti sınamaq mahnıları vardı» (6, 210-211). Onu da əlavə edək ki, aşıq yaradıcılığında deyişmə digər deyişmə tiplərindən bütövlüyünə, sistemliliyinə görə fərqlənir. Burada dəvətdən («əgər aşıq isən bu meydana gəl»dən) qıfılbənd hissəsinə qədər («səndən xəbər alım, ay Dədə Qasım») bütün olanlarda bir sistem nəzərə çarpır, və aşıq sənətində ənənə kimi əməl edilir. Bunlar aşıq yaradıcılığında sistemli şəkildə araşdırmalar tələb edən məsələdir və indiyə qədər tamlıqla araşdırılma aktuallığında qalır. Məsələnin digər tərəfi onun xalq düşüncəsində qışla baharın, qızla oğlanın, gecə ilə gündüzün deyişməsi tipində nümunələrin olması ilə bağlıdır. Bunlara keçməzdən öncə bir məqama da diqqət yetirək. Bu, təkcə türk xalqları və onun bir qövmü olan Azərbaycan düşüncəsi ilə bağlı deyil. Dünya xalqlarının ədəbiyyatında, onların şifahi düşüncəsində də buna yaxın faktlar görünür. Məsələn, Əli Sultanlı Pleponnesdə, Arkadiyada, Siciliyada olan çoban nəğmələrini aşıq deyişmələri ilə müqayisə edir. Burada da çobanların tarixin dərin qatlarında sənətkar funksiyası müşahidə olunur. Nəticə etibarilə bu ənənə Artemida mərasimlərinin yaranmasına gətirib çıxarmışdır. Onu da əlavə edək ki, yunanlardakı çoban nəğmələri və aşıq sənəti bütün tərəfləri ilə sinkretik sənəti, bədahətən söz deməni zəruri edir.
Ancaq xalq ədəbiyyatında, eləcə də klassik ədəbiyyatda deyişmələrin formatı kimi müxtəlif rəngarəngliklər nəzərə çarpır. Bunlar dedim-dedilərdən ta müəyyən münasibətlərlə yazılmış məktublaşmalara qədər böyük bir rəngarəngliyi sərgiləyir. Ona görə də tədqiqatçılar problemə belə əhatəliliklə yanaşır və onu daha geniş şəkildə şərh etmədə görünürlər. Prof. P.Əfəndiyev, prof. V.Vəliyev, prof. R.Rüstəmzadə, prof. M.Həkimov, prof. S.Paşayev, prof. A.Nəbiyev, prof. Q.Namazov, f.e.n. İ.Ələsgərov və başqaları tədqiqatlarında bu məsələyə münasibət bildirmiş, qənaətlərini bölüşməyə çalışmışlar. Qışla yazın deyişməsi anlamında yaranan nümunələr zaman-zaman insanların düşüncəsini izləmişdir. Burada təbiətin şıltaqlığı, soyuqluğu, çətinliklə onun əks tərəfində duranlar – yaşıllıq, bolluq, bərəkət kimi məsələlər qabardılmış və xalq yaddaşında yaşarlıq qazanmışdır. Məsələn, qədim türk düşüncəsində olan bir nümunədə bu daha aydınlıqla müşahidə olunur.
Kış:
Səndə kopar çadanlar,
Kudu sinqək, yılanlar,
Düğ min kayu tümənlər
Kudruk tikir yüğrüşür.
Yaz:
Səndən qaçar sundılaç,
Məndə tınar karqılaç.
Tatlıq ötər sanduvaç,
Erkək – tişi uçruşur. (8,64)
Xalq dramlarında, uşaq folklorunda da deyişmə tipli nümunələr kifayət qədərdir. Bunlar hamısı deyişmələrin şifahi ədəbiyyatımızda davamlılığını göstərən hadisədir. Dastanlarımızda isə bu, artıq daha zənginliklə müşahidə olunur. Daha doğrusu, qəhrəmanların psixoloji məqamlarını, onların düşüncə zənginliyini, fərdi qabiliyyətlərini, həyat hadisələrinə münasibət çevikliyini və s. üstünlüklərini aydın şəkildə ifadə edir. Burada lirik qəhrəmanın bütün tərəfləri ilə imkanları ortaya qoyulur və deyişmə səhnələrində bu aydınlıqla nəzərə çarpır. Bir istiqamətdə deyişmələr burada həm qəhrəmanın imkanlarının açılışına, qabiliyyətinin görüşünə xidmət edirsə, digər tərəfdən bədiiliyin gücləndirilməsi, təsiredicilik faktına çevrilir. «Kitabi-Dədə Qorqud»da deyişmə tipli nümunələrə də yer verilmişdir. Məsələn, «Qazan xanın evinin yağmalanması boyu»nda Qazan xanla Şöklü Məliyin qarşılaşmasında, «Baybura oğlu Bamsı Beyrək boyu»nda Bamsı Beyrəklə bacısının mükaliməsində bu tip məqamlar var. Onlar özlüyündə dialoq səciyyəli olub hansısa müşkülə aydınlıq gətirmək məqsədinə xidmət edir. Eləcə də digər dastanlarımızda - «Tahir və Zöhrə», «Əsli və Kərəm», «Aşıq Qərib və Şahsənəm», «Qurbani», «Valeh və Zərnigar» və s. bu bir genişliklə nəzərə çarpır.
Yazılı ədəbiyyatımızda klassiklərin yaradıcılığında dedim-dedi tipli nümunələr kifayət qədərdir. Dedim-dedi bədihələrə aiddir. Bədihə həm tək ifaçı tərəfindən ifa olunur, həm də iki sənətkarın üzbəüz deyişməsindən ibarət olur. Biri deyir, digəri ona cavab verir. Q.Təbrizinin, M.Gəncəvinin, N.Gəncəvinin, Z.Şirvaninin, Q.Bürhanəddinin, M.Füzulinin, M.V.Vidadinin, M.P.Vaqifin, Sarı Çobanoğlunun, Ağqızoğlu Pirinin və onlarla başqalarının yaradıcılığında deyişmə tipli nümunələrə rast gəlirik. Lakin onu da qeyd edək ki, bunların bir hissəsi dedim-dedi səciyyəsi daşıyırsa, digər bir hissəsində məktublaşma xarakteri var. Məsələn, N.Gəncəvinin «Xosrov və Şirin» əsərində Xosrovla Fərhadın qarşılaşması səhnəsi bunun klassik nümunəsidir. Və yaxud Qazi Bürhanəddindən dedim-dedi timsalında bir nümunəyə diqqət yetirək.
Dedüm ki, ləbin, dedi nə şirin söylər,
Dedüm ki, belün, dedi nə narın söylər,
Dedüm ki, canum cümlə fədadır saçuna,
Dedü ki, bu miskin hələ varın söylər.
S.Vurğunda «Dedim, ay qız, nədir adın?» həmin ənənənin davamıdır. Bütünlükdə dedim-dedilər bir forma kimi özündə deyişmə ünsürlərini qoruyur. XVIII yüzillikdə isə bunun, daha doğrusu, deyişmələrin M.P.Vaqif və M.V.Vidadi şəxsində yazılı ədəbiyyat timsalında zənginləşməsini, yeni mahiyyət kəsb etməsini, bir sıra spesifik çalarlarla yaşanmasını görürük. Buraya Ağqızoğlu Pirini, Sarı Çobanoğlunu, Abdulla Canıoğlunu, Kərbəlayi Səfi Valeh Təxəllüsü, Aşıq Qənbəri, Qasım bəy Zakiri, Cəfərqulu xan Nəvanı, Məhəmməd bəy Aşiqi, Aşıq Pərini və başqalarını da əlavə etmək olar. Demək olar ki, məktublaşma xarakterli bu nümunələr həmin dövrdə ədəbiyyatın zənginləşməsinə, yeni mahiyyət kəsb etməsinə yardımçı olurdu. XVIII-XIX əsrlərdəki bu deyişmələr, məktublaşma xarakterli nümunələr yazılı ədəbiyyatımıza yeni bir ruh, canlanma gətirir. Bir növ ədəbiyyatımızın sözün həqiqi mənasında qaynarlığına gətirib çıxarır. Mühitə istiqamət verir. Həmin dövrdə yaranan deyişmə tipli nümunələr indi ədəbiyyatımızın klassik nümunəsi kimi əhəmiyyət daşıyır.
ƏDƏBİYYAT:
1.Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, Maarif, 1981, 280 səh.
2. Azərbaycan məhəbbət dastanları. Bakı, Elm, 1979, 502 səh.
3. Aşıq Valeh. Alçaqlı, ucalı dağlar. Bakı, Gənclik, 1970, 93 səh.
4. Cəfərzadə Əzizə. Bədahətən nə deməkdir? «Bizim əsr» qəz., 22 noyabr, 2002.
5. Əfəndiyev Paşa. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, ADPU, 2008, 535 səh.
6. Həkimov Mürsəl. Azərbaycan aşıq şeir şəkilləri və qaynaqları. Bakı, Maarif, 1999, 376 səh.
7. Sayılov Qalib. Azərbaycan xalq şeirində bədihə. «Folklorşünaslıq məsələləri» jur., (IX buraxılış), BDU, 2011, №1, 179 səh.
8. Türk xalqları ədəbiyyatı. I cild, Bakı, Çaşıoğlu, 2006, 320 səh.
AŞIQ DEYİŞMƏLƏRİ, BƏDİHƏLƏR VƏ MƏKTUBLAŞMALAR
XÜLASƏ
Deyişmələr aşıq yaradıcılığında mühüm bir hissədir. Bunların xalq ədəbiyyatında bədihə, dedim-dedi kimi səciyyələnən formaları da var. Yazılı ədəbiyyatda deyişmə və məktublaşma xarakterli nümunələr də kifayət qədərdir. Bunlar hamısı bütünlükdə bədii düşüncənin faktı kimi böyük dəyər qazanır.
SUMMARY
BEDIHE (THE ORAL POEM FORM) IN AZERBAIJAN FOLK POEMS
Bedihe (the oral poem form) is one of the genres of Azerbaijan folk poem which hasn’t studied in details. From the middle of the 20th century the bedihe genre has been called meykhana incorrectly. Meykhana is a form of place, but bedihe is a form of poem. In the article the investigation about bedihe genre is carried out, its ancient roots, the spread areal is determined. Bedihe is in Arabic: the word or a poem telling suddenly, not thinking, not preparing beforehand. In Azerbaijan oral and written tradition the competition between poets is welded from the ancient Turk poem form.
Key words: bedihe, ashug, folk, competition, Moslem, wine, Turk, dynasty
Sədnik Paşa PİRSULTANLI
Filologiya elmləri doktoru,
Gəncə Dövlət Universitetinin professoru.
YƏHYA BƏY DİLQƏMİN NƏSİL-SOY ŞƏCƏRƏSİ VƏ CAZİBƏDAR POEZİYASI
Mən yarım əsrdən artıq olar ki, Yəhya bəy Dilqəmin həyatını, poetik irsini öyrənməklə məşğulam. Ona görə ki, Dilqəmin poeziyasının cazibəsi məni özünə məftun etmişdir. Mənə görə, Yəhya bəy Dilqəmin şeirləri Azərbaycan aşıq şeiri çəmənzarında nadir seçilən çiçəklər kimi sanki insana göz vurur, onu özünə tərəf çəkir. İstər orta məktəbdə, istərsə də ali məktəbdə daha çox əzbərimdə yaşayan Yəhya bəy Dilqəmin həzin, melodik qoşmaları olmuşdur:
Belin nazik, qəddin uca, üzün gül,
Məlahəti sən cananda görmüşəm.
Gülüstani-Rəmdə nə Şahpəridə,
Nə mələkdə, nə insanda görmüşəm.
və ya:
Az bilirsən camalının qədrini,
Görsə hilal eylər ayın bədrini,
Necə deyim, o zülfünün ətrini,
Nə bənövşə, nə reyhanda görmüşəm.
Yəhya bəy Dilqəmin həyatını və ədəbi irsini dərindən öyrənmək üçün onun doğulduğu Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndinə getdim. Orada kəndin ən qocaman ağsaqqalı Məşədi Rüstəmlə görüşdüm. Söhbət zamanı aydın oldu ki, Dilqəmin atasının adı Böyükağa imiş. İndi də onların nəvə-nəticəsi Böyükağa nəsli adını daşıyır. Böyükağanın iki oğlu (Yəhya bəy və Əhmədağa), bir qızı (Hüsniyyə) var imiş. Əhmədağanın isə Cəfər adlı bir oğlu olub. Cəfər bəyin 60 yaşlı oğlu Hacı Rəhim, 85 yaşlı qızı Fatmaxanım bu yaxınlara qədər sağ idilər. 1
Əldə etdiyim dəyərli faktlar əsasında “Şair Dilqəm” adlı geniş bir məqalə yazdım. Məqaləni Şəmkir rayonunda çıxan “Ulduz” qəzetində çap etdirdim.2
Az keçməmiş Yəhya bəy Dilqəm haqqında bir məqalə ilə çıxış etdim3. Bu yazı məni təmin etmədi. Mən bununla kifayətlənməyib Dilqəm haqqında axtarışlarımı davam etdirdim, “Yəhya bəy Dilqəmə el-oba məhəbbəti” adlı 105 səhifəlik monoqrafik bir elmi əsər yazdım4. Kitab 600 nüsxə çap olundu və oxucuların hüsn-rəğbətini qazandı.
Sonra ali məktəb üçün yazdığım “XIX əsr Azərbaycan aşıq yaradıcılığı” adlı dərs vəsaitinə “Yəhya bəy Dilqəm” elmi oçerkimi daxil etdim.5
Yəhya bəy Dilqəmin nəsli əvvəl Qaranüy adlanan yerdə məskunlaşmışdı. Bu yer Kürə çox yaxındır. Həmin yerdə olan bir bulaq Dilqəmin adı ilə bu gün də yaşayır. Qaranüy kəndinin sakinləri köçüb həmin yerdən xeyli yuxarıda yerləşən indiki Dəllər-Cırdaxan kəndində məskunlaşmışlar. Mən müxtəlif vaxtlarda qəribə rəvayətlərə və tarixi faktlara rast gəldim. Yəhya bəyin bir zamanlar Moskvada təhsil alması malakan-dixaborun 1831-1834-cü illər arasında Gədəbəyin Düzyurduna köçüb gəlmələri və Dilqəmə məxsus torpaq sahələrinin əldən çıxması haqqında “Dağlar” şeirini yazması deyilənlərə əyani sübutdur.
Dilqəm ah-nalə çəkərək malakan-dixaborun gəlməsi ilə əlaqədar dağlardan uzaq düşməsi, dağların ona yad olması haqqında misralarını səsləndirir. “Bir yanda Yaylaqdır, Keçili, Dəllər” deyə fəryad edir və yenə də dağların füsunkar, cazibədar təbiətindən doymur, bir rəssam kimi seçmə sözlərin qüdrəti ilə rəngarəng lövhələr yaradır:
Ziynəti nərgizdən, tər bənövşədən,
Al-yaşıl geyinib şad olan dağlar.
Ruhu təzələyir gülab suları,
Dəhanda ləzzəti dad olan dağlar.
Nədənsə özündə maddeyi-tarixi yaşadan “Dağlar” şeirinin möhürbəndini əksər çaplarda dəyişmişlər. Xalq tarixi hadisə ilə bağlı olan “Dağlar” şeirini öz sinəsində olduğu kimi yaşatmışdır. Həmin şeirin möhürbəndinin əsli budur:
Yeridi dixabor, gəldi malakan,
Əlində fərmanı, fəxfuru-xaqan,
Heyf soldu gülün, Dilqəm ağlar qan,
Aqibət əməli bəd olan dağlar.6
Bir daha qeyd etmək yerinə düşər ki, malakanın, dixaborun gəlməsi ilə əlaqədar Dilqəmin adını çəkdiyi ona məxsus yerlər dağlar, yaylaqlar birdəfəlik onun əlindən çıxır.
Yəhya bəy Dilqəm Dəllər-Cırdaxandan Tovuzun Çeşməli kəndinə gedir və onun Güvəndək tirəsindən (coğasından) olan Güvəndikli şair Əhmədlə dost olur, bu gəliş-gediş zamanı Güvəndikdə Ocaqlı nəslindən olan Nəsib bəyin qızı Dostu xanıma (Dilqəm onu şeirlərində Telli xanım adlandırır) vurulur. Çox maraqlıdır ki, Nəsib bəyin mənsub olduğu Ocaqlı nəslinin bir qanadı hazırda Şəmkirin mərkəzində yaşayır. Tanınmış el ağsaqqalı, ət idarəsinin sabiq müdiri Əli kişinin də nəsli Ocaqlı nəslinə mənsubdur. Bu faktın özü də tədqiqata möhtacdır.
Yəhya bəy Dilqəmin nəsil-soyuna bağlı şairlər, aşıqlar kimlərdir? Onun yaradıcılığı hansı qaynaqlardan su içir? Axı, əsası, kökü olmadan Yəhya bəy Dilqəmin insanları heyrətdə qoyan bu cür şeir nümunələri birdən-birə yarana bilməzdi. Yəhya bəy Dilqəmin özü, əvəzsiz şeir inciləri, həyat macəraları haqqında müxtəlif əfsanə və rəvayətlər mövcuddur. Doğrudur, əfsanə tarix deyil, lakin tarixsiz də deyil. Onda həqiqətin özü, izi və hər hansı bir əlaməti yaşayır.
Məhz bu səbəbdən əfsanə və rəvayətlər müəyyən dərəcədə əlimizdən tutsa da, həmişə tədqiqatlar tarixi məxəzlərə, mənbələrə söykənir. Bu səbəbdən Y.B.Dilqəmin həyatını və yaradıcılıq qaynaqlarını dürüst şəkildə tarixi mənbələr, yəni yazılı mənbələr əsasında öyrənməyə çalışmışam.
Nəhayət ki, mən sevindirici hal kimi yazılı bir mənbəyə nail ola bildim. Bu çətin ayaqda da ədəbiyyatşünas, salnaməçi Salman Mümtaz əlimizdən tutdu. Bir yazısı ilə o Yəhya bəy Dilqəmin nəsil-soy-şəcərəsini, eyni zamanda şairlik şəcərəsini tam aydınlaşdırmışdır. Salman Mümtaz yazır: “Vidadinin Vaqif ilə qohum, həm də quda olduğunu qeyd etmişdim. İndi onu da mövcud vəsiqələrlə təsbit edəlim. Mərhum Abbas ağa Nazir vaxtilə mənə demişdi ki, Vaqifin iki qızı var imiş, böyüyünün adı Pəri-Soltan, kiçiyinin adı isə Mələk-Cahan, Vidadinin böyük oğlu Məmmədağa Pəri-Soltan, Ömər isə Mələk Cahan ilə evlənmişdi”.8
S.Mümtaz fikrini davam etdirərək bizim arzu etdiyimiz həqiqi mətləb üzərinə gəlir. S.Mümtaz yazır: “Pəri-Soltandan Yəhya bəy dünyaya gəlmişdir ki, şairdir. Bu məlumat Qazağın ağsaqqal kişilərindən olan Əliağa Şıxlinski tərəfindən də təsdiq olunmaqdadır”.9
Salman Mümtaz öz axtarışlarını dayandırmamış, öz fikirlərini əsaslandırmaq üçün daha tutarlı mənbələrə söykənməyə çalışmışdır. Salman Mümtaz yazır: “Hicri 1257-ci ildə (miladi 1840-cı ildə) təqribən yüz il əvvəl Kazım Ağa Salik bu nöqtəni Yəhya bəyin qəbir daşına yazmış olduğu maddeyi-tarixi ilə aydınlaşdırmışdır. Bu məzarın sahibi Yəhya bəy rövşən zəmir, şairi-konülsüxən, hüsnü kəlami binəzir ol Vidadi xəstənin fərzəndinin fərzəndidir”.
Bu məlumatlardan sonra S.Mümtaz: “Nov axirət Yəhya bəyin vəfat tarixidir. Əbcəd hesabı ilə hesab edildikdə 1257-ilə düşür ki, bu da miladi tarixi ilə 1840-cı il olduğu anlaşılır. Həmçinin Salikə görə, Vidadi Nazirin ana babasıdır. Nazir bu xüsusda yazır:
Ana cəddim mənim Vidadidir,
Nəzm və şeirin o ustadıdır.
Firudin bəy Köçərli öz yazılarında Salikin Vaqifin qohumu olduğunu dönə-dönə qeyd edir və Salikin şeirlərindən nümunələr verir.
Vidadinin qəbrinin Qazağın Şıxlı kəndində, Gəmiqayası adlı qəbristanlıqda bu gün də mövcud olduğu qeyd olunur.
Məlum olduğu kimi, Vaqif Şuşada, Qarabağ xanlığında yaşamışdır. Lakin Vidadinin nə üçün Qarabağ xanlığına getmədiyi bir müəmma olaraq qalır. Ancaq Vidadinin adı Gülüstan xanlığı ilə əlaqələndirilir. Bu fakt da bu günə kimi aydınlaşdırılmamışdır. Yurdumuzda – Murov dağının vadisində, İncə çayının sahilində Gülüstan qalası bu gün də mövcuddur. İkinci Gülüstan qalası isə Şirvandadır. Müəyyən işarələrdən aydın olur ki, Vidadi Şəki xanı şair Hüseynqulu xanla möhkəm dost olmuş, hətta onun ölümü münasibətilə çoxbəndli “Müsibətnamə”sini yazmışdır.
Belə anlaşılır ki, Hüseynqulu xanla, Şirvandakı Gülüstan xanədanlığı ilə (hərçənd bunu Gülüstan xanlığı adlandırırlar) Vidadinin möhkəm əlaqəsi olmuşdur. Bu faktın özü də tarixi sənədlər əsasında araşdırılmalıdır.
Bizcə, bu əlaqələrin araşdırılmasında Salikin şeirləri və F.B.Köçərlinin yazıları bizə işıq tuta biləcəkdir.
Nəticədə onu da deyə bilərik ki, Qazaxda saz mühitində yetişən Vaqif Qarabağda yazılı ədəbiyyata, qəzəlxanlığa qovuşduqdan sonra hər iki mühitdən təsir alaraq, yazılı ədəbiyyatla aşıq yaradıcılığını bir xətdə birləşdirmişdir. O, aşıq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında körpü yaratmış, müasirlərinin və ondan sonra sənət meydanına gələn sənətkarların bənzərsiz, bitkin və yetkin əsərlər yaratmasına geniş meydan vermişdir. Vaqif Qarabağda saz-söz yaradıcılarını – aşıqları xanəndələrlə bir yerdə eyni məhəbbətlə bağrına basmışdır.
Yəhya bəy Dilqəmin nəsil-soy-şəcərəsini, şairlik şəcərəsini uzun müddət axtarmağımıza səbəb onun ürəklərə yol tapan misraları, gözəl ifadələrlə zinətlənmiş şeirləridir. İnsan dağ çeşmələrinin gözündən içir, susuzluğu keçir və ondan feyziyab olur. Lakin Yəhya bəy Dilqəm çeşməsinin gözündən dönə-dönə içsən də doymursan. Dilqəm poeziyasının təşnəsi qəlbini alovlandırır, Dilqəmin şeirlərini süsləndirən çəmənzarı, buz bulaqlı dağları bir də gəzmək istəyirsən. Dilqəmin şeir gülzarından axan bulaqların gözündən bir də içmək istəyirsən. Dilqəm poeziyasının cazibə qüvvəsinin heyrəti, bax, bundadır. İnsan onun əlçatmaz, ecazkar poeziyasından doymadığı kimi, “Dilqəm və Telli xanım” dastanından da doymur, belə müqəddəs axtarışdan da doymur. İnanıram ki, bu axtarış nəhayət monumental bir elmi monoqrafiyanın dünyaya gəlməsinə səbəb olacaqdır.
Folklorşünas Əhliman Axundov “Yəhya bəy Dilqəm və Dostu xanım” dastanını 1983-cü ildə “Yazıçı” nəşriyyatında işıq üzü görən kitabında nəşr etdirmişdir.
Folklorçu Hümmət Əlizadəyə və folklorşünas Əhliman Axundova görə, Dilqəm və Dostu xanım Ocaqlı nəslindəndir, həm də əmioğlu-əmiqızıdırlar. Hər ikisi qeyd edirlər ki, Dostu xanımı əmisi oğlu Bağır bəy də sevir.
Ə.Axundov variantında Dilqəmlə Dostu xanımın bir-birindən ayrılmasına Bağır bəyin bir qarını ələ alması, “nəhs gündə kəsilmiş kəbinin geri oxunması” səbəb olmuşdur. Dastanda yersiz görünən Dilqəmlə Telli xanımın oğulluğa götürdükləri Məhəmmədin Dostu xanıma elçi getməsi olduqca məntiqsiz, dastana uyuşmayan bir haldır. Necə ola bilərdi ki, oğulluğa götürdükləri Məhəmməd – həddi-buluğa çatmış (və yenidən Dostu xanıma bənd olan adamlar meydana çıxır) övladları olduğu halda yenidən övlad sevdasına düşürlər. Dastanda Morul mahalındakı Divanbəyinin də elçi sifətində göstərilməsi ağlabatan deyildir.
“Dilqəm və Telli xanım” dastanının topladığımız yeni variantını kitablarda hissə-hissə çap etmişik. Bizim topladığımız dastan gerçək və tarixi hadisələrə əsaslanır.
Dostları ilə paylaş: |