PAŞA KƏRİMOV
“AZƏRBAYСAN ƏLYAZMA KİTABI TARİXİ”
fənnindən xüsusi kurs
p r o q r a m ı
BİR NEÇƏ SÖZ
Azərbaycan əlyazma kitabı üzrə xüsusi kurs proqramının tərtib edilməsi bu sahədə ilk təcrübədir. Müstəqilliyini bərpa etmiş respublikamızda tarixi keçmişimizə daha dərindən yiyələnmək, mədəniyyət abidələrimizi, maddi və mənəvi sərvətlərimizi hərtərəfli öyrənmək meyli Azərbaycan əlyazma kitabının tarixi üzrə xüsusi kurslar yaradılması zərurətini irəli sürür. Fikrimizcə, ali məktəblərimizin şərqşünaslıq, filologiya, tarix, kitabxanaçılıq və s. humanitar fakültələrində mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan əlyazma kitabı tarixini tədris proqramına salmaq vaxtı çatmışdır.
GİRİŞ
Azərbaycan əlyazma kitabı tarixinin dəqiq məlum olmaması, onun hələlik «Avesta»nın yarandığı tarixdən hesablanması. Saysız-hesabsız abidələrinin bu günə gəlib çatmaması, bunun obyektiv və subyektiv səbəbləri.
Tərkib hissələri e.ə. II minilliyin sonu-I minilliyin birinci yarısında meydana çıxmış, zərdüştiliyin əsas dini kitabı olan «Avesta». E.ə. VI əsrdə bu abidənin 12 min inək dərisi üzərində yazılması. Makedoniyalı İsgəndərin işğalçı yürüşü zamanı abidənin oricinalının məhv edilməsi. Eramızın IV əsrində baş zərdüşt kahini Mahraspandın oğlu Azərbadın (Atropatın) «Avesta»nı yenidən tərtib etməsi və özünün yaratdığı xüsusi əlifbada yazıya alması.
V əsrin əvvəlirində Albaniyada 52 hərfdən ibarət alban əlifbasının yaradılması. VII əsrdən etibarən Azərbaycan tarixinə aid əsərlərin meydana çıxması. Bərdə yaxınlığındakı Kalankatuyk kəndindən olan Kalankatuyklu Moiseyin «Ağvan tarixi» əsərində həmin dövrün mədəni həyatı haqqında məlumat verilməsi. Bir sıra dini kitabların, Homerin «İliada», Vergilinin «Eneida» əsərlərinin alban dilinə tərcümə edilməsi. Alban yazılı abidələrinin təhriflərlə erməni dilinə tərcümə edilərək erməni abidələri kimi təqdim edilməsi.
VIII əsrin birinci yarısından Azərbaycanda ictimai-siyasi münasibətlərin dəyişilməyə başlaması, İslam mədəniyyətinin yayılmasından sonra zərdüştilik və b. dinlərin təsirinin zəifləməsi.
IX-X əsrlərdə Azərbaycanda «Avesta», «Quran», «Tovrat» və «İncil» kimi dini kitabların yayılması, bunların azərbaycanlılar tərəfindən köçürülməsi. «Quran»ın birinci yerdə, «İncil»in ikinci yerdə durması, «Avesta» və «Tövrat»ın yayılma dairəsinin get-gedə məhdudlaşması. X əsrdən XX əsrin əvvəllərinədək «Quran» və onun təfsirlərinin Azərbaycanda ən geniş yayılmış kitablar olması. XX əsrin əvvəllərinə qədər Azərbaycanda yazılı abidələrin əsasən ərəb əlifbası ilə yazılması.
ƏRƏB QRAFİKALI AZƏRBAYCAN ƏLYAZMA KİTABININ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Azərbaycan əlyazma kitabının xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən nadir incilər olması. Dünyanın bütün böyük Şərq mədəniyyəti muzeylərində, kitabxanalarında, kolleksiyalarında Azərbaycan əlyazmalarının saxlanılması. Azərbaycanlıların tarix boyu müxtəlif dillərdə müxtəlif əlifbalardan istifadə etməklə zəngin bir yazı mədəniyyəti yaratması. E.ə. I minillikdən bu yana Mannada, Midiyada, Adurbadaqanda yazılmış yazıların müəllifinin azərbaycanlılar olması.
Azərbaycanda orta əsrlərdən XX əsrin əvvəllərinə qədər əsasən üç dildə – türk, ərəb və fars dillərində ərəb qrafikası ilə yaradılan əlyazmalar. Cənubi Azərbaycanda bu gün də ərəb əlifbasından istifadə edilməsi. Azərbaycan türklərinin dünya mədəniyyətinə «Kitabi-Dədə Qorqud» kimi möhtəşəm bir abidəni bəxş etməsi. Hələ islamın ilk əsrlərində Azərbaycan türkləri içərisindən Xətib Təbrizi, Musa Şəhəvat, Şihabəddin Sührəverdi, Əbu Əli Marağayi, Əbu Həfs Gəncəvi, Məkki ibn Əhməd ibn Hüseyn Bərdəi, Əbu Abdulla Marağayi, Əbül-Hüseyn Ərdəbili, Əbu Səd Urməvi, Əbu Abdullah Məhəmməd Bakuvi, Musa Səlmasi kimi yüzlərlə alim və şairlərin çıxması. Azərbaycanda yaranan ərəbdilli şerin tarixi X əsrdən başlana da, buna qədər hələ VII əsrdə Azərbaycan şairlərinin xilafətin ən böyük mərkəzlərində külli miqdarda elm və mədəniyyət nümunələri yaratması. Sonrakı dövrlərdə Bəhmənyar, Əbul-Qənaim Urməvi, Əbu Həfs Zəncani, Əbdül-Məlik Beyləqani, Hüseyn Təbrizi, Mənsur ibn Mümkan Təbrizi, Eynəl-Qüzzat, Abdullah Mərəndi, İsmayıl Gəncəvi, Əbu Nəsr Əhməd Tusi kimi alim və ədiblərin öz yaradıcılıqları ilə Şərq mədəniyyətinə təsir göstərməsi.
Azərbaycanlıların İslam dünyasının ən böyük elm ocaqlarında təhsil alması, müdərrislik etməsi, zəngin kitabxanalar yaratması. Hələ VII-XII əsrlərdə Azərbaycanın ərazisində – Beyləqanda, Gəncədə, Şamaxıda, Şəmkirdə, Bakıda, Ərdəbildə, Şəkidə, Şabranda, Səlmasda, Mərənddə, Naxçıvanda, Təbrizdə, Şizdə, Sisərdə, Əhərdə və b. yerlərdə elm və maarifin kifayət qədər inkişaf etməsi, təhsil ocaqlarının, kitabxanaların fəaliyyət göstərməsi.
Bir sıra əsərləri ilə bütün Yaxın və Orta Şərqdə tanınan görkəmli Azərbaycan astronomu və riyaziyyatçısı Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922). Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri. Həmin dövrdə yaşamış Əhməd ibn Harun Bərdicinin (?-914) «İsnadlardakı görkəmli adlar», Əhməd ibn Süleyman Təbrizinin (?-929) «İstixarə və məşvərət kitabı», Məhəmməd ibn Əli Marağinin «Nəhvə aid yığcam kitab», «Sibaveyhin “Sübütlar”ının açılması və yozulması» əsərlərinin elmi dairələrdə yüksək nüfüz qazanması.
XI əsrdə oğuzların Yaxın və Orta Şərqdə hakim mövqe tutması, Azərbaycan şəhərlərinin Böyük Səlcuq imperiyasında xüsusi əhəmiyyətə malik olması. Aranın mərkəzi Bərdənin yenidən çiçəklənməyə başlaması. Həmədan, Qəzvin, Təbriz, Marağa, Naxçivan və Gəncənin imperiyada əsas dayaq şəhərlərinə çevrilməsi, Şamaxı, Dərbənd, Ərdəbil, Zəncan və başqa şəhərlərdə ticarət, sənətkarlıq üçün yeni şərait yaranması. Xətib Təbrizi, Qətran Təbrizi, Əbülhəsən Maraği, Əhməd Tantarani Maraği, Əbdüləziz ibn Həsən Bərdəi, Əbdülkərim Şirvani, Osman Dərbəndi, Ömər Zəncani, Əbülfəzl Uşnuhi və b. Azərbaycan alim və şairlərinin bütün Yaxın Şərqdə nüfüz qazanması, Xətib Təbrizi, Əhməd Maraği, Məhəmməd Səlmasi və Mahmud Zəncaninin Səlcuq imperiyasının əsas elm mərkəzi olan Bağdadın «Nizamiyyə» mədrəsəsində yüksək elmi mövqe tutması, Bəhmənyarın Fərabi və İbn Sinanın fəlsəfi görüşlərini davam və inkişaf etdirən əsərləri.
XI əsrdə Azərbaycan alim və şairlərinin yazdığı əsərlərin sonrakı əsrlərdə köçürülmüş nüçxələrinin bu günə qədər gəlib çatması, məşhur əlyazma xəzinələrində saxlanılması. Bu əsrdə Azərbaycan kitabının öz məzmun və mündəricəsinə görə şaxələnməsi, divan ədəbiyyatının, tibb, fəlsəfə, musiqi, hüquq, astronomiya, riyaziyyat, məntiq, ilahiyyat kitablarının yaranması.
İlk məlum Azərbaycan əlyazma kitabları: Əsədi Tusinin “Gərşaspnamə” poeması (1066); Xətib Təbrizinin “Əl-Müfəzzəliyyat” antologiyasına şərhi (1093).
XII əsrdə Azərbaycanda qüdrətli Atabəylər dövlətinin yaranmasının Azərbaycan intibahının tam yetkinləşməsi üçün əlverişli şərait yaratması.
Əsasən Təbriz, Naxçıvan və Gəncədə yaşamış Qətran Təbrizinin lirik şerlərdən, təmtəraqlı qəsidələrdən ibarət divanın və fars dili lüğətinin müəllifi olması.
Görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin (1126-1199) «Töhfətül-İraqeyn» əsərində uşaqlıq illəri və əmisi Kafiyəddin Ömər ibn Osmanın ona necə tərbiyə verdiyi barədə yazarkən gəncliyində istifadə etdiyi zəngin kitabxanadan bəhs etməsi.
Nizami Gəncəvinin (1141-1209) Azərbaycan mədəniyyət tarixində böyük bir səhifə olan «Xəmsə»sində böyük şairin kitab haqqında fikirlərinin, istifadə etdiyi kitab və kitabxanalar barədə məlumatların əksini tapması. Nizami «Xəmsə»sindən öyrəndiyimzə görə, həmin dövrdə Azərbaycanda ərəb, fars, yunan və başqa dillərdə çoxlu əlyazma kitablarının mövcud olması. Firdovsinin «Şahnamə», Gürganinin «Vis və Ramin», Hind folklorundan «Kəlilə və Dimnə» və s. əsərlərin o zaman ən çox yayılmış kitablardan olması. XI əsrdə Gəncədə fəaliyyət göstərən zəngin saray kitabxanası. Nizaminin «İsgəndərnamə» poemasında XII əsr Azərbaycanında, Gəncə ədəbi və elmi mühitində külli miqdarda əlyazma kitabının, tarixə dair əsərlərin, ərəb və fars xronikalarının, yəhudi, xristian və pəhləvi mənbələrinin olduğunun göstərilməsi.
XIII əsrdə Yaxın Şərqdə hakim olan Hülakilər-Elxanilərin Azərbaycanı öz imperiyalarına mərkəz götürməsi. Həmin dövrün ensiklopedik biliyə malik dahi alimi və dövlət xadimi Xacə Nəsirəddin Tusinin (1201-1274) təsis etdiyi Marağa rəsədxanasının kitabxanasında 400 min əlyazma kitabının olması.
Nizami və Nəsirəddin Tusinin əsərlərinin, Əfzələddin Əbhərinin «İsaqoci» adlı məntiq əsərinin XIII-XVIII əsrlərdə Azərbaycan, Türkiyə, İran, İraq, Orta Asiya və Hindistanda Qurandan sonra ən geniş yayılmış kitab olması.
XII-XIII əsrlərdə Azərbaycan kitabının məzmun və formasına görə çoxçalarlılığı, onun aşağıdakı növlərə bölünməsi:
1. Ədəbi-bədii kitablar (divan, poema, mənzum roman və s.).
2. İri həcmli, bir neçə cildli və çoxcildli elmi (məntiq, fəlsəfə, təbiiyyat, fiqh, hədis, tarix, musiqi, astronomiya, tibb və b. elmlərə aid) kitablar.
3. Müxtəlif məzmunlu risalələr.
4. İlahiyyata aid kitablar.
5. Dərsliklər.
XIII əsrdə elmi əsərlər daha çox yayıldığı halda, XIV əsrdə elmi əsərlərlə yanaşı, ədəbi-bədii əsərlərin yenidən çoxalmağa başlaması. XIV əsrin əvvəllərində Təbrizdə yaradılan “Darüş-şəfa” (“Şəfa evi”) adlı elm şəhərciyi, buradakı tədris ocaqları, müalicə evləri, elmi idarələr, rəsədxana nəzdində fəaliyyət göstərən zəngin kitabxana. Səfiəddin Əbdülmömin Urməvinin dünyada məşhur olan “Kitabi-ədvar”, Məhəmməd Naxçivaninin “Dəsturül-katib fi təyinil-məratib”, Əli ibn Əhməd Təbrizinin “Kitabi-tibbil-cəmail”, Mahmud ibn İlyasın “Tibbnamə” əsərlərinin, Rəşidəddinin başçılığı ilə Təbriz alimlərinin birgə yaratdığı “Cameüt-təvarix” adlı iri həcmi tarix əsərinin meydana çıxması. Poeziya xüsusi bir inkişaf mərhələsinə çatdığından Mahmud Şəbüstərinin (1287-1320) “Gülşəni-raz” və “Səadətnamə” kimi fəlsəfi məzmunlu əsərlərini nəzmlə yazması. Yusif Məddahın “Vərqa və Gülşah”, Əlinin, Mustafa Zəririn, Suli Fəqihin “Yusif və Züleyxa” mövzusunda yazdıqları poemalarının bu əsrdə yaranmış anadilli poeziyamızın ən gözəl nümunələri olması. Bununla yanaşı, fars dilində yazılan poetik əsərlər – Arif Ərdəbilinin “Fərhadnamə”, Əsrar Təbrizinin “Mehr və Müştəri” poemaları. XIV əsrdə əlyazma kitabının geniş yayılmasının bilavasitə Qazı Bürhanəddin və Seyyid İmadəddin Nəsiminin adları ilə bağlı olması.
XVI əsrdə Azərbaycan milli mədəniyyətinin zirvəyə çatması. Əsrin başlanğıcında görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin (1487-1524) Azərbaycan torpaqlarını birləşdirib vahid bir dövlət yaratması. Ölkədə bir neçə əsr ərzində təşəkkül tapmış məhsuldar qüvvələrin, elm və mədəniyyətin, iqtisadi, ictimai münasibətlərin mərkəzləşməsində rol oynayan və onların fəal ifadəçisinə çevrilən Səfəvilər imperiyası.
Azərbaycanda bədii tərtibatlı əlyazma kitabının, miniatür sənətinin yüksək inkişaf mərhələsinə çatması. Şah İsmayıl Xətainin Azərbaycan türkcəsini dövlət dili etməsinin, özünün və oğlu Şah Təhmasibin (hakimiyyəti illəri: 1524-1576) xəttatlıqla məşğul olmasının sənətkar və şairlərin yaradıcılığına çox böyük təsir göstərməsi, xəttatlığı, miniatür sənətini, anadilli poeziyanı və aşıq ədəbiyyatını çiçəkləndirməsi. Bu dövrdə yüzlərlə xəttat, miniatürçü, nəqqaş, müzəhhib və b. kitab ustalarının yetişməsi. Sultan Məhəmməd Təbrizinin dünya miniatür sənətinin nəhəng simalarından biri olması. Yüzlərlə şairin yetişməsi. Məhəmməd Füzulinin dünya ədəbiyyatı korifeyləri sırasına yüksəlməsi. Füzuli məktəbi.
Təbrizdə əvvəlki ənənələrin, xüsusilə də Herat məktəbi ənənələrinin inkişaf etdirilməsi nəticəsində yeni miniatür üslubunun yaranması. Təbriz miniatür məktəbinin İran (İsfahan məktəbi), Türkiyə, Orta Asiya, Moğol Hindistanı incəsənətinə təsir göstərməsi.
XVII-XVIII əsrlərdə Azərbaycanda şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın bir-birinə daha sıx çulğaşması. Qövsi Təbrizi, Xəstə Qasım, Saib Təbrizi, Vidadi, Vaqif kimi sənətkarların yaradıcılığında bunun özünü açıq göstərməsi. «Köroğlu», «Şəhriyar» və b. dastanların təşəkkül tapması.
Azərbaycan kitab sənətində ilk tənəzzül yaranılması. XVIII əsrin ilk çağlarından Səfəvilər dövlətinin süqutunun, ölkənin müxtəlif xanlıqlara parçalanmasının, ara müharibələrinin ardı-arasının kəsilməməsinin, ölkənin əyalətlərində dərəbəylik yaranmasının bütün iqtisadi-mədəni sahələrə öz təsirini göstərdiyi kimi, kitab mədəniyyəti sahəsinə də ağır zərbə vurması. Bədii kitab tərtibinin sönükləşməsi, yüksək sənət əsərlərinin nadirləşməsi, yalnız bir neçə iri xanlığın mərkəzində bəzi maraqlı əlyazma kitablarının yaranması.
XIX əsrdə Azərbaycanda daşbasma kitablarının meydana gəlməsi, bu sahədə texnikanın çox zəif tətbiqi, kitab çapının mövcud ehtiyacları ödəyə bilməməsinin əlyazma kitabı ənənələrinin hələ də yaşamasını zəruri etməsi. Mədrəsələrdə dərsliklərin, Azərbaycan türkcəsi, ərəb və fars dillərində bir çox kitabların, təzkirə, toplu, məcmuələrin əlyazma kitabları şəklində köçürülüb çoxaldılması.
Orta əsr Azərbaycan kitabının müəllifləri-şairlər, alimlər, din xadimləri (üləmalar, müctəhidlər, mollalar, şeyxlər), münəccimlər, saray tarixnəvisləri və b. Kitabların məzmun və mündəricəsinə görə dünyəvi və dini məzmunda olması. Dünyəvi ədəbiyyatın ən görkəmli simaları olan Xaqani, Nizami, Nəsimi, Həbibi, Xətai, Füzuli, Saib, Qövsi, Vaqif, Vidadi kimi sənətkarların əsərlərində humanist ideyaların, cəhalət və xurafat əleyhinə mübarizə düşüncələrinin öz bədii ifadəsini tapması.
Klassik şerin əsas formaları – poema, mənzum dastan, qəsidə, qəzəl, rübai, mürəbbe, müxəmməs, müsəddəs, tərcibənd, tərkibbənd. Klassiklərin eyni zamanda xalq şerinin qoşma və gəraylı kimi canrlarından istifadə etməsi.
Dini ədəbiyyata daxil olan islam dininin tarixinə («Tarixi-müqəddəs»), peyğəmbərlərə, təsəvvüfə, fiqhə, və s. aid risalələr.
Elmi kitabların əsasən ərəb dilində, bədii kitabların isə əvvəlcə ərəb və fars dillərində, XIII-XIV əsrlərdən etibarən fars və Azərbaycan, XIX əsrdən isə, tək-tək hallar istisna olmaqla, ana dilində yazılması.
İstər bədii, istərsə elmi kitabların böyük bir qisminin adının müəyyən sahəni, yaxud mövzunu bildirən sözlərə «namə» sözünün əlavə edilməsi yolu ilə yaranması: nəsihətnamə, səyahətnamə, saqinamə və s. «Namə» sözündən ayrı-ayrı konkret əsərlərə ad verəndə də istifadə olunması: «İskəndərnamə», «Şərəfnamə», «İqbalnamə», (Nizami), «Şikayətnamə» (M.Füzuli), «Müsibətnamə» (M.V.Vidadi), «Nəsihətnamə» (A.Bakıxanov), «Hophopnamə» (M.Ə.Sabir) və s.
Məhəbbət münasibətlərinin ön planda olduğu romantik poemaların sərlövhəsində bir-birini sevən baş qəhrəmanların adının yanaşı qoyulması: «Leyli və Məcnun», «Xosrov və Şirin», «Vərqa və Gülşah», «Vis və Ramin» və s. Orta əsr Azərbaycan kitabının başqa növləri: təlif, dəsturul-əməl, qəvaid, təqvim və s.
Görkəmli ədəbi şəxsiyyətlər, hadisələr, ayrı-ayrı əsərlər haqqında məlumatların və əsərlərdən nümunələrin verildiyi təzkirələr. Orta əsrlər ədəbiyyat tarixinə aid məxəz olan təzkirələrin ədəbiyyat tarixinin öyrənilməsində böyük rolu. Əlişir Nəvai, Lətifi, Aşiq Çələbi, Əhdi Bağdadi, Şeyxi Faizi, Səfai kimi görkəmli təzkirə müəllifləri. Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi baxımından əhəmiyyəti olan Lütfəli bəy Azərin «Atəşkədə», Məhəmməd ağa Müctəhidzadənin «Riyazül-aşiqin» adlı təzkirələri.
Əlyazma topluları – məcmuə, cüng və bəyazların yaranma və inkişaf yolları, ədəbiyyat tariximizin öyrənilməsində onların rolu.
Şərq xalqlarının, o cümlədən də Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunub bu günümüzə çatdırılmasında əlyazma kolleksiyalarının rolu. Hələ Xaqani, Nizami dövrlərindən Azərbaycanda zəngin kolleksiyaların, kitabxanaların mövcud olması. Orta əsrlərdə əlyazma kolleksiyaları toplanmasının sonralar bir ənənə kimi davam etdirilməsi. Səfəvi şahlarının, sonralar ayrı-ayrı şəxslərin, şairlərin, alimlərin, xüsusilə Abbasqulu ağa Bakıxanov, Bəhmən Mirzə Qacar, Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə, Mirzə Fətəli Axundov kimi görkəmli simaların, hətta XX əsrdə Novruz Ağayev, Salman Mümtaz, Abdulla Şaiq və başqalarının fəaliyyətində bunun özünü göstərməsi.
AZƏRBAYCAN ƏLYAZMA KİTABININ BƏDİİ TƏRTİBATI
Azərbaycan əlyazma kitabının məzmun və forma cəhətdən çoxçalarlı olması. Azərbaycan əlyazma kitabının tərtibat baxımından 3 yerə ayrılması:
1. Adi kitablar,
2. Orta səviyyədə tərtib olunmuş kitablar,
3. Yüksək bədii tərtibatlı sənət abidələri.
Adi və orta tərtibatlı kitabların daha böyük əksəriyyət təşkil etməsi. Belə kitabların geniş kütlənin ehtiyacını ödəmək üçün sürətlə köçürülməsi, xüsusilə mədrəsələrdə, məscidlərdə, ailələrdə, hətta bazar və kitab dükanlarında tələbələr, müəllimlər və mirzələr tərəfindən köçürülməsi. Adi kitablardan fərqli olaraq, orta tərtibatlı kitabların ilk vərəğində müəllifin və əsərin adının iri kalliqrafik xətlə, müxtəlif rənglərlə yazılması; başlıqların, yarımbaşlıqların qırmızı mürəkkəb və ya qızılı rənglə ayrılması, üstündən rəngli xətlər çəkilməsi, mətnin bir və ya bir neçə əlvan rənglərlə çərçivəyə salınması, sonunda mətnin həndəsi fiqurlar (romb, üçbucaq və s.) arasına alınması, bəzən başda minarə, bitki şəkillərinin çəkilməsi.
Yüksək bədii tərtibatlı sənət əsərləri olan əlyazma kitablarının çox mürəkkəb bir üsulla çoxlu sayda sənətkarların böyük, çətin zəhməti hesabına yaranması. Bunun üçün ilkin şərt kimi kağızın yüksək keyfiyyətli olması. Bu cür kağızların Bağdad, Buxara, Xorasan, Səmərqənd, Təbriz və Misirdə hazırlanması. Əksər hallarda, tam emaldan keçməmiş kağız alınması, onların yerli kitab emalatxanalarında kraxmal, müxtəlif bitki və dərman yağları ilə şümallanması, kağızın suya davamlı olması üçün bəzən ona yumurta sarısı çəkilməsi. Adi kağızların kətandan hazırlandığı halda, keyfiyyətli kağızların düyü küləşindən hazırlanıb, düyü həlimi ilə ovxarlanması. İpək qatışığı, ya da təmiz ipəkdən hazırlanan kağızların ən keyfiyyətli kağız sayılması. Oxunan zaman gözü yormasın deyə, çox parlaq kağızların üzünə açıq sarımtıl, narıncı, bəzən də yaşılımtıl rəng çəkilməsi.
XƏTTATLIQ SƏNƏTİ VƏ AZƏRBAYCAN XƏTTATLARI
Orta əsrlərdə mədəniyyətin ən vacib sahəsi olan və yüksək qiymətləndirilən xəttatlıq sənəti. Xəttatlığın incəsənətin mühüm növü olmaqla bərabər, kitab sənətinin də ayrılmaz tərkib hissəsi olması.
“Xəttat” və “katib” anlayışları. Yazını sənət nümunəsi kimi yazanların xəttat, yazının sadəcə yazılmasına, mətnin çoxaldılmasına əsas fikir verənlərin katib adlandırılması.
Azərbaycan əlyazma kitabının yaranmasında əsas yerlərdən birinin xəttata məxsus olması. Bədii xəttatlıq nümunələrinin və memarlıq abidələri üzərində yazılan dekorativ yazıların müsəlman şərqində qrafik sənətin əsas sahəsi olması. Yazının asan yazılması və bədiiliyi tələblərinə riayət edən istedadlı xəttatların xəttatlıq sənətini tarixən inkişaf etdirməsi və bununla da onların ideya-estetik və mədəni-praktiki funksiyaları yerinə yetirməsi.
VII-VIII əsrlərdən islam dinini qəbul etmiş xalqların eyni zamanda ərəb əlifbasınan istifadə etməyə başalaması, buna görə də həmin dövrdə Azərbaycan, Türkiyə və bir sıra digər müsəlman ölkələrində yazının ərəb əlifbası əsasında inkişaf etməsi.
İlk dövrlərdə ərəb yazısının iki əsas növünün, “kufi” adlanan rəsmi və “nəsx” adlanan adi xəttin mövcud olması. Kufi xəttinin XI əsrdən etibarən tədriclə ümumi istifadədən çıxaraq, memarlıq abidələri, pul sikkələri üzərindəki epiqrafik yazılarda, bəzi məişət əşyalarının bədii tərtibatı üçün istifadə edilməsi. XII əsrin birinci yarısından qonşu ölkələr arasında ticarət və digər əlaqələrin inkişafı ilə əlaqədar olaraq, “nəsx” xəttinin gündəlik yazı üçün işlədilməsi. Bu xəttin əsasında klassik “sittə” (“altılıq”) xətlərinin (süls, nəsx, mühəqqəq, reyhani, tövqi, rüqə) meydana çıxması.
Nəsx və süls xətlərinin müəllifi X əsr ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muqla; mühəqqəq və reyhani xətlərinin müəllifi XI əsr ərəb xəttatı İbn Bəvvab; tövqi və rüqə xətlərinin müəllifi XIII əsr Bağdad şairi və xəttatı Əbulfəzl Hazən Dinavəri.
Daha sonra meydana çıxmış təliq xəttinin tövqi və rüqə xətləri əsasında İran xəttatı Tac Səlmani tərəfindən yaradılması və digər İran xəttatı Əbdülheyy Astrabadi tərəfindən təkmilləşdirilməsi.
XIV əsrdə Azərbaycan xəttatı və rəssamı Mirəli Təbrizinin nəsx və təliq xətləri əsasında nəstəliq xəttinin əsasını qoyması. Gözəllikdə nəsxlə, iti yazılmaqda təliqlə rəqabət aparan bu xəttin tez bir zamanda geniş yayılması. Bunun kitab, eləcə də xəttatlıq sənətinin tarixində bir çevriliş olması. Nəstəliqin Azərbaycan və İrandan başqa, Hindistan, Əfqanıstan və Pakistanda çox geniş yazılması. Bu xəttin hakim mövqe tutmasına baxmayaraq, Azərbaycan xəttatlarının nəsx, süls, reyhani, tövqi, mühəqqəq, təliq və s. xətlərdən də istifadə etməsi. XII əsrdən Quranın bir qayda olaraq nəsxlə yazılması. Sonralar Azərbaycan xəttatlarının təliqin əsasında daha iti yazılan, az yer tutan, dəftərxana işlərində daha geniş tətbiq edilən şikəstə xəttini yaratması.
Orta əsrlər incəsənətinin bir növü kimi bədii yazının öz dövrünün bədii-estetik və praktiki ehtiyaclarını ödəməsi. Onun dövrün sosial-siyası və mədəni şəraitindən asılı olaraq inkişaf etməsi və dəyişməsi. Bu prosesdə ərəb qrafikasından istifadə edən bir sıra türk və fars sənətkarlarının iştirakı. Həmin sənətkarların onlara qədər meydana çıxmış xətləri təkmilləşdirməklə kifayətlənməyib, bir sıra yeni xətləri yaratması. Məsələn, qeyri-ərəb xətt ustaları tərəfindən təliq, nəstəliq və şikəstədən başqa, siyaqət, icazət, divani, divani-cali, rüqə, qırma xətlərinin də meydana çıxarılması.
XIV-XVII əsrlərdə klassik xətlər əsasında müxtəlif tarixi şəraitlərdə və lokal ocaqlarda meydana çıxan xətt növlərinin qədim yerli mədəniyyətlərin təsiri ilə şərtlənən yerli xüsusiyyətlərlə fərqlənməsi. Yeni xətt növləri yaradan xalqların qədim yazı elementlərinin bu xətlərin xarakter və inkişafına müəyyən təsir göstərməsi. İranda yaranmış təliq xəttinin və Türküstanda meydana çıxan siyaqət xəttinin qədim İran (Pəhləvi) və qədim uyqur yazısına məxsus cəhətlərə malik olması.
«Sittə» («altılıq») və nəstəliq xətlərinin bədii xüsusiyyətləri.
Ustad xəttatların pedaqoci sistemləri. Bədii xəttatlıq nəzəriyyəsinin əsasını qoyan X-XI əsr ərəb xəttatları Əbu Əli Məhəmməd İbn Muqla, Əbul-Həsən Əli ibn Hilal İbn Bəvvab. Onların ənənələrini inkişaf etdirən və nəzəri cəhətdən ümumiləşdirən XIII əsr xəttatı Xacə Camaləddin Yaqut Möstəsimi; onun tərəfindən xəttatlıq sənətinin əsas müddəa və qaydalarının formalaşdırılması.
Xəttatlığı bədii yaradıcılığın bir növü hesab edən orta əsrlər ərəb pedaqogikasının (Camaləddin Yaqut) sənətin bu növünün öyrədilməsi və səmərəli mənimsənilməsi üçün qeyd etdiyi üç vacib amil: düzgün pedaqoci tərbiyə, çoxlu təmrinlər və ruhun təmizliyi. «Ruhun təmizliyi» dedikdə, dini-etik təsəvvürə görə, xəttatlıqda böyük rol oynayan sənətkarın mənəvi-əxlaqi simasının nəzərdə tutulması.
XVI əsrdə şəhər mədəniyyətinin və ədəbiyyatın daha da inkişafı, bədii xətlə yazılmış əlyazmalara tələbatın artması ilə bağlı xəttatlıq haqqında nəzəriyyənin də inkişaf etməsi, xəttatlığa və bu sənətin materiallarına dair nəsrlə və nəzmlə yazılmış əsərlərin meydana çıxması. Bunun müxtəlif xətlərlə yazan yeni istedadlı sənətkarların hazırlanmasına xeyli dərəcədə səbəb olması. «Altılıq» xətlərə həsr edilmiş, heratlı şair və xəttat, Məcnun təxəllüslü Mahmud Çapnəvisin h.940-cı ildə (1533-1534) farsca nəzmlə yazdığı («Rəsmül-xətt») əsəri və Fətullah ibn Əhməd ibn Mahmudun nəsrlə yazdığı risalə.
Nəstəliq xəttinə həsr edilmiş risalələr: Sultanəli Məşhədinin «Siratüs-sütur» (1514), Mirəli Hərəvinin «Medadül-xütut», Mir İmad Qəzvininin «Ədəbül-məşq» adlı, Babaşah İsfahaninin nəzmlə yazdığı əsərləri. Bu əsərlərdə xəttatlığın tarixi, nəzəri və praktiki məsələlərinin nəzərdən keçirilməsi.
XVI əsrin sonlarına qədər xəttatlıq sənətinin öyrənilməsinin bir-birini tamamlayan iki üsulla: ustad xətlərinin müşahidəsindən ibarət «nəzəri», yazı nümunələrinin diqqətlə köçürülməsindən ibarət «qələmi» metodları ilə həyata keçürülməsi.
XVI-XVII əsrlərdə yaşamış görkəmli xəttat Mir İmad Qəzvinin «Ədəbül-məşq» əsərində xəttatların özlərinə məxsus yazı üslubuna, xəttə malik olmalarını təkidlə təbliğ etməsi.
Xəttatlığın tətbiqi sahələri. Orta əsrlərdə sənətin digər növlərinin (poeziya, musiqi, rəqs və s.) nümayəndələri ilə birlikdə xəttatların da hakimlərin və onların canişinlərinin sarayına cəlb edilməsi. Xəttatların əsasən cəmiyyətin feodal təbəqəsinə xidmət etməsi. Sarayda xəttatların katib və münşi (katib-kargüzar) vəzifəsini yerinə yetirməsi, onların işgüzar məktublaşma və təsərrüfat hesabatının aparılması ilə məşğul olması. Bundan başqa, onların kalliqrafik xətlə müxtəlif tarixi, poetik əsərləri köçürməsi, ornamental naxışlarla və rəngarəng miniatürlərə bəzədilən əlyazmalar yaratması.
XIV əsrə qədər dini və dünyəvi məzmunlu əlyazmaların əsasən nəsx və süls, XIV əsrdən təliq hətti ilə köçürülməsi. XIV əsrin sonlarından bir sıra üstünlüklərə malik, dövrün sürətlə inkişaf edən mədəni-estetik tələblərinə daha artıq dərəcədə cavab verən nəstəliq xəttinə üstünlük verilməsi. Quran nüsxələrinin əvvəlki kimi nəsxlə köçürülməsi.
XIV-XVII əsr Azərbaycan xəttatları. Orta əsrlər Azərbaycanında xəttatlar və dekorativ yazı ustaları şəcərəsinin xəttatlıq tarixində «ustadani-sittə» (altı yazı növünün ustadları) adlanan görkəmli sənətkarlardan biri olan Mübarəkşah Zərrinqələmə gedib çıxması. Altı xətt ustalarının XIII əsr ərəb xəttatı Camələddin Yaqut Möstəsimin şagirdi olması. Mübarəkşah Zərrinqələmin şagirdləri – XIV əsrin görkəmli xəttatı Abdulla Seyrafi Təbrizi və Pir Yəhya Sufi. Abdulla Seyrafinin şagirdi – Əmir Teymur sarayının münşisi Bədrəddin Məhəmməd Bəndgir Təbrizi. Onun davamçıları – Mövlana Sədəddin Təbrizi, Müinəddin Təbrizi, Şəmsəddin Məşriqi Xətai, Əbdürrəhim Xəlvəti, Nemətullah ibn Məhəmməd Bəvvab və b.
Nəstəliq xətti ilə yazan Azərbaycan xəttatlarının ustadı, bu xəttin yaradıcısı, istedadlı şair Xacə Mirəli ibn İlyas ət-Təbrizi (1330-1405). Onun şagirdləri – Bədrəddin Bəndgir, onun oğlu Mir Abdulla ibn Mirəli. Bu məktəbin sonrakı davamçıları – Cəfər Təbrizi, Əzhər Təbrizi, Şah Mahmud Zərrinqələm Xafinəvis, Sultanəli Məşhədi, Sultanəli Qaini və b.
XVI əsrin əvvələrindən sonlarına qədər xəttatlığın və digər sənət sahələrinin görkəmli ustalarının Səfəvi mədəniyyət mərkəzləri ilə sıx əlaqədə olması, onların hakimlər və canişinlər tərəfindən əlyazmalar köçürmək və binalar üzərində dekornativ yazılar yazmaq üçün dəvət edilməsi. Bunun Səfəvi Azərbaycanında yazı sənətinin və miniatür rəssamlığın inkişafına təkan verməsi. Şah İsmayıl və Şah Təhmasib sarayında çalışan xəttatlardan xırda nəstəliq ustası Şah Mahmud Nişapuri. Şah Təhmasib və şahzadə Bəhram Mirzə sarayında işləyən Dust Məhəmməd Hərəvi və Mir Seyid Əhməd Məşhədi. Onların şagirdi - XVI əsrin ikinci yarısında yaşamış görkəmli sənətkar, «Mehin ustad» («Böyük ustad») təxəllüslü Məhəmməd Hüseyn Təbrizi. Onun davamçıları, XVI-XVII əsrlərdə fəaliyyət göstərmiş görkəmli xəttatlar – Məhəmməd Rza Təbrizi, Əli Rza Təbrizi, Mir İmad Qəzvini, Mir Məhəmməd Hüseyn Təbrizi, Məhəmməd Əmin Ərdəbili və b.
ƏLYAZMA KİTABININ DEKORATİV BƏZƏDİLMƏSİ
Günümüzə gəlib çatmış ən qədim əlyazmaların Azərbycanın Hülakülər dövlətinə daxil olduğu XIII əsrin sonları - XIV əsrin əvvəllərinə aid olması.Uzaq və Yaxın Şərqin mədəniyyət və incəsənəti ilə əlaqələr mövcud olduğundan bu zaman Təbrizdə yaradılan əlyazmaların tərtibatında və miniatürlərin üslubunda xarici təsirin özünü göstərməsi. Elmə məlum olan ən erkən Azərbacyan əlyazmalarında istər yazı üslubu, istərsə də miniatürlərin xarakterinə görə ərəb-Mesopotomiya, Çin-uyğur təsiri. Marağa və Təbrizin saray emalatxanalarında yaradılmış bəzi əlyazmaların – İbn Bəxtişunun «Mənafiül-həyəvan» (1297-1299) və Rəşidəddinin «Camiüt-təvarix» (1307-1314) kitablarının vərəqlərinin tərtibində və yazının xarakterində XII-XIII əsr ərəb əlyazmaları ilə müəyyən eyniliklərin müşahidə olunması. Əlyazmaların miniatürlərində özünü göstərən Mesopotamiya və Elxanilər dövründə artan Çin-uyğur təsiri.
Dövrümüzə çatmış bədii tərtibatlı ilk dini məzmunlu əlyazma – 1210-1225-ci illərdə köçürülmüş, Təbərinin Qurana yazdığı şərh. XIV əsrdə Şirvanda köçürülmüş dini məzmunlu «Misabehüs-sünnə» əlyazması (1332). Tərtibatının zərifliyi və kamilliyinə görə bu əlyazmanın XIV əsrin əvvələrində Azərabycan kitab sənətinin gözəl bir nümunəsi olması.
XV-XVII əsrlərdə Azərbaycanda nəfis əlyazma kitabının yaranmasında xəttatlarla yanaşı iştirak edən miniatürçü rəssamlar, nəqqaş-müzəhhiblər, bədii cild ustaları.
XV əsrin sonlarından əlyazmaların dekorativ tərtibatının ləvvahlara tapşırılması, onların kitab üzərində işi davam etdirməsi. Eyni zamanda nəqqaş və müzəhhib işini icra edən bu ustaların sənətinin bədii yaradıcılığın ən incə sahələrindən biri olması.
Ləvvahın əlyazma səhifələrinin tərtibatındakı əsas işi: kitabın mətnindən qabaq, iki səhifədən ibarət ornamental frontispis yerləşdirilməsi. Frontispisdə miniatür olduqda, onun kənarlarına incə naxışlar vurulması. Kitabın əvvəlində ünvan-titulun yerləşdirilməsi. Ünvanın qızıl suyu, lacivərd və b. rənglərlə bəzədilməsi, hər bir detalın nazik qara xətlə haşiyələnməsi. Kitabın ilk iki səhifəsində misralar arasındakı boşluqların əşrəfi qızılla doldurulması. Əlyazmanın hər bir səhifəsinin iki, üç və daha artıq nazik rəngli xətlərlə haşiyələnməsi.
Bir çox hallarda kitabların səhifələrinin «mərməri» və ya əlvan rəngli kağızlardan hazırlanması. Belə əlyazmaların əlvan səhifələrinin bir-birinin ardınca kontrastlılıq prinsipi əsasında gəlməsinin kitaba xüsusi gözəllik verməsi.
Əlyazma kitabının uzun müddət saxlanması üçün ona dəri cild çəkilməsi. Cildçi peşəsinin orta əsrlərdə bədii yaradıcılığın müstəqil bir sahəsi kimi formalaşması. Qərb ustalarının düzəltdiyi cildlərdən fərqli olaraq, Azərbaycan kitabının kötüyünün hamar, qapaqlarının səhifələrlə eyni olçüdə olması.
XVI əsrdə Azərbaycanda bədii cildçilik sənətinin daha da inkişaf etməsi. Təbəqə və maye qızıldan istifadə ilə hazırlanan basmanaxış dəri cildlərlə yanaşı, şəbəkə oymalı dəri, müxtəlif rəngli və naxışlı dəri cildlərin də meydana gəlməsi. Orta əsrlərdə tanınmış Azərbaycan cildçiləri: Məhəmməd Əli Təbrizi (XIV), Məhəmməd Zaman Təbrizi (XVI), Mirzə bəy Təbrizi (XVI), Məhəmməd Saleh (XVII) və b.
KİTAB MİNİATÜRÜ SƏNƏTİ
Dekorativ xarakterli müxtəlif forma və canrlarda mövcud olan Azərbaycan təsviri sənətinin orta əsrlərdə divar rəsmləri və kitab miniatürü şəklində inkişaf etməsi; onun xalq sənətindən gələn ənənələrə əsaslanması. İslam dininin canlı varlıqların təsvirini qadağan etməsinə baxmayaraq, bu sənətdə təbiət mənzərələri ilə bəqabər, insan və heyvan fiqurlarının təsvir edilməsi.
Azərbaycan miniatür sənətinin ilk nümunələrinin XIII-XIV əsrlərdə Təbriz və Marağa şəhərlərində yaradılması. Kitab tərtibatı və miniatür sənəti Azərbaycanda daha əvvəllər mövcud olsa da, bu sənətin müstəqil bədii məktəb kimi (Təbriz miniatür məktəbi) təşəkkülünün «Vərqa və Gülşah» (XIII əsrin əvvəli, Topqapı muzeyi, İstanbul), Rəşidəddinin «Camiüt-təvarix» (1307-1314, Paris, London və İstanbul muzeyləri). Firdovsinin «Şahnamə» («Demot Şahnaməsi», 1340-1350, ayrı-ayrı hissələri dünyanın müxtəlif muzeylərində saxlanılır) və s. əlyazmalarına çəkilmiş miniatırlərlə əlaqədar olması.
Orta əsrlərdə meydana çıxan ilk Azərbaycan miniatürlərində ərəb-Mesopotamiya məktəbinin təsiri ilə çoxsaylı personaclardan ibarət mürəkkəb səhnələrin, Çin-uyğur rəssamlığının təsiri ilə isə təbiət mənzərələrinin ustalıqla təsvir edilməsi.
Təbriz miniatür məktəbinin XV əsrdə tam müstəqil bədii məktəb kimi formalaşaraq, Bakı, Şamaxı və Orta Şərqin bir sıra mərkəzlərində (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir göstərməsi. Bu dövrdə «Xosrov və Şirin» (1410-1420, Friz qalereyası, Vaşinqton), «Şamaxı antologiyası» (1468, Britaniya muzeyi, London) və başqa əsərlərə çəkilmiş dəyərli miniatürlər. Dəzgah miniatürlərinin meydana çıxması.
XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan dövrün ən görkəmli xəttat və rəssamları Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi və s. ilə yanaşı Herat, İsfahan, Şiraz və digər şəhərlərdən gəlmiş Behzad, Ağamirək İsfahani, Qasım Əli və başqalarının fəaliyyət göstərməsi. Şərqdə kitab sənətinin ən nəfis nümunələri olan miniatürlü əlyazmaların məhz bu dövrdə yaradılması. Bunlardan «Şahnamə» (1537, Metropoliten-muzey, Nyu-York), Nizami «Xəmsə»si (1539-1543, Birtaniya muzeyi, London) əlyazmalarının, Sankt-Peterburq və İstanbulda saxlanan miniatür albomlarının bədii-estetik dəyərinə görə xüsusilə fərqlənməsi.
XVI əsrdən bir sıra Azərbaycan rəssamlarının Şərq ölkələrində fəaliyyət göstərməsi, onların yaradıcılığının yerli miniatür məktəblərinin formalaşmasında mühüm rol oynaması (Türkiyədə Şahqulu və Vəlican Təbrizi, İsfahanda Sadiq bəy Əfşar, Əfqanıstan və Hindistanda Mir Seyid Əli, Fərrux bəy və b.)
AZƏRBAYCAN ƏLYAZMA KİTABININ TALEYİ. AZƏRBAYCAN MEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU
Azərbaycan əlyazma kitabının çox mürəkkəb taleyi. Müharibələr, təbii fəlakətlər, yanğınlar nəticəsində ən qiymətli əlyazmalarımızın böyük hissəsinin məhv edilməsi. Eləcə də həddən artıq istifadədən köhnəlib sıradan çıxmış bəzi əlyazmaların tədriclə yoxa çıxması. IX-XIII əsrlərdə yazılmış əlyazmaların XIV-XVII əsrlərdə köçürülmüş nüsxələrinin bu günə gəlib çıxması. Onlardan bir hissəsinin vətənindən uzaq düşüb dünyanın məşhur kitabxana və kolleksiyalarına düşməsi.
Bu günə gəlib çatmış XIII-XIV əsr Azərbaycan əlyazma kitablarının, demək olar ki, hamısının başqa ölkələrin kitabxanalarında olması. Sonrakı əsrlərdə yaranmış Azərbaycan əlyazma kitablarının ən nəfis nümunələrinin ABŞ, İngiltərə, Fransa, Türkiyə, İran, Misir, Hindistan, və b. ölkələrin dövlət kitabxanalarında və şəxsi kolleksiyalarında olması.
XX əsrin əvvəllərində Şimali Azərbaycanda bolşevizm, Cənubi Azərbaycanda fars şövinizmi tərəfindən digər mədəniyyət abidələri ilə bərabər, Azərbaycan əlyazmalarının kütləvi surətdə məhv edilməsi. 1924-cü ilin sentyabrında I Ümumazərbaycan ölkəşünaslıq qurultayının Azərbaycan əlyazmalarını və qədim çap kitablarını bir mərkəzdə toplaması haqqında qərar qəbul etməsi. 1929-cu ildən abidələrimizin toplanmasının daha məhsuldar həyata keçirilməsi. A.Bakıxanov, M.F.Axundov, Hüseyn əfəndi Qayıbov, Bəhmən mirzə, Mir Möhsün Nəvvab və b. kimi XIX əsr mədəniyyət xadimlərimizin şəxsi kolleksiyaları ətrafında yeni-yeni əlyazma kitablarının alınıb toplanması. Respublika Nazirlər Sovetinin 12 oktyabr 1950-ci il tarixli qərarına əsasən Azərbaycan Elmlər Akademiyasının Respublika Əlyazmalar Fondunun təsis edilməsi. 1986-cı ilin noyabrında Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitunun yaradılması.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kolleksiyası: burada ərəb, fars, Azərbaycan, türk, özbək, tatar, türkmən, qumuq dillərində yazılmış əlyazma və əski çap kitablarının, şəxsi fond materiallarının əsas fond təşkil etməsi. Bu abidələrin Azərbaycan mədəniyyəti ilə yanaşı, bütün Yaxın və Orta Şətq, Şimali Afrika xanlarının mədəniyyətini də əhatə etməsi. IX əsrdən bu günə qədər Şərqin ən böyük elm və sənət dahilərinin əsərlərinin təmsil olunması. Fərabinin «Sihahil-lüğə» («Dilin doğrusu»), İbn Sinanın «Qanun fit-tib» («Tibbin qanunu»), Zöhrəvinin «30-cu Risalə», Nəsirəddin Tusinin «Zici-Elxani» əlyazmalarının, Nizami, Nəsimi, Nəvai, Füzuli və b. əsərlərinin minlərcə qiymətli nüsxələrinin bu institutda mühafizə edilməsi.
İnstitutda saxlanan ən qədim əlyazma: Qur’anın IX əsrdə kufi xətti ilə heyvan dərisi üzərində köçürülmüş Nisa surəsinin 24-184-cü ayələri.
Tarixə dair əlyazmalar: Təbərinin (838-923) «Peyğəmbərlərin və hökmdarların tarixi», Balazurinin (?-892) «Ölkələrin fəthi», Sibt İbn əl-Cövzi Qızoğlunun (1186-1257) «Zamanın güzgüsü», İbn Xəlliqanın (1211-1282) «Tanınmış adamların ölümü» əsərləri. Bu əlyazmaların öz keyfiyyəti, paleoqrafik xüsusiyyətləri, nadirliyi ilə böyük maraq doğurması. Bilavasitə Azərbaycan tarixinə aid sənəd və əsərlər: «Qızılbaşlar barəsində fərman», «Əmir Teymurun Əhməd Cəlairə məktubu və onun cavabı», «Qacar elinin kökü haqqında müxtəsər risalə», «Osmanlı dövlətinin sultanlarına məktublar», «Məhəmmədəli xan Qacarın oğlu Fətəli şaha vəsiyyətnaməsi», «Səfəviyyə padşahları»; Mir Mehdi Qarabağinin və Mirzə Adıgözəlin və b. «Qarabağnamə»ləri; «Şəki xanlarının tarixi», «Dərbənd tarixi», A.Bakıxanovun «Gülüstani-İrəm» əsəri və s. Məktublar, fərmanlar, tərəssül, münşəat, vəqfnamə, risalə, şəcərə, vəsiyyətnamə, şəhadətnamə və s. tarixi-arxeoqrafik sənədlər; onların ayrı-ayrı dövlətlərin münasibətlərini öyrənmək üçün böyük əhəmiyyətə malik olması.
Elmin müxtəlif sahələrinin tarixinə aid kitablar: dilçiliyə, lüğətçiliyə, ədəbiyyatşünaslığa, fəlsəfəyə, fiqhə, musiqişünaslığa, riyaziyyata, fizikaya, kimyaya, biologiyaya, astronomiyaya, tibbə, coğrafiyaya aid əlyazmalar.
Dini kitablar: Qur’an nüsxələri, təfsirlər, hədislər, şəriətə və müxtəlif təriqətlərə aid kitablar.
Azərbaycanın XIX-XX əsrin birinci yarısında yaşamış mədəniyyət xadimlərinin arxivləri. A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, C.Məmmədquluzadə, N.Nərimanov, C.Cabbarlı, Y.V.Çəmənzəminli, M.S.Ordubadi, S.Mümtaz, Ə.Müznib, Ü.Hacıbəyov, M.Maqomayev və b. şəxsi fond materialları.
ƏDƏBİYYAT
Adilov M., Məmmədbağıroğlu Ə. Azərbaycan əlyazmalarında filiqranlar, Bakı, TƏ NPM, 2001.
Adilov M. Azərbaycan paleoqrafiyası və orfoqrafiya məsələləri, Bakı, Nurlan, 2002.
Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı, Azərb EA nəşri, 1958.
Azərbaycan kitabı (Biblioqrafiya). I cild, Bakı, Azərb. Kitab Palatası nəşri, 1963.
Azərbaycan tarixi. I cild, Bakı, Azərb. EA nəşri, 1958.
Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136 – 1225-ci illər), Bakı, Elm, 1985.
Bünyadov Ziya. Azərbaycan VII-IX əsrlərdə, Bakı, Azərnəşr, 1989.
Cabbarlı S.H. XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları (məcmuə, cüng və bəyaz), Bakı, Ozan, 2000.
Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud” (Tarixi, coğrafi, tekstoloci tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni), Bakı, Elm, 1999.
Darabadi Q.A. Kalliqrafiya, Bakı, BDU nəşri, 1953.
Əlibəyzadə Elməddin. “Avesta”nın məkanı, dili və milli mənsubiyyəti (müzakirə üçün). Azərbaycan filologiyası məsələləri. III buraxılış, Bakı, Elm, 1991.
Əlyazmalar kataloqu. 2 cilddə, Bakı, 1963, 1977.
Əlyazmalar xəzinəsində (Əlyazmalar İnstitutunun elmi əsərləri). 8 cilddə, Bakı, 1963-1987.
Kərimov Kərim. Azərbaycan miniatürləri, Bakı, İşıq, 1980.
Kərimov Kərim. Sultan Məhəmməd və onun məktəbi, Bakı, İşıq, 1993.
Qazıyev A. Sadıq bəy Əfşarın miniatürləri haqqında. Azərb. EA məruzələri, 1959, № 2.
Qəhrəmanov C., Qasımov A. Orta əsr Azərbaycan yazılı abidələrinin paleoqrafik tədqiqi haqqında. Azərbaycan mətnşünaslığı məsələləri, Bakı, 1979.
Qəhrəmanov C.V. Azərbaycan əlyazma kitabı Avropa kitabxanalarında. Azərbaycan filologiyası məsələləri. III buraxılış, Bakı, Elm, 1991.
Qəhrəmanov C.V. Azərbaycan əlyazma kitabı tarixindən. Əlyazmalar xəzinəsində. Azərb. EA Əlyazmalar İnstitutunun Əsərləri.VIII cild, Bakı, 1987.
Mahmudov Malik. Xətib Təbrizinin həyat və yaradıcılığı. Bakı, 1972.
Nemətova Məşədixanım. Əsrlərin daş yaddaşı, Bakı, İşıq, 1987.
Onullahi S. Təbriz kitabxanaları (X-XVII əsrlər). BDU-nun Elmi Əsərləri, 1975, № 2.
Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. AMEA Əlyazmalar İnstitutunda keçirilmiş I-VIII elmi konfransların materialları, Bakı, 1989-2002.
Orta əsr Azərbaycan kitab mədəniyyəti (Tərtib edən: C.V.Qəhrəmanov), Bakı, İşıq, 1991.
Şərifov K.K. Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı, Bakı, 1996.
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan, Bakı, Azərnəşr, 1987.
Voroşil Q.L. Qədim Ağvan əlifbası və udin dili haqqında. Azərbaycan SSR EA Xəbərləri. İES, 1962, № 1.
Zamanov Nadir. Nizami poeziyası və təsviri sənət, Bakı, Elm, 1981.
Akimuşkin O.F. Zametki o persidskoy rukopisnoy kniqe i ee sozdateləx. Oçerki istorii kulğturı srednevekovoqo İrana, M., Nauka, 1984.
Akimuşkin O.F. İskender Munşi o kalliqrafax vremen şaxa Taxmaspa. KSİNA, 1965, № 39.
Akimuşkin O.F. Mir İmad. Alğbom indiyskoy i persidskoy miniatörı i kalliqrafii.
Akimuşkin O.F. O pridvornoy kitabxane sefevida Taxmasba I v Tabrize. Srednevekovıy Vostok. İstoriə. Kulğtura. İstoçnikovedenie, M., 1980.
Akimuşkin O.F. Persidskaə rukopisnaə kniqa. Rukopisnaə kniqa v kulğture narodov Vostoka. Kniqa pervaə, M., 1987.
Aliev İqrar. Oçerk istorii Atropotenı. Baku, Azerneşr, 1989.
Alğbom indiyskix i persidskix miniatör XVI-XVIII vv., M., 1962.
Afşar Sadik-bek. Qanun os-sovar (Traktat o civopisi), Baku, İzd. AN Azerb. 1963.
Aşurbeyli S.B. Oçerk istorii srednevekovoqo Baku (VIII – naçalo XIX vv.), Baku, İzd. AN Azerb. 1964.
Bertelğs E.G. İzbrannıe trudı. İstoriə persidsko-tadcikskoy literaturı. M., VL, 1960.
Bretaniükiy L.S., Veymarn B.V. İskusstvo Azerbaydcana, M., Nauka, 1976.
Voroşil Q. Opıt deşifrovki Albanskix nadpisey Azerbaydcana. İzvestiə AN Azerb. SLƏiİ, 1969, № 2.
Qeöşov R.B. Xristianstvo v Kavkazskoy Albanii, Baku, Glm, 1984.
Darabadi Q.A. Xudocestvenno-paleoqrafiçeskie osobennosti poçerka “nasta’lik”. AKD, Baku, 1969.
Dmitrieva L.V. Opisanie törkskix rukopisey İnstituta vostokovedeniə. Tom II. M., Nauka, 1975.
Dmitrieva L.V. Törkoəzıçnaə arabopisğmennaə rukopisnaə kniqa po ee arealam. Rukopisnaə kniqa v kulğture narodov Vostoka. Kniqa pervaə, M., 1987.
Dodxudaeva L.N. Pogmı Nizami v srednevekovoy civopisi, M., Nauka, 1985.
Dğəkonov İ.M. İstoriə Midii. Ot drevneyşix vremen do konüa IV veka do n.g., M.-L., İzd. AN SSSR, 1956.
Elkin A.S. Sudğba kniq i rukopisey, M., Prosvehenie, 1976.
İz sokrovihniüı rukopisey Azerbaydcana (Sostavitelğ: Dc.V.Kaqramanov), Baku, Glm, 1983.
İstrin V.A. Vozniknovenie i razvitie pisğma, M., 1965.
Kazi Axmed. Traktat o kalliqrafax i xudocnikax, M.-L., İskusstvo, 1947.
Kaziev A.Ö. Xudocestvennoe oformlenie Azerbaydcanskoy rukopisnoy kniqi XIII-XVII vekov, M., Kniqa, 1977.
Kaziev A.Ö. Xudocestvenno-texniçeskie materialı srednevekovoy rukopisi, Baku, İzd. AN Azerb. 1966.
Kataloq arabskix rukopisey. Tt. 1, 2, Baku, Glm, 1984, 2000.
Kniqovedenie. Gnüiklopediçeskiy slovarğ, M., SG, 1982.
Nizami. Xamsg. Miniatörı, Baku, Əzıçı, 1983.
Nikolaev Vsevolod. Vodənıe znaki na bumaqe srednevekovıx dokumentov Bolqarskix kniqoxranilih. V trex tomax, Sofiə, İzdatelğstvo Bolqarskoy AN, 1954.
Obrazüı kalliqrafii İrana i Sredney Azii XV-XIX vv., M., QR VL, 1963.
Persidskie miniatörı XIV-XVII vv., M., Nauka, 1968.
Raşid ad-Din. Sbornik letopisey. Tom II, M.-L., İzd. AN SSSR, 1960; Dcami at-tavarix (Sbornik letopisey). Tom III, Baku, İzd. AN Azerb. 1957.
Suvorov A.V. Pisğma, M., Nauka, 1986.
fon Qaben A. Kulğtura pisğma i peçataniə u drevnix törok. Zarubecnaə törkoloqiə. Vıp. I, M., 1986.
Fridrix İoqannes. İstoriə pisğma, M., Nauka, 1979.
Çelebi Gvliə. Kniqa puteşestviy. Vıp. 3, M., Nauka, 1983.
Şaraf xan ibn Şams ad-Din Bidlisi. Şaraf-name. V 2-x tomax, M., İzd. AN SSSR, 1967; M., Nauka, 1976.
Gfendiev O. Azerbaydcanskoe qosudarstvo sefevidov, Baku, Glm, 1981.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU
PAŞA KƏRİMOV
“AZƏRBAYCAN ƏLYAZMA KİTABI TARİXİ”
fənnindən xüsusi kurs
p r o q r a m ı
Bakı - Nurlan - 2002
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 15 may 2002-ci il tarixli 4 №-li qərarı ilə nəşr olunur.
Rəyçilər: A.Ş.Musayeva,
filologiya elmləri doktoru
K.K.Şərifov,
filologiya elmləri namizədi
Redaktoru: M.M.Adilov,
filologiya elmləri namizədi
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya elmləri namizədi Paşa Kərimovun tərtib etdiyi “Azərbaycan əlyazma kitabı tarixi” fənnindən xüsusi kurs proqramı institutda aparılmış elmi tədqiqat işlərinin nəticələri əsasında hazırlanmışdır. Proqram filoloci təhsil verən fakültələrdə mövzunun genişləndirilməsi üçün tövsiyyə xarakteri daşıyır.
Dostları ilə paylaş: |