Teoloji bazis
Hansısa dini təlimin müstəqil olması onun boş yerdə yaranması demək deyildir. Bir dinin özündən əvvəlki dinin teoloji bazisində yaranması bütün dinlər üçün ümumi qanunauyğunluqdur; Buddizmin ənənəvi Hinduizmin (Brahma-nizmin) teoloji bazisində yaranması və bu təlimin artıq müstəqil din şəkilində Tibet, Çin, Yaponiya, Cənubi-Şərqi Asiyaya yayılaraq, bu ölkələrin xalqları üçün çox güclü mədəni amilə çevrilməsi buna əyani misal ola bilər. Eynilə Hinduizm özündən əvvəl nazil olmuş Brahmanizmin, o isə daha qədim din olan Veda inancının teoloji bazisində formalaşmışdır.
İlkin xristianlıq dövründə (I-II əsrlər) Həzrət İsa Məsihin şagirdləri və ardıcılları Onun dini təlimini İudaizm çərçivəsində təbliğ edirdilər və təqribən iki əsr ərzində müasirləri Xristianığa İudaizmdən ayrılmış qol kimi baxmışdır. Xristianlıq yalnız Müqəddəs Yazıları, təşkilatı strukturu, ayin və mərasimlər sistemi formalaşdıqdan və nəhayət, qeyri-semit mənşəyli xalqlar və etnik qruplar bu təlimi qəbul etdikdən sonra müstəqil din kimi tanınmışdır.
Bəhai dini İslamın teoloji bazisində formalaşmış dini təlimdir. Onun İslamın mədəni konteksində yaranması, bir çox cəhətlərinə – tarix, dil, terminologiya və qismən teologiya məsələlərində bu dinə yaxınlığını müşahidə etmiş ilk tədqiqatçılar onu yalnış olaraq İslam təriqətlərləri sırasına daxil etmişlər. Sonrakı araşdırmalarda biz əmin olacağıq ki, teoloji mahiyyətinə görə Bəhai dinini İslamın məzhəb və cərəyanlarına aid etmək mümkün deyildir. Bu təlim, bəzi tədqiqatçıların (A.Masse, 1963) təkidinə baxmayaraq, İslamı inkişaf etdirmək və ya onu müasirləşdirməyi bir məqsəd kimi qarşısına qoymaışdır. Ona görə də Bəhai təlimini Martin Lüterin “Reformasiya hərəkatı” (XVI əsr) ilə eyniləşdirmək və yaxud onu İslam daxilində reformasiya hərəkatı kimi təqdim etmək obyektivikdən uzaqdır. Digər tərəfdən, bəhailər Quran-İ-Kərimi Allahın nazil etdiyi Müqəddəs Vəhy kitabı hesab etsələr də, O, Bəhai dini üçün teoloji əsas və qanunlar mənbəyi deyildir. Bəhai dininin əsasını və onun qanunlarının mənbəyini Bəhai dininin banisi Həzrət Bəhaullahın Yazıları təşkil edir. Bəhai dini təliminə görə, Həzrət Məhəmməd Vəhyinin (Əhdinin) zamanı hicri tarixi ilə 1260-cı ildə (miladi 1844-cü il) bitmiş, Həzrət Bəhaullahın zühuru ilə bəşəriyyətin tarixində Yeni Era başlamışdır. Hələ 1848-ci il Bədəşt konfransında bu yeni təlimin tərəfdarları yeni Vəhyin mahiyyətini dərk edərək İslam qanunlarının ləğv edildiyini bəyan etmişdilər. Beləliklə İslamın ən böyük ehkamı – Həzrət Məhəmməd Əhdinin bəşəriyyət üçün sonuncu olması – bəhailər tərəfindən qəbul edilmir. Ona görə də Bəhai dinində mərkəzi mövqedə Həzrət Məhəmməd deyil, Həzrət Bəhaullah durur. Həmçinin bu təlimin yalnız ona məxsus bir sıra anlayışlar və başqa dinlərdə analoqu olmayan nadir İnzibati Sistem və digər əlamətlərdən ibarət teoloji bazis ilə ortaya çıxması, onun İslamda hansısa dəyişikliklər etmək və ya ona hansısa yeniliklər gətirmək marağında olmadığını, əksinə, Bəhai təliminin bütövlükdə din anlayışında və insanların dini baxışlarında köklü dəyişiklər etmək istədiyini göstərir. Bəhai təliminin İslam təriqəti deyil, müstəqil din olmasını şərtləndirən başqa cəhətlər də vardır ki, onlar aşağıdakılardan ibarətdir:
İ. Bəhai dinində Peyğəmbərin (Həzrət Bəhaullah) və Onun nazil etdiyi Vəhy Kitabının (Kitab-İ-Əqdəs) və digər Müqəddəs Yazıların mövcudluğu;
II. Həzrət Bəhaullahın vasitəçiliyi ilə yeni İlahi Əhdin (Bəhaullah Əhdinin) bağlanması;
III. Bu dinə məxsus xüsusi təqvimin (19 gün və 19 aydan ibarət) və vaxt hesabının (tarix 1844-cü ildən hesablanır və həmin il Bəhai Erasınin başlanma ili hesab edilir), müqəddəs yerlərin, bayramların, həmçinin özünəməxsus kəbin və dəfn qaydalarının olması;
IV. Namaz, oruc və digər ibadət qaydalarının İslamdan fərqli şəkildə icra edilməsi. Namaz zamanı üzün qiblə kimi xüsusi səmtə (İsrail ərazisində yerləşmiş Bəhciyə – Həzrət Bəhaullahın bu dünyada sonuncu Vəhy məkanına) yönəldilməsi;
V. Bəhai dinində ruhanilərin (molla, axund, keşiş və s.) olmaması və başqa dinlərdə analoqu olmayan xüsusi İnzibati Sistemin tətbiq edilməsi (bu haqda sonra ətraflı məlumat veriləcək);
VI. Ardıcıllarının öz inanclarını hansısa din daxilində təriqət deyil, müstəqil din, özlərini isə Yeni Əhdin (Bəhaullah Əhdinin) tərəfi hesab etməsi;
İlk dəfə 1925-ci il mayın 10-da Misirin Bəni Suif əyalətinin apelyasiya məhkəməsi ərləri bəhai olduğuna görə üç kəbin müqaviləsini etibarsız saymaqla Bəhai dininin İslama aid olmadığını təsdiq etmişdir. Məhkəmənin qərarında belə bir izahat verilmişdir:
“Bəhai inancı – özünəməxsus qaydaları, prinsipləri və qanunları olan, hansı ki, İslamın qaydalarından, prinsiplərindən və qanunlarından fərqlənir və ona ziddiyyət təşkil edir, tamamilə yeni müstəqil dindir. Ona görə də heç bir bəhai müsəlman sayıla bilməz və ya əksinə, necə ki, buddist, brahmin və ya xristian müsəlman sayılmır və ya əksinə”.
Məhkəmənin rəsmi hökmü aşağıdakı sözlərlə bitmişdir:
“Əgər onlardan (ərlərdən) hər hansı biri tövbə edib, Məhəmməd ə.s. Allahın Rəsulu olmasına şəhadət verib, İslam dininin böyük çadırı altına qayıdarsa və təsdiq edərsə ki, Məhəmməd ə.s. nəbilərin və rəsulların möhürüdür və Onun dini sonuncudur və heç bir qanun Onun qanununu ləğv etməyəcək və Qurani-Kərim Allahın sonuncu kitabı, nəbilərə və rəsullara göndərilmiş sonuncu Vəhydir, onda həmin adam qəbul olunacaq və öz kəbin müqaviləsini təsdiq etdirmək hüququ əldə edəcək”.
Bəhai dini mövcud dinlərin teoloji bazisi əsasında “mexaniki” şəkildə “quraşdırılmış” və yaxud hansısa dinləri birləşdirməyə çalışan hərəkat da deyildir. Ona məxsus bəzi anlayışların universal xarakteri, dinlərarası dialoq və əmək-daşlığa can atması, dini dözümlüyü təbliğ etməsi, dinlərarası təşkilatı, birləşməyə çağırış və yaxud hansısa dinlərin “simbiozunu” yaratmaq cəhdi kimi başa düşülməməlidir. Qeyd edək ki, ayrı-ayrı müstəqil dinlərdən “simbioz din” yaratmaq və yaxud din daxilində mövcud təriqətləri birləşdirmək cəhdləri dünya tarixində dəfələrlə olmuşsa da, onların təcrübəsi uğursuzluqla nəticələnmişdir; İranda V əsrdə zərdüşti və xristian təlimləri əsasında manilik təlimini yaratmaq istəyi, XVI əsrdə Hindistanda İslam, brahmanizm, sufilik, xristianlıq, zərdüştilik əsasında Əkbərin (Babur sülaləsinin üçüncü hökmdarı) sinkretizmi, XVIII əsrdə Nadir şahın İranda şiəliklə sünniliyi birləşdirmək cəhdi buna sübutdur.
İndi də Bəhai dininin teoloji bazisi ilə bağlı digər məsələləri araşdırmağa çalışaq.
Hər bir dinin Allah, İlahi Vəhy, Dünyanın yaradılışı və sonu, İnsanın yaradılışı, İnsanın ruhu və ölümdən sonrakı həyat, Əhd (Allahla insan arasında razılaşma) və digər təsəvvür və anlayışlarlardan ibarət ruhani biliklər sistemi və ya teoloji bazisi vardır. Teoloji bazisinin oxşarlığına görə dünyada mövcud dinlər iki qrupa – İbrahimi (Yəhudilik, Xristianlıq, İslam) və Şərq dinlərinə (Hinduizm, Buddizm, Daosizm və s.) bölünür.
İbrahimi dinlər bəzi fərqli cəhətlərinə baxmayaraq, çox oxşar teoloji bazisə malikdirlər. Bu Allahın maddi dünyanı (materiyanı) altı gündə yoxluqdan yaratması, Adəm və Həvva, Cənnət və Cəhənnəm, mələklərlə bağlı hekayətlər, Allahın insanları Tövhidə və əməlisalehliyə dəvət edən Peyğəmbərlər göndərməsi (hər üç dində İbrahim peyğəmbərin məqamı xüsusi vurğulandığına görə İbrahimi dinlər adlanırlar), axır-zaman Peyğəmbərinin (Yəhudilikdə – Həzrət Musa, Xristianlıqda – Həzrət İsa Məsih, İslamda – Həzrət Məhəmməd) və Xilaskarın (Yəhudilikdə – Maşiax, Xristianlıqda – Həzrət İsanın ikinci zühuru, İslamda – Mehdinin) gəlişi, Qiyamət ilə bağlı fövqəlhadisələrin (Günəşin qaralması, Ayın parçalanması, ulduzların yerə tökülməsi, ölülərin qəbirlərdən qalxması və s.) baş verməsi, insanların əməllərinə görə bir qisminin Cənnətə, digər qisminin isə Cəhənnəmə göndərilməsi ilə bağlı təsəvvürlərdir.
Bəhai dini İslamın teoloji bazisində formalaşsa da, İbrahimi dinlərdə mövcud təsəvvür və anlayışların bu təlimdə tamamilə fərqli izahı vardır. Bu haqda sonrakı fəsillərdə ətraflı danışılacaqdır.
Dostları ilə paylaş: |