Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


XIV FƏSİL Ərəb Baharı və “Şamda çıxan Fitnə”



Yüklə 1,7 Mb.
səhifə56/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   52   53   54   55   56   57   58   59   ...   97
XIV FƏSİL
Ərəb Baharı və “Şamda çıxan Fitnə”

Ərəb Baharı (العربية الثورات // əl-Təvrət əl-ʻƏrəbiyyəh) 2010-cu ildə Ərəb dünyasında başlayan və günümüzədək davam edən xalq hərəkatlarına verilən ortaq addır.

2002-ci ildə Türkiyədə AKP-nin hakimiyyətə gəlməsindən, ardınca da İslamla demokratiyanın bir arada yaşamasının mümkünsüzlüyü barədə illərdən bəri Qərb imperializminin müsəlman ölkələrində təbliğ etdiyi fikirlərin alt-üst olmasından sonra ictimai şüurlarda baş verən inqilabın nəticəsi kimi Ərəb dünyasında ortaya çıxan və daha çox İslami-demokratik mahiyyət daşıyan bu möhtəşəm hərəkatın əsas hədəfi Osmanlı dövlətinin çöküşündən sonra Qərb imperialistlərinin, ilk növbədə də ingilis və fransızların keçmiş Osmanlı dövlətinin parçaları olan ərəb ölkələrində qurduqları diktatura rejimlərini yıxaraq, İslami dəyərlərə əsaslanan demokratik cəmiyyət qurmaq idi və bu hədəf bu gün də dəyişməmiş qalmaqdadır.

Ərəb xalqının demokratiya, azadlıq və insan haqları istəyindən qaynaqlanan Ərəb Baharının ortaya çıxmasında İnternetin və sosial şəbəkələrin rolu heç də az olmamışdır. Əsasən dinc bir hərəkat kimi başlayan Ərəb Baharı ayrı-ayrı ölkələrdəki diktatorların öz hakimiyyətini qorumaq məqsədilə xalqa qarşı silah tətbiq etməsindən sonra silahlı hərəkata çevrilmişdir. Dinc hərəkatların sonradan silahlı xarakter almasının başqa bir səbəbi də həmin ölkələrə xarici dövlətlərin hərbi müdaxiləsi idi. Elə bu səbəbdən də bir çox ölkədə hərəkat silahlı Milli Azadlıq hərəkatı forması almağa başladı.

Xalq hərəkatı nəticəsində bəzi ərəb ölkələrində diktatura rejimlərini yıxmaq mümkün olmuşdur.

Tunis, Misir, Liviya, Suriya, Bəhreyn, Əlcəzair, İordaniya və Yəməndə geniş miqyas alan Ərəb Baharı Mavritaniya, Səudiyyə Ərəbistanı, Oman, İraq, Livan və Mərakeşdə kiçik etiraz aksiyalarından o yana keçə bilməmişdir. Bununla belə, indiyə qədər Ərəb dünyasında heç vaxt bu böyüklükdə və möhtəşəmlikdə hərakət görünməmişdir.

Hərəkatın yaranmasını zəruri edən bir başqa önəmli səbəb təbii sərvətləri imperialist ölkələr və onların əlaltıları rolunda çıxış edən yerli kral, şeyx və diktatorlar tərəfindən sömürülən ərəb ölkələrində yaşayan xalqların işsizlik, kasıblıq, gəlirlərin qeyri-ədalətli bölünməsi, korrupsiya, rüşvət, məmur özbaşınalığı problemləri ilə üz-üzə qalması, buna etiraz etmək və fikrini azad şəkildə ifadə emək hüququndan məhrum edilməsi, eləcə də azad seçkilərin keçirilməməsidir. Bir sözlə, Qərb imperializminin üçüncü dünya ölkələrində tətbiq etdiyi ənənəvi modeldir.

Etirazlar ilk olaraq 18 dekabr 2010-cu il tarixində Tunisdə başladı. Daha sonra Misir, Yəmən, Əlcəzair və İordaniyaya sıçradı. İlk ayaqlanmalar Tunis və Misirdə uğurla nəticələndi, 23 ildən bəri hakimiyyətdə olan Zeyn əl-Abidin bin Əli və 30 il hakimiyyət sürən Hüsnü Mübarək xalqın təzyiqinə tab gətirməyərək, istefa verməyə məcbur oldular. Bundan sonra hərəkat “domino effekti” ilə Orta Şərq və Şimali Afrika ölkələrinə, ardınca da ərəb olmayan İran, Albaniya və hətta müsəlman olmayan Ermənistana yayıldı.

2010-2011-ci illəri əhatə edən və tarixə adı “Yasəmən inqilabı” kimi düşən inqilabın baş verdiyi Tunis, sənayesi zəif inkişaf etmiş aqrar bir ölkə idi. Bununla belə, onun iqtisadi göstəriciləri Quzey Afrikanın digər qonşu ölkələri ilə müqayisədə çox da pis deyildi. Orta sinif inkişaf etmişdi, bunun da sayəsində əhalinin kasıblıq həddindən aşağı səviyədə yaşayan hissəsinin sayı önəmli dərəcədə azalmışdı. İşsizliyin səviyyəsinin endirilməsində də bəzi uğurlar müşahidə edilirdi. 2004-cü ildən 2009-cu ilə qədər olan müddət ərzində ölkənin adam başına düşən gəliri 3, 5 min dinardan (2,7 min $) 5 min dinara (3,9 min $) qədər yüksəlmişdi. Ümumi Daxili Məhsulun (ÜDM) 20 faizi sosial ehtiyaclara yönləndirilməkdəydi. Əgər kasıblıq həddi 1984-cü ildə adam başıma 2 dinar idisə və əhalinin 20 faizi onun altında yaşayırdısa, artıq 2005-ci ildə bu göstərici 6 faizə, 2010-cu ildə isə 3,8 faizə enmişdi. Əhalinin 80 faizi ev, 21 faizi avtomobil sahibi idi. Kəndlərin 80 faizi elektrikləşdirilmiş, 70 faizi içməli su ilə təmin edilmişdi. Orta sinif əhalinin 60 faizini təşkil edir və ümumi istehlakın 83 faizi məhz bu sinifə aid idi. Varlı təbəqə ilə kasıb təbəqə arasında fəqr çox da böyük deyildi və təqribən 1-in 2-yə nisbətində idi.



Bütün bu göstəricilərə baxmayaraq, işsizlik problemini həll etmək mümkün olmurdu. 2010-cu ildə işsizlər ölkə əhalisinin 13-14 faizini təşkil edirdi. Onların da yarıdan çoxu gənclər və ali məktəb məzunları idilər. İnqilabın əsas hərəkətverici qüvvəsi də məhz onlar, yəni 19-25 yaş arasında olan gənclər oldular.

İnqilab ərəfəsində ölkədə bütün hakimiyyət və iqtisadi sərvət, əksər müsəlman ölkələrində olduğu kimi, dövlət başçısı Zeyn əl-Abidin ibn Əli və arvadının mənsub olduqları klanların və onlara yaxın olan ailələrin əlində cəmlənmişdi. Bu da digər klan və ailələrin, eləcə də inkişaf etməkdə olan, fəqət özlərinə yeni iş sahələrini genşləndirə bilməyən sahibkarların narazılığına səbəb olmaqda idi. Bir sözlə, ölkədə İnqilabi şərait yaranmışdı. Millət bir qığılcıma bənd idi.

İnqilabın siyasi səbəbləri bir adamın və tək bir partiyanın 23 ilə yaxın bir müddətdə hakimiyyətdə olmasından daha çox, müxalifətin daim təzyiq və təqiblərə məruz qalması, söz azadlığının məhdudlaşdırılması idi. Bundan başqa, Tunis keçmiş Fransa müstəmləkəsi idi və ənənəvi Qərbpərəst siyasət yeridirdi. Əhalisinin 98 faizinin ərəb və müsəlmanlardan ibarət olmasına baxmayaraq, dini dəyərlər daim alçaldılır və süni surətdə aradan aparılmağa çalışılırdı.

İnqilabın başlamasına səbəb 2010-cu ilin 27 dekabrında kiçik meyvə-tərəvəz satıcısı olan Mühəmməd Buazizinin Sidi-Buzid vilayətində polislər tərəfindən incidilməsinə etiraz əlaməti olaraq, özünə nümayəşkarcasına od vurması oldu.

Hadisələrin xronikası:

24 dekabr. İntiharın baş verdiyi Mənzil Buzayen şəhərciyində xalq korrupsiya, işsizlik və məmur özbaşınalığına etiraz etmək məqsədilə ayağa qalxdı. Qəzəbli kütlə hakim partiyanın qərərgahına və milli qvardiyanın mənzil-qərargahına hücuma keçdi, yerli vağzalı ələ keçirdi. Polisin şiddət göstərməsinə gənclər Molotov kokteylləri ilə cavab verməyə başladı, üç polis maşını və şəhərciyə hərbiçiləri daşıyan bir qatarın lokomotivi atəşə verildi. Polislər kütlənin əlindən yerli məsciddə gizlənməyə məcbur oldular. Açılan atəş nəticəsində bir etirazçı həyatını itirdi.

27 dekabr. Tunis Həmkarlar İttifaqı paytaxtda manifestasiya təşkil etdi və etirazçılar Mənzil Buzayendəki etirazçılarla həmrəy olduqlarını bəyan etdilər. Aksiyaya təqribən 1000 nəfər qatılmışdı və dinc xarakter daşıyırdı. Buna baxmayaraq, polisin müdaxiləsi nəticəsində dağıdıldı. İştirakçılar vəhşicəsinə döyüldü.

3 yanvar. Tala şəhərində işsizliyə, məmur və polis özbaşınalığına etiraz olaraq tələbələrin kiçik mitinqi keçirildi. Təqribən 250 tələbənin iştirak etdiyi mitinq iştirakçıları polis tərəfindən amansızcasına döyülərək dağıdıldı. Buna cavab olaraq tələbələr şinlərə od vurdular və hakim partiyanın qərargahına hücuma keçdilər.

4 yanvar özün yandırmış Mühəmməd Buazizin xəstəxanada öldüyü xəbəri bütün ölkəni yasa bürüdü.

8-10 yanvar. Ölkənin qərbindəki Tala və Kaserin şəhərlərində xalq ayağa qalxdı. Polis 14 etiazçını güllələyərk öldürdü. Bu, Ət-Tadhamin şərinin əhalisin də ayağa qalxmasına səbəb oldu. Vəziyyətin nəzarətdən çıxmağa başladığını görən Bin Əli Milli TV ilə çıxış edərək 2 il ərzində 300 min yeni iş yerinin açıldığını dedi. Müvəqqəti olaraq məktəb və unuversitelərin bağlanıldığını bəyan etdi.

12 yanvar. Baş nazir Mühəmməd Hannuşi Daxili İşlər naziri Rafiq Belhəccin işdən çıxarıldığını söylədi və etirazın başladığı gündən bəri tutuqlanmış bütün etirazçıların azad edilməsinə göstəriş verdi. Lakin bütün bunlar etirazçıları sakitləşdirmədi. Nəticədə etirazları boğmaq üçün şəhər və kəndlərə ordu hissələri yeriməyə başladı. Bu da bir işə yaramadı, bu dəfə ölkənin əsas turist şəhərlərindən olan Hammametdə də xalq ayağa qalxdı.

13 yavvar. Xalq bütün şəhərlərdə küçə və meydanlara töküldü və ilk dəfə iqtisadi tələblərlə yanaşı, siyasi tələblər də eşidilməyə başladı. Polis avtomobilləri, hərbi zirehli maşınlar və bəzi mülki obyektlər yandırıldı. Polis xalqı gülləbaran etməyə başladı.

14 yanvar. Zeyn əl-Abidin bin Əli ölkədən qaçdı.

15 yanvar. Müxalifət ölkədə keçid hökumətinin yaradıldığını bəyan etdi.

BMT-nin rəsmi məlumatlarına görə, Yasəmən İnqilabı zamanı Tunisdə 219 nəfər həyatını itirmiş, 510 nəfər yaralanmışdır.

Bu hadisədən 10 gün sonra İnqilabi hərəkat Misirə sıçradı. 2011-ci ilin 25 yanvarənda başlayan, cəmi 17 gün sürən və Hüsnü Mabarəkin 30 illik hakimiyyətinə son verilməsi ilə başa çatan Misir inqilabının səbəblərindən söz açan analitiklər bu səbəblər içində bir şəxsin və klanın 30 il fasiləsiz hakimiyətinin fəsadlarını, ilk növbədə də digər klanların öz siyasi və iqtisadi arzularını gerçəkləşdirə bilməməsini, işsizliyi, sosial müdafiəsizliyi və bəzi demoqrafik faktorları ön sıraya çıxarmaqdadırlar.

Belə hesab olunur ki, Tunisdə inqilabın qələbə ilə nəticələnməsi “domino effekti” yaradaraq Misir inqilabına təkab vermişdir. Tunisdə olduğu kimi, Misirdə də inqilabın alovlanmasına bir nəfərin özünün nümayişkarcasına yandırması səbəb olmuşdu. Öncə bir tələbə 17 yanvar 2011-ci ildə özünü Qahirədə, Parlament binası önündə yandırdı. Hadisə sosial şəbəkələr vasitəsilə bütün ölkəyə ildırım sürətilə yayıldı. Nöyütə ikinci alovu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş sədri, əslən Misirdən olan Mühəmməd əl-Bəradeyin müsahibəsi vurdu. O müsahibəsində Misirdəki vəziyyətin Tunisdəki vəziyyətə bənzədiyini, xalqın dəyişikliklər istədiyini söyləyərək, Hüsnü Mabarəkin xalq tərəfindən devrilə biləcəyini bildirdi. Əslində o bu fikrə daha öncə, hətta Tunis hadisələrindən də öncə gəlmişdi. Belə ki, 2010-cu ilin fevral ayında tutduğu vəzifəni tərk edərkən, Misir maxalif hərəkatı yaratdığını bəyan etmişdi. O, 2010-cu ilin dekabrında Misir xalqını ayağa qalxmağa və mövcud rejimi devirməyə çağırsa da, səsinə səs verən olmamışdı. Çünki ölkədə yetərincə nüfuza sahib deyildi. Üstəlik də xalq arasında “ABŞ agenti” kimi tanınmaqdayıdı.

İnqilab “Müsəlman Qardaşlar” Təşkilatının xalqı küçə və meydanlara axışmaq barədə çağırışı ilə yanvarın 25-də başladı. Paytaxt Qahirədə gənclər küçə və meydanlara axışaraq polislə daşlı-zopalı savaşa girişdi. Molotov kokteylləri ilə silahlanmış nümayaişçilər polis maşınlarını yandırmağa başladılar. Onlara döyüş patronları ilə cavab verildi.

İki gün sonra, yanvarın 27-də Vyanadan Qahirəyə qayıdan Əl-Bəradey 28 yanvar mitinqində iştirak edərək, Hüsnü Mübarəkdən istefa verməsini tələb etdi. Yanvarın 30-da baş tutan növbəti mitinqdə o, artıq liberalların və islamçıların bir araya gəlməsilə yaradılan birləşmiş müxalifətin lideri qismində çıxış etməkdə idi. Həmin gün Vadi-Natrun zindanında saxlanılan minlərlə dustaq gözətçilərin müqavimətini qıraraq azadlığa çıxdı və müxtəlif şəhər və kəndlərə dağılaraq yola çıxdılar. İşdən evə dönən Azərbaycan səfirliyinin bir əməkdaşı müəmmalı şəkildə öldü. Elə həmin gün Azərbaycan səfirliyinin bütün əməkdaşları Qahirədən Vətənə dönmək məcburiyyətində qaldı. ABŞ hökuməti öz vətəndaşlarına Misiri mümkün qədər təcili tərk etməyə çağırdı. Rusiya “Lukoil” və “Novatek” şirkətlərinin əməkdaşlarının ölkədən çıxartdı. Misir hökuməti Şarm əş-Şeyx kurort şəhərinə qoşun yeritdi.

31 yanvar. Yaponiyanın Xarici işlər Nazirliyi yapon turistlərn Misirdən Vətənə dönmələri üçün təyyarələr kirayələdiyini bəyan etdi. “Nissan” şirkəti istehsalatı bir həftəliyinə durdurdu. “Panasonic”, “Toyota” və “Hitachi” şirkətləri əməkdaşlarının Misirə planlaşdırılan ezamiyyətlərini təxirə saldı.

Qahirənin Əl-Əhzər universitetində təhsil alan başqırd tələbələr Başqırdıstan rəhbərliyindən onların Misirdən təhliyə edilməsin üçün yardım istədi.

Misir hökuməti İskəndəriyyə limanını bağlayır.

1 fevral. Müxalifət Milli Cəbhədə birləşərək, Əhalini çərşənbə axşamı Təhrir meydanında keçirilməsi nəzərdə tutlan “Milyonların marşı”na dəvət etdi. Həmin gün 200 mindən artıq insan mitinqə çıxdı və hərbiçilərin yaratdığı səddin ətrafında etiraz aksiyası keçirdi. Mitinqin fəalları “Xalq təhlükəsizliyi” dəstələri yaratmağa başladı. Vəziyyətin artıq nəzarətdən çıxmaq üzrə olduğunu görən Hüsnü Mübarək axşam xəlqa TV vasitəsilə müraciət edərək bildirdi ki, 2011-ci ilin payızında keçiriləcək Prezident seçkilərində iştirak etməyəcək, amma o vaxta qədər hakimiyyəti idarə edəcək.

2 fevral. Misirin Daxili İşlər Nazirliyi bəyanat yayaraq, zindanlardan böyük əksəriyyəti “Müsəlman Qardaşlar” və “HƏMAS” təşkilatlarının üzvləri olan 20 000 dustağın qaçdığını bildirdi.

Qahirədə Mübarəkin tərəfdarıarı ilə əleyhidarları arasında armaturlardan və Molotov kokteyllərindən istifadə etməklə kütləvi dava-dalaş oldu. Tərəfləri ayıra bilməyən əskərlər çıxış yolunu göyə atəş açmaqda gördülər. Mübarikin tərəfdarları müxalifətə atlar və dəvələrlə hücuma keçdilər. Tərəflər qalxan kimi binaların divarlarından qırdıqları və ya dükanlardan aldıqları peyk antenalarından istifadə edirdilər.

Qahirədə Rusiya Radio-Televiziya Komitəsinin xaricə yalan məlumatlar ötürməkdə ittiham edilən müxbiri Sergey Paşkov döyüldü.

Özünü müxalifətin lideri hesab edən, fəqət sözünə qulaq asılmadığını görən Mühəmməd əl Bəratei orduya müdaxilə etmək və Qahirənin küçələrini savaşan tərəflərdən təmizləmək xahişi ilə müraciət edir.

4 fevral. Müxalifət Təhrir meydanına 1 milyon adam çıxarır. Mitinqə çıxanlar Hüsnü Mübarəkin rədd olub getməsini tələb edir. Mitinqlər eyni zamanda İskəndəriyyə və Əl-Mənsur şəhərlərində də keçirilir və millət eyni tələblə çıxış edir.

10 fevral. TV ilə xalqa müraciət edən Hüsnü Mübarək öz səlahiyyətlərinin bir qismini vitse-prezident Ömər Süleymana ötürdüyünü bəyan etdi, fəqət istefaya getməkdən imtina etdi. O, preziden səlahiyyətlərini növbəti seçkilərə qədər davam etdirməkdə qərarlı olduğunu təkrarladı. Konstitusiyaya dəyişikliklər etməyə söz verdi.

11 fevral. Hüsnü Mübarək istefa verdiyini bəyan etdi.

Bu inqilabda qələbə Misir xalqına 846 nəfərin həyatını itirməsi hesabına başa gəldi.

Ərəb Baharının qələbə ilə nəticələndiyi növbəti ölkə Yəmən oldu. Tunis inqilabından ilham alan Yəmən xalqı ilk mitinqini 2011-ci ilin yanvar ayının 22-də keçirdi və sonrakı hadisələr belə davam etdi:

27 yanvar. Paytaxtda yeni etiraz aksiyası keçirildi.

2 fevral. Parlamentdə çıxış edən prezident Əli Abdullah Saleh növbəti Prezident seçkilərində iştirak etməyəcəyini, hakimiyyəti oğluna və ya hər hansı bir yaxınına ötürmək fikrində olmadığını, Konstitusiyada prezidentlik müddətinin 2 il kimi təsbit edən maddəsinin dəyişdirilməsini istəmədiyini bəyan etdi.

3 favral. Müxalifətin elan etdiyi “Qəzəb günü” çağırışına 20 mindən artıq insan cavab verdi və onlar universitetin yaxınlığında toplaşdılar. Buna qarşılıq prezidentin də bir neçə yüz tərəfdarı Sananın mərkəzində yerləşən Təhrir meydanına yığışdılar. Ədəndə nümayişçilərlə polis arasında çatışma baş verdi.

17 fevral. Əli Abdullah Salehin istefası tələbi ilə çıxış edən xalq fasiləsiz mitinqlərinə davam edir. Polisin kütləyə atəş açması millətin qəzəbini daha da artırmışdı.

21 favral. Prezident müxalifətin tələbinə baxmayaraq, istefaya getməyəcəyini bəyan edir.

26 fevral. Ölkənin nüfuzlu iki qəbiləsi prezidenti dəstəkləməkdən imtina edərək, xalqın tərəfinə keçir.

28 fevral. Prezident müxalifətə “Birləşmiş hakimiyyət” təklifi ilə çıxış edir. Müxalifət bunun artıq geç olduğunu söyləyərək imtina edir və Əli Abdullah Salehin istefasını tələb edir.

4 mart. Iki nümayişçi öldürülür.

8 mart. Polislə çatışmalarda 50 adam yaralanır.

13-14 mart. Hərbçilər bütün şəhərlərdə nümayişçilərə atəş açır.

18 mart. Xalq cümə namazından sonra məscidlərdən küçə və meydanlara axışır. Tapança, bıçaq, xəncər və armaturlarla silahlanmış prezidentə bağlı “başkəsənlər” xalqa hücuma keçir, 52 adam qətlə yetirilir. Hakimiyyət baş verənlərə görə müxalifəti günahlandırır və indiyə qədər həyatını itirmiş 100 civarında insanın qanının müxalifətin üzərində olduğunu bəyan edir.

20 mart. Müxalifət şəhid olanları basdırdı və dəfn prosesi kütləvi etiraz aksiyasına çevrildi. İndiyə qədər rejimin 140 nəfəri qətlə yetirdiyi açıqlandı. Axşam prezident hökuməti istefaya göndərdiyini, fəqət əski kabinənin yeni nazirlər təyin edilənə qədər vəzifələrinə davam edəcəklərini bəyan etdi. İki nazir, Yəmənin BMT-dəki nümayəndəsi və 23 deputata müxalifətə keçdiklərini bildirdilər.

21 mart. Bir neçə general, onlarla zabir və çox sayda qəbilə müxalifətin tərəfinə keçir. Onların hamısı prezidentdən istefa verməsini tələb edirlər. İstefa verəcəyi halda ona toxunulmayacağı barədə söz verirlər. Yəmənin I Zirehli diviziyasının komandiri, general mayor Əli Mösün əl-Əhmar tabeçiliyində olan bütün zabitlər adından müxalifətə dəstək verdiklərini bəyan edir. O, prezidenti öz xalqının qanını tökməkdə ittiham edir. Onun bu bəyanatına münasibət bildirən Müdafiə naziri generalı fərarilikdə suçlayır və prezidenti qoruyacaqlarını söyləyir.

28 mart. Müxalifətə dəstək verən Caardakı hərbi zavodda partlayış baş verir, onlarla insan ölür.

31 mart. Yəmən hökuməti beynəlxalq aləmdə müxalifəti Əl-Qaidə ilə bağlamaq üçün təbliğat kampaniyasına başlayır. Bu kampaniyanın ilk addımı kimi Yəmənin “Əl-Bavaba” İnformasiya Agentliyi Əl-Qaidənin Abyan əyalətini ələ keçirərək, həmin əyalətdə İslam əmirliyi elan etdiyi barədə xəbər yayır. “The New York Times” sözügedən əyalətdə İslamçıların hakimiyyəti gerçəkdən də ələ keçirdiklərini təsdiqləyir, fəqət onların Əl-Qaidə ilə hər hansı bir əlaqəsinin olmadığını bildirir. Əyaləti ələ keçirən müxalifətin başında özünü antikommunist-mücahid kimi tanıdan Tariq əl-Fədlinin durduğu, onun cənub bölgələrində separatist ideyaların müəllifi kimi tanınan Sultan Fədlinin varisi olduğu məlum olur.

Aprel ayında İnqilabi hərəkatın mərkəzi Taizə keçir. Aprelin ortalarında Şeyx Sadiq əl-Əhmar prezidenti istefa verməyə, qan tökməkdən vaz keçməyə çağırır. Təqribən eyni dövrdə Prezident sarayının yaxınlığında xalqın tərəfinə keçən hərbiçilərlə dövlətə bağlı hərbi hissələrin əskərləri arasında atışma baş verir. Atışmada 5 nəfər ölür.

12 may. Hakimiyyətin tədricən itirməkdə olduğu nəzarəti yenidən ələ keçirmək cəhdi Abyan əyalətinin inzibati mərkəzi olan Zəncibərdə 2011-ci ilin 10 sentyabrına qədər davam edəcək silahlı qarşıdurmaya gətirib çıxartdı.

19 may. Hakim partiya və müxalifət arasında prezidentin 30 gün ərzində istefaya getməsini öngörən yazılı razılaşma əldə edildi və tərəflər həmin sənədin imzalnmasının mayın 22-də həyata keçirilməsi barədə razılığa gəldilər. Eyni gün Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası Əli Abdullah Salehi istefaya getməyə çağırdı. İstefa verəcəyi halda onun toxunulmazlığına zəmanət veriləcəyi bildirildi. ABŞ prezidenti Barak Obama da Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətə həsr edilmiş nitqində Əli Abdullah Salehi Əl-Qaidəyə qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi adlandırsa da, müxalifətlə əldə edilmiş razılaşmaya əməl etməli olduğunu bəyan etdi.

20 may. Əli Abdullah Saleh ölkədə növbədənkənar Prezident seçkiləri keçirmək və ölkədəki böhrana son qoymaq niyyətini açıqladı.

21 may. Buna qarşılıq olaraq Yəmən müxalifəti də öz arasında ABŞ və Avropa Birliyi ölkələri səfirlərinin iştirakı ilə hakimiyyətin ötürülməsi barədə sənəd imzaladı. Qərb hakimiyyətə radikal İslamçıların gələ bilmə ehtimalından bərk narahat idi, bu səbəbdən də liberal və mötədil İslamçılar arasında belə bir sənədin imzalanmasında maraqlı idi. Prezident bu hadisəni dövlət çevrilişi kimi dəyərləndirdi və bunun ölkənin nəzarətinin Əl-Qaidənin əlinə keçməsinə səbəb olacağını bəyan etdi.

22 may. Bu gün hakim partiya ilə müxalifət arasında 19 mayda əldə edilmiş razılaşmanın imzalanması gözlənirdi, fəqət Əli Abdullah Saleh sənədi imzalamaqdan imtina etdi. Körfəz ölkələrinin sənədi imzalaması üçün Salehə göstərdikləri təzyiq də nəticəsiz qaldı.

23-25 may. Ölkənin paytaxtı Sanada prezidentə sadiq hərbi birləşmələr və prezidentin mənsub olduğu Haşid qəbiləsi arasında silahlı qarşıdurma oldu. Hər şey hərbiçilərin sözügedən qəbilənin başçılarından biri Şeyx Sadiq əl-Əhmarın qərargahına hücuma keçməsilə başladı. Bu müxalifətə ölkədəki bir çox dövlət obyektini, o cümlədən Daxili İşlər Nazirliyinin binasını ələ keçirməyə əsas verdi. 3 gün davam edən qarşıdurmada 72 nəfər həyatını itirdi.

27 may. Yəmən ordusuna aid təyyarələr Yəmənin cənubundakı müxalif qüvvələrə zərbələr endirdilər.

28 may. Prezidentin tərəfdarları ilə üsyan edən qəbilələr arasında sülh əldə edildi. BBC-nin yaydığı məlumata görə, silahlı qarşıdurmaların davam etdiyi 5 gün ərzində 124 adam öldü.

30-31 may. Taizdə baş verən etiraz aksiyalarının dağıdılması zamanı daha 50 adam həyatını itirdi. Buna paralel olaraq Zəncibarın da hökumət qüvvələri tərəfindən göydən bombardımanı davam edirdi. Nəticədə 13 dinc sakin də orada öldürüldü.

3 iyun. Prezident sarayının atəşə məruz qalması nəticəsində Saleh yaralanır. Onun yeddi mühafizəçisi ölür. Bu silahlı hücuma səbəb hökumət qüvvələrinin Şeyx Sadiq əl-Əhmarın qardaşı Həmid əl-Əhmarın evinə hücum etməsi olur.

30 iyun Yəmən höküməti 5 əyalət üzərində nəzarəti bütünlüklə itirdiklərini rəsmən etiraf edir.

23 sentyabr. Xaricdə tibbi müalicə alan Saleh ölkəyə qayıdır və bu da bütün şəhərlərdə yeni etiraz dalğası yaradır. Hər yerdə xalq Salehdən rədd olub getməsini tələb edir.

Bütün sentyabr və oktyabr ayları ərzində Taizdə hakimiyyətlə müxalifət arasında silahlı savaş gedir.

23 noyabr. Əli Abdullah Saleh Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində hakimiyyətin vitse-prezident Əbd Rəbbo Mənsura ötürülməsi barədə fərman imzalayır və rəsmən istefa verdiyini bəyan edir.

Beləliklə, Tunus və Misirdə olduğu kimi, Yəməndə də inqilab qalib gəlir. Liviya və Suriyada isə İnqilabi proseslər vətəndaş müharibəsinə çevrilir. Səbəb də hər iki ölkədə diktatorların xoşluqla hakimiyyəti xalqa ötürmək istəməməsi və öz xalqına qarşı müharibə elan etməsi olur.

Ərəb Baharı Qərb imperializmini ciddi narahat etməkdə idi. Yaxın və Orta Şərqin, eləcə də Şimali Afrikanın onun nəzarətindən çıxması prosesi başlamışdı.

2011-ci ildə Liviyaya Fransa başda olmaqla Qərb ölkələrinin hərbi müdaxiləsi diktator Müəmmər Qəddafinin öldürülməsi ilə bitir və müxalifət Ümmmilli Razılıq Hökuməti qurur və bu hökumət BMT tərəfindən rəsmən tanınır. Bununla belə qəbilələr arasında silahlı qarşıdurmalar son bulmur. 2014-cü ildə keçmiş müdafiə naziri Xəlifə Həftərin ABŞ-dan Liviyaya qayıtması və BƏƏ və Misirdən hərbi yardım alaraq ölkənin ikinci böyük şəhəri və əsas liman şəhəri Benqazini ələ keçirməsi bugünə qədər davam etməkdə olan vətəndaş müharibəsinin başlamasına səbəb olur.

Misirdə ABŞ general Sisinin əli ilə dövlət çevrilişi edir və xalq tərəfindən seçilmiş qanuni prezident Mursi öldürülür. Yəməndə isə bölgədə ABŞ-ın yardımı ilə “Şiə hilalı” qurmağı planlaşdıran İran işə qarışır və yerli şiələri mövcud hakimiyyətə qarşı silahlı üsyana təhrik edir. Daha sonra üsyançıları sakitləşdirmək məqsədi ilə ölkəyə Səudiyyə Ərəbistanı və BƏƏ-nin qoşunları yeridilir və Yəmən bugünə qədər davam edən qanlı müharibə meydanına çevrilir.

Ən dramatik hadisələr isə Suriyada baş vermişdir və verməkdə də davam edir.

Hər şey bir qrup məktəblinin oyunundan başladı. Oxuduqları sinfin yazı lövhəsinə Tunis və Misirdə başlayan Ərəb Baharının təsiri ilə İnqilabi şüarlar yazan bu uşaqlar polis tərəfindən tutlaraq naməlum istiqamətə aparıldılar. Onların taleyindən narahat olan və harada olduqlarını öyrənməyə çalışan valideynlərinə “Siz onları bir daha görməyəcəksiniz, gedin yenilərini əkin” – deyə cavab verildi. Bu, məktəblilərin qohumlarının kiçik miqyaslı etiraz aksiyası keçirməsinə səbəb oldu. Suriyanın müxtəlif yerlərində onlara dəstək aksiyaları təşkil edildi. 2010-cu ilin yanvar ayından etibarən baş qaldıran bu kiçik aksiyalar tədricən böyüyərək, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ve insan haqlarının pozulmasına qarşı xalq üsyanına çevrildi. İlk geniş miqyaslı etiraz aksiyası 15 mart 2011-ci il tarixində Dera şəhərində  ortaya çıxdı ki, bu səbəbdən də Dera “Suriya inqilabını beşiyi" sayılmaqdadır.

Qısa müddət sonra etiraz dalğası bütün ölkəni bürüdü.  Hökumət mitinqlərə kütləvi həbslər, işkəncələr, polis şiddəti və senzura ilə cavab verdi, fəqət bu etiraz dalğasının qarşısını nəinki ala bilmədi, əksinə, dalğa daha da böyüməyə davam etdi. Aprel ayının sonunda Bəşər Əsəd, dirənən şəhər və qəsəbələrə qarşı büyük ölçüdə hərbi əməliyyatlara başladı, yaşayış yerlərinə tanklar, əskərlər və ağır silahlar yeridildi, nəticədə çox sayda mülkü vətəndaş həyatını itirdi.

Baş verən inanılmaz vəhşiliklər çox sayda müsəlman zabit və əskərin silahları ilə birlikdə ordudan qaçaraq xalqın tərəfinə keçməsinə, Bəşər Əsədin ələvi rejiminə qarşı çıxşış etməsinə və müxalifəti silahlandırmasına səbəb oldu. Cisr əş-Şuğur  qəsəbəsində ilk böyük mitinqlərdən 79 gün sonra, 4 iyun 2011-ci il tarixində ölkədə ilk silahlı çatışma baş verdi. Suriya ordusunu bir dəfn mərasiminə qatılan izdihamın üzərinə atəş açması mitinq iştirakçılarının atəşin açıldığı binaya od vurması və millətə atəş açan 8 ələvi hərbçini öldürməsi, eləcə də bir polis məntəqəsini silahları ilə birlikdə ələ keçirməsi ilə nəticələndi. Müsəlmanlar bütün ətrafı nəzarətə aldı. Nümayişçilərlə hərbçilər arasındakı çatışmalar sonrakı günlərdə də davam etdi. Əldə olan məlumata görə, xüsusi xidmət orqanları mülki əhaliyə silah qaldırmaqdan imtina edən hərbiçiləri dərhal məhv edirdilər. Bu, orduda qalan müsəlmanların da qaçmasına və müxalifətin tərəfinə keçməsinə səbəb oldu. Nəticədə qarşıdurma tədricən ələvi-müsəlman qarşıdurması şəklini aldı və böyüyərək, vətəndaş müharibəsinə çevrildi.

Qeyd edək ki, 12 imama sitayiş edən ələvilər nə sünni, nə də şiələr tərəfindən müsəlman hesab edilmirlər. Əslində, ələvilərin özləri də müsəlma kimi tanıdılmalarına qarşıdırlar. Səbəb də, İranda “Əliallahilər” adlandırılan ələvilərin namazı, həcc ibadətini, Ramazanda oruc tutmağı inkar etmələri, came və məscidlərin əvəzinə “cəm evləri” adlandırılan ibadət evlərinə qadınlı-kişili toplaşaraq, özlərinə məxsus ibadət etmələri, Məhərrəm ayında 12 imamın şəninə 12 gün oruc tutmaları, şiə və ya sünni olmasından asılı olmayaraq, müsəlmanlara qız verib-almamaları, müsəlmanlarla ailə həyatı quran övladlarını övladlıqdan çıxarmaları və s. kimi düşüncə və əməlləridir.

Keçmiş Fransa müstəmləkəsi olan Suriyada, ələvilər əhalinin sadəcə 17 faizini təşkil etsələr də, Qərb imperializmi onların hakimiyyəti ələ keçiməsinə və onların əli ilə İslamın dirçəlişinin önünün kəsilməsinə şərait yaratmışdılar. Həm diktator Hafiz Əsəd, həm də oğlu Bəşər Əsəd ələvi idilər və bu səbəbdən də müsəlmanların etirazlarını həmişə qanlar içində boğmuşlar.

Bu gün Suriyadakı vətəndaş müharibəsini çoxtərəfli silahlı qarşıdurma kimi xarakterizə etmək daha doğru olar. 2011-ci ilin baharında Bəşər Əsəd rejiminə qarşı dinc etiraz aksiyaları şəkilində başlayan, sonradan vətəndaş müharibəsinə çevrilən hərbi qarşıdurmaya artıq həm Türkiyə kimi Suriya ilə həmsərhəd olan ölkə, həm də bu ölkə ilə heç bir sərhəddi olmayan İran, Rusiya, ABŞ və Fransa kimi çox sayda ölkə qatılmışdır. Nəticədə sevimli Peyğəmbərimizin (ə) “Şamda çıxacaq Fitnə” barədə məşhur hədisində, eləcə də Şamla (Suriya ilə) bağlı digər hədislərində söylənilənlər həyata keçmişdir. Bu hədislərin birində Ərəb Baharına işarənin izlərini belə görmək mümkündür. Heysəm, Əbu Dərdaya (r) istinadən, həmin hədisi belə nəql edib:

Rasulullah (s):


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin