Miranşahın 1398-ci il tarixli yarlığı
Miranşahın 1398-ci il tarixli məşhur yarlığı Azərbaycanda qələmə alınmışdır. Bu sənəd əvvəllər Ərdəbildə, Şeyx Səfiəddin məqbəsəsində qorunmaqda idi. Hazırda isə İranın Milli Muzeyində “s.25924 (r.504)” inventar nömrəsi altında saxlanılır. Sözügedən muzeyin Ərdəbil kataloqunda (FABṢ, 125) Mirabşahın yarlığı belə təqdim olunur:
Tarix: 800 hicri.
Sənədin növü: Hökm.
Dili: Uyğur.
Əsliyyəti: Əsli.
Ölçüsü 13.7 x 28.2.
Çingizoğulları dövrünə (XIII-XVIII əsrlər) aid yarlıqlarının tədqiqinə iki əsr əvvəl başlanılıb. Bu işdə rus, tatar və sovet alimlərinin ölçüyəgəlməz xidmətləri var. Onların məktublarının, xüsusən də Topqapı Sarayı muzeyində qorunmaqda olan məktubların öyrənilməsi ilə bağlı məsələ haqqında isə eyni sözləri demək çətindir. Söhbət Uluq Mühəmməd Xanın Osmanlı sultanı II Murada, II Mahmud Xanın sultan Mehmed Fatehə, Əhməd Xanın eyni sultana və s. göndərdikləri bitiklərdən (məktublardan) gedir. Bu sənədlər yalnız XX əsrin 30-cu illərindən sonra tədqiqat obyektinə çevrilmişlər və bu işdə A. N. Kuratın ölçüyəgəlməz xidmətləri var.
Hazırda İstanbulun Topqapı Sarayı muzeyində qorunmaqda olan məktublardan biri Uluq Mühəmməd Xanın sultan II Murada ünvanladığı bitikdir. Bu sənəd “№ 10202” şifrəsi altında saxlanılır. O, bir-birinə səliqə ilə yapışdırılmış 6 vərəqdən ibarətdir və xüsusi qaydada hamarlanmış kağızda yazılmışdır. 19 sətirdən ibarətdir. Məktubun arxa tərəfində onun mətninə heç bir aidiyyatı olmayan və II Muradın fəthlərindən bəhs edən “Fəthnamı” mətni yer almaqdadır. Mətn ərəb dilindədir.
Özünün ayrıca bir qabı (qlafı) olan məktub ilk dəfə İstanbulda A. N. Kurat tərəfindən nəşr edilmişdir.
İstanbulun Topqapı Sarayı muzeyində qorunmaqda olan yarlıqlardan biri də II Mahmud Xanın sultan Mehmed Fatehə ünvanladığı bitikdir. Bu sənəd “E 10202” şifrəsi altında mühafizə edilir. O, Uluq Mühəmməd Xanın II Murada göndərdiyi məktubdan 38 il sonra qələmə alınmışdır və xarici özəlliklərinə görə sələfindən xeyli dərəcədə fərqlənir. Məktub əvvəlkinə nisbətən əhəmiyyətli dərəcədə kiçikdir və daha sadə şəkildə hazırlanmışdır. Onun uzunluğu 141 sm, eni 27 sm-dir. Müqayisə üçün bildirək ki, Uluq Mühəmmədin bitiyinin ölçüləri müqabil olaraq, 200.3 x 28 sm-dir. Əgər birinci məktubda qoruyucu dəri qatı yapışdırılmışsa, ikinci məktubda belə bir şeyə rast gəlinmir.
Hər iki məktub ərəb əlifbası ilə, xaqaniyyə türkcəsində yazılıb. Uluq Mühəmmədin məktubunda ərəb dilindən alınma sözlər az olsa da, Mahmud Xanın bitiyində onların sayı həddən artıq çoxdur.
Çingizoğulları içərisində yarlıqları dövrümüzədək yetişmiş xanlardan biri də Əhməd Xandır. 1460-cı ildən etibarən qardaşı ilə birlikdə, 1471-ci ildən isə təkbaşına Uluq Ulusun (Turanın) xanı olan Əhməd Xan, Kiçi Mühəmməd Xanın oğlu idi. Siyasətinin əsasını dövlətin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyə can atan bəylərbəyiləri mərkəzi hakimiyyətə tabe etmək təşkil etmişdir. Bu işdə ona Edügünün (Edigəyin) nəvəsi və Manqıt bəylərbəyi Teymur bəy yaxından kömək etdiyi məlumdur.
Əhməd Xanın sultan Mehmet Fatehə göndərdiyi yarlıq (bitik) hazırda İstanbulun Topqapı Sarayı muzeyində “E 6464” şifrəsi altında qorunmaqdadır. Yarlıq 1477-ci ilin may-iyun aylarında qələmə alınmışdır. Yazıldığı yer göstərilməmişdir. Yarlıq (bitik) 69 x 2 cm ölçülü kağızda yazılmışdır. Məktubun yuxarı hissəsinə, onun arxa tərəfinə, eynən Uluq Mühəmməd Xanın sultan Murada göndərmiş olduğu yarlıqda olduğu kimi, nazik dəri təbəqəsi yapışdırılmışdır. Önun ölçüləri 21 x 14 sm təşkil edir. Bu yarlığın da xüsusi qabı, başqa sözlə qlafı var və o, dürmək şəkli aldıqda qaba çox rahat yerləşir.
Yarlıq 21 sətirdən ibarətdir. Birincə sətir və məktubun sahibinin adı olan yerlər qızıl suyu ilə yazılmışdır. 10, 11-cu, eləcə də 13-ci sətirlər digər sətirlərə nisbətən qısadır və ortada yazılmışdır. Sətirlərin həm sağ, həm də sol tərəflərində boş sahə saxlanmışdır. 1 və 2, eləcə də 2 və 3-cü sətirlər arasında bir neçə sətrin yerləşə biləcəyi böyüklükdə boş sahə vardır.
17 və 18-ci sətirlərdən sağda möhürə bəzdəlmiş dairəvi formada Əhməd Xanın adı (Əhməd ibn Mühəmməd ibn Temür Xan) yazılmış və bu yazı qızıl suyu ilə işlənmişdir. Məktuba xüsusi möhür basılmamışdır.
Yarlıq ərəb hərfləriylə, divan xətti ilə, xaqaniyyə türkcəsində yazılmışdır. Mətndə ərəb və fars dillərindən alınmış sözlərin çoxluğu xüsusi diqqət çəkir.
Əldə olan sonrakı sənədlər Uluq Ulusun (Turanın) siyasi mərkəzinin Volqaboyundan (Saray-Berədən) Kırıma (Bağçasaraya) köçməsi və sonrakı dövrlərə aiddir. Kırımın Uluq Ulus dövlətinin mərkəzinə çevrilməsi I Məngli Gəray Xanın dövründə baş vermişdir.
Məngli Gəray Xan (منكلى كراى) 1445-ci ildə Kırım Ulusunun birinci xanı I Hacı Gəray Xanın (1441-1466) ailəsində, ailənin altıncı oğlu kimi dünyaya gəlmişdir. Onun atası I Hacı Gəray Xanın soyu Çingiz Xanın nəvəsi Cuçinin 13-cü oğlu Tuğ Teymura (Tuka Teymur) və onun vasitəsilə Çingiz Xana qədər uzanırdı və o, gəncliyində Batı Xanın yürüşlərində yaxından iştirak etməklə ad-san qazanmışdı.
I Məngli Gəray Xanın 1478-ci ildən sonrakı bütün fəaliyyətinin əsası Uluq Ulusun (Turanın) ərazi bütövlüyünü bərpa etmək məqsədi güdən uluq xanlara qarşı savaşaraq Kırım Ulusunun müstəqilliyini qorumaq olub. Onun dövründə müstəqil xanlıq kimi fəaliyyət göstərən Kırım Böyük Litva knyazlığına qarşı Moldova knyazlığı ilə ittifaq bağlamışdı. I Məngli Gəray Xan Litvanı daxildən zəiflətmək üçün müstəqilliyə can atan rusların separatçı fəaliyyətlərini hər cür dəstəkləməkdə idi. Ondan sonra Kırım Uluq Ulusun siyasi mərkəzinə çevrilmiş, Çin səddinə qədər uzanana bu nəhəng dövlət Kırımdan idarə edilməyə başlamış, soyu isə xaqan (Böyük xan) titulunu daşımış və bu hal beləcə 1770-ci illərə qədər, Uluq Ulus dövlətinin ruslar tərəfindən işğalına qədər beləcə davam etmişdir.
I Məngli Gəray Xan həm də şair olub və xaqaniyyə türkcəsində şerlər yazıb. Aşağıdakı qəzəl onun qələmindən çıxıb:
Firaqındınq mənim halüm sorar bolsanq əgər cana
Köngüldə nar közdə ab u dildə ah olur peyda
Sənünq mürğ-i xəyalüni içində asramaq içün
Bolubdur kirpigüm birlə qafəs bu dîdə-i bîna
Mənüm ol Xan-i Məngli kim müxənnət mülki şahımun
Cihanunq mülk ü malına gurürum yox durur əsla.
Dövrümüzədək Məngli Gəray Xandan iki yarlıq yetişmişdir. Onlar Odessa Tarix ve Əntiq Əsərlər Cəmiyəti tərəfindən tədqiq edilmək üçün Peterburq Üniversitetinin Şərq Dilləri Fakultəsinə göndərilmiş, onlardan Xoca bəyə verilmiş tərxanlıq yarlığı 1872-ci ildə sözügedən cəmiyət tərəfindən çıxarılan məcmuənin 8-inci cildində rusca tərcüməsi və qısa izahatları ilə birlikdə Berezin tərəfindən nəşr etdirilmişdir.
Dostları ilə paylaş: |