Macarıstan kralı IV Bela
Maraqlıdır ki, özünün “Moskoviya və Tatariya” adlı əsərində Batının Macarıstana səfərindən bəhs edən Lüdviq Batavorum ondan “tatarların tsezarı (imperator // xaqanı)” kimi söz açmaqdadır (Lvgd Batavorvm, 1630, s. 182). Lakin həmin dövrdə “xaqan” titulunu Oqtay (Ugedey) Xan daşıyırdı, 1241-ci ildən, onun ölümündən sonra isə bu titula Göyük Xan sahib olmuşdu. Onlar paytaxt Xanbalıq (indiki Pekin) şəhərində oturur və tatarların sahib olduqları bütün əraziləri oradan idarə edirdilər. Əski paytaxtları Qaraqorum isə onların yay qərargahı olaraq qalırdı.
1242-ci ildən etibarən fəthlərinə son qoyan Batı 1250-ci ildə Volqa sahillərində Saray-Batı şəhərini salaraq onu Cuçu Ulusunun paytaxtı etdi və faktiki olaraq Avropanın tək hökmdarına çevrildi.
Dövrümüzədək Batı Xan tərəfindən Oqtay Xanın adından yazılan bir yarlıq, daha doğrusu, həmin yarlığın latın dilinə tərcüməsi yetişmişdir. Həmin sənəd barədə rahib Yulian özünün Roma Papasının Macarıstan və Bolqarıstanda leqatı olan yepiskop Perucaya göndərdiyi, elm aləmində “Epistola de vita Tartarorum” (Tatarların həyatı barədə) adı altında məşhur olan 1237-ci il tarixli məktubunda məlumat verməkdədir.
Bu məktubu mövzumuz baxımından maraqlı edən bir çox məqam var. Məktubda Çingiz Xandan “Qurqut” (Qorqut) kimi bəhs edilir və deyilir ki, bu müharibəni başladan birinci başçı Qurqut ölüb. İndi onun yerinə oğlu Xan hakimiyyətdədir və o, atasının daha əvvəl taxta çıxdığı Ornax adlı böyük bir şəhərdə yaşayır. Özü isə belə yaşayır: Onun sarayı o qədər böyükdür ki, min atlı bir qapıdan daxil olub, atdan düşməyərək qarşısında baş əyir və digər qapıdan çıxırlar”.
Yazısında Batı Xanın Macarıstan kralına göndərdiyi məktub barədə Yulian belə yazır:
“Çoxları belə hesab edir və Suzdal knyazı da mənə Macar kralına çatdırmaq üçün şifahi şəkildə bildirdi ki, tatarlar xristian macarların torpaqlarını ələ keçimək üçün gecə-gündüz toplantılar keçirilər. Çünki onların sonrakı niyyəti Romanı fəthl etməkdir. Bu səbəbdən də onlar macar kralına elçilər göndərmişdi. Onlar Suzdal torpağından keçəndə knyaz tərəfindən tutulmuşlar, macar kralına apardıqları məktub da əllərindən alınmışdır. Həmin elçiləri mən də və mənə təhkim edilmiş bələdçilər də gördük. Yuxarıda bəhs edilən, macar kralına ünvanlanan və Suzdal knyazının mənə verdiyi həmin məktubu isə mən macar kralına gətirdim.
Məktub kafirlərin hərfləri ilə tatar dilində yazılıb. Bu səbəbdən kral onu oxumaq üçün çoxlarını tapsa da, onu başan bir nəfər də tapılmadı. Bizsə Kumaniyadan (Dəşti-Qıpçaqdan) keçərkən bir kafir təpdıq və o bizə tərcümə etdi”.
Daha sonra rahib öz məktubunda həmin “məktubun”, yəni yarlığın məzmununu nəql edir:
“Mən, Tenqrinin elçisi – Xan. O məm dünya üzərində ali hakimiyyət, tabe olanları yüksəltmək, qarşı çıxanları isə əzmək səlahiyyəti verib.
Dostları ilə paylaş: |