IV FƏSİL.AZƏRBAYCANIN TRANSMILLI BIZNESININ TƏNZIMLƏNMƏSININ TƏKMILLƏŞDIRILMƏSI ISTIQAMƏTLƏRI
4.1.Transmilli biznesinin iqtisadi və hüquqi tənzimlənmə mexanizmlərinin gücləndirilməsi
|
4.2.Azərbaycanda istehsalın transmilliləşməsinin sürətləndirilməsi
|
4.3.Azərbaycanda rəqabət mühitinin formalaşdırılması .
|
4.4.Daxili bazarın mühafizəsi
|
Son illərdə Azərbaycanda yerli istehsala böyük
əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora
vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da
yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan
qaldırılması və lisenziyalarla bağlı vəziyyətin
yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə
mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və
maliyyə sektorunun şəffaflaşması prosesini davam
etdiririk.
Azərbaycan Respublikasının prezidenti İ H.Əliyev
IV FƏSİL. AZƏRBAYCANIN TRANSMİLLİ BİZNESİNİN TƏNZİMLƏNMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
4.1. Transmilli biznesin iqtisadi və hüquqi tənzimlənmə mexanizmlərinin gücləndirilməsi
Xarici şirkətlərlə transmilli biznesin qurulmasını qəbul edən ölkədə siyasi stabilliyin olması və normativ hüquqi bazanın yaradılması tələb olunur. Azərbaycanda transmilli biznes faktiki müstəqillik dövründə “Əsrin kontraktı”nın qəbul edilməsilə yaranmağa başlamışdır. Artıq 25 ildir ki, ölkənin neft sektorunda xarici iri şirkətlərin iştirakı ilə transmilli biznes uğurla inkişaf edir. Bunun nəticəsidir ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 90 faizdən çoxu məhz neft-qaz sahəsinin payına düşür. Ona görə də bu sektorda transmilli biznesin beynəlxalq təcrübə və ölkədə toplanmış iyirmi illik təcrübə nəzərə alınmaqla, gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Transmilli biznesə dövlətin təsiri milli iqtisadiyyatın uzunmüddətli tərəqqisini, əhalinin həyat səviyyəsinin yüksəldilməsini və transmilli istehsalın potensialından səmərəli istifadəni təmin etməlidir. Mənfi meyllərin artmasını vaxtında aşkarlamaq qanunvericilik, iqtisadi və ya inzibati vasitələrlə onları aradan qaldırmaq vacibdir.
Beynəlxalq təcrübə göstərir ki, texnologiya və iqtisadiyyat sahəsində beynəlxalq rəqabətin güclənməsi və müəssisələrin xaricə köçürülməsi milli hüquqi məkanlar arasında rəqabətin güclənməsinə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, müxtəlif sahələrin, o cümlədən də istehsalın transmilliləşdirilməsi proseslərinin nizamlanmasının milli mexanizmləri milli qayda və normalardan üstün olan beynəlxalq sənədlərdən bu və ya digər dərəcədə asılı vəziyyətə düşür. Beləliklə, istehsalın transmilliləşdirilməsi proseslərinə dövlətin təsiri getdikcə daha da mürəkkəbləşən və qlobal iqtisadi münasibətləri tənzimləyən mexanizmin halqalarından biri rolunu oynayır.Azərbaycanda dövlət qanunvericilik sahəsində təkcə milli qanunlar çərçivəsi ilə kifayətlənmir. Dövlət, həmçinin beynəlxalq qayda və normaları da nəzərə almaqla, öz qanunlarını həmişə digər dövlətlərin, xüsusilə kapital, mal və s. beynəlxalq axınlarının nizamlanması sahəsində olan qanunları ilə uzlaşdırır.
Azərbaycanın transmilli biznesində yaranmış mövcud durum, yəni onun xam neft və təbii qaz üzərində qurulması, tədiyyə balansının cari əməliyyatlar hesabının qeyri-stabil saldosu, əmtəə idxalında istehlak mallarının 40% civarında olması transmilli biznesin tənzimlənməsində dövlətin rolunun gücləndirilməsini zəruri edir. Hələ 2007-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyası”nda deyilir ki, sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq makroiqtisadi tarazlığı poza və, beləliklə, ölkəni potensial qlobal və region səviyyəsində iqtisadi depressiyanın təsirinə qarşı onu müdafiəsiz hala gətirib cıxarar. Milli təhlükəsizlik konsepsiyasında o da vurğulanır ki, iqtisadi qeyri-sabitliyin qarşısını almaq məqsədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə yönəldilməlidir. İlk öncə, qeyri-neft emal sənayesinin və aqrar sektorun diversifikasiyasının təmin olunması tələb olunur.
Azərbaycan iqtisadiyyatına investisiya qoymaq arzusunda olan TMŞ-lərin müraciətlərinə fərdi qaydada baxılmasını tənzimləyən qanun layihəsi hazırlansa ölkə iqtisadiyyatı üçün əhəmiyyətli ola bilər.XX əsrin 90-cı illərində bağlanan beynəlxalq müqavilələrdə nəzarət məsələləri əks olunmayıb. Nəticədə strateji əhəmiyyətli bir sıra müəssisələrdə xarici aktivlərin istifadə olunmasında pozuntu halları qeydə alınır. Bu qanunun qəbul olunması ilə strateji şirkətlərin əldə etdikləri istənilən investisiya paketinə nəzarət etmək olar. Xarici ölkə TMŞ-i gizli danışıqlar apara və xaricdə qoyulmuş aktivi aşmadan səhm paketini tək-tək ala bilər. Belə bir qanun layihəsinin hazırlanması bu neqativ halların qarşısını ala bilər.
Azərbaycan iqtisadiyyatının hansı sahələrində xarici TMŞ-in formalaşmasına icazə verilməməsini müəyyən etmək düzgün olar. Bu sahələr elə sahələr olmalıdır ki, onlar beynəlxalq bazarda uğurla rəqabət apara bilərlər, yüksək texnologiyalara malikdirlər. Burada əsas rol dövlətə məxsusdur. Belə sahələrə hərbi sənaye kompleksi, xüsusilə yeni silahların istehsalı, ərzaq məhsulları istehsal edən müəssisələr aid ola bilər.
Bəzi ölkələrdən, məsələn, Çin Xalq Respublikasından fərqli olaraq Azərbaycanda TMŞ əldə etdikləri gəliri valyuta pul formasında öz mənşə ölkələrinə köçürmək (baş ofisin yerləşdiyi ölkəyə) hüququna malikdirlər. TMŞ-n bu fəaliyyəti Azərbaycanın valyuta ehtiyatlarının böyük məbləğdə çıxmasına, yəni bizim iqtisadiyyata qoyulduğundan daha çox getməsinə gətirib çıxarır. Xarici TMŞ üçün Azərbaycan bazarının cəlbedici olması qanunların daha çox liberal xarakter daşımasındadır. Xarici TMŞ kapital ixracının köməyi ilə Azərbaycan bazarında uğurla mübarizə apara bilirlər və yerli mal göndərənləri sıxışdırmaq imkanlarına malik olurlar. Bunu Azərbaycan menecmenti istehsalın müasir rəqabət qabiliyyətliyinin təşkili prosesində gərək nəzərə alsın. Eyni bazarda TMŞ ilə eyni məkanda fəaliyyət göstərən rəqibin kənarlaşdırılması məqsədi ilə TMŞ həmin müəssisəni ala bilər.
Azərbaycana əsasən xammal, neft, qaz, qara və əlvan metallurgiya, kimya sənaye məhsulları, yeyinti məhsulları istehsalı və ticarəti ilə məşğul olan TMŞ gəlir. Son illər qərb TMŞ Azərbaycan bazarına çox aktiv daxil olurlar. Məsələn, “İkea”, “Spar” və s.
Ölkə iqtisadiyyatının inkişafı üçün daha çox emal sahəsində TMŞ-in aktivliyi arzu ediləndir. Xarici TMŞ sahələr üzrə qeyri-bərabər bölünür və onlar Azərbaycanda maşınqayırma sahəsinə və modernləşdirmə məsələlərində passivdirlər. TMŞ-in iştirakı ilə birgə elmi-tədqiqat müəssisələrinin yaradılması, bəzi istisnalar olmaqla Azərbaycana yeni əmtəələr, yeni texnologiyalar kimi yüksək nailiyyətlər gətirmir. Iri şirkətləri Azərbaycan istehsalına investisiya qoymaq deyil, üçüncü ölkədə istehsal olunan məhsullarıAzərbaycan bazarına daxil etmək maraqlandırır. Onlar investisiyanı ən çox neft sektoruna və xidmət sferasına qoyurlar. Azərbaycanda TMŞ tədricən təkcə xarici deyil, həm də daxili topdan, hətta pərakəndə ticarəti də zəbt edirlər.
Qeyd etmək lazımdır ki, müəyyən şirkətlər “transmilli statusun” təsdiq edilməsi üçün Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərirlər. Azərbaycan iqtisadiyyatında xarici TMŞ fəaliyyətlərini genişləndirərək öz maliyyə vəziyyətlərini yaxşılaşdırmağı planlaşdırırlar.Azərbaycan bazarında TMŞ təkcə yerli şirkətlərlə deyil, bir-biri ilə də rəqabət aparırlar. Məsələn, “Coca-Cola” Azərbaycan bazarına çıxmaq üçün öz əsas rəqibi olan Pepsi ilə rəqabət aparmalı, onu sıxışdırmalı olurlar. Xarici firmalar yüksək ixtisaslı Azərbaycan mütəxəssislərini cəlb edirlər. Xarici şirkətlərin filiallarında əmək haqqı Azərbaycan şirkətlərinə nisbətən yüksəkdir. TMŞ-i informasiya texnologiyası sahəsindəki mütəxəssislər və tətbiqi tədqiqatla məşğul olan alimlər daha çox maraqlandırır. Onlar elmi mərkəzlər və tədqiqat bölmələri yaradırlar. Amma TMŞ-də Azərbaycan alimlərinin işləmələri haqqında çox az məlumat var. Çünki böyük şirkətlər öz fəaliyyətlərini geniş yaymaq istəmirlər, məlumatların sızmasından qorxurlar. Təcrübə göstərir ki, xarici şirkətlərin filiallarında azərbaycanlı mütəxəssislərin işləməsi, daxili sərt korporativ çərçivəyə baxmayaraq, daha arzu ediləndir.
Beləliklə, təhlillər göstərir ki, TMŞ milli iqtisadiyyatın inkişafına, bütünlükdə ayrı-ayrı sahələrin, həm də insan kapitalının formalaşmasına təsir edir.
Aparılan islahatlar çərçivəsində şəffaf və ədalətli dövlət satınalmalarının təmin edilməsi məqsədi ilə 2016-cı ildə “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklər edilmiş, yerli şirkətlərə 20%-lik güzəştin tətbiqinə icazə verilmişdir. Bu da emal sənayenin inkişafına müsbət təsir edəcəkdir.
2017-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən qeyri-qanuni yolla 1,6 mln.dolların, 22 mln.rublun, 50 min avronun, 1,2 mln.man dəyərində qızılın və digər qiymətli daşların Azərbaycandan çıxarılmasına cəhdin qarşısı alınmışdır (“Exo” qəzeti, 20.01.2018). Komitə tərəfindən “yaşıl koridor” çərçivəsində 28 icazə verilmişdir. Gömrük orqanlarının dünyada müxtəlif idarəetmə sistemləri mövcuddur. Azərbaycanda bu orqan müstəqil fəaliyyət göstərir. Avropada bu orqan Maliyyə Nazirliyinin yanında, bir çox digər ölkələr də İqtisadi İnkişaf Nazirliyinin yanında fəaliyyət göstərir.
2016-cı ildə “Gömrük Məcəlləsi”nə dəyişiklik edilərək malların və nəqliyyat vasitələrin gömrük ərazisinə keçməsi üçün sarı, qırmızı və mavi sistem tətbiq edilir. Bu da sahibkarlara imkan verir ki, qısa idxal deklorasiyasından istifadə etsinlər.
Qeyd edək ki, ölkəyə siqaretlərin gətirilməsinə və satışına heç bir məhdudiyyət yoxdur. Bu da bir tərəfdən yerli istehsalın inkişafına mənfi təsir edir, digər tərəfdən siqaret istehlakçılarının sayını artırır. Ona görə də bu malın idxalına məhdudiyyətin qoyulmasına ciddi ehtiyac vardır.
2017-ci ildə Azərbaycana gömrük rüsumundan azad olunmuş malların və xidmətlərin idxalı 3,9 milyard dollar təşkil etmişdir ki, bu da ümumi idxalın 45 faizinə bərabərdir (“Exo” qəzeti, 20.01.2018). Belə malların siyahısında əsas yeri lizinq əməliyyatları (700 mln.doll), investisiyaların stimullaşdırılmasına aid mallar (306 mln.doll), azad iqtisadi zonalardan idxal edilən mallar (1 milyarddan çox), humanitar yüklər, neft konsersiumunun idxal etdikləri mallar (900 mln.doll) və xidmətlər tutur. Bunlardan başqa sıfır stavkası ilə 400 mln.dollar dəyərində mal ölkəyə idxal edilmişdir.
Ölkə Prezidentinin “Xarici ölkələrə ixracın uğurlu təşkil olunmasına, beynəlxalq bazarların tədqiqatında marketinqin tətbiqi, “Made in Azerbaijan” brendinin dünya bazarında təbliğatına, milli şirkətlərin ixrac üzrə inkişaf etmiş ölkələrdə sertifikatlarla, patentlərlə təmin olunmasına, ixracla əlaqəli olan araşdırmavə təkmilləşmə proqramlarına, logistik şirkətlərin yaradılmasına lazım olan məsrəflərin dövlətın hesabına ödəniləcək miqdarının təyin edilməsi və onun ödəmə mexanizminin müəyyənləşməsi, tənzimlənməsi Qaydasının təsdiqi haqqında” 5 oktyabr 2016-cı il tarixli fərmanından irəli gələn vəzifələrin icrası təmin edilir. İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq olunmuşdur. Sərmayələrin təşviq olunması ilə əlaqəli sənədi və texnoloji avadanlıq və qurğuların idxal olunması üçün sənədi olan biznesmenlər Vergi Məcəlləsində, eləcədə “Gömrük tarifi haqqında” verilən qanunla müəyyən edilmiş güzəştlərdən istifadə etmək imkanını əldə edərək, mənfəət və gəlir vergisinin 50%-ni, əmlak və torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisini və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar.
Qoyulan sərmayələrin təşviq olunması sənədini alan sahibkarlar tərəfindən respublikaya gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulardan Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa görə əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunmuşdu. Azərbaycanda istehsal olunan qeyri-neft mallarının ixracının təbliğatı ilə əlaqəli 2016-2020-ci illərdə əmtəələrin gömrük bəyannaməsində qeyd olunan gömrük dəyərinin üc faizinin sahibkarlara dövlətin büdcəsindən ödənilməsi nəzərdə tutulur .
Respublikamızda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Limanının ərazisi də olmaqla Qaradağda Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi bir iqtisadi ərazi zonası qurulur. 2015-ci ildə Azərbaycan manatı 2 dəfə devalvasiya edildi. Bu devalvasiyanı bir çox insanlar neftin qiymətinin dünya bazarında aşağı düşməsi ilə izah edirlər.
Beynəlxalq təcrübə göstərir ki, transmilli biznesin uğurlu inkişafı üçün dövlətin siyasəti müəyyən iqtisadi-təşkilati-hüquqi tələblərə və şərtlərə cavab verməlidir. Belə tələblərdən biri qanunvericilik bazasının stabilliyini, maliyyə, vergi və gömrük tənzimləməsində dəqiq hüquqi bazanın yaradılmasıdır. Transmilli biznesin iştirakçısını daha çox maraqlandıran fakt birgə fəaliyyətdən onun sərəncamında qalan mənfəətin xüsuis çəkisi və mülkiyyətin qorunmasının və hüquqi tənzimlənmənin səviyyəsidir.
Azərbaycan dövləti istehsalçı və istehlakçıların hüquqlarının qorunması vəzifələrini öz üzərinə götürmüşdür. Ölkənin antiinhisar, mülkiyyət, vergi, ətraf mühitin qorunması, xarici ticarət, gömrük işi və s. tənzimləyən qanunvericilik aktları vardır.
2007-ci ildə “Sənayenin hasilatı sahələrində şəffaflıq təşəbbüsü”nə qoşulan Azərbaycanda neft və istərsə də metallurgiya sənayesində şirkətlər ancaq əldə etdikləri gəlirlərin məbləğini bəyan edirlər. Onların xərcləri ilə bağlı aspektlər açıqlanmır. Onu da diqqətə çatdırmağı vacib hesab edirik ki, hasilatın pay bölgüsü müqaviləsinin bəzi şərtləri istismar və kapital xərclərinin süni surətdə artırılmasına şərait yaradır. İqtisadi ədəbiyyatdan görünür ki, vaxtı ilə belə faktlar Venesuellada, ABŞ-da, Rusiyada və digər ərəb ölkələrində açkar edilmişdir. Məsələn, Rusiyanın “Saxalin-1” və “Saxalin-2” yataqlarının hasilatın pay bölgüsü müqaviləsi ilə istismarı ilə məşğul olan şirkətlərin hesabatlarını yoxlayan ölkənin Hesablama Palatası xərclərin əhəmiyyətli dərəcədə artırıldığını üzə çıxarmışdır (jurnal «Россиийский экономический журнал», Moskva, 2005, №11-12). Beləliklə, bu da dövlətə çatası mənfəətin xeyli azalmasına səbəb olmuşdur.
Şirkətlər, bir qayda olaraq, transfert qiymətlərindən (şirkətin filialları və digər bölmələri arasında istifadə olunan qiymət) istifadə edərək istehsal xərclərini əsassız olaraq artırırlar.
Bizim fikrimizcə, istehsal xərclərinin bəyan edilməsi məsələsini şirkətlərin qarşısında qoymaq ədalətli olar. Bu məqsədlə yeni hesabat formalarının hazırlanması və tətbiq edilməsi düzgün olar. Bundan başqa, çox vacib məsələ Azərbaycanın Hesablama Palatasının əsasnaməsində dəyişiklik etmək və ona təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ölkə qanunları çərçivəsində istismar və kapital xərclərin istiqamətlərini və gəlirlərin uçotunun düzgün aparılmasını yoxlamaq hüququ verilməsi məqsədəuyğun olardı.
Ümumiyyətlə, Azərbaycanda geniş tətbiq olunan hasilatın pay bölgüsü haqqında vahid qanun yoxdur. Ona görə də Azərbaycan və xarici şirkətlər arasında bağlanılan hasilatın pay bölgüsü sazişlərinin şərtləri əhəmiyyətli dərəcədə fərqli olurlar. Bu isə öz növbəsində vergi mütəxəssislərinin və auditorların işində xeyli çətinliklər yaradır. Beynəlxalq auditor şirkətlərinin təcrübəsi göstərir ki, vahid qanunun olmaması maliyyə uçotunda şirkətlərin mənafeyinə xidmət edən metodlardan istifadə etməyə şərait yaradır. Deyilənləri nəzərə alaraq, “Hasilatın pay bölgüsü müqaviləsi haqqında” qanunun hazırlanması və qəbulu düzgün olar.
Digər ölkələrin təcrübəsini nəzərə alaraq, təbii sərvətlərin istehsalı sferasında transmilli biznes fəaliyyətində şəffaflığı maksimum artırmaq məqsədilə, bizim fikrimizcə, həm dövlət orqanlarının, həm də şirkətlərin fəaliyyətinin monitorinqini həyata keçirmək düzgün olar. Burada şirkətlərin maliyyə prosüdurlarına xüsusi diqqət yetirmək məsləhətdir. ABŞ-da, İngiltərədə və başqa inkişaf etmiş ölkələrdə şirkətlərin maliyyə fəaliyyəti haqqında informasiyaların açıqlığı normativ-hüquqi aktlarla xeyli yüksək qəbul edilmişdir.
Digər bir məsələ hasilatın pay bölgüsü sazişlərinin tam mətninin açıqlanmamasıdır. Onların ingilis dilində internet saytlarında verilməsi bəzi hallarda mütəxəssislər üçün əlçatmazlıq yaradır.
Hasilatın pay bölgüsü sazişinin Azərbaycanda tətbiqinə başlayarkən (1994-cü ildən) kifayət qədər maliyyə resursu olmadığına görə, dövlət, xarici şirkətlər əhəmiyyətli güzəştlərin edilməsi məcburiyyətində qalmışdır. Faktiki olaraq onlar milli vergitutma rejimindən çıxarılmışlar. Onların idxal etdikləri avadanlıqlar və materiallar idxal rüsumundan azad edilmişdir. Məhsulların ixracı da gömrük rüsumundan azaddır. Vahid qanun olmadığına görə hasilatın pay bölgüsü müqavilələrin hər biri ayrı-ayrılıqda Milli Məclis tərəfindən təsdiq edilir və qanun statusu kəsb edir. Müqavilənin şərtləri kontraktın qüvvədə olduğu bütün dövrlərdə dəyişilməz qalır. Sonrakı illərdə respublikanın bu və ya digər qanunlarına edilən dəyişikliklər kontraktların məzmununa və şərtlərinə şamil edilmir.
Hasilatın pay bölgüsü sazişlərinin bağlanmasının Azərbaycan variantının bir fərqləndirici xüsusiyyəti də ondan ibarətdir ki, təbii sərvət yataqlarının istismarına hüququn verilməsi auksion əsasında keçirilmir. Bu proses mərkəzi idarəetmə orqanlarında danışıqlar yolu ilə baş tutur.
Azərbaycanda birgə müəssisə və hasilatın pay bölgüsü sazişi çərçivəsində şirkətlər öz paylarını müsabiqədən kənar və parlamentin təsdiqi olmadan satmaq hüququna malikdirlər.
Mütəxəssislərin hesablamalarına görə Rusiyanın açıq səhmdar cəmiyyəti olan “Lukoyl” 1997-2002-ci illərdə hər dollar qoyduğu investisiyalardan 2 dollar iqtisadi səmərə əldə etmiş, investisiyaların səmərəliliyi 200% olmuşdur. Bu da o deməkdir ki, investisiyaların qayıtma müddəti 5 il olmaqla normadan 2 dəfə az olmuşdur.
Qənaətimiz ondan ibarətdir ki, hasilatın pay bölgüsü sazişlərinin Azərbaycanda istifadəsinin qanunvericilik bazasına yenidən baxılması və ondan istifadənin məhdudlaşdırılması məqsədəuyğundur. Bu gün Azərbaycanın maliyyə, o cümlədən investisiya resursları kifayət qədərdir ki, təbii sərvət yataqlarını özü istismar etsin. Bundan başqa, ölkə ixtisaslı kadr heyətinə, yeni texnologiyalara və idarəetmə sisteminə malikdir.
Hasilatın pay bölgüsü sazişlərində nəzərdə tutulur ki, xarici şirkət 2-3 il öz vəsaiti hesabına investisiya qoyur. Sonrakı dövrlərdə isə neft gəlirlərinin bölgüsünə qədər əldə edilən gəliri reinvestisiya etmək hüququndan istifadə edir.
Apardığımız analitik araşdırmalar göstərir ki, transmilli biznesin dövlət tənzimlənməsinin iqtisadi-hüquqi mexanizmlərinin təkmilləşdirilməsi zəruridir. Tənzimləmənin iqtisadi mexanizmlərinin, xarici və birgə müəssisələrin yaradılmasının təşkilati-hüquqi formalarının, biznes infrastrukturlarının və xarici investisiyaların qorunmasının mexanizmləri nəzərdə tutulması tələb olunur. İqtisadi mexanizmlər dedikdə biz pul-kredit, valyuta, vergi, qiymət və xarici ticarət siyasətinin transmilli biznesin inkişafına təsiri metodlarını nəzərdə tuturuq.
2016-cı ildə Azərbaycanda istehsal olunan xam neftin 85 faizdən çoxu ixrac edilmişdir. Onun da 80 faizdən çoxu xarici kompaniyalara məxsusdur.
Bizim fikrimizcə, Azərbaycan Respublikasının vergi Məcəlləsində hasilatın pay bölgüsü sazişini icra edərkən istifadə oluna bilən “Hasilatın pay bölgüsü sazişinin icrası zamanı vergiyə cəlbetmə sistemi” adı altında vergiyə cəlbedilmənin xüsusi rejiminin nəzərdə tutulması məqsədəuyğun olar. Bu rejimdən təkcə neft sənayesində deyil, digər sahələrdə də, məsələn, qızıl, dəmir və alüminium filizlərinin və s. istifadə oluna bilər.
Azərbaycanda bütün neft yataqları üçün mədən vergisinin dərəcəsi eyni müəyyən edilmişdir. Beynəlxalq təcrübədə isə yataqların gəlirlilik səviyyəsindən asılı olaraq mədən vergisinin dərəcəsi müəyyən edilir. Azərbaycanın neft, qaz, filiz yataqlarının gəlirlilik səviyyəsi əhəmiyyətli dərəcədə fərqləndiyinə görə və dövlətin gəlirdə payını artırmaq məqsədilə differensial vergi dərəcəsinin tətbiqi ədalətli olardı.
Hal-hazırda Azərbaycan dövləti böyük həcmdə maliyyə resurslarına malik olduğuna və güclü milli şirkətlərin formalaşdığına görə, bizim fikrimizcə, ölkənin təbii sərvət yataqlarının istismarına xarici şirkətlərin cəlb edilməsini stimullaşdırmağa ehtiyac yoxdur. Bununla əlaqədar olaraq xarici şirkətlərlə bağlanılan yeni kontraktlarda bütün növ (əlavə dəyər vergisi, ixrac vergisi, əmlak vergisi, idxal rüsumları, aksiz vergisi və s.) vergilərin ödənilməsinin nəzərdə tutulması düzgün olar və dövlətin gəlirlərinin artırılmasını təmin edər.
Beynəlxalq ekspertlərin proqnozları göstərir ki, neft və qaza olan qlobal tələbatın həcmi 2050-ci ilədək ildə təqribən 0,7% azalacaq. Deməli, neftin qiymətinin əvvəlki kimi yüksək olacağı ehtimalı yoxdur. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatında 2025-ci ilədək illik artımın 2-3% olacağını proqnozlaşdırır. 2016-cı ildə 2015-ci illə müqayisədə ümumi daxili məhsul 3,8%, o cümlədən qeyri-neft sektorunda 5,4% az istehsal edilmişdir. Qeyri-neft sənaye istehsalı 5% artmışdır.Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə 2017-ci ildə Azərbaycan üzrə ÜDM-n artım tempi 1,4%, 2018-ci ildə 2,3 və 2019-cu ildə 2,9% ehtimal olunur. Azərbaycan hökumətinin proqnozuna görə 2017-2020-ci illərdə bu göstərici 1-3% olacaqdır. 2017-ci ildə bu göstərici 0,9 faiz olmuşdur. Artımın bu səviyyəsi isə Azərbaycan iqtisadiyyatının qarşısında duran məqsədlərə çatmağa imkan vermir. Belə ki, 2020-ci ilə İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri 2020-ci ilə qədər Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsinin təmin edilməsidir. Odur ki, Azərbaycanda ucuz neft şəraitində iqtisadiyyat yeni təməllər, başqa sözlə qeyri-neft sektorunun üzərində qurulmaqla, daha yüksək artım tempinə nail olunmalıdır. Qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritə”sinin qarşıya qoyduğu məqsəd məhz bundan ibarətdir.
Strateji Yol Xəritəsi milli iqtisadiyyatın 11 iqtisadi sahəsinə aid olan 12 sənəddən ibarət olmaqla qəbul edilmişdir. Sənəd təkcə inkişaf məqsədlərini və prinsiplərini əhatə etmir. SYX üzrə hər bir sahə üzrə beynəlxalq trendlər, carı situasiyanın təhlil edilməsi, görüləcək bütün işlər, tələb olunan indikatorlar əks olunmuşdur. İstehsal və xidmətlər sahəsində 6 əsas sektoru, iki sosial və 3 infrastruktur sektorunu əhatə edən Strateji Yol Xəritəsi növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədi hesab edilir.Bu sənəd 2025-ci il də daxil olmaqla daha sonra əldə olunması nəzərdə tutulan hədəf və məqsədləri təyin edir. SYX-da nəzərdə tutulan illərə görə yol xəritəsi, iqtisadi yüksəliş strategiyası hazırlanır.Bu xəritədə 2016-2020-ci illər üçün geniş tədbirlər planı, daha sonrakı illər üçün uzunmüddətli proqnoz və məqsədli proqnoz hazırlanıb.Strateji Yol Xəritəsində qarşıya qoyulan vəzifələr əsasən ticarətin, emalın, özəl sahibkarlığın, yüksək texnologiyalara əsaslanan sektorların, yüksək ixtisaslı əməyə əsaslanan sahələrin, yüksək gəlirli bazarların və yüksək dəyər yaradan bölmələrin daha üstün artımı hesabına nail olunması nəzərdə tutulmuşdur. Milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi biznes mühitinin daha da yaxşılaşdırılmasını, maliyyə-bank sisteminin sağlamlaşdırılmasını və monetar siyasətin təkmilləşdirilməsinin, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsini zəruri etmişdir.
Azərbaycan Respublikasının SYX qeyri-neft sahəsinə qoyulmuş BXİ-in artırılması, qeyri-neft məhsullarının ÜDM- də 9% olan hazırkı göstəricisi 2025-ci ilə qədər 16%-ə çatdırılması, qeyri-neft sahəsi üzrə ixracın 2015-ci ildə adambaşına olan 170 dollardan 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması, dövlət büdcəsinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun transfertlərinin xüsusi çəkisini 2015-ci ilə qədər 15%-ə endirilməsi, 2020-ci ilədək nəzərdə tutulan prioritetlərin yerinə yetirilməsi üçün təxminən 27 milyard manat investisiyadan istifadə edilməsi (daxili və xarici investisiyalar) nəzərdə tutulur.
2015-2016-cı illərdə Azərbaycan iqtisadi-maliyyə sistemində yaranmış durum dövlətin iqtisadiyyata müdaxiləsinin gücləndirilməsini zəruri etdi.Çoxsaylı normativ-hüquqi aktlara dəyişikliklər və yeniləri qəbul edilmişdir. Bir çox yeni təşkilati-idarəetmə strukturları yaradılmışdır. Mövcud idarəetmə orqanlarının əsasnamələri təkmilləşdirilmişdir.
Bizim fikrimizcə, hökumətin həyata keçirdiyi tədbirlər iqtisadi nəzəriyyənin bir məktəbinin – institusional iqtisadi nəzəriyyənin müddəalarına uyğundur.
Son illər bir neçə mərkəzi idarəetmə orqanlarının yaradılmasını düzgün hesab etməklə, bizim fikrimizcə, ölkədə bütünlükdə ticarət fəaliyyətini tənzimləyən dövlət orqanının yaradılmasına da ehtiyac var (Ticarət nazirliyi və Ticarət Xidməti Agentliyi).
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2011-ci il tarixli, 405 saylı sərəncamına ixrac siyasətinin koordinasiyasının gücləndirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əsasnaməsində deyilir ki, nazirlik daxii ticarət xarici əlaqələrin və iqtisadi xarici ticarət fəaliyyətlərinin inkişafı və tənzimlənməsi sahəsində dövlət siyasətini aidiyyatı dövlət orqanları ilə brlikdə hazırlayır və həyata keçirilməsini təmin edir (2.09.-2.0.10).
Uzunmüddətli strateji yol xəritəsində göstərildiyi kimi, dövlət xarici iqtisadi əlaqələrin səmərəliliyini yüksəltmək istiqamətində tənzimlənməni təkmilləşdirmiş, xüsusən gömrük tarif, vergi və qeyri-tarif inzibati mexanizm və metodlarından istifadəni artırmışdır. Ölkədə ixrac potensialını stimullaşdırmaq üçün sahəvi normativ-hüquqi baza təkmilləşdirilmiş, ixracyönümlü məhsul istehsal edən müəssisələrin stimullaşdırılması həyata keçirilir.
Respublikanın xaricdə nümayəndəliyinin açılması və fəaliyyətlərinin genişləndirilməsi həyata keçirilir.
Xarici iqtisadi əlaqələr sferasında informasiya xidmətləri, reklam işinin təşkili və təkmilliyi, habelə marketinq fəaliyyəti genişləndirilir. Xarici partnyorlarla istehsal kooperasiyası, xalq istehlakı malları istehsalında, yüksək texnologiyalar sferasında əməkdaşlıq genişləndirilir. Beləliklə, ixrac imkanlarının motivasiyası, sərmayələrin təşviqi ilə əlaqəli qəbul olunmuş qərarlarla sərmayəcilərə güzəştlərin edilməsi biznesin daha da artımına və xarici sərmayəcilərin cəlb olunmasına , qeyri-neft məhsullarının ixracının motivasiyasına səbəb olacaqdır. Beləliklə də qeyri-neft sektorunun yüksəlişinə imkan yaranacaq. Yəni ,ölkə ücün prioritet olan sahələrdə sərmayə qoyan sahibkarların kapital təşviq sənədini əldə etdikləri andan idxal oluan avadanlıq və qurğular yeddi il ərzində gömrük rüsumları verməyəcəklər. Həm də, biznesmenlər sərmayə təşviqi sənədinə görə, 7 il ərzində gəlir və mənfəətin 50%-i üzrə vergilərdən (əmlak və torpaq vergisindən, ƏDV) azad olunurlar. Hansı ölkələrdə ki, potensial ixrac bazarları mövcuddur, o ölkələrdə logistik mərkəz qurulması ilə bağlı konkret iş görülür. İxrac elektron portalının yaradılması işləri sürətləndirilir. Qablaşdırmanın ixrac prosesində əhəmiyyətini ciddiyə alaraq bu sahədə işlərin görülməsi sürətləndirilməlidir
2016-cı ildə ixrac dövriyyəsinin 38,3%-i Avropa İttifaqı ölkələrinin, 12,1%-i MDB üzvü dövlətlərinin, 49,6%-i isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, plastik kütlə, kimya sənayesi məhsulları, pambıq ipliyi, plastik kütlə və ondan hazırlanan məmulatlar, emal olunmamış gön-dəri üstünlük təşkil etmişdir. Ümumiyyətlə, ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiya nəticəsində respublikada mal qrupları üzrə, ixracın dinamikasında nəzərə çarpacaq dərəcədə dəyişiklik yaratmışdır.
Mal qruplarının dinamikasının təhlili göstərir ki, 2010-cu illə müqayisədə 2015-ci ildə ölkə üzrə ixrac 10 milyard ABŞ dolları qədər azaldığına baxmayaraq, digər bir çox mal qrupları üzrə artmışdır. Son illərdə iqtisadi islahatlar zəminində ixrac potensialının stimullaşdırılması ilə bağlı respublikada görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Digər mal qrupları üzrə azalmalar isə bazar və xarici alıcılardan asılı olmuşdur.
Ölkədə ixracın coğrafi quruluşunda nəzərə çarpacaq dərəcədə dəyişiklik olmuşdur. Belə ki, ixracın genişləndirilməsi, Azərbaycanda istehsal olunan mal və məhsulların keyfiyyətinin Avropa standartlarına çatdırılması da vacib məsələlərdən biridir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məqsədlə indiyədək 100-dən çox milli standartı Avropa standartına uyğunlaşdırılmışdır.
Qeyri-neft sektorunda ixrac potensialının əsası olan meyvə şirələri və nar şirəsi dünya bazarı üçün maraqlıdır. Dünya bazarında Azərbaycanda istehsal olunan nar şirələrinə, fındığa olan tələb təklifdən artıqdır . Yaxın zamanlarda Meyvə Şirələri İstehsalçıları Assosiasiyasında ilk olaraq 7, Fındıq və Qoz Məhsulları İstehsalçıları Assosiasiyasında isə 4 şirkət təmsil olunacaq. Gələcəkdə bu şirkətlərin sayının artacağı da gözlənilir. Assosiasiyalar tərəfindən Azərbaycanın fındıq, qoz məhsulları və meyvə şirələrinin daxili və xarici ölkələrdə təqdimatının keçirilməsi, habelə yerli bazarda təşviqinin aparılması nəzərdə tutulur.
Məhsulun növündən və təyinatından asılı olaraq stimullaşdırma strateji yol xəritəsində nəzərdə tutulmuş yeni gömrük rüsumu və vergi (ƏDV, aksiz və s.) amillərdən çox asılıdır. Gələcəkdə Avropa, Asiya, Amerika, Atlantika və Okean regionları tərəfdaş ölkələrinə ixrac potensialının stimullaşdırılması ölkənin valyuta gəlirlərinin çoxalmasına, iqtisadiyyatın ümumi inkişaf tempinin sürətlənməsinə və əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə gətirib çıxaracaqdır. İxrac potensialının stimullaşdırılması üçün Azərbaycan hökuməti ixracatçının xarici bazara çıxarışını sadələşdirmiş, ixrac əməliyyatları üçün sənəd dövriyyəsini sadələşdirmiş, ixrac potensialının artırılması nəzərdə tutulmuş, ixracatda marketinq dəstəyi təmin edilmiş, ixrac məhsullarının xarici bazar tələbatına uyğunlaşdırılması həyata keçirilmiş, logistik mərkəzlərin yaradılması davam etdirilmiş, Azərbaycanda ixrac assosiasiyaları yaradılmışdır.
Azərbaycana görə əhəmiyyətli olan, milli prioritetləri və bunlara aid göstəriciləri təyin etmək ücün 2030-cu ilə qədər olan dövrdə Maliyyə Sabitliyi Şurası, həm də respublikada sosial-iqtisadi sektoru aid olan dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək məqsədilə isə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı. Eyni zamanda Azərbaycanın nümayəndələrinin (ticarət) ixracın təşviqi ücün bəzi ölkələrdə diplomatik nümayəndəliklərin daxilində olması qərara alındı. Beləliklə, biznes sektorunda kecirilən yoxlamalara son verildi, lisenziyalaşdırma yaxşılaşdırıldıi, sərmayələrin təşviqi və qeyri-neft məhsullarının ixracının motivasiyası sahəsində əsas qərarlar verildi.
Respublikada 2016-cı ildə yaranan “İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzinin “əsas vəzifəsi təhlil informasiyaları ilə iqtisadi dəyişikliklərin reallaşmasına görə təkliflər verilməsi, həmcini orta və uzunmüddətli dövr üçün proqnozların hazırlanması, dövlət qurumlarının bu proqnozlarla təmin olunması, iqtisadiyyatın bir cox fərqli sahələrində respublikanın uğurunu təbliğ etməkdir.
Güclü dövlətlərin təcrübəsi bir daha təsdiq edir ki, respublikada transmilli biznesin inkişafının keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması ücün vəzifələrin reallaşmasında qeyri-neft emal sənayesinin inkişaf etdirilməsinin yüksək əhəmiyyəti vardır. Çünki ölkənin transmilli biznesi əsasən neft-qaz sektoru üzərində qurulmuşdur.
Ölkədə transmilli biznesin istehsal bazasının dəyişdirilməsi istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlər əhəmiyyətli dərəcədə sürətləndirilməli və məqsədyönlü xarakter daşımalıdır. Buna nail olmaq üçün dövlət tənzimləmə sisteminə prinsipial xarakterli dəyişikliklərin edilməsi zəruridir. Diversifikasiya konsepsiyası Azərbaycan Respublikasının daxili bazarının sənaye və kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsini və yerli məhsullarla dünya iqtisadi sisteminə inteqrasiya olunmasını təmin etməlidir. İxracın diversifikasiyasını artırmağa imkan verən sənaye kənd təsərrüfatı məhsullarının çeşidini əvvəlcədən indidən hökumət müəyyən etsə düzgün olar Çeşidin müəyyənləşməsində əsas kriteriya xarici və daxili bazarda olan tələb, respublikanın əmək ehtiyatları və xammal bazası ola bilər. Bu amillərə əsaslanan yeni sənaye məhsullarının yeni texnologiya ilə istehsalı təşkil olunmaqla, dünya bazarına çıxış həyata keçirilə bilər. Müəyyən zaman daxilində dəqiq sənaye sahələrinin öncüllüyü nəzərə alınaraq, gələcək illərdə yerli iqtisadiyyatın prioritetlərinin müəyyən edilməsi yerinə düşərdi. Bu da respublika üzrə iqtisadi artımı təmin etməklə, paralel işsizlik və yoxsulluq problemlərinin həllinin sürətləndirilməsinə imkan verir.
Respublikanın sənayeləşdirmə etapının uğurla həyata kecirmək və başa catdırmaq ücün beynəlxalq təcrübəyə görə, iqtisadiyyatın əsasını yüksək səviyyəli emal sənayesi və digər innovasiyalı sahələr təşkil etməlidir. Bu müddəalara da uyğun ölkənin inkişaf modeli və onun icra mexanizmləri, metodları, qanunvericilik bazası yaradılmalıdır.
Xarici ölkələrin təcrübəsinə əsaslanaraq Azərbaycanın transmilli biznesinin strukturunun yenidən qurulmasını dövlət sürətləndirə bilər. Aparıcı meyl ondan ibarət ola bilər ki, əvvəlcə bir qrup istehsal sahələri həm daxili və həm də xarici bazarlarda ödəmə qabiliyyətli tələbin həcminə və strukturuna uyğunlaşdırılsın. Azərbaycan hökuməti işgüzar dairələrlə əməkdaşlıq şəraitində prioritet sahələr üzrə məqsədli istehsal və investisiya proqramları müəyyən etməklə, onların yerinə yetirilməsində öz investisiyası ilə iştirak edə və daimi nəzarət həyata keçirə bilər.
Dünyada baş verən qloballaşma transmilli biznes konsepsiyasında müəyyənedici amillərdən biri olaraq qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, transmilli biznesdədəyişikliklər konsepsiyası uzun müddətə davamlı iqtisadi artıma şərait yaratmaq, daxili və xarici bazarlarda rəqabətqabiliyyətli məhsul istehsal etmək və ya milli maraqlara xidmət edən sahələri müdafiə və inkişaf etdirmək məqsədi ilə milli iqtisadiyyatın strukturunun yenidənqurulmasını təmin edən dövlət tənzimləmə tədbirləri sistemindən ibarətdir.
Transmilli biznesin dərin struktur dəyişikliklərinə maksimum iqtisadi və sosial səmərə ilə nisbətən qısa dövr ərzində nail olmaq üçün, fikrimizcə, hər şeydən öncə, milli prioritetlərin seçilməsi vacibdir.
Aqrar sektorun, neft-kimya sənayesinin, yüngül və metallurgiya sənayesinin və habelə istehlak malları istehsalının, tikinti materialları istehsalının, maşınqayırmanın, elmi-tədqiqat və konstruktor işlərinin bir çox sahələrinin milli prioritet kimi elan olunsa zəruridir. Dövlət investisiyalarının bir-birini tamamlayan prioritet istehsal sahələrinə (məsələn, üzüm, dəmir filizi, alüminium oksidi və digərləri əsasında) yönəldilməsi yolu ilə ölkənin transmilli biznesinin problemlərinin həll edilməsinin həlledici vasitəsinə çevirmək zəruridir.
2020-ci il İnkişaf Konsepsiyasına uyğun olaraq, iqtisadiyyatın klasterlər əsasında inkişafı çərçivəsində dəmir və alunit filizləri, neft, qaz emalı və neft-kimya zavodlarından ibarət kompleksin inkişafı planlaşdırılır. Klaster komplekslərin yaradılması yekun məhsulun istehsal olunub başa catmasına qədər bütün texnoloji zəncirin yaranmasına imkan verəcəkdir . Hesab edirik ki, meyvə-tərəvəz, pambıq, üzüm, barama, şəkər çuğunduru, yun istehsalı və s. əsas kənd təsərrüfatı məhsullarının da əsasında klasterlər yaradılması məqsədəuyğundur. İstehlak təyinatiı əmtəələrin istehsal olunmasının artırılmasını təmin edən obyektlərin inşası dövlətin lazımlı obyektləri hesab oluna bilər. Azərbaycan hökuməti sənaye və kənd təsərrüfatı istehsalında dərin struktur dəyişikliyi əsasında idxalı azaltmağa, daxili bazarın tələbatını milli istehsalın hesabına daha dolğun təmin edə bilər. Respublikada qara və əlvan metallurgiyanı inkişaf edirməklə, neft-qaz istehsal qurğularının istehsalını, aqrar məhsullarının əsaslı emalını tətbiq etməklə, daxili bazarı keyfiyyətli, həm də rəqabətədayanıqlı milli əmtəə və xidmətlərlə təmin edə bilərik. Milli prioritet sahələrinin inkişafı daxili bazarın qorunmasını da zəruri edir.
Daxili bazarı qorumaq üçün bəzi idxal mallarına rüsumlar hökumət tərəfindən artırılmışdır. Ancaq, bizim fikrimizcə, qarşıya qoyulan məqsədə nail olmaq üçün beynəlxalq miqyasda istifadə olunan idxal-ixrac kvotalarından müəyyən dövr ərzində istifadə edilməsi düzgün olar. Kvotalar isə müəyyən məhsul qrupları üzrə istehsal və istehlak balansları əsasında müəyyən edilməlidir. Kvotalar müəyyən edilərkən yerli məhsulların rəqabət qabiliyyəti, daxili bazarın tələbi də nəzərə alınmalıdır.
Digər konseptual məsələ idxaldan asılılığın, daxili bazarın tələbi və yerli müəssisələrlə rəqabəti nəzərə almaqla, maksimum səviyyədə azaldılmasıdır. Ərzaq məhsullarının dövlət sifarişi formasında alınması haqqında hökumət qərar qəbul etmişdir. Bu məqsədlə yeni dövlət orqanı da yaradılmışdır. 2016-cı ildə ölkə başçısı bəyan etmişdir: “... dövlət fermerlərdən xaricə göndərmək üçün yardım formasında məhsulu almağa da hazırdır” [47,s. 1]
Xammalı idxalla bağlı olmayan istehsal sahələri yaradılmalıdır. Əgər bir bağlılıq varsa o nəzərə carpmamalıdır. Respublikada istehsal olunan meyvə şirələrinin qarışığı və qabların əksəriyyəti xaricdən alınır. Belə çıxır ki, bunun 70-80%-i idxal məhsuludur. Konsentratı özümüz istehsal etmirik, idxaldan asılıyıq. Emal müəssisəsi inşa ediləndə, həmin müəssisədə yerli xammaldan istifadənin təmin olunmasına diqqət olunmalıdır.
Azərbaycanda iqtisadiyyatın strukturunun yenidən qurulmasını dövlət sürətləndirə bilər. Əsas, aparıcı təmayül istehsalın daxili və xarici bazarlarda alıcının tələbinin həcminə, quruluşuna yönəldilmiş olmasıdır. Məsələn, inkişaf etmiş ölkələrlə kooperasiya əsasında və yerli xammal bazasında Azərbaycanda pambıq-parça istehsalı geniş inkişaf edə bilər. Azərbaycanda toxuculuq sənayesi üçün etibarlı xammal bazası yaratmaq olar. Respublikamız güclü iqtisadiyyatı olan parça mallarının ixracı ilə bərabər, güclü istehsal-tikiş ənənəsi olan sənayesinin yenidən inkişaf etdirilməsinə müvəffəq ola bilər. İnkişaf etmiş ölkələrlə kooperasiya əsasında kənd təsərrüfatı məhsullarının dərin emalı üçün onların investisiya imkanlarından istifadə oluna bilər.
Dünya təcrübəsi göstərir ki, milli iqtisadiyyatın rəqabət üstünlüyünün yaradılması və saxlanılması üçün əlverişli təşkilati-hüquqi, iqtisadi və təşkilati idarəetmə şəraitinin yaradılmasına istiqamətlənmiş dövlət siyasəti zəruridir. Dövlətin bu siyasətinin həyata kecirilməsi üsulu seçilərkən, bazarda gedən rəqabət mübarizəsində təkcə dövlətlərin yox, konkret olaraq firmaların qarşı-qarşıya gəldiyini nəzərə almaq lazımdır. Onların inkişaf strategiyası, idarəetmənin və marketinqin təşkili metodları dövlət siyasətinin bazasında seçilməli və bu siyasətin realizasiyasına xidmət etməlidir.
Azərbaycanda uzunmüddətli transmilli biznesin inkişafını təmin edə bilən müsbət amillər də mövcuddur. Onlardan dövlət büdcəsinin dayanıqlığını,əmək məhsuldarlığının artımını, əmək ehtiyatlarının kifayət qədər olmasını, investisiyaların, xüsusilə dövlət büdcəsinin əsaslı vəsaitlərinin artımını, strateji valyuta ehtiyatlarını, ümumi daxili məhsulla müqayisədə aşağı səviyyəli dövlət borcunun olmasını göstərmək olar.
Azərbaycanda dövlət tərəfindən prioritet emal sənaye və kənd təsərrüfatı sahələrinin seçimində, bizim fikrimizcə, əsas bir neçə meyar ola bilər: əmək resurslarından tam və səmərəli istifadəni təmin edən, regional inkişafda tarazlıq, əlavə dəyər yaradan, daha cox iqtisadi effekt yaradan sahələr. Zamanın tələbinə görə bu sahələr innovativ texnologiya əsasında yenilikci xüsusiyyətlər daşımalıdırlar.
Dövlətin transmilli biznes siyasətində aşağıdakı istiqamətlərin ön plana çəkilməsi düzgün olardı:
- bütünlükdə iqtisadi sistemin səmərəliliyinin artırılması;
- dünya bazarına məhsulu çıxarıla bilən sənaye sektorlarının müəyyən edilməsi və inkişafı;
- idxalı əvəzləyən sahələrin, habelə əmək və elmtutumlu sahələrin prioritet inkişafının təmin olunması.
Elmi araşdırmalarımız göstərir ki, Azərbaycanın transmilli biznesinin tənzimlənməsini gücləndirmək məqsədilə aşağıdakı istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı:
- qeyri-neft sənaye və aqrar sektorlara uzunmüddətli investisiyaların stimullaşdırılması;
- əmək məhsuldarlığının əsas iqtisadi göstərici kimi qəbul edilməsi, uçotunun və nəzarətinin təşkili, mütləq həcminin əhəmiyyətli dərəcədə artırılması;
- fiziki və hüquqi şəxslərin əmanətlərinin və depozitlərinin investisiya məqsədləri üçün istifadənin stimullaşdırılması;
- rəqabət mühitinin əsaslı surətdə yaxşılaşdırılması, istehsal və ticarət sektorlarında inhisarın məhdudlaşdırılması üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- tədiyyə balansının xidmətlər və gəlirlər maddələrdəki disbalansın (mənfi saldonun) aradan qaldırılması;
- daxili bazarda ödəməqabiliyyətli tələbin artırılması və onun stimullaşdırılması;
- istehsal qiymətləri üzərində dövlət nəzarəti sisteminin formalaşdırılması;
- daxili tələbi ödəyən modifikasiya olunmuş ixracyönümlü siyasətin aparılması;
- əmək ödənişləri sisteminin təkmilləşdirilməsi;
- elm-təhsil-səhiyyə sistemində modernizasiyanın sürətləndirilməsi;
- makroiqtisadi, fiskal, təhsil, innovasiya, məşğulluq və sosial müdafiə sferasında dövlət siyasətinin koordinasiyasının gücləndirilməsi;
- fond bazarının miqyaslı inkişafı üçün korporativ qiymətli kağızların dövriyyəsi ilə bağlı dövlət tərəfindən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi; Avropa və Amerika təcrübəsi əsasında korporativ qiymətli kağızların bir şəxs tərəfindən əldə edilməsinə məhdudiyyətin qoyulması;
- investisiya fəaliyyətində dövlət-özəl partnyorluğunun emal sənaye sahələrində daha da genişləndirilməsi.
Azərbaycanın bir çoxşirkətlərində hələ də şaquli idarəetmə strukturu saxlanılır. Bu struktrun daxilində sərt ierarxiya və səlahiyyətlərin baş idarədən aşağı səviyyələrə qədər ötürülməsi mövcuddur. Şaquli inteqrasiya transmilli biznes fəaliyyəti ilə məşğul olan şirkətlərə imkan verir ki, onlar həm şirkətin əsas fəaliyyətini, həm də onunla əlaqəli olan maraqlar sahəsini istehsalın ardıcıl texnoloji mərhələlərində idarə etsin. Yeni fəaliyyət sahələrinə daxil olmaq ehtiyacı bir sıra şirkətlərin idarəetmə struktrunda dəyişikliklər etdi. Şirkətlərdə idarəetmənin matrisa strukturu uğurla tətbiq edilməyə başlandı. Eyni zamanda bir sıra şirkətlər bu idarəetmə formasını həddindən artıq mürəkkəb hesab edərək, daha sadə olan şaquli və üfqi tabeçilik formalarına qayıtdı.
Transmilli şirkətlərdə, bir qayda olaraq, fəaliyyət strategiyası hazırlanır. Bu strategiyada şirkətin əmtəə və xidmətlərinin hansı ölkələrdə satılması və bu ölkələrin hər birində bazarın hansı hissəsinin tutulması müəyyənləşdirilir. Əmtəə və xidmətin təklifi, ticarət markasının və marketinq fəaliyyətinin standartlara uyğunluğu, qlobal miqyasda ticarət markasının idarə edilməsinin digər ölkələrin bazarlarına çıxmaq üçün strateji alyanslardan istifadə dərəcəsi nəzərdə tutulmalıdır.
Məşhur alim D.Aaker tərəfindən strategiyanın istiqamətləri təklif edilmişdir.Onun fikrincə, xarici bazarlarda əsas rəqiblər müəyyən edilməli, əmtəə və ya marketinq strategiyasının bəzi elementlərinin standartlaşdırlıması aparılmalı, əlavə dəyər yaradan funksiyaların müxtəlif ölkələrə bölüşdürülməsi, bazarlardan birində əldə edilən gəlirdən digər bazarlarda əlverişli mövqe tutmaq üçün istifadə olunması nəzərdə tutulmalı, cəlbedici bazarlara çıxış imkanları araşdırılmalı, qlobal ad üstünlüklərindən istifadə edilməsi və sairələr strategiyada əks olunmalıdır.
Dostları ilə paylaş: |